İslamda ailə qurmağın əhəmiyyəti

İslam dini insanın fərdi və ictimai münasibətlərini tənzimləməkdə əvəzsiz rola malikdir. O cümlədən ailə qurmaq və onu doğru-düzgün tərbiyə etmək,  İslam dininin insanlığa olan ən başlıca tövsiyyələrindən sayılır. Bunlar isə Quranda və məsumların kəlamında öz əksini tapmışdır. Quran bütün bəşəriyyət üçün hidayət kitabıdır. O, fərdi və ictimai həyatın müxtəlif sahələrində bəşərin ehtiyaclarına cavab verir.


Quran ayələrində ailə:


Ailə də Quranın xüsusi diqqət yetirdiyi sahələrdən biridir. Məhz buna görə də Allah-taala Quranda evliliyin əhəmiyyət və üstün məqamını öz bəndələrinə bildirmək üçün çoxlu sayda ayələrdə evlilik və ailə qurmaq məsələsinə təkid edərək onu aramlıq və müştərək həyata maraq (məhəbbət) səbəbi hesab etmişdir. Eyni zamanda, insanları ona təşviq edərək evlilik sayəsində fəqirlikdən qurtulmaq və ehtiyacsız olmaq vədəsi vermiş və Quranda belə buyurmuşdur:

Subay kişilərinzi və subay qadınlarınızı, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü (neməti) ilə onları ehtiyacsız edər. Allah genişləndirən, biləndir! (“Nur” surəsi, ayə 32)


Cəmiyyətin vəzifəsi bu ilahi göstərişi həyata keçirməkdən ibarətdir.«انکحوا»  “Ənkihu” ifadəsi (feli) cəm formadadır və onun xitabı cəmiyyətin bütün üzvlərinədir. (Məkarim Şirazi, “Nümunə” təfsiri, c. 14, səh. 457.)

Bu ayədən belə başa düşülür ki, evlənən kəslər gələcəklə bağlı narahatçılıq keçirməməlidirlər və əgər həqiqətən də, qüdrətli Allaha təvəkkül etsələr, Allah-taala onların məişət ehtiyaclarını hökmən ödəyəcəkdir. (Məhəmməd Hüseyn Təbatəbai, “Əl-Mizan” təfsiri, c. 15, səh. 113.) Təbii ki, insan ailəsinin ehtiyaclarını təmin etmək və izzətli həyata sahib olmaq üçün özü də çalışmalıdır. Bu, heç də Allah-taalanın ona yardımçı olması ilə ziddiyyət təşkil etmir. Çünki Allah-taala bu dünyanı səbəb-nəticə qanunu ilə idarə edir.


Allah digər bir ayədə buyurur:

Sizin üçün onlarla ünsiyyət edəsiniz (rahatlıq tapasanız) deyə, öz cinsinizdən zövcələr yaratması, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!. (“Rum” surəsi, ayə 21)


Yaxşı hə­yat yoldaşı insanın fiziki, ruhi və mənəvi baxımdan rahatlıq tap­ma­sının təməlidir. Əgər insan ailə qurmayıbsa, o, naqis varlıqdır. İnsan həyat yoldaşı ilə birlikdə olduqda, həmkarlıq etdikdə, meh­ribanlıq göstərdikdə, öz varlığını kamilləşdirir və onda mə­nəvi tarazlıq yaranır, məsuliyyətli olur və şəxsiyyəti for­ma­la­şır. (Məhəmməd Əli Rizayi İsfahani, “Qurani-Mehr” təfsiri, c. 16, səh. 139-141.)

Subay şəxslərdə məsuliyyət hissinin az olması bəlkə də, bu səbəbdəndir. Bəzi hallarda subaylıq dövrü uzun müddət davam etdikdə ruhi xəstəliklər, mənəvi pozğunluqlar yaranır və həmin şəxslər depressiv həyat sürürlər. İslam dini daima bu düşmənlərlə mübarizəyə qalxmış və insanları mənəvi və ruhi təskinlik sahilinə çatdırmışdır. Quran ruhi aramlığa sahib olan ailəni məhəbbət və mərhəmət məkanı kimi tanıtdırır. Həqiqətdə mənəvi rahatlıq da bu ikisinin səmərəsidir.


İslami hədislərdə ailə:

Peyğəmbər (s) də doğru yola yönləndirən hədislərində, ailənin təşkili ilə bağlı çoxsaylı təkid və istiqamətləndirici kəlamlar buyurmuşdur. Peyğəmbərdən (s) nəql edilən bir hədisdə belə buyurulur:

“Allahla pak halda görüşmək istəyən kəs evlənməlidir. Məişət (ehtiyaclar) qorxusu ilə evlənməkdən çəkinən şəxs Allah-taalaya nisbətdə bədgüman olmuşdur. (Məhəmmədtəqi Məclisi, “Rəvzətul-muttəqin fi şərhi mən la yəhzuruhul-fəqih”, c. 8, səh. 94)


Başqa bir yerdə Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur:

“İslamda Allah yanında evlilikdən daha yaxşı olan bir bina inşa edilməmişdir.” (Məhəmməd ibn Həsən Hürr Amili, “Vəsailuş-şiə”, c. 20, səh. 14)

Şübhəsiz, evlilik bir-biri ilə bağlı olan tərəfləri həddən artıq özbaşınalıq, qeyri-qanuni (qeyri-şəri) münasibət və cinsi azğınlıqlardan amanda saxlayı. Həmçinin, müxtəlif fərdi (şəxsi) və ictimai xüsusiyyətləri də sadalamaq olar ki, bəzən bu məsələ insanın günahların yarısı və bəzən də daha artığından qorunmasına səbəb olur. (Mirzə Əli Meşkini, “İslamda evlilik”, səh. 19)


Bu isə evliliyin hədəflərindən biridir, və onun aşağıdakılardan ibarət olan digər hədəfləri də vardır:

1. Cinsi və duyğusal ehtiyacların təmin olunmasından yaranan psixoloji aramlıq;

2. Nəsil artırmaq və övladların qorunması;

3. Dini mədəniyyətin yayılması;

4. İctimai azğınlıqların qarşısının alınması;

5. Uşaqların qanuni yolla (vələdi-zina olmayaraq) dünyaya gəlməsi;

6. Məişət ehtiyaclarının təmin olunması və …

Beləliklə məlum olur ki, İslam dini ailə qurmaq və onu qorumaq üçün xüsusi göstərişlər vermişdir. Məhz sağlam ailələrin vasitəsi ilə sağlam cəmiyyətlər qurmaq mümkündür, çünki ailə özü kiçik bir cəmiyyətdir. Onun sağlam olması cəmiyyətin sağlam qalmasını təzmin edən ən əsas amildir.

İstifadə olunan mənbələr

1.Quran

2.Hurr Amuli, Vəsailuş-Şiə, h.q. 1409, birinci çap, Qum, muəssiseyi Alul-beyt.

 3.Meşkini, Mirza Əli, İzdivac dər İslam, h.ş. 1374, onuncu çap, Qum, əl-Məhdi.

4.Məhəmməd Əli Rizayi İsfahani, “Qurani-mehr” təfsiri, (22 cild­li), “Təfsir və pəjuheşhaye təfsire ulume Qurani” nəş­riy­yatı, Qum, 1387-ci hicri-şəmsi ili.

5.Məhəmməd Təqi ibn Məqsud Əli Məclisi, “Rəvzətul-muttə­qin fi şərhi mən la yəhzuruhul-fəqih”, ikinci çap, Muəssiseye fərhəngiye islamiye Kuşanbur, Qum, 1406-cı hicri-qəməri ili.

6.Məkarim Şirazi, Nasir, h.ş. 1381, Nümunə təfsiri, iyirmi altıncı çap, Tehran, Darul-kutubil-İslamiyyə.

7.Seyid Məhəmməd Hüseyn Təbatəbai, “Əl-Mizan” təfsiri, beşinci çap, Camieyi müddərisine hövzeye elmiyyeye Qum, “İslami” nəşriyyatı, 1417-ci hicri-qəməri ili.

İlahiyyat elmləri doktoru: Dr. Nicat Yəhyazadə

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi