“Vilayət” ayəsinin təfsiri

İlahiyyat elmləri doktoru:

Dr. Nicat Yəhyazadə

«إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذِينَ ءَامَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلَوةَ وَ يُؤْتُونَ الزَّكَوةَ وَ هُمْ رَاكِعُونَ؛

“Həqiqətən sizin başçınız yalnız Allah, Onun elçisi və iman gətirib namaz qılıb rüku halında zəkat verən kəslərdir”. (Maidə surəsi, ayə-55)

Ümumiyyətlə ilahi rəhbər hər bir cəmiyyətə, su və hava kimi lazımdır. Çünki rəhbərsiz cəmiyyət, əsla heç bir sahədə inkişaf edə və təkamül yolunda addımlaya bilməz. Belə olduqda isə cəmiyyət tənəzzülə süqut edər və öz üzvlərinin fərdi və ictimai ehtiyaclarını təmin etmək qüdrətini əldən verər. Məhz buna görə də, Allah cəmiyyətlər üçün, öz elçilərini rəhbər olaraq göndərmiş və onların missiyasını davam etdirmək və göndərilən şəriətləri qorumaq yolunda, canişinlər və imamlar təyin etmişdir. İslam dini sonuncu din olduğuna görə, bu məsələni daha çox diqqət mərkəzində saxlamışdır. Quranda İlahi rəhbərlər barədə, xüsusi ilə də sonuncu Peyğəmbərin (s) canişini haqqında, çox saylı ayələr vardır. Onlardan mövzumuza aid olanı, “Vilayət” ayəsi yəni “Maidə” surəsinin 55-ci ayəsidir. Qeyd edilən ayəni elmi müstəvidə araşdırırıq.

Ayənin izahı və nazil olma səbəbi:

Təfsir və hədis alimlərinin çoxu bu ayənin imam Əli (ə) barədə nazil olmasını bildirmişlər. Nəql olunanlara əsasən, Əli (ə) məsciddə namaz qılarkən, bir yoxsul kişi kömək istəyir. Məsciddə olanlardan heç kəs ona etina etmir, o əlini göyə qaldırıb deyir: İlahi sən şahid ol ki, mən Peyğəmbərin (s) məscidində kömək istədim, amma heç kim mənə kömək etmədi. Bu vaxt Əli (ə) rükuda ikən əlindəki üzüyü ona verir. Hətta səhabələrdən olan Abdullah ibni Salam bu hadisəni öz gözləri ilə gördüyünü Peyğəmbərə (s) deyir. Bəzi nəqllərdə isə Peyğəmbərin (s) özünün bu hadisəyə qıraqdan şahidlik eməsi yazılır. Orada O həzrət (s) belə dua edir: “İlahi!… mənim üçün Əhli-beytimdən bir vəzir təyin et, məni onun vasitəsi ilə güclü və qüvvətli et!”. Əbuzər deyir: “Allaha and olsun! Allahın Rəsulu (s) hələ sözünü qurtarmamışdı ki, Cəbrayıl nazil oldu və Maidə surəsinin 55-ci yəni “Vilayət” ayəsini gətirdi”. (Bax: Suyuti, əd-Durrul-mənsur təfsiri, cild-2, səh-293; Zəməxşəri, Əl-Kəşşaf təfsiri, cild-1, səh-649; Fəxr Razi, Təfsiri-kəbir, cild-12, səh-383)

Bu ayə Qədir-xum hadisəsində də həcc mərasimində olanların diqqətini çəkdi və Peyğəmbər (s) orada bu ayənin kim barəsində olmasını praktiki surətdə ümmət üçün açıqladı. Qədir-xum xütbəsindən sonra Peyğəmbər (s) öz mübarək əli ilə imam Əlinin (ə) başına əmmamə bağladı. Möminlərdən və münafiqlərdən bəziləri o cümlədən Salman Farsı (r.h) soruşdu: “Ey Allahın elçisi! Əli (ə) barədə buyurduğunuz vilayət və imamət hansı vilayət və imamət kimidir? Peyğəmbər (s) buyurdu: Mənim (sizə olan) vilayətim və rəhbərliyim kimi. Mən hər kəsin rəhbəri və ixtiyar sahibiyəmsə, Əli (ə) də onun rəhbəri və ixtiyar sahibidir.” (Bəhrani İsfəhani, Əvalimul-ulum, cild-15, səh-234)

Ayə ilə bağlı iki irad:

Birinci: Ayədəki şəxs əvəzlikləri (iman gətirənlər, namaz qılanlar, zəkat verənlər, rüku edənlər) cəm formadadır. Halbuki Əli (ə) bir nəfərdir, onda bu ayəni necə ona aid etmək olar?

Cavab: Mütəvatir hədislərə istinadən bu ayənin imam Əli (ə) barədə nazil olması barədə heç bir şək-şübhə yoxdur. Rüku halında yalnız bir nəfər öz üzüyünü yoxsula sədəqə vermişdir. Ayədəki şəxs əvəzliklərinin cəm formada işlədilməsinin ən mühüm səbəbi, ehtiram və həmin şəxsin məqamının yüksəkliyinə bir sübutdur. Ərəb qrammatikasında və bir çox dillərdə bu məsələyə rast gəlmək olar. O cümlədən “Mübahilə” ayəsində “nisaəna” (qadınlarımız) sözü cəm formasında gəlmişdir, lakin hamı bunu bilir ki, Mübahilədə qadınlardan təkcə Fatimeyi-Zəhra (s) iştirak etmişdir.

İkinci:Namaz əsnasında imam Əlinin (ə) fikri necə ola bilər ki, yayılsın və yoxsulun fikrində olsun? Halbuki bu ilahi münacata qərq olmaq ilə ziddiyət təşkil edir.

Cavab:Namazda yoxsulun səsini eşitmək və ona yardım etmək, heç də fikrin namazdan yayılmasına bir dəlil deyil, əksinə bunun özü bir növ ibadət və Allahın əmrini icra etməkdir. Həqiqətdə O həzrət (ə) ibadət içində ibadət etmişdir. Bu isə hər kəsin bacara bildiyi iş deyildir. Allah da bu ayədə rükuda sədəqə verməyi tərifləyir və onu böyük adla yad edir. Əgə bu əməl qəflət və Allahdan yayınmaq sayılsaydı, tərif əvəzinə məzəmmət edilərdi.

Ayə barədə olan hədislər:

Bu ayə haqqıında hədis və təfsir mənbələrində çox sayda səhih rəvayətlər mövcuddur. Burada onlardan bəzilərini qeyd edirik:

İmam Baqir (ə) buyurdu: “Bu ayə Əli ibni Əbu-Talibin (ə) öz üzüyünü rükuda sədəqə verdiyi vaxtda onun şənində nazil olmuşdur”. (Təbərsi, Məcməul-Bəyan təfsiri, cild-3, səh-325)

“Əta” adında bir şəxs, səhabə və müfəssir olan “İbni Abbas”dan nəql edir ki, o belə dedi: “Vilayət ayəsi Əli ibni Əbu-Talibin (ə) şənində nazil olmuşdur”. (Fəxr Razi, Təfsiri-kəbir, cild-12, səh-383)

Bu Quran ayəsi aydın şəkildə Əli ibni Əbu-Talibin (ə), Peyğəmbərdən (s) sonra ümmətə rəhbər olmağa ən layiqli şəxs olduğunu, sübut edir. Bu ayənin məzmununa əsasən, imam Əli (ə) möminlərin rəhbəri və ixtiyar sahibidir. Qeyd olunan hədislər də ayənin məzmunun imam Əli (ə) barədə olduğunu təsdiqləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir