Əmmar Yasirin şəhadət günü

Bu gün (səfər ayının 9-u) 94 yaşında İmam Əlinin (ə) yanında qılınc çalan cəngavər – Əmmar Yasirin şəhadət günüdür.

Əbu Yəqzan Əmmar ibni Yasir, Yəmənin Əbar qəbiləsindən idi. Həzrət Peyğəmbərin (s) hicrətindən 57 il əvvəl dünyaya gəlmişdi. Atası Yasir və anası Suməyyə idi və onlar İslamın ilk şəhidləri idilər.
Əmmar 48 yaşında besətin ilk illərində, Peyğəmbər (s) Ərqəmin evində olan zaman İslam dinini qəbul etmişdi. Bu yolun bütün əziyyətlərini çəkmişdi.
Yəmənli mühacir olduğu üçün Məkkədə heç bir tərəfdarı yox idi. Məkkənin bütpərəst müşrikləri burada sakin olan Əmmara, Bilala, Suheybə müsəlman olduqları üçün işgəncə verirdilər. Bəzən onların paltarını çıxarır Hicazın qızmar Günəşi altında qaynar daşların üzərinə uzadırdır və döyürdülər. Bəzən də onlara polad zirehi geyindirib, qızmar Günəşin qabağında saxlayırdılar. Bəzən də sinələrinin üzərinə böyük daş parçası qoyurdular. Onlar bu yolla müsəlmanları İslam dinindən çəkindirməyə çalışırdılar. Əmmar bu işgəncələrdən sonra bir qrup müsəlmanla bir yerdə Həbəşə gedir. Məkkədə vəziyyət sakitləşəndən sonra ora qayıdır və sonra da Mədinəyə hicrət edir.

Allahın Rəsulu (s) onunla Həzifə ibni Yəman arasında qardaşlıq əhdi bağlayır. Əmmar Məscidul-Nəbinin inşasında fəal iştirak edir. Həzrət Peyğəmbər (s) belə bir qeyb xəbərini ona verir: “Sən behişt əhlindənsən. Zülm edənlər səni öldürəcəklər”. O, Bədr, Ühüd və başqa döyüşlərdə Həzrət Peyğəmbərlə (s) bir yerdə iştirak etmişdi. Bu döyüşlərdə müsəlmanların qabaqcıllarından olmuşdur. Peyğəmbərin (s) vəfatından sonra Əmmar, Səlmanla, Əbuzərlə, Miqdadla birgə Əhli-beyt (ə) məktəbinin fəallarından olur. O, Bəni-Səqifə fitnəsinə etiraz edənlərdən biri olmuşdur. Müxtəlif vəziyyətlərdə İmam Əlini (ə) müdafiə edərdi. 12-ci Qəməri ilində Yəmamə döyüşündə iştirak edir və bu döyüşdə qulağını itirir. Əmmar bir müddət Kufəyə vali təyin edilir. Əmmar haqsızlıqlara etiraz edənlərdən olur. Nəql edilir ki, üçüncü xəlifə Əmmarın məntiqli tənqidlərinə dözə bimir və onu şiddətlə döydürür.

Qəlbini sarımış eşq, şəhadət sevgisi, Allahla görüşə məhəbbət onu canından keçmiş fədakar bir qəhrəmana döndərmişdi. O döyüşə-döyüşə Allahı ilə danışır, şerlər oxuyurdu. Nəhayət, 94 yaşlı bu qorxusuz aslan bir çox düşmən döyüşçülərini qanına qəltan etdikdən sonra nizə zərbəsindən yerə yıxıldı. Amansız düşmən onun başını bədənindən ayırdı. Amma bu sonluq Əmmar üçün səadət idi. Bir ömür məbud hüzurunda torpağa səcdə etmiş baş, nəhayət, şəhadət meydanında həqiqət yoluna təqdim olunurdu. Əmmarın şəhadət dağı Həzrət Əli (ə) üçün çox ağır idi. Əmmarın şəhadət xəbəri həzrətə (ə) çox təsir etdi, o bu aşiq insan üçün Allahdan rəhmət dilədi 

Gecə düşür, savaş alovu sönməyə başlayır. Əmirəlmöminin (ə) gecənin qaranlığında şəhidlər arasında gəzir və nəhayət, Əmmarın pak cəsədinə çatır. O yerə oturur bu azadə şəhidin başını qucağına alır. Həzrət (ə) Əmmarın şəhadətinə ağlayır və onun xatirəsini yad edərək belə deyir: Əmmar vəsiyyət etmişdi ki, onu öz libası ilə dəfn etsinlər. O, Allahın düşmənlərlə hesab çəkməsini istəyirdi. İmam (ə) onun cənazəsi üçün namaz qıldı və Əmmar öz qanlı libaslarında torpağa tapşırıldı. Böyük Peyğəmbər (s) səhabəsi, imamın fədakar köməkçisi, həqiqətin və Quranın güclü müdafiəçisi Əmmarın şəhadəti imamın (ə) və onun ətrafındakıların ruhunda dərin iz buraxsa da, Şam qoşununun da ruhiyyəsini sarsıtmışdı. Həzrət Peyğəmbərin (s) Əmmarın şəhadəti haqqında buyurduğu hədis çoxlarını Müaviyədən uzaqlaşdırdı və onun müharibəsinin nahaq olduğunu sübuta yetirdi. Şam qoşununun tanınmış simalarından olan Əbdüllah Əmmarın şəhadətindən xəbər verən hədisə əsaslanaraq Müaviyəni tərk edib Həzrət Əliyə (ə) qoşuldu. Əbdüllahın bu hərəkəti Müaviyə cəbhəsini təlatümə gətirdi. Müaviyə Əmr Asın hiyləsi ilə belə bir şayiə yaydı ki, Əmmarın qatili onlar yox, Əmmarı müharibəyə çəkən şəxsdir. Bu şayiədən xəbər tutan Əmirəlmöminin (ə) onların hiyləsini puça çıxararaq buyurdu: “Bu hesabla, həzrət Peyğəmbər (s) Həmzənin qatili hesab olunmalıdır. Çünki Həmzəni meydana o gətirmişdir!”. Əmmarın iman və səbri, bəsirət və şücaəti, fədakarlıq və haqqı müdafiəsi “necə olmaq” sualına cavab axtaranlar üçün ilahi bir göstərişdir.

Salam olsun Əmmara! Salam olsun doğulduğu və haqq meracına tələsdiyi günə ! GİAM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir