Tofiq Əsədov -“Uğur sirri” (Müsahibə)

Beynəlxalq İmam Xomeyni Universitetinin müəllimi, İlahiyyat üzrə fəlsəfə doktoru Tofiq Əsədovla müsahibə.

Hər birimiz fərqliyik, o fərqlilik ki, onunda içində də fərq var. Bəs, nədən fərqli olduğumuzun fərqində deyilik? Nə maneə olur bizə?

– Bəli, hər birimiz eyni modelli insan olaraq yaransaq da, hər birimizin fərqli istedadlarımız var. İstedadlarımızın çiçəklənməsində müxtəlif maneələr rol oynasa da, fərqliliyimizə varmamaq da ən mühüm maneə, potensialımızı kəşf etmək yerinə, məhz başqalarının nail olduğu yerə can atmağa çalışmaq cəhdimizdir. Bu da səbəb olur ki, heç vaxt özümü tapa bilməyək.

Sizcə dünyanın yuvarlaq olduğunu söyləyənlərmi uğurlu, yoxsa düz olduğunu deyənlərmi?

– Məncə dünyanın yuvarlaq olduğunu deyənlər yanılmır, amma əsas odur ki, bu yuvarlaq dünyada düz yolu tapıb, yuvarlanmadan onun üzərində hərəkət edə biləsən.

Bəs dünya dönməzsə nə olar?

– Dünya dönməzsə hərəkət olmaz, hərəkət olmayan yerdə də bərəkət olmaz!

Günəş doğarmı, yoxsa batarmı?

– Optimist insanlar üçün Günəş daim doğur və heç bir zaman batmır, amma pessimist insanlar həmişə onun batdığını düşünürlər.

Bəs doğan arzularımız nə zaman batar? Niyə qayaya dəyir bəzən arzularımız? 

– Arzularımıza yetişmək üçün Allaha ümid bəsləyərək səy göstərməliyik, qayaya dəyən isə ümidlərimiz deyil, həvəslərimizdir.

Yeri gəlmişkən acının sevinci varmı? Varsa özümüzü necə hazırlamalıyıq acı günlərə ki, acımız da sevinc olsun?

– Əslində, Allahın hikmətinə inanan insan üçün dünyanın acısı da şirindir, çünki Allah belə istəmişdir. Uca Allah da hər zaman insanın xeyrini istər. Necə ki, Qurani – Kərimdə oxuyuruq: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.” (Bəqərə, 116)

Nədən melodiyaya uyğun rəqs etməyi bacarmırıq çox zaman? Ümumiyyətlə, həyatın ritmini tuta bilirikmi?

– Həyatın ritmini tutmaq üçün, həyatın nəğməsinə doğru qulaq vermək lazımdır. Həyatın nəğməsi, müqəddəs ahəngdir. Dinləmək qabiliyyəti olmayan insanlar, hər zaman yanlış ritm eşidib, yanlış rəqs edirlər.

Həmişə müsbət nəticələr əldə etməyimiz üçün nə isə etməyimiz lazımmı?

– Doğru düşünüb, perspektivləri düzgün tənzimləyib, Allaha təvəkkül edərək, proqramlaşmış şəkildə çalışmaq lazımdır.

Çox zaman ölüm üçün yaşadığımızın da fərqinə varmırıq. Elə hər birimiz cənnəti istəsək də kimsə ölümü istəmir. Sizə elə gəlirmi ki, arzularımız da belədir, yəni onu istəyirik, amma uğurunda nə isə etmirik. Razısınızmı?

– Əslində biz ölüm üçün yaşamırıq, kamilliyə yetişmək üçün yaşayırıq. Ölüm isə buna son qoyur, amma yeni bir həyat üzümüzə açır. Deməli, ölüm çatmamışdan öncə, özümüzü ondan sonrakı həyata hazırlamalıyıq. O zaman Cənnət də bizi özü tələb edər. Arzularımıza gəldikdə isə belə deyərdim: çalışmaq, çalışmaq, çalışmaq!

Deyir, getmə, gəl. O-na doğru gəl, ALLAHa doğru gəl. Getməkmi, yoxsa gəlməkmi?

– Yüksəlmək daha doğrudur!

Sizcə, uğurun rəngi, dadı, qoxusu, səsi, görüntüsü necədir və ona toxunmaq nə zaman mümkündür?

– Hər zaman demişəm “halva-halva deməklə ağız şirin olmur”, amma təsirsiz də ötüşmür. Bir şeyi istəmək, özünü o şeyə yaxın hiss etməkdir. Nə qədər ürəkdən çox istəsən, o qədər də yaxın olarsan… Və bir gün istəyinə çatarsan.

Bəs, sizcə, uğurlu olmamızı kim müəyyənləşdirir?

– Hər kəsdən öncə uğurlu olub-olmamağımızı özümüz müəyyənləşdirməliyik, özümüzü aldatmamaq şərti ilə. Təəssüf ki, bəzən insan bir ömür “özünü kimlərəsə sübut etmək” üçün yaşayır, bəzən isə bütün zamanını uğursuzluqlarına haqq-bəraət qazandırmaq üçün sərf edir. Halbuki insan heç kimə nəyisə sübut etmək məcburiyyətində deyil. İnsan yalnız dəyərli həyat üçün yaşamalı, dəyərli ölüm üçün ölməlidir.

Sizə görə, insanın ən ali uğuru nədir?

– Özünü kəşf etməsi.

Deyirlər, yanlışlar olmadan doğrular tapılmaz. Uğursuzluq yanlışlardanmı doğar sizcə? Apardığınız mübarizədə uğursuzluqlarla üzləşəndə nə edirsiniz?

– Hərdən belə də olur ki, bir işi görmək üçün özümüzə inanırıq, lakin bu iş alınmır. Biz gərək məğlubiyyəti təcrübə kimi düşünək. Əgər mən bir işi bacarmadımsa, ilk mərhələdə alınmadısa, gərək “məndə heç nə alınmır” deməyim. Əksinə, alınmayıbsa, bundan bir təcrübə almalıyam, bunu məğlubiyyət sayıb həvəsdən düşməməliyəm.

Qarşısındakına “əhəmiyyətlisən” mesajını verməkdə çətinlik çəkənlərə nə söyləmək istərdiniz?

– Bunu bacarmayan insan, heç bir işi sona çatdıra bilməz. Qarşısındakına əhəmiyyət verməyən, əslində özünə hörmət qoymağı bacarmır.

Uğura götürən yolda Sizcə insanların ən güclü silahı nədir?

– Normal düşüncə və normal addım. İfrat və radikallıq heç bir sahədə bəyənilmir, hər bir şey öz miqdarında, təyin olunmuş məntiqi dərəcədə gözəldir. Bu yerdə, unutmayaq ki, okeanın suları bir kiçik qayığı belə üzərində daşımağa məhkumdur, əlbəttə ki, qayıq da xarablıq olmasa, öz-özünü batırmasa… Bir çox hallarda başqaları deyil, məhz insan özü-özünə qənim olur.

İnanmaq asandır, yoxsa inandırmaq?

– İnandırmaq. Məxsusən son zamanlar insanları rahat şəkildə hər bir şeyə inandıra bilirlər.

Əgər Sizə dünyada yalnız bir şeyi dəyişdirmək imkanı verilsəydi, nəyi dəyişərdiniz?

– Heç bir şeyi, çünki hər şey gərəkli olduğu kimi xəlq olunub.

Bəs, Siz özünüz özünüzə dost ola bilsəydiniz, özünüzə Sizin kimi bir dost istəyərdinizmi?

– Yenə də təzə bir dost istərdim.

Həyat təcrübələrinizə söykənərək, həyatda uğurlu olmaq istəyənlərə nə kimi tövsiyələriniz var?

– Bilməlidirlər ki, adətən müvəffəq insanlar fantastik talanta sahib deyillər, onlar sadəcə hər kəsdə olan mövcud potensiallardan maksimal şəkildə bəhrələnirlər. Əgər dəyişməklə özünə güvəncin artacaq, özünü yaxşı hiss edəcəksənsə, dəyiş! Əgər dəyişməklə özünü azad, xoşbəxt və müvəffəq hiss edəcəksənsə dəyiş! Dəyiş, müsbət yöndə dəyiş! Bir çox hallarda başqaları “filankəs dəyişib” deməsinlər deyə, dəyişməkdən qorxuruq. Əslində dəyişmək, kamilləşmək üçün qaçılmazdır.

Təbliğ etdiyiniz gerçəklər hansılardır, sevginin təbliğata ehtiyacı varmı?

– İslamın əsas prinsipləri: insana hörmət, təfəkkürə dəvət, mənəviyyat, estetika, elm, inkişaf, ədalət, sədaqət, səxavət, sevgi, iffət, səmimiyyət, ətraf mühiti qorumaq, ailə, dost, qohum və qonşu ilə səmimi davranışlar və bu qəbildən olan əxlaqi dəyərlər. Həmçinin İslamın mübarizə apardığı ilkin sahələri: zülm, təcavüz, yalan, böhtan, sözgəzdirmə, lovğalıq, xəyanət, haram tikə, bədbinlik, kiminsə eybini axtarmaq, birinin eybini faş etmək, qeybət, rişxənd və bir insanın mənliyinə qarşı olan hər hansı hörmətsizliyə qarşı mübarizə.
Sevgi fitridir, təbliğata ehtiyacı yoxdur. Amma bəzən xatırlatmağa da ehtiyac duyulur.

Cəfər Mənsimi

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi