Ərbəin ziyarətinin  insanın ictimai tərbiyyəsində təsiri və rolu

Ərbəin ziyarətində Kərbəlaya doğru hərəkət etmək, məsum İmamların (ə) zamanından Əhlibeyt (ə) sevərlər üçün bir adət halına çevrilmişdir. İmam Huseyn (ə) aşiqləri hətta Bəni-Üməyyə və Bəni-Əbbas zamanında da, Ərbəin ziyarətinə gedirdilər. (Təhqiq dər bare-i əvvəlin ərbəine Seyyidüşşühəda, səh 1-2)

İmam Hüseynin (ə) şəhadətindən sonra Həzrət Məhəmməd Peyğəmbərin (ə) böyük səhabələrindən olan, Cabir ibn Abdullah öz dostu Ətiyyə bin Səd bin Cunadə Kufi ilə birgə Kərbəlaya gəldi. Ətiyyə dövrünün böyük alim və təfsirçilərindən, tabeinin böyüklərindən və Abdullah ibn Abbasın şagirdlərindən olmuşdur. Ətiyyə belə nəql edir: “Mən Cabirlə birgə İmam Hüseyni (ə) ziyarət etməyə getdim. Kərbəlaya çatdıqdan sonra Cabir Fərat çayında qüsl aldı. Sonra təmiz paltarlarını geyindi, özü ilə gətirdiyi kisəni açıb özünü ətirlədi. Sonra isə ayaqyalın İmam Hüseynin (ə) məzarına tərəf yola düşdü. Gedə-gedə Allahın zikri ilə məşğul idi. Gözləri görmürdü. İmam Hüseynin (ə) mübarək qəbrinə çatanda baş tərəfində dayanıb mənə dedi: “Əlimi Hüseynin (ə) qəbrinin üzərinə qoy”. Əlini tutdum və qəbirə tərəf apardım. Əli İmam Hüseynin (ə) məzarının torpağına toxunduqda şiddətli üzüntüdən özündən getdi, və qəbrin üstünə yıxıldı. Mən onun üzünə su səpdim. Özünə gələndə üç dəfə dedi: “Ya Hüseyn! Ya Hüseyn! Ya Hüseyn!” Sonra dedi: “Ey Hüseyn, nə üçün mənə cavab vermirsən? Dost dosta cavab verməzmi?!” Sonra dedi: “Necə cavab verəsən ki, qan boğazından sinənə axmış, başın bədənindən ayrılmışdır. Mən şəhadət verirəm ki, sən ən yaxşı Peyğəmbərin (s) övladı, möminlərin sərvəri, təqva nümunəsi, əba səhabələrinin beşincisisən. Bu ayrılıq möminlərin qəlbinə od vurdu. Onlar sənin sağ olmağına şübhə etmirlər. Allahın salamı olsun sənə! Şəhadət verirəm ki, sənin şəhadətin həzrət Yəhya ibn Zəkəriyyanın (ə) şəhadəti kimidir”. Sonra Kərbəlanın digər şəhidlərini də, bu cür ziyarət etdi.
O, ziyarət edərək deyirdi: “Salam olsun Əbu Abdullah Hüseynin qəbrinin kənarındakı ruhlara! Salam olsun sizə, ey çirkinliklərdən təmizlənən şəxslər! Salam olsun sizə, ey hidayət olunmuş insanlar! Salam olsun sizə, ey Allah dərgahında xeyirxahlar! Salam olsun sizə və sizin qəbrinizin ətrafına toplaşan bütün mələklərə! Allah bizimlə sizi rəhmət kölgəsinə cəm etsin. Həqiqətən, O, mehribanların ən mehribanıdır. Allahın salamı, rəhmət və bərəkətləri olsun sizə! (Lühuf, səh 197) Cabirin bu ixlaslı Ərbəin ziyarətindən sonra artıq bu ziyarət ictiailəşməyə başladı, və cəmiyyətdə böyük təsirlər qoydu. Bunun bariz nümunəsini, dünya indi də müşahidə etməkdədir. Bu məqaləni yazmaqda məqsəd, müasir dövürdə Ərbəin ziyarətinin, insanın ictimai tərbiyyəsində nə kimi təsiri və rolu vardır ? Bu sualın cavabını aydınlaşdırmaq üçün bir neçə məsləni izah edəcəyik.

Ərbəin ziyarətinin  İnsanın ictimai tərbiyyəsində təsiri və rolu aşağıdakı təhlillərdən ibarətdir.

1.Həmrəyliyin yaradılması və vahid İslam ümmətinin həyata keçirilməsi

Ərbəin ziyarətinin ictimai təsirlərindən biri, İslam ümmətində vəhdətin yaranmasıdır. Hətta, Kitab əhlindən belə bu birliyə qarışanlar olur. Burada artıq İmamət və Vilayət xətti mühümdür, və kimin hansı məzhəbdən aslı olmasına baxmayaraq bu birliyə İslam və Əhli beyt(ə) eşqi naminə qoşulur. Bundan əlavə yeganə birlikdir ki, 40 milyona qədər insan bu toplumda yer alır və belə bir birlik dünyada qeydə alınmamışdır. İllərdir ki, həm özümüzdən və həm də başqalarından olan İslam düşmənləri bu yürüşlə, mübarizə aparmağa çalışıb və davam da edirlər. Amma, bu mübarizələrin hamısı nəticəsiz qalıb və qalacaqdır. Həzrət Rəsulluah (s) belə buyurur: “Möminlərin qəlbində Hüseynin qətlinə görə bir hərarət vardır ki, heç vaxt soyumayacaq!” (Mustədrəkul – vəsail, c 1, səh 318) Bu gün dünya bu hədisin bariz nümunəsini açıq – aşkar görür.

2.Siyasi düçüncənin yaranması

Burada siyasi düşüncədən məqsəd, mərifət, bəsirət və düşüncə əsasında haqqı batildən seçərək hərəkət etməkdir. İmam Huseynin də (ə) hərəkət və addımı siyasi düşüncə əsasında olmuşdur. O, Məkkədən Kərbəlaya doğru hərəkət edərkən qardaşı Məhəmməd İbni Hənəfiyyəyə vəsiyyətində belə yazdı: Mən vəzifə, məqam və zülm etmək üçün qiyam etmədim. Bəlkə cəddimin ümmətini islah etmək üçün qiyam etdim. Mənim istəyim budur ki, cəddim və atamın qanun və sünnələri əsasında caamatı yaxşılığa dəvət və pislikdən çəkindirəm. (Biharul – Ənvar, c 44, səh 34)

İmam Huseynin (ə) ziyarətinə gedən hər bir şəxs O, Həzrətin ziyarətnaməsini oxuyarkən ona yetərli şəkildə siyasi və ictimai mərifət və agahlıq bəxş edir.

3.Yaxşılığa dəvət və pislikdən çəkindirməyə diqqət!

Ərbəin ziyarətinin ictimai təsirlərindən biri də yaxşılığa dəvət və pislikdən çəkindirməyə diqqət etməkdir. Bu əzəmətli Ərbəin yürüşündə insanları yaxşılğa dəvət və pislikdən çəkindirmə qanununa əsasən heç kəslə qürürla danışmaq lazım deyil. Özün üçün nəyi bəyənirsənsə başqaları üçün də onu bəyən, prinsipi əsasında rəftar olunmalıdır. Qurani – Kərimin bu haqqda təlimatı vardır:
(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun!
Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.
(Ali İmran\104)

Imam Huseyn (ə) qiyamının əsas fəlsəfəsindən birinin yaxşılığa dəvət və pislikdən çəkindirmək olduğunu qeyd edir. “Mən azğınlıq, xüdpəsəndlik, fəsad və zülm etmək üçün qiyam etməmişəm. Mən cəddim Muhəmmədin (s) ümmətini islah etmək, yaxşılıqlara əmr etmək və pisliklərdən çəkindirmək, cəddim Muhəmmədin (s) və atam Əlinin (ə) yolunu bərpa etmək üçün qiyam etdim”. (Biharul – Ənvar, c 44, səh 34)

İmam huseynin (ə) ziyarətçisi bilməlidir ki, onun əsas vəzifələrindən biri heç kəsi narahat etmədən yaxşılığa dəvət və pislikdən çəkindirmdir.

4.Zülmlə mübarizə və azadlıq ruhiyyəsinin artması

Hər bir İmam Huseynin (ə) ziyarətçisi, təbii olaraq az və ya çox İmam Huseynin (ə) nə üçün qiyam etməsi və başına gələn hadisələr haqqda məlumatı vardır. Ərbəin yürüşü sadəcə olaraq cəm halda İmamın (ə) hədəflərini bizlərə xatırlatmaqdı. Hər kəs İmam Huseyni (ə) tanıyıbsa bilir ki İmam (ə) öz şəhadətini bilə – bilə zülm və zalimlə mübarizə apardı və şəhadəti ilə azadlığ əldə etdi. İmam Huseyn (ə) azadlığa çox dəyər verirdi hətta Yezidin qoşunu ilə üzbə-üz qalanda belə buyurdu: « Ey Əbu Süfyan övladına uyanlar! Dininiz yoxdursa və axirətdən qorxmursunuzsa, heç olmasa dünyada azad insanlar olun! »  (Biharul – Ənvar, c 45, səh 51) Buna görə də Kərbəlaya gedən hər bir ziyarətçi zülm səhnələrini xatırlayıb və görür. İstər – istəməz insanlarda zülmlə mübarizə və azadlıq ruhiyyəsinin artır.

5.İctimai əxlaq anlayışının canlanması

İctimai əxlaqdan məqsəd insanların bir – birilərinə nisbət qarşılıqlı etdikləri rəftar, verdikləri dəyərlər və qurduqları ünsiyyətlərdir. Yaxşı əxlaqa riayət etmək cəmiyyətdə bir neçə şeyə səbəb olur; Birincisi cəmiyyətdə mənəviyyat və səmimiyyətə, ikincisi isə ictimai dəyərlərin güclənməsinə, buda cəmiyyətin hər tərəfli inkişafına səbəb olur.

Ərbəin ziyarəti İmam Huseyn (ə) məhəbbətin əsasında baş tutduğuna görə bir neçə ictimai əxlaqi dəyərləri özündə cəmləşdirir.

a) İnsanların  bir – birilərinə qarşılıqlı simpatya və yardımlaşmaları,

b) İnsanların  bir – birilərinə qarşı  fədakarlığı,

c) İnsanların  bir – birilərinə qarşı  infaq, ehsan və bağışlamaları

Nəticə

İslam aləmində Məhərrəm və Səfər ayları, və bu aylarda baş vermiş Kərbəla hadisəsi, İslamın yaşaması üçün böyük əhəmiyyət kəsb edir. Tarixdə  məşhur belə bir söz vardır: Həzrət Məhəmməd (s) peyğəmbər İslamı gətirdi, İmam Huseyn (ə) isə, öz qanı və şəhadəti ilə onu qoruyub saxladı. Əgər vicdanla hər bir inadımızı kənara qoyub bu cümlə haqqında düşünsək, görərik ki, bu cümlə eyni həqiqətdir. Odur ki, dində inad yox, düçüncə və təhlil lazımdır. Çünki, İslam dini vəhy, ağıl və məntiq əsasında qurulan bir dindir.

Bu məqaləyə diqqət yetirəndə görürük ki, Ərbəin ziyarətinin İslam aləmində ictimai təsirləri çoxdur. Amma bu məqalədə təhlili etdiyimiz “Ərbəin ziyarətinin  İnsanın ictima tərbiyyəsində təsiri və rolu həqiqətəndə İslam aləminin daxili və xarici dəyərlərini qoruyub saxlayır. Bir Əhlibeyt (ə) aşiqi kimi bu yolu davam etdirmək hər birimizin borcudur. “Haqq yolu tutub gedənlərə salam olsun!” (Taha/47)

Mənbələr

1. Qurani – Kərim

2. Təhqiq dər bare-i əvvəlin ərbəine Seyyidüşşühəda, Seyyid Muhəmmədəli Qazi Təbatəbai

3. Luhuf, Əli ibni Musa (İbni Tavus)

4. Mustədrəkul – Vəsail, Muhəddis Nuri

5. Biharul – Ənvar, Muhəmməd Baqir Məclisi

Dr. Fariz Rəcəbov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir