Ərbəin ziyarətinin anlamı və insanın şəxsi tərbiyyəsində rolu

Ərbəin kəlməsi elə bir kəlmədir ki, o səslənərkən insanın vücudunda Kərbəla eşqi canlanır. Bəlkə də, bu canlanmalar insan həyatında çox şeyləri dəyişməyə qadirdir. İnsanın Əhlibeytə (ə) nə qədər sevgisi çox olsa, onları yaxından tanımağa başlayır. Onları yaxından tanımaq isə, bir insana öz insaniyyətini tanıtdırır. Çünki, onlar insaniyyətin həm zahirdə, həm batində kamillik nümunəsidirlər. Müasir dövürdə onların əzəmətini tanımağın ən böyük zamanı, Ərbəin yürüşüdür. Bu əzəmətli Ərbəin yürüşü nə anlama gəlir ki, insanlarda dinindən və millətindən asılı olmayaraq böyük şövq yaradır. Bu şövq isə, 1383 ildir ki, davam edir. Elə bu böyük rəqəmin özü bir sonsuz əzəmətdən xəbər verir.

Ərbəin ziyarəti Əbu Abdullah Hüseynin (ə) xatirəsini, onun dostlarının və Əhli-beytin (ə) fədakarlığını yaşatmaqdır. Ərbəin ziyarəti Aşura düşüncəsinin bütün müsəlmanlara, və dünyanın azadlıqsevər insanlarına ötürülməsidir. Ərbəin ziyarəti böyük bir məktəbin bərpasıdır, bütün möminlər üçün həmişəyaşar örnəkdir. Ərbəin ziyarəti Aşura bayrağının dalğalandığı gündür, Əhlibeyt (ə) aşiqlərinin İmam Hüseynin (ə) yolunu davam etdirməsidir. Ərbəin ziyarəti şəhidlərin qanı qarşısında məsuliyyət hiss etmək, onların nailiyyətlərini qorumaqdır. Ərbəin ziyarəti bir nəslin şəhid və qazilərinin təcrübələrini digər nəsillərə ötürməkdir. Ərbəin ziyarəti həzrəti Zeynəbin (ə) düşmənləri ifşa etməsidir. Ərbəin ziyarəti Bəni-Haşim müdriki sayılan xanımın (s) Aşura fəlsəfəsini öyrətməsi və təbliğ etməsidir. Ərbəin ziyarəti din düşmənlərinin təbliğatını puça çıxarmaq, və şeytani hərəkətlərini zərərsizləşdirmək üçün, İmam Səccadın (ə) yorulmaz mədəni-ideoloji fəaliyyətidir. Ərbəin ziyarəti şəhadət irsini unutmamaqdır. Ərbəin ziyarəti şəhidlərin xatirəsini yaşatmaqdır. Ərbəin ziyarəti düşmənin təbliğat hücumu qarşısında ayıq-sayıq dayanmaqdır. Ərbəin ziyarəti cəmiyyətin aparıcı təbəqəsinin həqiqətləri bəyan etməsi, vəzifəni başa düşməsi və yerinə yetirməsidir.
Ərbəin ziyarəti Əhlibeyt (ə) aşiqlərinin düşmənin mədəni-ideoloji təhlükələri qarşısında sığortalanmasıdır.  Ərbəin ziyarəti “Allah nurunu heç kəs söndürə bilməz” (səff/8) mesajıdır.

Bu əzəmətli Ərbəin ziyarəti insanın şəxsi və fərdi tərbiyyəsində hansı təsirləri bağışlayır ?

Ərbəin ziyarət və yürüşünün insanın şəxsi və fərdi həyatında bir çox təsirləri vardır ki, onları bir-bir təhlil edəcəyik.

1.Nəfsin saflaşması

Bu əzəmətli Ərbəin ziyarətində insanın öz nəfsini təmizləmə və yetişdirmə ruhu vardır. Bu mənəvi səfərdə Əhlibeytin (ə) nuru vasitəsi ilə ruhi, psixoloji, əxlaqi və fikri cəhətdən insanda paklaşmaya doğru hərəkət başlanır. Buna görə də insan özünü düzəltmək üçün mənəviyyat və tövbə etmək şansı əldə edir. Bu səbəbdən, uzun müddət Ərbəin ziyarəti insanın etiqadında dəyşiliklər edərək, imanının güclənməsinə səbəb olur. Bir çox insanlar uzun müddət bu mənəvi enerjini dadır, və öz dini inanclarında sabit qalırlar.

İmam Sadiq (ə) öz səhabələrindən birinə belə buyurur: Hər kim İmam Huseyni(ə) ziyarət etmək niyyəti ilə evdən piyadə olaraq hərəkət edə, Allah hər bir addımı üçün ona bir yaxşılıq yazar, və bir pis əməlini silər. O, Həzrətin hərəminə yetişərkən onun (adını) seçilmiş salih insanların cərgəsində yazar. Ziyarətini bitirdikdən sonra isə onun (adını) feyz əhlinin cərgəsində yazar. (Kamiluz-ziyarat, səh 132-135)

Bu hədsin mövzusu o şəxslərə aiddir ki, məqsədləri yalnız İmam Huseynin (ə) ziyarətidir.


2.İnsanda daxili rahatçılığın yaranması

Ərbəin ziyarəti mənəvi bir ziyarət olduğundan, istər-istəməz insanda daxili aramçılıq yaradır. Bu ziyarət boyu milyonlarla insan bir-birilərinin yanında hərəkət edərək, bir–biriləri ilə həm söhbət olub şadlıq və qəmlərini bölüşərək, dostluq və qardaşlıq zəminəsi yaradırlar. Ərbəin ziyarətində məşhur bir şüar var “İmam Hüseynin(ə) məhəbbəti bizləri bir yerdə cəm edir” Bu məhəbbət sayəsində insanlar bir-birilərinə qarşı güvən və əmin-amanlıq hiss edərək, daxili rahatçılıq əldə edirlər.

3.Səbrli və Dözümlü olmağı məşq etmək

Əgər, bir insan Ərbəin ziyarətinə getməyi qəsd edib evdən çıxırsa, o insan gərək fikrində olan hər bir problem və iş-gücünü kənara qoya, və Allanın nişanələrindən olan Kərbəla ziyarətini düşünə, Kərbəlada baş vermiş hadisələr haqqında anlayış və düşüncəsini artıra, İmam Huseynin (ə) bir neçə kəlmını ən azından xatırlaya; Ey caamat hər kimin nizə və qılıncın ağrı və acısına dözmü vardır bizimlə qalsın! Əks halda qayıtmalı olacaq!
(Yənabiul məvədət, səh 406) İmam Huseyn (ə) Aşura günü səhər çağı dostlarına belə buyurur: Səbr və müqavimət edin ey böyük şəxsiyyətlərin övladları! Çünki, ölüm yeganə körpüdür ki, sizləri bütün çətinlik və əziyyətlərdən cənnətə, və onun əbədi nemətlərinə yetişdirəcəkdir.
(İbni Tavus, Luhuf, səh 81) Buna görə də, hədislərmizdə bir saat təfəkkür etmək, 70 il ibadətdən üstündür buyurulur. Odur ki, düşüncə ilə ziyarət insanı irfan, mənəviyyat və başqa məqamlara nail etdirər.

4.İmam Huseynə (ə) insanların eşqlərinin artması

Əhli-beyti (ə) sevmək hər kəsə nəsib olmur. Hər kimə də nəsib olsa, xoş olsun o şəxsin halına. Ərbəin ziyarəti insanları dünyanın müxtəlif yerlərindən gətirib Kərbəlaya çıxarır və İmam Huseynin (ə) eşqi ətrafında cəm edir. Çünki, İmam Huseynin (ə) eşqi fitri və daxili bir eşqdir. İmam Sadiq (ə) buyurur: Allah hər kəsə xeyir vermək istəsə, İmam Huseynin (ə) və onun ziyarətninin eşqini onun qəlbinə salar. (Kamiluz-ziyarat, səh 135)
Bu yolda hər kəs öz mərifəti ölçüsündə İmam Huseynə (ə) yaxın olacaqdır.

5.Dindarlığın güclənməsi

İmam Huseynin (ə) qiyamının ən böyük hədəflərindən biri, şəriət hökümlərini və dini qayda-qanunlarını diriltmək idi. İmam Huseynin (ə) ziyarətnaməsində oxuyuruq: Şəhadət verirəm ki, həqiqətən, sən namazı bərpa etdin, zəkat verdin, yaxşılığa əmr etdin, pislikdən çəkindirdin … (Məfatihul cinan, səh 463) İmam Huseyni (ə) tanıyan hər bir insan bilir ki, onun qiyamında əsas hədəf nələr olmuşdur, və buna görə də Ərbəin ziyarətində İmamın (ə) hədəflərini diri saxlamaq məqsədimizdir. Bu hədəfləri diri saxlayan hər bir insanın dini, və dindarlığı diri və güclü olacaqdır.

6.Nemətlərə şükür etmək

Nemət, və ya nemətlər dedikdə, təkcə maddi nemətlər nəzərdə tutulmur. Bəlkə maddi, dini və bir çox mənəvi nemətlər nəzərdə tutulur. O cümlədən, Ərbəin ziyarətində İlahi nemətləri xatırlama və şükr olur. Bu səfərdə İmamət, Vilayət, əmniyyət və sağlamlıq nemətləri tanınır ki, Allah bütün bu nemətləri insanların ixtiyarında qoymuşdur.

Əgər, bir insan İmamət nemətinin qədrini bilməsə, başsız qalmış bir yetim uşağa bənzəyir ki, hansı yola dəvət etsələr ora da gedəcəkdir. Amma, İmamət nemətini tanıdıqda insanlar öz istiqamətini düzgün götürürlər, və bu da İlahi bir nizamdan xəbər verir. Nizam və nizamsızlıq arasında olan fərq də, açıq-aşkar aydındır. Bu səfərin əsas məqsədindən biri də, İmamət nemətinə şükr etməkdir.

Nəticə

İslam aləmində Məhərrəm və Səfər ayları, və bu aylarda baş vermiş Kərbəla hadisəsi, İslamın yaşaması üçün böyük əhəmiyyət kəsb edir. Tarixdə  məşhur belə bir söz vardır: Həzrət Məhəmməd (s) peyğəmbər İslamı gətirdi, İmam Huseyn (ə) isə, öz qanı və şəhadəti ilə onu qoruyub saxladı. Əgər vicdanla hər bir inadımızı kənara qoyub bu cümlə haqqında düşünsək, görərik ki, bu cümlə eyni həqiqətdir. Odur ki, dində inad yox, düçüncə və təhlil lazımdır. Çünki, İslam dini vəhy, ağıl və məntiq əsasında qurulan bir dindir.

“Haqq yolu tutub gedənlərə salam olsun!” (Taha/47)

          Mənbələr

1.Qurani Kərim

2.Kamiluz-ziyarat, İbni Quluviyyei Qumi

3.Yənabiul məvədət, Suleyman inbi İbrahim Qənduri.

4.Luhuf, Əli ibni Musa (İbni Tavus)

5.Məfatihul cinan, Şüyx Abbas Qumi

    Dr. Fariz Rəcəbov

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi