“Təbliğ” ayəsinin təfsiri

«يَأَيهَُّا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَ إِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَ اللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللَّهَ لَا يهَْدِى الْقَوْمَ الْكَافِرِينَ؛

Ey rəsul (elçi), Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər etməsən, Onun tapşırığını çatdırmamısan. Allah səni insanlardan qoruyacaq. Şübhəsiz Allah kafirlərin dəstəsini hidayət etməz. (Maidə surəsi, ayə-67)

Qədir-Xum hadisəsi İslam dininin kamilləşməsində əvəzsiz rola malikdir. Bu hadisənin İslam tarixində baş verməsinin ən əsas sübutu Quran ayələridir. O ayələrdən biri də “Təbliğ” yəni “Maidə” surəsinin 67-ci ayəsidir. Qədir-Xum hadisəsinə qədər Peyğəmbər (s) baş vermiş müəyyən hadisələr zamanı imamət və vilayət mövzusunu ümmətə açıqlamış və həqiqətdə müsəlmanları bu böyük hadisəyə hazırlamışdır. Çünki özündən sonra olacaq canişini, birdən elan etmək və onu cəmiyyətə qəbul etdirmək, olduqca çətin məsələdir.

Məhz buna görə də Peyğəmbər (s) öz uzaqgörənliyi ilə imamət mövzusunu elə İslamın ilk günlərindən mətrəh etmişdir. Hələ bunlara baxmayaraq Qədir-Xumda Peyğəmbər (s), Əlinin (ə) imamətini elan etdiyi zaman, bir çoxları etiraz etdilər. Lakin bunu bilmirdilər ki, imamı Peyğəmbər (s) heç özü də təyin etmək səlahiyyətinə malik deyildir, onu yalnız Allah özü təyin edir və Peyğəmbər (s) isə imamın kim olduğunu ümmətə çatdırır.

Ayədə olan mühüm sözlərin izahı:

1.Bu ayədəki “ey rəsul” müraciəti Quranda iki yerdə gəlmişdir. (Maidə surəsi, 41 və 67-ci ayələr) Deməli bu müraciət məsələnin mühümlüyünü göstərir.

2.Növbəti ifadə “Rəbbin tərəfindən sənə nazil olanı” bu əmrin Allah tərəfindən olmasına aşkar bir sübutdur.

3.Ayədə olan “çatdır” ifadəsi isə Quranda yalnız bir yerdə o da bu ayədə işlənmişdir.

4.Bu ifadə “Əgər etməsən, Onun tapşırığını çatdırmamısan” isə onu göstərir ki, bu əmri çatdırmaq peyğəmbərlik və dinin məcmuəsinə bərabər olan bir mövzudur. Çünki Peyğəmbər (s) onu çatdırmasa idi, öz peyğəmbərliyini yerinə yetirməmiş olacaqdır. Bu cümlədən başa düşülür ki, əmr olunan məsələni çatdırmaq dil ilə deyil əksinə əməldə yəni praktiki olaraq (mərasim şəkilində) Peyğəmbər (s) tərəfindən icra edilməlidir.

5.Ayədəki “Allah səni insanlardan qoruyacaq” bu cümlə çatdırılası vacib olan əmrin, İslam ümməti üçün nə qədər əhəmiyyət kəsb etdiyini və onun çatdırılması ilə ciddi ixtilafların baş qaldıralacağını bildirir. Peyğəmbərin (s) nigərançılığı isə öz canına görə deyil, əksinə ümmət arasında pərakəndəliyin və ixtilafların yaranmasına görə idi. Çünki İslam döyüşlərində O həzrət (s) həmişə ön cəbhədə öz şücaətini və Allah yolunda öz canını fəda etməyə hazır olduğunu sübut etmişdir.

Allah tərəfindən nazil olan nə idi?

Hər halda bu məsələ dinin bir hissəsi idi, ya dinin əsaslarından biri (usulud-din) ya da furuid-dindən biri idi.

Dinin üsulları “Tövhid, Nübuvvət və Məad”dır ki Peyğəmbər (s) 23 il peyğəmbərliyi ərzində onları necə lazımdısa müsəlmanlara çatdırmışdır. Çünki Allahın təkliyi, özünün nübuvvəti və qiyamət barədə olan ayələr həddən ziyadə çoxdur. Məkkədə nazil olan surələrdə məad barədə xəbər verilir və Quranın üçdə biri ölümdən sonrakı həyatdan danışır.

Çatdırılması vacib olan bu əmr əgər furuid-dindən olsa, necə ola bilər ki, Peyğəmbərin (s) vəfatına iki ay qalmış, namaz qılmaq əmrini çatdırsın? Belə çıxır ki həcc ziyarətindən qayıdan zəvvarlar namaz qılmağı bilmirdilər. Oruc, cihad, xüms və zəkatın əmri, 8 il qabaq yəni hicrətin 2-ci ilində nazil olmuşdur. Həccə də aid deyil, çünki 120 min zəvvar həcc ziyarətindən qayıdırdılar. Əmr be-məruf və nəhy ənil-munkər də deyil, çünki O həzrət (s) dəfələrlə bu iki məsələni ümmət üçün bəyan etmişdir.

Əgər bunların heç biri deyiləs, görəsən çatdırılması bu qədər vacib olan əmr nədir? Cavab budur ki, bu məsələ “imamət və vilayət” məsələsidir. Çünki onunla tövhid diri qalır əgər o olmazsa tövhidin yerini tağut alar. Onunla nübuvvətin hədəfləri həyata keçir və furuid-din möhkəmlənərək icra edilir.

Ayənin nazil olma səbəbi:

Təfsir və hədis alimlərinin çoxunun rəyinə əsasən, Rəsuli-Əkrəm (s) hicrətin 10-cu ili ömrünün son ilində vida həcci üçün hazırlıq işləri görürdü və bütün müsəlmanlara bu həccin son vida həcci olması barədə xəbərdarlıq etmişdir. Həcc mərasimindən sonra zil-hiccə ayının 18-də Peyğəmbər (s) müsəlmanlarla birgə həcc ziyarətindən qayıdırdılar. Bu zaman Cəbrayıl (ə) bu ayəni Əlinin (ə) imamət və rəhbərliyini ümmətə açıqlamaq üçün “Qədir-Xumda” Peyğəmbərə (s) nazil etdi. O vaxt Peyğəmbər (s) Əlinin (ə) əlini qaldırdı və buyurdu: “Ey insanlar! Mən sizin ixtiyar sahibiniz deyiləm?” Dedilər: Bəli. Allahın Rəsulu (s) buyurdu: “Mən hər kəsin mövlası və rəhbəriyəmsə, bu Əli (ə) də onun rəhbəri və mövlasıdır…”.  (Fəxr Razi, Məfatihul-Ğəyb təfsiri, cild-12, səh-401; Əllamə Hilli, Nəhcul-Həqq və Kəşfus-Sidq, səh-173)

Əllamə Əmini özünün “Əl-Qədir” əsərində əhli-sünnənin təfsir və hədis alimlərindən olan 30 nəfərinin, ayənin nazil olma səbəbini imam Əlinin (ə) Peyğəmbər (s) tərəfindən imamətə və xəlifəliyə təyin edilməsi üçün olduğunu etiraf etdiklərini yazır. (Əmini, Əl-Qədir, cild-1, səh-214-dən 223)

Hadisəyə əqli bir baxış:

Bir çox əhli-sünnə alimləri “Mövla” sözünü dost və köməkçi mənasında olduğunu iddia edirlər. Dəlil olaraq gətirdikləri sübut isə onun dost və köməkçi mənasında da işlənməsidir. Biz “Mövla” sözünün bu mənaya malik olduğunu da inkar etmirik, lakin bir çox dəlillərə istinadən bu hədisdə “Mövla” sözü dost mənasında deyil, rəhbər və ixtiyar sahibi mənasını ifadə edir. Onlardan bəzilərini qeyd edirik:

Peyğəmbərin (s) Qədir-Xum hədisini buyurmamışdan öncə ki sualı (“Ey insanlar! Mən sizin ixtiyar sahibiniz deyiləm?”) “mövla” sözünün dost deyil, əksinə rəhbər və ixtiyar sahibi mənasını verməsi üçün ən aşkar bir sübutdur.

Bu hadisədən çox-çox öncə Allah Quranda möminlərin bir-birləri ilə qardaş olduğunu bəyan etmişdir. (Hucurat surəsi, ayə-10; Tövbə surəsi, ayə-71) Nə luzumu var idi ki, ümmətin çətinliyə düşməsinə heç vaxt razı olmayan bir peyğəmbər 120 min yorğun zəvvarı qızmar günəşin altında saxlayıb desin ki Əli (ə) mənim qardaşımdır.

Məşhur mənbələrə əsasən, Peyğəmbər (s) üç gün üç gecə 120 min zəvvardan Əlinin (ə) xilafət və imaməti üçün beyət aldı və hətta qadınlar belə pərdənin arxasından teştdəki suya əl qoymaq ilə beyət elədilər.

Digər cəhətdən Qədir-Xum hadisəsində imam Əliyə (ə) bəzi səhabələr tərəfindən deyilən təbriklər bunu göstərir ki, O həzrət (ə) böyük bir mənsəbə və məqama təyin edilmişdir. Bu barədə Əbu-Bəkr və Ömərin təbrikini xüsusi qeyd etmək olar. (Bax: Əhməd ibni Hənbəl, Musnəd, cild-30, səh-430)

Bu böyük hadisədə “Nöman ibni Haris Fəhri”nin etirazı və Allah tərəfindən ona nazil olan əzab bunu göstərir ki, elan edilən məsələ olduqca mühüm bir məsələ idi və bu isə Əlinin (ə) Peyğəmbərə (s) dost və köməkçi olma xəbəri deyil, onun İslam ümmətinə rəhbər seçilmə mesajı ilə uyğunlaşır. Peyğəmbərin (s) öz yerində Əlini (ə) rəhbər seçməsi onu həddən artıq narahat edir və deyir: “İlahi! əgər bu söz haqq və sənin tərəfindəndirsə, göydən mənim başıma bir daş göndər”. Bu sözləri deyib Peyğəmbərin (s) hüzurundan bir az uzaqlaşmışdı ki, göydən bir daş düşərək onu həlak etdi. Elə burda “Məaric” surəsinin ilk ayələri nazil oldu. (Bax: Kaşani, Minhacus-Sadiqin təfsiri, cild 10, səh-5)

Dr. Nicat Yəhyazadə

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi