İslamda “Mərcəiyyət” prinsipi

Rəhman və Rəhim Allahın adı ilə

İslamda “Mərcəiyyət” prinsipi

Höccətul-islam vəl-muslimin Eldar Əlihüseynzadə

Abstrakt

Məqalə ictihad və təqlidin, mərcəiyyət məqamı ilə fərqinə təkid edir. İctihad və təqlidin tarixi İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövrünə qayıtsa da, buna əsas ehtiyac böyük qeybət dövründə yaranmışdır. Şeyx Tusinin dövrünə kimi, mərcəi-təqlidlik müfti (fətva verən) və müstəfti (fətva istəyən) həddindən çıxmamışdır. Şeyx Tusinin zamanında mərcəiyyət məqamı şiənin bir prinsipi olaraq ibtidai şəkildə formalaşmağa başladı. 13 və14-cü əsrlərdə bu məsələ artıq öz həqiqətini tapdı.
İctihad və təqlidin dəlilləri, mərcəlik vəzifəsinin dəlilləri ilə tamamilə fərqlidir. İctihad və təqlidin bəzi dəlilləri aşağıdakılardan ibarətdir:

1. İmam Sadiq (ə) və İmam Rzanın (ə) öz səhabələrini, hökmlərini öyrənmək üçün xüsusi şagirdlərinə yönəltməsi;
2. İmam Baqir (ə) və İmam Sadiqin (ə) bəzi fəqih şagirdlərini fətva verməyə əmr və təşviq etmələri;
3. Sirətul-üqəla (Ağıl sahiblərinin sirə və yolu).

Lakin “Mərcəiyyət” vəzifəsi və məqamının əsas dəlili, (möhkəm əqli arqumentdən əlavə) İmam Zamanın (ə) İshaq bin Yəquba  yazdığı məktubdur. Bu etibarlı məktuba əsasən, İmam Zaman (ə) böyük qeybət dövründə fəqihləri özü üçün naib olaraq təyin etmişdir. Ömər bin Hənzələnin məqbuləsi, bu məqamı təkid edən növbəti dəlildir. Bu etibarlı hədisə əsasən, İmam Sadiq (ə) Fəqihləri hakim elan edibdir.
Bu dəlillərə əsasən “Mərcəiyyət” məqamı həqiqi mənada şəriət hakiminə məxsus olan rəhbərlik məqamıdır. Bu məqam ilahi bir məqam olaraq İmamət prinsipinin davamdır.

Nəticə: Mərcəiyyət prinsipi Şiə məzhəbinin 6-cı əsas prinsipi kimi tanınmalıdır.

Açar sözlər: Fətva; müctəhid; ictihad; təqlid; mərcəiyyət; müfti; mərcəi-təqlid; mərcəiyyət prinsipi.

Müqəddimə

İlk növbədə “Mərcəiyyət” prinsipini təqlid məsələsindən ayırmaq lazımdır.  Başqa sözlə desək, “təqlid”, müqəllidin (təqlid edənin) müqəllədə (təqlid edilənə) və müstəftinin (fətva istəyənin) müftiyə (fətva verənə) müraciət etməsidir. Lakin “Mərcəiyyət” İslam ümmətinin rəhbər və hakimlik məqamıdır.

1. Təqlidin tərifi

Fəqihlər təqlidi müxtəlif mənalarda tərif etmələrinə baxmayaraq, hamısına yaxud əksəriyyətinə şamil ola biləcək tərif belədir: “Təqlid camiuş-şərait (xüsusi şərtlərə malik olan) müctəhidin fətvalarına əməl etməkdir”. Başqa sözlə “Mükəlləfin öz ibadi və qeyri-ibadi əməllərini camiuş-şərait müctəhidin fətvalarına uyğun olaraq yerinə yetirməsinə təqlid deyilir”.

2. Mərcəi-Təqlidin tərifi

Əgər “Mərcəi-təqlid” terminini yuxarıda qeyd edilən “Təqild” tərifi əsasında məna etsək, bu zaman “Mərcəi-təqlid o şəxsdir ki, onun fətvalarına əməl etməklə mükəlləfin öhdəsindən vəzifə götürülür”. Başqa sözlə: “Fətvası mükəlləfə höccət olan müctəhid, Mərcəi-təqlid adlanır”.

Müddəa: Müddəa budur ki, Mərcəiyyət məqamı yuxarıda qeyd edilən təriflə, yəni müftilik vəzifəsi ilə məhdudlaşmamalıdır. Mərcəiyyət şiə prinsipinə və möhkəm dəlillərə əsasən, şəriət hakimi və rəhbərlik məqamıdır.

3. Mərcəiyyət və təqlidin tarixi

Müddəanı sübut etmədən öncə Təqlid və Mərcəliyin tarixi barədə qısa məlumat verməyi məqsədə uyğun hesab edirik.
Əgər “Təqlid” və “Mərcəi-təqlid”-lik məsələsinə,  fətva verməyin caiz (hətta vacib) olma və təqlidin caiz (hətta vacib) olma dəlillərinə əsasən baxsaq, onların tarixi əziz Peyğəmbərin (s) zamanına qayıtmalıdır.
Çünki bir çox müctəhidlərin nəzərinə əsasən, Nəfr ayəsi, həm fətvanın caiz və kifayi vacib olmasına, həm də təqlidin vacib olmasına dəlalət edir. Xatırladaq ki, o zaman başa düşülən fətva və təqlid, hazırkı dövrdə, hətta İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövründə formalaşmış təqlid mənasında olmamış və tamamilə bəsit mənada olmuşdur. Fətva vermək və təqlid etməyin tarixi əsasən İmam Baqir (ə), xüsusilə İmam Sadiqin (ə) dövrünə təsadüf edir. Amma bu dövrdə də, ictihad tam bəsit və sadə şəkildə olmuşdur. Həmin dönəmdə ictihad və təqlidin müəyyən qədər formalaşmasına baxmayaraq, hələ mərcəiyyət bir prinsip kimi tanınmamışdır. Əlbəttə buna ehtiyac da yox idi, çünki o dövrdə mərcəiyyət öz əsil mənasında İmamlara (ə) məxsus idi. Mərcəiyyət əsasən Böyük qeybət dövrünə aid edilir və İmam Zamanın (ə) İshaq bin Yəquba yazdığı müqəddəs toqi İmam (ə) tərəfindən bu prinsipin ilk göstərişidir.
Böyük qeybət dövrünün ilk illərindən bu prinsip həyata keçməyə başladı. Şeyx Səduqun (306-381 qəməri) “Əl-Fəqih” və “Əl-Muqni”, Şeyx Mufidin (336-413 qəməri) Əl-Muqniə kimi fətva toplumları bunun aydın sübutudur. Amma buna baxmayaraq hələ Böyük qeybətin əvvəllərində bu məsələ bir prinsip olaraq tam formalaşmamışdır. Mərcəi-təqlidlik, fətva və təqlid həddində tanınırdı. Tədriclə bu məsələ öz həqiqətini tapdı və Şeyx Tusinin (385-460 qəməri) zamanında artıq Mərcəiyyət prinsipi formalaşmağa başladı. Şeyx Tusi “Şeyxut-Taifə” adlanaraq, alimlərin və ümmətin dini baxımdan ümumi müraciət yerinə çevrildi. Bu prinsip tədriclə möhkəmlənərək, Səfəvilər dövründə Muhəqqiq Kərəki (Muhəqqiq Sani; 865 (870)-940 qəməri) və Şeyx Bəhai (953-1030 qəməri) kimi, şiənin tanınmış və nəhəng alimləri, Şeyxul-islam kimi xalqa tanıtdırlıldı.

Artıq, hicri-qəməri tarixinin 13-cü və 14-cü əsrlərində demək olar ki, bu mühüm prinsipin yüksək səviyyədə parlayan zamanı idi. Şeyx Muhəmməd Həsən Nəcəfi (Cəvahirul-kəlam kitabının müəllifi; 1202-1266 qəməri), Şeyx Murtəza Ənsari (1214-1281 qəməri), Mirzə Məhəmməd Həsən Şirazi (1230-1312 qəməri), Seyid Muhəmməd Kazim Təbatəbai (1247-1337 qəməri) və Axund Məhəmməd Kazim Xorasani (1255-1329 qəməri) kimi fəqihlər, bu məqamı əyani olaraq tam həyata keçirə bildilər. Həmin dövrdə, Ayətullah Mirza Şirazinin tarixi fətvası (hökmü), Mərəcyiyyətin gücünü bir daha göstərərək, Mərcəi-təqlidin fətvasını, onun yalnız müqəllidlərinin ibadi əməllərinə məhdud olmamasını sübuta yetirdi.
Mərcəi-təqlid, qədim alimlər arasında yalnız fətva vermək (müftilik) həddində idi, lakin sonralar, bu məsələ öz həqiqətini tapdı və bir hakim olaraq tanındı. Buna şahid olaraq, Seyyid Murtəzanın, “Əz-Zəriə” və Şeyx Tusinin “Əl-Uddə” adlı Usuli-fiqh kitablarını göstərə bilərik. Bu kitabların İctihad və Təqlid bölümlərində, müftinin xüsusiyyətləri (sifətləri) yalnız elm və ictihadla məhdudlaşdırılmışdır. Halbuki, bu alimlər hakimin sifət və xüsusiyyətlərinə gəldikdə, son əsrlərdə müctəhidlərin Mərcəi-təqlid üçün sadaladıqları şərtləri qeyd etmişlər. Bu onu göstərir ki, əslində bu alimlərin nəzərinə əsasən Müfti və Mərcə arasında böyük fərq vardır. Xatırladaq ki, Şeyx Mufid və Şeyx Tusi kimi fəqihlər, özlərini fətva məqamına sahib olan bir müfti görməkdən əlavə, hakimlik və rəhbərlik işlərini də həyata keçirirdilər.
14-cü əsrin alimlərinin izahlarına əsasən, Mərcəi-təqlid şəriət hakimi və ümmət rəhbəridir. Odur ki, Mərcəi-təqlidin şərtlərində, müfitiyə məxsus olan, ictihad və elm şərtindən əlavə, hakimə aid şərtləri də, əlavə edirlər. Seyyid Murtəzanın zamanından bu bəhs elmi kitablarda xüsusi yer almışdır. Seyyid Murtəza, Şeyx Tusi və hətta Axund Xorasani bu məsələni Usuli-fiqh kitabında qeyd etmişlər. Sonralar ictihad və təqlid bəhsi, Məhəmməd Kazim Təbatəbai tərəfindən fiqhi kitablara daxil oldu. Əslində bu məsələ İslamda köklü bəhslərdəndir və etiqadi məsələ hesab edilir. Lakin təqlid etməyin keyfiyyət və təfərrüatı fiqhi məsələ olduğu üçün, fiqhi kitablarda da gətirilməsi məqsədə uyğundur. 

Konkretləşdirmə: Mərcəiyyət prinsipi, İmam Zamanın (ə) əmri ilə, elan edildi, Şeyx Tusinin zamanına kimi fətva və təqlid mərhələsində qaldı, Şeyx Tusinin zamanında ibtidai həddə də olsa öz əksini tapdı və nəhayət son əsrlərdə artıq kamil olaraq formalaşdı.

Müddəanın dəlilləri

Bir sıra dəlillər əsl fətvanın caiz (hətta vacib) olmasına, həmçinin əsl təqlidin caiz (hətta vacib) olmasına dəlalət edir:

1. Quran

“Möminlər hamısı birlikdə səfər etməsinlər (döyüşə getməsinlər). Nə üçün hər tayfadan bir qrupu dini elmlərdə dərin biliyə sahib olmaq üçün (Peyğəmbərin yanına) köç etmirlər?! (Onlar gərək dərin elm əldə etmək üçün köç etsinlər) və vətənlərinə qayıtdıqda, öz qövmünü (tayfasını Allahın əzabından) qorxutsunlar ki, bəlkə onlar çəkindilər (və Allahın hökmlərinə əməl etdilər).”

Bu ayə müsəlmanlara əmr edir ki, bir qrup (kifayi-vacib olaraq) elm dalınca getməli, dini elmi mükəmməl öyrənməli (mütəxəssis olmalı) və camaata çatdırmalıdır. Camaata da vacibdir ki, onların sözünə və dediklərinə əməl etsinlər. Ayə xüsusi məqamda nazil olmasına baxmayaraq, ümumi məna daşıyır. Dində dərin bilgi əldə etmək, o sahədə mütəxəssis olmaq mənasınadır. Bu bilgi, dinin müxtəlif sahəsinə, o cümlədən fiqh elminə də şamildir. Bu ayə hər dövrün şəraitinə görə olan din elminin öyrənilməsinə dəlalət edir. Bu ayənin, fətva və təqlidin  caiz və vacib olmasına dəlalət etdiyini təkid edən fəqihlər və təfsir alimləri az deyil.

2. Hədislər

Fətva və təqlidin caiz olmasına dəlalət edən hədislər əsasən müstəfiz, hətta icmali mütəvatir həddindədir. Belə ki, onların bəzilərinin məsumdan olmasına insanda yəqin hasil olur. Bu baxımdan bu barədə olan hədislərin sənədləri kamil olmasa belə, alimlər bu hədislərin çoxluğuna görə onlara istinad edirlər. Onlardan bəzisi, İmam Sadiq (ə) və İmam Rzanın (ə) öz səhabələrini xüsusi şagirdlərinə yönəltməsini göstərən hədislərdir. Bu hədislərə əsasən İmam Sadiq (ə) səhabələri, Zurarə bin Əyun, Əban bin Təğlib, Əbu Bəsir Əsədi, Muhəmməd bin Muslim kimi tələbələrinə yönəldərək, dinlərini bunlardan öyrənməyə göstəriş vermişdir.
Həmçinin İmam Rza (ə) da, öz səhabələrini Zəkəriyya bin Adəm, Yunis bin Əbdur-Rəhman və Yunis Mövla ali Yəqtin kimi tələbələrinə yönəldibdir.

Bəzi hədislər isə, birbaşa fətva verməyə və əsas qaydalardan hökmlər çıxarmağa göstəriş verən hədislərdir.

1. İmam Məhəmməd Baqir (ə), şagirdi Əban bin Təğlibə buyurdu: “Mədinə məscidində otur və camaata fətva ver. Mən çox sevirəm ki, şiələrimin içində sənin kimiləri görünsün.”
2. Şiə məzhəbinin, eləcə də Əhli-sünnə məzhəblərinin fiqhinə agah olan, İmam Sadiqin (ə) səhabələrindən sayılan Məaz bin Müslim Nəhvi deyir: İmam Sadiq (ə) mənə belə buyurdu: “Eşitmişəm cami məscidində oturub camaata fətva verirsən. Ərz etdim: Bəli, mən sizdən ayrılmamış bu barədə soruşacaqdım. Mənim yanıma gələnlərin bəziləri müxalif məzhəblərdəndir, onlara öz fiqhlərinə uyğun cavab verirəm. Bəziləri sizin şiələrinizdəndir, onlara sizdən öyrəndiklərimi deyirəm. Bəzilərinin məzhəbini bilmədiyim üçün bütün məzhəblərin rəyini deyirəm. İmam (ə) buyurdu: Elə də et. Mən özüm də bu işi görürəm”.
3. İmam Sadiqin (ə) səhabəsi və şagirdi Hişam bin Salim, İmam Sadiqdən (ə) belə rəvayət edir:
“Bizim vəzifəmiz sizə fiqhin əsas qaydalarını təlim etmək, sizin vəzifəniz isə o qaydaları uyğun təfərruatlara tətbiq etməkdir”.
4. Həmçinin İmam Rzanın (ə) məşhur səhabəsi və şagirdi Əhməd bin Muhəmməd bin Əbi Nəsr Bəzənti, İmam Rzadan (ə)  belə nəql edir: “Bizim vəzifəmiz sizə qaydaları öyrətmək, sizin vəzifəniz isə o qaydalardan istifadə edib onun təfərruatını çıxartmaqdır”.

3. Sirətul-uqəla (Ağıl sahiblərinin yol və davranışları)

Hər sahənin mütəxəssisinə müracət etmək ürf və camaat arasında normal qarşılanır. Belə ki, hər bir şəxs təbii olaraq, xüsusilə mühüm məsələlərdə bunu özünə vacib bilir. Ağıl sahiblərinin bu yol və sirəsi nəinki şəriət tərəfdən inkar edilməyib, əksinə təsdiq edilmişdir.
Diqqət: Bu üç dəlil yalnız fətva və təqlidin icazəli (hətta vacib) olmasını göstərir. Amma Mərcəiyyət məqamını bir prinsip və İslamın əsası kimi sübut edə bilmir.

Mərcəiyyətin dəlili

Bu məqalədə mərcəlik vəzifəsinin rəhbərlik məqamı kimi olmasını, əqli arqumentlərə istinad etmədən, hədislər və təhlillər əsasında sübut etmək istəyirik. Çünki baxmayaraq ki, heç şübhəsiz əqli arqumetlər, mərcəi-təqlidin zəruri olmasını və vacibliyini isbat edir, lakin bu məqamın ilahi bir məqam olmasını sübut etmək üçün, etibarlı hədislərə istinad etmək lazımdır. İlk və mühüm dəlil İmam Zaman (ə) tərəfindən İshaq bin Yəquba yazılmış və göndərilmiş müqəddəs toqi və məktubdur. Bu məktub, Mərcəi-təqlidlik məqamının imamət prinsipinin davamı olaraq tanıtdırılması üçün açıq-aşkar dəlildir.
Bu hədis bizə iki sənədlə çatır. Onlardan biri Şeyx Səduqun, digəri isə Şeyx Tusinin vasitəsilə yetişir.
Xatırladaq ki, bu hədisi Şeyx Təbərsi də “Əl-İhticac” kitabında mürsəl olaraq, rəvayət edib. Lakin böyük ehtimala əsasən, Şeyx Təbərsi, Şeyx Səduqun ya Şeyx Tusinin rəvayət etdiyi sənədə istinadən öz kitabında yazıbdır. Hər iki sənədlə hədisin  lazım olan hissələrini diqqətinizə çatdırırıq:
Şeyx Səduq “Kamalud-din” kitabında belə yazır: “Bu hədisi mənə Muhəmməd bin Muhəmməd bin İsam Kuleyni (Allah ondan razı olsun), Muhəmməd bin Yəqub Kuleynidən rəvayət etdi ki, o bu hədisi İshaq bin Yəqubdan rəvayət edir.” (Onun dediyinə əsasən, İshaq bin Yəqub Kuleyni belə dedi: “(İmam Zamanın ə ikinci naibi) Muhəmməd bin Osman Əmridən (Allah ondan razı olsun) istədim ki, mənə qaranlıq qalan bir sıra sualların cavabını İmam Zamandan (ə) alıb mənə göndərsin. Mövlamız İmam Zaman (ə.f) tərəfindən, O cənabın öz xətti ilə olan məktub mənim əlimə çatdı… Şeyx Tusi “Əl-Ğeybət” kitabında yazır: “Bu hədisi Şeyxlərimin (ustadlarımın) bir neçəsi Cəfər bin Quləveyh, habelə Əbu Ğalib Zurari və başqa ravilərdən, onlar da Muhəmməd bin Yəqub Kuleynidən rəvayət edir. (Onun dediyinə əsasən, İshaq bin Yəqub Kuleyni belə dedi: “(İmam Zamanın ə ikinci naibi) Muhəmməd bin Osman Əmridən (Allah ondan razı olsun) istədim ki, mənə qaranlıq qalan bir sıra sualların cavabını İmam Zamandan (ə) alıb mənə göndərsin. Mövlamız İmam Zaman (ə.f) tərəfindən, O cənabın öz xətti ilə olan məktub mənim əlimə çatdı…

İshaq bin Yəqub, İmam Zamanın (ə) ikinci naibi Muhəmməd bin Osmana məktub göndərib, müxtəlif suallar barədə İmam Zamana (ə.f) müraciət edir. Onlardan biri də, budur ki, sizin uzun müddətli qeybət dövründə, sizə əlimiz çatmadığı bir zamanda sizdən soruşmalı lazım olan suallarımızı kimdən soruşaq?
İmam (ə.f) bütün sualları bir məktubda öz xətti ilə yazıb, İshaq bin Yəquba göndərir. Bu sualın cavabında İmam (ə) belə buyurur: “Allah səni hidayət etsin… Amma qarşınıza çıxan hadisələrdə, bizim hədisimizin ravilərinə müraciət edin. Onlar mənim tərəfimdən sizə höccətdir. Mən də onlara Allahın höccətiyəm.”

Hədisin sənədinin araşdırılması

Hədisi Şeyx Səduq öz ustadı Muhəmməd bin Muhəmməd bin İsam Kuleynidən, o da, Muhəmməd bin Yəqub Kuleynidən və o, İshaq bin Yəqubdan nəql edir. Həmçinin Şeyx Tusi bir qrup ustadlarından nəql edir ki, şeyx Mufid də onlardan biridir. Bunlar da Muhəmməd bin Quləveyhdən və digərlərindən, onlar Muhəmməd bin Yəqub Kuleynidən, o da İshaq bin Yəqubdan rəvayət edir. Hədisin sənədində yeganə şübhə İshaq bin Yəqubdadır. Çünki Rical alimləri rical kitablarında bu şəxsin barəsində söz açmayıblar. Hədis kitablarında da, yalnız bir hədisi var, o da qeyd olunan toqi və məktubdur. Bu baxımdan,  xüsusilə Şeyx Kuleyninin “Kafi” kitabında bu hədisi nəql etməməsi, bu şəxsin etibarının üzərinə kölgə salır.
Alimlər hədisin sənədini müsbət dəyərləndirmək üçün müxtəlif arqumentlərdən istifadə ediblər.
Onlardan birini burada qeyd edirik: Şeyx Kuleyni bunu birbaşa İshaq bin Yəqubdan rəvayət edir.
İshaq bin Yəqub ya çox fasiq və yalançı birşəxs olmalıdır ya çox böyük şəxsiyyət. Çünki belə bir iddia düz olmazsa, bu böyük töhmət, yalan və xəyanətdir. Düz olarsa, İshaqın böyük bir şəxs olmasına və İmam (ə) yanında olan ehtiram və əzəmətinə dəlalət edir. Xüsusi ilə də İmamın (ə.f) məktubun əvvəli və sonunda onu mədh etməsini nəzərə aldığımız zaman bu məsələ aydın olur. Bu şəxs şübhəsiz yalançı ola bilməz. Çünki Şeyx Kuleyni bu məktubu vasitəsiz olaraq ondan rəvayət edir. Şeyx Kuleyni hədis nəql etməkdə çox həssas bir şəxs olubdur, belə ki, Muhəqqiq Naini (r.ə) kimi böyük bir şəxs Kafi kitabının sənədinə irad tutanları acizlər adlandırıbdır. Xüsusilə belə bir məzmunlu hədis fiqhi hədislərlə müqayisə ediləsi deyil. Əgər bu şəxs yalançı və fasiq bir şəxs olsaydı, şübhəsiz Şeyx Kuleyni onun hədisini xüsusilə belə bir məzmunlu hədisini rəvayət etməzdi. Ən azı budur ki, bu şəxs mühüm bir şəxs olmasa belə, Şeyx Kuleyni o məktuba etimad etmədən onu yazmazdı. Deməli bu məktub İmam Zamanın (ə.f) məktubudur və İmam zaman (ə) da İshaqı təsdiq və mədh edir. Hər iki halda həm İshaq bin Yəqub etibarlı bir şəxs kimi hesab edilir həm də, müqəddəs məktub etibarlı sayılır. Nəticədə bu hədisin İmamdan (ə) sadir olmasına yəqin etmək mümknüdür. Amma Şeyx Kuleyninin bu hədisi Əl-kafi kitabında gətirməməsinin bir neçə ehtimalı vardır. Həmin zaman, ciddi təqiyyə zamanı idi. İmamın naibləri ciddi şəkildə İmamın əmin-amanlığını qorumalı idilər. Başqa bir tərəfdən də, Kuleyni Kafi kitabı, yazıldıqdan dərhal sonra sürətlə alimlər və camaat arasında yayılmağa başladı. Belə ki, Bağdad hadisələrində şiə kitabların aradan getməsinə baxmayaraq, hazırda dünyanın müxtəlif kitabxanalarında bu kitabın 1600-dən çox əl yazma nüsxəsi mövcuddur. Bundan əlavə bu ehtimal da vardır ki, Şeyx Kuleyni bu nüsxəni sonralar görüb. O zaman kitab yazılıb qurtardıqdan sonra, o kitabın etibarını qorumaq üçün, ona heç bir şey əlavə etmirdilər. Ola bilsin Kuleyni bu nüsxəni “Kafi” kitabını yazıb tamamladıqdan sonra əldə edib yaxud İshaqdan əxz etdiyi üçün onu “Kafi”-yə daxil etməyibdir.

Hədisin dəlaləti və mənası

Həvadis (Hadisələr): Bu hədisdə qeyd olunan “hadisə” kəlməsi şübhəsiz, o məsələlərə aid edilir ki, ümmət o hadisələrdə, İmam Zamana (ə.f) müraciət edirdi. Yəni baxmayaraq ki, fiqhi məsələlərin çoxu da elə ictimai məsələlərə qayıdır ancaq bu hadisələr sözünün fiqhi məsələlərə şamil olmasından əlavə, ictimai və siyasi məsələlərə də aiddir.
Ruvatu hədis (Hədis raviləri): Şübhəsiz ki, burada hədis ravisindən məqsəd yalnız hədisi nəql edən şəxs deyil. Məqsəd hədisi anlayan, onun külliyyatından müxtəlif təfərrüatları çıxara bilən ravilərə deyilir. Bunlar elə o zaman da fəqih adlanırdılar.

Şahid 1: İmam Baqir (ə), Əban bin Təğlib barədə buyurdu: “Mədinə məsciddə otur və camaata fətva ver.” Başqa bir hədisə əsasən, İmam Sadiq (ə) səhabəsinə buyurdu: “Əban bin Təğlib məndən çox hədis eşidibdir. Hər nə lazım olsa ona müraciət et və ondan eşitdiklərini mənim adımdan de. Göründüyü kimi, Əbanın rəvayət nəql etməsi ilə, digərlərinin rəvayət nəql etməsi tam fərqli anlamdadır. Əbanın rəvayət nəql etməsi, onun fətvasıdır.

Şahid 2: İmam (ə), iki ravinin nəql etdiyi rəvayətlər bir-biri ilə zidd olduqda buyurdu: “Onların daha fəqihlərinin rəyinə əməl edin.” Məlum olur ki, İmamın (ə) məqsədi təkcə rəvayət nəql etmək deyil. Məqsədin bu olması mümkün belə deyil. Çünki bununla İmam (ə) özünə ümumi naib təyin edir. İmam Sadiq (ə) buyurur: “Çoxlu fiqhi rəvayət edənlər var ki, rəvayət etdiyi adamlar o hədisi onlardan yaxşı anlayır. Bunlar fiqh daşıyan, onlar isə fiqh biləndirlər.” Müddəaya xitam vermək məqsədilə, əziz oxucuları, Ömər bin Hənzələ və Əbi Xədicənin mötəbər (məqbulə və məşhur (məşhurə ya mötəbərə) hədislərinə yönəldirik. Şeyx Kuleyni və Şeyx Tusi sənədli şəkildə Ömər bin Hənzələdən belə rəvayət edir:
Əbu-Əbdillahdan (İmam Sadiq ələyhis-salam) soruşdum: (Bəzi hallarda) şiələrin arasında müəyyən öhdəliklər, yaxud miras barədə ixtlaflar yaranır. Olarmı ki, bu halda  onlar (şəriət hakimi olmayan) hakimə və qaziyə müraciət etsinlər? İmam (ə) buyurdu: Hər kəs istər haqqa görə, istərsə də batilə görə onlara müraciət etsə, tağuta və batilə müraciət etmişdir. Onların hökmü ilə əldə etdiyi, onun haqqı olsa belə, haramdır… Soruşdum: Bəs bunlar nə etsin?
Buyurdu: Sizin (şiələrin) içindən bizim halal və haramımız barədə rəy və nəzər sahibi olanlar və hökmlərimizi tanıyan ravilərə müraciət etsinlər. Onların verdiyi hər hökmü qəbul etsinlər. Çünki mən onları sizin üçün hakim qərar verdim. Onlar bizim hökmümüz əsasında hökm verdikdə, onların hökmünü qəbul etməyənlər Allahın hökmünə əhəmiyət verməmiş və bizi inkar etmiş hesab edilir. Bizim hökmümüzü inkar edənlər də, Allahın hökmünü inkar etmiş sayılır. Bu isə şirk və müşriklik həddi deməkdir. Şeyx Tusi öz sənədi ilə, Əbi Xədicədən belə rəvayət edir: Əbu-Əbdillah (İmam Sadiq ələyhis-salam) məni səhabələrimizin yanına göndərdi və buyurdu: “Onlara de ki, aranızda ixtilaf olduqda heç vaxt bu fasiqlərə müraciət etməyin. Bizim halal və haramımıza agah olan şəxsləri öz içinizdən seçib, hakim qərar verin. Mən onları sizin üçün qazi təyin etdim.” Bu iki hədisdə, İmam Sadiq (ə) fəqihlərə hökm və qəzavət məqamı verir, halbuki, qeyd etdiyimiz kimi, o zaman fətva vermək və ictihad etmək, bəsit bir şəkildə idi və adətən rəvayətlər vasitəsilə yaxud xüsusi rəvayətlərə istinadən həyata keçirilirdi. Bu hədislərdə bizim hökmlərimizi tanısın və halal haramımızda nəzər və rəy verməyi bacarsın nöktələrinə təkid olunubdur.

Nəticə

Mərcəiyyət məqamı, İlahi bir məqam olaraq, İmamət əsasının davamıdır və məzhəbin əsl və prinsiplərindən hesab edilməlidir.
Diqqət! İlahi rəhbər ya xüsusi təyin edilir ya xüsusiyyətlərlə təyin edilir. Dində millət və sərhəd olmadığı üçün, vahid dinin vahid ümməti, vahid kitabı, eyni peyğəmbəri və eyni imamları olduğu kimi, həmçinin eyni mərcəi-təqlidləri vardır.

 İstifadə edilən ədəbiyyat

1. Qurani-Məcid
2. Muhəmməd bin Yəqub Kuleyni (Şeyx Kuleyni), “Əl-kafi”, Darul-hədis nəşriyyatı, Qum1429 q.
3. Muhəmməd bin Əli bin Babəveyh (Şeyx Səduq), “Mən la yəhzuruhul-fəqih”, İntişarate İslami, Tehran 1413 q.
4. Muhəmməd bin Əli bin Babəveyh (Şeyx Səduq), “Kamalud-din və Tamamun-nemət”, İntişarate İslami,Tehran 1395 q.
5. Muhəmməd bin Muhəmməd bin Numan (Şeyx Mufid), “Muxtəsərut-təzkirə bi usulil-fiqh”, Şeyx Mufiq konqresi, Qum 1413 q.
6. Əli bin Huseyn Ələmul-huda (Seyyid Murtəza), “Əz-zəriə ila usuliş-şəriə”, Daneşgahe Tehran, Muəssisə intişarat, Tehran 1376 ş.
7. Muhəmməd bin Həsən Tusi, “Təhzibul-əhkam”, Darul-kutubil-islamiyyə, Qum 1407 q.
8. Muhəmməd bin Həsən Tusi, “Kitabul-ğeybət lil-Höccət (əc)”, Darul-məarifil-islamiyyə, Qum, 1411 q.
9. Muhəmməd bin Həsən Tusi, “Əl-Uddə fi-usulil-fiqh”, Məhəmməd Təqi nəşriyyatı, Qum, 1417 q.
10. Əhməd bin Əli Nəcaşi, “Ricalun-Nəcaşi”, İntişarate İslami, Qum 1407 q.
11. Muhəmməd ibn Mənsur ibni İdris Hilli,  “Əs-sərair  əl-havi litəhriril-fətava”, İntişarate İslami, Qum 1410
12. Əhməd bin Əli Təbərsi,“Əl-İhticac”, Murtəza nəşriyyatı, Məşhəd, 1403 q.
13. Muhəmməd bin Həsən Hurr Amuli, “Vəsailuş-şiə”, Alul-beyt (ə) nəşriyyatı, Qum 1409 q.
14. Seyid Muhəmməd Kazim Təbatəbai, “Əl-Urvətul-vusqa”, İntişarate İslami, Qum, 1413 q.
15. Şeyx Muhəmməd Kazim Xorasani, “Kifayətul-Usul”, Alul-beyt (ə), Qum 1409 q.
16. Muhəmməd Huseyn Naini, “Əcvədut-təqrirat”, Mətbəətul-irfan, Qum, 1355 q.
17. Seyid Ruhullah Xomeyni, “Təhzibul-usul”,Darul-fikr, Qum, 1409.
18. Seyid Əbul-Qasim Xoi, “Məvsuətul-İmam əl-Xoi”, İhyau asaril-İmam əl-Xoi, Qum, 1418 q.
19. Muhəmməd Huseyn Təbatəbai, “Əl-mizan fi təfsiril-Quran”, İntişarate İslami,Qum 1417 q.
20. Seyid Muhəmməd Baqir Sədr (Şəhid Sədr), “Buhusun fi Usulil-fiqh”, Darul-məarifil-islami, 1417 q.
21. Seyid Muhəmməd Baqir Sədr (Şəhid Sədr), “Əlfətavəl-vazihə”, Darut-təaruf, Beyrut, 1403 q.


1. Hədis növü
2. Mirza Muhəmməd Hüseyn Naini, “Əcvədut-təqrirat”, c.2, səh.112; Seyyid Əbul-Qasim Xoi, “Ət-tənqih fi Urvətil-vusqa”, c.1, səh. 66-85-315; Seyid Muhəmməd Baqir Sədr, “Əl-fətavəl-vazihə”, səh. 93.
3. Tövbə: 122
4. Kiçik qeybət dövründə İmam Zamanın (əc) möhrü ilə, olan məktublar.
5. Şeyx Səduq, “Kəmaluddin və Təmamunnemət”, c.2, səh. 483; Şeyx Tusi, “Əl-Ğeybət”, səh. 290.
6. Seyyid Murtəza, Əz-zəriə ila usuliş-şəriə, c.2, səh.320.
7. Şeyx Tusi. Əl-Uddə fi-usulil-fiqh, c.2, səh. 727.
8. وَ ما كانَ الْمُؤْمِنُونَ لِيَنْفِرُوا كَافَّةً فَلَوْ لا نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ مِنْهُمْ طائِفَةٌ لِيَتَفَقَّهُوا فِي الدِّينِ وَ لِيُنْذِرُوا قَوْمَهُمْ إِذا رَجَعُوا إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ

Tövbə: 122
9. Çoxlu sənədlərlə yetişən, lakin sayına görə insanı yəqin həddinə çatdıra bilməyən hədis, müstəfiz hədis adlanır.
10. Çoxlu sənədlərlə yetişən və sayına görə insanı yəqinə çatdıran hədis, mütəvatir hədis adlanır. Mütəvatir hədis üç qismdir ki, onlardan biri icmali mütəvatirdir.
11. Bax: Vəsailuşşiə, c. 27, kitabul-qəza, Qazinin xüsusiyyətləri, 11-ci bab.
12. وَ عَنْ مُحَمَّدِ بْنِ قُولَوَيْهِ عَنْ سَعْدٍ عَنْ مُحَمَّدِ بْنِ الْحُسَيْنِ بْنِ أَبِي الْخَطَّابِ عَنْ مُحَمَّدِ بْنِ سِنَانٍ عَنِ الْمُفَضَّلِ بْنِ عُمَرَ أَنَّ أَبَا عَبْدِ اللَّهِ ع قَالَ لِلْفَيْضِ بْنِ الْمُخْتَارِ- فِي حَدِيثٍ: « فَإِذَا أَرَدْتَ حَدِيثَنَا فَعَلَيْكَ بِهَذَا الْجَالِسِ وَ أَوْمَأَ إِلَى رَجُلٍ مِنْ أَصْحَابِهِ فَسَأَلْتُ أَصْحَابَنَا عَنْهُ فَقَالُوا زُرَارَةُ بْنُ أَعْيَنَ»
13. وَ عَنْ صَالِحِ بْنِ السِّنْدِيِّ عَنْ أُمَيَّةَ بْنِ عَلِيٍّ عَنْ مُسْلِمِ بْنِ أَبِي حَيَّةَ قَالَ: «كُنْتُ عِنْدَ أَبِي عَبْدِ اللَّهِ ع فِي خِدْمَتِهِ فَلَمَّا أَرَدْتُ أَنْ أُفَارِقَهُ وَدَّعْتُهُ وَ قُلْتُ أُحِبُّ أَنْ تُزَوِّدَنِي فَقَالَ ائْتِ أَبَانَ بْنَ تَغْلِبَ- فَإِنَّهُ قَدْ سَمِعَ مِنِّي حَدِيثاً كَثِيراً فَمَا رَوَاهُ لَكَ فَارْوِهِ عَنِّي».
14. وَ بِالْإِسْنَادِ عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنْ شُعَيْبٍ الْعَقَرْقُوفِيِّ قَالَ:« قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ ع رُبَّمَا احْتَجْنَا أَنْ نَسْأَلَ عَنِ الشَّيْ‏ءِ فَمَنْ نَسْأَلُ قَالَ عَلَيْكَ بِالْأَسَدِيِّ يَعْنِي أَبَا بَصِيرٍ»
15. وَ عَنْ مُحَمَّدِ بْنِ قُولَوَيْهِ عَنْ سَعْدِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِيسَى عَنْ عَبْدِ اللَّهِ بْنِ مُحَمَّدٍ الْحَجَّالِ عَنِ الْعَلَاءِ بْنِ رَزِينٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِي يَعْفُورٍ قَالَ: قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ ع: «إِنَّهُ لَيْسَ كُلَّ سَاعَةٍ أَلْقَاكَ وَ لَا يُمْكِنُ الْقُدُومُ وَ يَجِي‏ءُ الرَّجُلُ مِنْ أَصْحَابِنَا فَيَسْأَلُنِي وَ لَيْسَ عِنْدِي كُلُّ مَا يَسْأَلُنِي عَنْهُ فَقَالَ مَا يَمْنَعُكَ مِنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ الثَّقَفِيِّ- فَإِنَّهُ سَمِعَ مِنْ أَبِي وَ كَانَ عِنْدَهُ وَجِيها».
16. وَ عَنْهُ (محمد بن قولویه) عَنْ سَعْدٍ عَنْ مُحَمَّدِ بْنِ عِيسَى عَنْ أَحْمَدَ بْنِ الْوَلِيدِ عَنْ عَلِيِّ بْنِ الْمُسَيَّبِ الْهَمْدَانِيِّ قَالَ: «قُلْتُ لِلرِّضَا ع شُقَّتِي بَعِيدَةٌ وَ لَسْتُ أَصِلُ إِلَيْكَ فِي كُلِّ وَقْتٍ فَمِمَّنْ آخُذُ مَعَالِمَ دِينِي قَالَ مِنْ زَكَرِيَّا بْنِ آدَمَ الْقُمِّيِّ- الْمَأْمُونِ عَلَى الدِّينِ وَ الدُّنْيَا».
17. وَ عَنْ عَلِيِّ بْنِ مُحَمَّدٍ الْقُتَيْبِيِّ عَنِ الْفَضْلِ بْنِ شَاذَانَ عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ الْمُهْتَدِي وَ كَانَ خَيْرَ قُمِّيٍّ رَأَيْتُهُ وَ كَانَ وَكِيلَ الرِّضَا ع وَ خَاصَّتَهُ قَالَ: «سَأَلْتُ الرِّضَا ع فَقُلْتُ إِنِّي لَا أَلْقَاكَ فِي كُلِّ وَقْتٍ فَعَمَّنْ آخُذُ مَعَالِمَ دِينِي فَقَالَ خُذْ عَنْ‏ يُونُسَ بْنِ عَبْدِ الرَّحْمَنِ».
18. وَ عَنْ جَبْرَئِيلَ بْنِ أَحْمَدَ عَنْ مُحَمَّدِ بْنِ عِيسَى عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ الْمُهْتَدِي قَالَ: «قُلْتُ لِلرِّضَا ع إِنَّ شُقَّتِي بَعِيدَةٌ فَلَسْتُ أَصِلُ إِلَيْكَ فِي كُلِّ وَقْتٍ فَآخُذُ مَعَالِمَ دِينِي عَنْ‏ يُونُسَ مَوْلَى آلِ‏ يَقْطِينٍ قَالَ نَعَمْ»
19. Əhməd bin Əli Nəcaşi, Ricalun-Nəcaşi, səh.10.

قال له أبو جعفر عليه السلام‏: «اجلس في مسجد المدينة و أفت‏ الناس‏، فإني‏ أحب‏ أن يرى في شيعتي مثلك».
20. Şeyx Hürr Amuli, Vəsailuşşiə, c.27, səh.148.

وَ عَنْ حَمْدَوَيْهِ وَ إِبْرَاهِيمَ ابْنَيْ نُصَيْرٍ عَنْ يَعْقُوبَ بْنِ يَزِيدَ عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنْ حُسَيْنِ بْنِ مُعَاذٍ عَنْ أَبِيهِ مُعَاذِ بْنِ مُسْلِمٍ النَّحْوِيِّ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ:« بَلَغَنِي أَنَّكَ تَقْعُدُ فِي الْجَامِعِ فَتُفْتِي النَّاسَ قُلْتُ نَعَمْ وَ أَرَدْتُ أَنْ أَسْأَلَكَ عَنْ ذَلِكَ قَبْلَ أَنْ أَخْرُجَ إِنِّي أَقْعُدُ فِي الْمَسْجِدِ فَيَجِي‏ءُ الرَّجُلُ فَيَسْأَلُنِي عَنِ الشَّيْ‏ءِ فَإِذَا عَرَفْتُهُ بِالْخِلَافِ لَكُمْ أَخْبَرْتُهُ بِمَا يَفْعَلُونَ وَ يَجِي‏ءُ الرَّجُلُ أَعْرِفُهُ بِمَوَدَّتِكُمْ وَ حُبِّكُمْ فَأُخْبِرُهُ بِمَا جَاءَ عَنْكُمْ وَ يَجِي‏ءُ الرَّجُلُ لَا أَعْرِفُهُ وَ لَا أَدْرِي مَنْ هُوَ فَأَقُولُ جَاءَ عَنْ فُلَانٍ كَذَا وَ جَاءَ عَنْ فُلَانٍ كَذَا فَأُدْخِلُ قَوْلَكُمْ فِيمَا بَيْنَ ذَلِكَ فَقَالَ لِي اصْنَعْ كَذَا فَإِنِّي كَذَا أَصْنَعُ».
21. Muhəmməd ibn Mənsur ibni İdris Hilli,  Əssərair, c.3, səh. 573.

هِشَامُ بْنُ سَالِمٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: «إِنَّمَا عَلَيْنَا أَنْ نُلْقِيَ إِلَيْكُمُ الْأُصُولَ وَ عَلَيْكُمْ أَنْ تُفَرِّعُوا».‌
22. Muhəmməd ibn Mənsur ibni İdris Hilli,  Əssərair, c.3, səh. 573.

أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ أَبِي نَصْرٍ عَنْ أَبِي الْحَسَنِ الرِّضَا ع قَالَ: «عَلَيْنَا إِلْقَاءُ الْأُصُولِ إِلَيْكُمْ وَ عَلَيْكُمُ التَّفَرُّعُ»‌
23. Şeyx Səduq, “Kəmaluddin və Təmamunnemət”, c.2, səh. 483.
(الشیخ الصدوق) حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُحَمَّدِ بْنِ عِصَامٍ الْكُلَيْنِيُّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَعْقُوب  الْكُلَيْنِيُّ عَنْ إِسْحَاقَ بْنِ يَعْقُوبَ قَالَ: سَأَلْتُ مُحَمَّدَ بْنَ عُثْمَانَ الْعَمْرِيَّ رَضِيَ اللَّهُ عَنْهُ أَنْ يُوصِلَ لِي كِتَاباً قَدْ سَأَلْتُ فِيهِ عَنْ مَسَائِلَ أَشْكَلَتْ عَلَيَّ فَوَرَدَتْ فِي التَّوْقِيعِ بِخَطِّ مَوْلَانَا صَاحِبِ الزَّمَانِ ع‏…

(كمال الدين و تمام النعمة للشیخ الصدوق؛ ج‏2 ؛ ص483)
24. Şeyx Tusi, “Əl-Ğeybət”, səh. 290.

وَ أَخْبَرَنِي جَمَاعَةٌ عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدِ بْنِ قُولَوَيْهِ وَ أَبِي غَالِبٍ الزُّرَارِيِّ وَ غَيْرِهِمَا عَنْ مُحَمَّدِ بْنِ يَعْقُوبَ الْكُلَيْنِيِّ عَنْ إِسْحَاقَ بْنِ يَعْقُوبَ قَالَ‏ سَأَلْتُ مُحَمَّدَ بْنَ عُثْمَانَ الْعَمْرِيَّ رَحِمَهُ اللَّهُ أَنْ يُوصِلَ لِي كِتَاباً قَدْ سَأَلْتُ فِيهِ عَنْ مَسَائِلَ أَشْكَلَتْ عَلَيَّ فَوَرَدَ التَّوْقِيعُ بِخَطِّ مَوْلَانَا صَاحِبِ الدَّارِ (ع‏)

   ( كتاب الغيبة للحجة للشیخ الطوسي؛ ص290)
25. Əfqəhus-sittə, Zurarə; İmam Baqir (ə) və İmam Sadiqin (ə) altı seçilmiş şagirdlərinin ən fəqihi, Zurarədir. Kəşşi, İxtiyaru mərifətir-rical.
26. Bax: Vəsailuşşiə, c. 27, kitabul-qəza, Qazinin xüsusiyyətləri, 11-ci bab.
27. Bax: Vəsailuşşiə, c. 27, kitabul-qəza, Qazinin xüsusiyyətləri, 11-ci bab.
28. Şeyx Kuleyni, Əl-Kafi, c.1, səh. 68.
29. اعِدَّةٌ مِنْ أَصْحَابِنَا عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِيسَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ أَبِي نَصْرٍ عَنْ أَبَانِ بْنِ عُثْمَانَ عَنِ ابْنِ أَبِي يَعْفُورٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع‏ أَنَّ رَسُولَ اللَّهِ ص خَطَبَ النَّاسَ فِي مَسْجِدِ الْخَيْفِ فَقَالَ نَضَّرَ اللَّهُ عَبْداً سَمِعَ مَقَالَتِي فَوَعَاهَا وَ حَفِظَهَا وَ بَلَّغَهَا مَنْ لَمْ يَسْمَعْهَا فَرُبَّ حَامِلِ فِقْهٍ غَيْرُ فَقِيهٍ وَ رُبَّ حَامِلِ فِقْهٍ إِلَى مَنْ هُوَ أَفْقَهُ‏ مِنْه‏ (الكافي (ط – الإسلامية) ؛ ج‏1 ؛ ص403)
30. Alimlər arasında qəbul edilmiş hədis.
31. Hədis kitablarında məşhur olduğu üçün etibarlı sayılan hədis.
32. Şeyx Kuleyni, Kafi, c.1, səh. 68, hədis: 10.
33. Şeyx Tusi, Təhzib, c.6, səh.218, hədis: 6.
34. Bu hədis, alimlər arasında qəbul edildiyi üçün ona Ömər bin Həmzələnin məqbuləsi adını veriblər.
35. مُحَمَّدُ بْنُ يَعْقُوبَ عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى عَنْ مُحَمَّدِ بْنِ الْحُسَيْنِ عَنْ مُحَمَّدِ بْنِ عِيسَى عَنْ صَفْوَانَ بْنِ يَحْيَى عَنْ دَاوُدَ بْنِ الْحُصَيْنِ عَنْ عُمَرَ بْنِ حَنْظَلَةَ قَالَ: سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ ع عَنْ رَجُلَيْنِ مِنْ أَصْحَابِنَا بَيْنَهُمَا مُنَازَعَةٌ فِي دَيْنٍ أَوْ مِيرَاثٍ فَتَحَاكَمَا إِلَى السُّلْطَانِ وَ إِلَى الْقُضَاةِ أَ يَحِلُّ ذَلِكَ قَالَ مَنْ تَحَاكَمَ إِلَيْهِمْ فِي حَقٍّ أَوْ بَاطِلٍ فَإِنَّمَا تَحَاكَمَ إِلَى الطَّاغُوتِ وَ مَا يُحْكَمُ لَهُ فَإِنَّمَا يَأْخُذُ سُحْتاً وَ إِنْ كَانَ حَقّاً ثَاب لَهُ لِأَنَّهُ أَخَذَهُ بِحُكْمِ الطَّاغُوتِ وَ مَا أَمَرَ اللَّهُ أَنْ يُكْفَرَ بِهِ قَالَ اللَّهُ تَعَالَى‏ يُرِيدُونَ أَنْ يَتَحاكَمُوا إِلَى الطَّاغُوتِ وَ قَدْ أُمِرُوا أَنْ يَكْفُرُوا بِهِ‏ – قُلْتُ فَكَيْفَ يَصْنَعَانِ قَالَ يَنْظُرَانِ مَنْ كَانَ مِنْكُمْ مِمَّنْ قَدْ رَوَى حَدِيثَنَا وَ نَظَرَ فِي حَلَالِنَا وَ حَرَامِنَا وَ عَرَفَ أَحْكَامَنَا فَلْيَرْضَوْا بِهِ حَكَماً فَإِنِّي قَدْ جَعَلْتُهُ عَلَيْكُمْ حَاكِماً فَإِذَا حَكَمَ بِحُكْمِنَا فَلَمْ يُقْبَلُ مِنْهُ فَإِنَّمَا اسْتُخِفَّ بِحُكْمِ اللَّهِ وَ عَلَيْنَا رُدَّ وَ الرَّادُّ عَلَيْنَا الرَّادُّ عَلَى اللَّهِ وَ هُوَ عَلَى حَدِّ الشِّرْكِ بِاللَّهِ»
36. Şeyx Hurr Amuli, “Vəsailüş-şiə”, c. 27, s.139, hədis:6.

مُحَمَّدُ بْنُ الْحَسَنِ بِإِسْنَادِهِ عَنْ مُحَمَّدِ بْنِ عَلِيِّ بْنِ مَحْبُوبٍ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنِ الْحُسَيْنِ بْنِ سَعِيدٍ عَنْ أَبِي الْجَهْمِ عَنْ أَبِي خَدِيجَةَ قَالَ: «بَعَثَنِي أَبُو عَبْدِ اللَّهِ ع إِلَى أَصْحَابِنَا فَقَالَ قُلْ لَهُمْ إِيَّاكُمْ إِذَا وَقَعَتْ بَيْنَكُمْ خُصُومَةٌ أَوْ تَدَارَى‏  فِي شَيْ‏ءٍ مِنَ الْأَخْذِ وَ الْعَطَاءِ أَنْ تَحَاكَمُوا  إِلَى أَحَدٍ مِنْ هَؤُلَاءِ الْفُسَّاقِ اجْعَلُوا بَيْنَكُمْ رَجُلًا  قَدْ عَرَفَ حَلَالَنَا وَ حَرَامَنَا فَإِنِّي قَدْ جَعَلْتُهُ عَلَيْكُمْ قَاضِياً.
37. Xatırlatma: Quran dili İslam dilidir.

GİAM

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi