Qurani-Kərimin əsas hədəflərindən biri düşüncə və təfəkkür yolunu bəşəriyyətə təqdim etməsidir. Qurani-Kərim insanlara yanlış və batil düşüncənin yolunu göstərməklə bərabər, insanlara doğru və həqiqi təfəkkürün düsturunu da təqdim etmişdir. İnsanın üzərində düşünməsi lazım olan ən gərçək nəsnələri təqdim etməklə bərabər, eyni zamanda elm və agahlıqla xarici aləmin gərçək üzünü dərk edib anlamasının yolunu da insanlara bəyan etmişdir. Ümumi olaraq dini mətnlər insanı varlıq aləmi, Kainat və mövcud fenomenlərin gerçəkliklərini dərk edib onların həqiqətini anlamağa şiddətlə dəvət etmişdir. Müqəddəs Qurani-Kərimdə təqribən 750 ayə möminləri təbiət üzərində düşünməyi, təfəkkür etməyi, ağıl, zəka və bəsirətə sahib olmağı, elm və bilik əldə etməyi mühüm hesab etmiş, elm öyrənməyin arxasınca düşməyənləri isə qınamışdır. Burada qeyd olunan düşünmə, ağıldan istifadə və elm öyrənmənin mövzusu təbiətdəki insan yaradılışı (Tariq), bəzi heyvanların yaradılışı (Ğaşiyə, 17), dağlar (Ğaşiyə 19), səma
(Ğaşiyə 18), yer üzü (Ğaşiyə 20) və s. nümunə olaraq qeyd etmək olar. Bundan əlavə, Qurani-Kərimdə mövcud olan bir çox ayə elmin araşdırma mövzusu olan təbiət fenomenlərindən söz edərkən, Kainatda mövcud olan fenomenlərin həqiqətləri barədə bir çox gerçəklikləri insanlara təqdim etmiş, bu barədə müxtəlif, maraqlı və möcüzəvi məlumatları bəşər cəmiyyətinin xidmətinə təqdim etmişdir. Bunların arasında dağların hərəkətindən bəhs etməsini qeyd etmək olar. O zamanlar bütün bu məlumatlar insanların bilmədiyi məsələlər idi. Xüsusilə elm Quran müstəvisində özəl və xüsusi bir əhəmiyyətə malik olmuşdur. Təbiət aləminə elm əldə etmək bütün bu təbiət və Kainatı Yaradana elm əldə etmək üçün bir müqəddimədir.
Eyni zamanda təfəkkürün əhəmiyyəti barəsində Əhli-Beytdən (ə) bir çox mübarək kəlam nəql olunmuşdur. Necə ki, İmam Sadiq (ə) bu barədə buyurur: Qəlbini təfəkkür ilə oyat. Belə ki, bu və buna bənzər digər hədislərə əsasən təfəkkür insanın ruhunun zərifləşməsində, qəflət yuxusundan oyanmasında əvəz-olunmaz təsirə malik olduğunu qeyd edir. İnsan ruhu sadəcə təfəkkür vasitəsi ilə ilahi mərifətə nail ola bilər. Hətta ibadət belə təfəkkür olmadan insana heç bir fayda vermir. Buna görə də, təfəkkür ibadətin ruhu hesab edilir. Təfəkkür ibadətə ruh, can verir. Təfəkkür vasitəsi ilə insan ibadətin şirinliyini və gözəlliyini müşahidə edir. Eyni zamanda təfəkkür özü ilə bərabər əməlin də formalaşmasında vasitə rolu oynayır. İnsan nə barədə düşünürsə, istər-istəməz əməl baxımdanda ona tərəf yönəlir. Axirət barəsində düşünən insan, axirətin dünyadan daha üstün olduğunu dərk edərək, insanı axirəti əldə etmək üçün əmələ sövq edir. Deməli təfəkkür əməlin əsasıdır. Yaxşılığa təfəkkür xeyri, şərə təfəkkür də çirkin əməlləri öz ardınca gətirir. Bu səbəblə İmam Əli (ə) buyurur: Təfəkkür insanı yaxşılığa və ona əməl etməyə çağırır.
Təfəkkür insanın ruhunun hərəkətidir. Onunla insanın ruhu kamala və gözəl əxlaqa doğru seyr edər. Təfəkkürü çox və dərin olanın mənəvi mərtəbələri ucalmağı da sürətli olacaqdır.
İmam Rza (ə) buyurur: İbadət çoxlu namaz qılmaq və oruc tutmaq deyildir, həqiqətdə ibadət Allah-talaanın işləri barəsində təfəkkür etməkdir.
Qeyd olunan hədislərdən aydın olur ki, İslam dini ümumi olaraq insanlara təqdim etdiyi təfəkkür düsturu, faydalı və insanların dünya və axirətinə dəyər qatacaq, onu tədqiq etməklə insanların məlumat və agahlıq dairəsi genişlənib düşüncə tərzləri dərinləşəcək və dünyagörüşə təsiri olacaq, insanların mənəvi cəhətdən kamal mərtəbəsində yüksəlməsində vasitə olacaq mövzular üzərində dərin düşünməyi tövsiyə etmişdir. Buna görə də, tədqiq edilməsinin insanlara heç bir faydası olmayan mövzuların üzərində düşünməyi Qurani-Kərim qadağan etmişdir. Beləliklə, İslam dininin əsas hədəf və göstərişlərindən biri də, insanlara faydası olan mövzular üzərində düşünməsini, faydasız və gərəksiz mövzular üzərində enerji sərf etməyi qadağan etməsi olmuşdur. Təsadüfi deyil ki, Əziz İslam Peyğəmbəri (s) faydasız və ziyanı daha çox olan mövzular ətrafında düşünməyi, eyni zamanda bu sahədə olan elmi sahələri də ələ gətirməyi qadağan etmişdir. Bunun əksinə, tədqiq edilməsi gərəkli olan, insanların məlumat dairəsini və agahlığını artıran, cəmiyyətə və insanlara faydası daha çox mövzuları araşdırıb,tədqiq etməyi Müsəlman cəmiyyətinə vacib buyurmuşdur. Quran nöqteyi-nəzərində insanın üzərində düşünməsi gərəkən ən mühüm və başlıca mövzunu üç qrupa bölmüşdür.
Təbiət:
Qurani-Kərimin bir çox ayələri insanların ətrafında yaşadığı təbiəti yeri, göyü, asimanı, ulduzları, qalaktikaları, gecə və gündüz, dəryalar, heyvanlar və bitkilər üzərində dərindən araşdırma aparıb, onlar üzərində düşünməyi ən mühüm göstəriş olaraq bəyan etmişdir. Yuxarıda qısa olaraq təbiət üzərində düşünmə aparmanın əhəmiyyəti və buna aid olan bəzi Quran ayələrinin ünvanını qeyd etdik. Nümunə olaraq burada bir neçə müqəddəs ayəyə işarə etməklə kifayətlənirik. Qurani-Kərim təbiətin Allahın qüdrətinin nişanəsi olması barədə buyurur:
“De: “Bir gör göylərdə (Allahın birliyini və qüdrətini sübut edən) nələr var.
Kainatda və yer üzündə çox dəlillər vardır. Lakin bunlar yanından üz döndərib keçirlər”
Bu ayələrdən birincisində dünyadakı fenomenləri araşdırmaqla yaradılış haqqında biliklər əldə etməyə dəvət olduğu halda, ikincisində yer üzündəki dəlilləri araşdırmayanlar tənqid edilir. Bunları və buna bənzər ayələri oxuyan şəxs Quranı oxuyub kainatdakı proseslərlə bağlı bütün təfsilatları öyrənəcəyini deyil, kainatdakı fenomenlərə nəzər yetirərək və araşdıraraq əldə edəcəyi biliklərdən yararlanacağını başa düşür. Bir sözlə, Quran özündən əvvəlki mifologiya və ənənə ilə yoğrulmuş zehinləri bunların üstünlüyündən xilas edərkən kainatdakı faktları müşahidə etməyi dəyərli hesab edəcək şəkildə zehinlər inşa edir
Tarix
Qurani-Kərimin bir çox ayələrində keçmiş millət və qövmün üzərində araşdırma aparıb, onların üzərində düşünməyə dəvət edib, bunu ən mühüm elm və bilik sahəsi olaraq qeyd edir. Quran nəzərində, bəşər tarixinin keçmişi ən mühüm hadisələr ilə yadda qalmışdır. Buna görə də, bəşər tarixini öyrənmək insanların yaşadığı cəmiyyətin və tarixin təfəkkür tərzini anlaması üçün ən mühüm araşdırma hesab olunur. Tarixdə qeyd olunan bütün hadisələr o cümlədən: izzətli və zillətli yaşam tərzi, müvəfəqqiyətlər və uğursuzluqlar, xoşbəxtlik və bədbəxtliklərin hər biri insanların gündəlik yaşamı üçün aktual olan bir hadisə hesab olunmalıdır. İnsanlar həyatın hər bir sahəsi üçün lazım olan bütün gerçəklikləri tarixi mütaliə etməklə müşahidə edə bilər.
Qurani-Kərim bu barədə buyururur:
“(Ey Müsəlmanlar) Sizdən əvvəl bir çox tayfalar ( ibrətli əhvalatlar) olub keçmişdi. İndi yer üzünü gəzib dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün”
Bunu da qeyd etmək yerinə düşərdi ki, təfəkkür bir çox insanlar üçün çətin görsənir, insan ilk olaraq nə barədə düşünməsi lazım olduğunda tərəddüd edir. Tarix və keçmiş zamana aid olan hadisələr üzərində düşünmək insanın düşünməsi və üzərində təfəkkür etməsində ən başlıca yardım xarakteri daşıyır. Belə ki, müşahidə əsasında olan təfəkkür (tarixi məlumatlarla bağlı olan düşüncə) xəyal əsasında təfəkkür etməkdən daha rahat və asandır. Hər hansısa bir mövzu üzərində düşünmək istəyən şəxs, ona uyğun olan mənzərələri seyr etməli və bu zaman təfəkkürə başlamalıdır. Buna görə insan uçmuş kimsəsiz qalmış tarixi tikililərin yanından ibrət almaq üçün keçməlidir. Bu zaman özünə sual verməli, qəlbini düşünməyə vadar etməlidir. Belə sual-cavablar insanın ruhunu hərəkətə gətirir.
İnsanın yaradılışı və xarici aləm
Quran insanın yaradılış funkisyasını ən mühüm təfəkkür düsutu olaraq hesab edir. Ümumi olaraq, Quran nəzərində varlığ aləmində mövcud olan bütün nəsnələrin hər biri Allahın ayə və nişanəsi hesab edilməklə bərabər, gerçəklik və həqiqəti kəşf etmək üçün əsas mühüm vasitə hesab edilir. Quran insandan xarix, obyektiv aləmi “afaq” insanın daxili aləmini isə “ənfüs” olaraq qeyd edir. “Onun (Quranın) haqq olduğunu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında) həm də, onların öz daxilində mütləq göstərəcəyik.” Bu ayədən anlaşılır ki, obyektiv aləmin gərçəklikləri aləmi də insanların araşdırma mərkəzi və bilik qaynağıdır.
Alman filosofu Kanta məxsus olan məşhur cümləsi vardır ki, öz qəbri daşın üzərinə də məhz həmin cümlə yazılmışdır. Kant yazır: İki şey vardır ki, insanı həmişə heyrətə salmışdır. Biri başımızın üstündə olan ulduzlar, digər isə, daxilimizdə olan vicdan.
Aqil İslam
İstifadə olunmuş mənbələr:
Qurani-Kərim.
Biharul-ənvar.
Cavadi Amuli, Təsnim, c. 11. S. 245.
Murtəza Mütəhhəri, məcmueyi-asar. C. 2. S, 71-73. (Şəhid Mürtəza Mütəhhərinin əsərlər toplusu).
1. Biharul-ənvar, 68 c. S. 318.
2. Biharul-Ənvar, c. 68, s. 322.
3. Həmin mənbə.
4. Yunis, ayə. 101.
5. Yusif, ayə. 105.
6. Ali Imran, ayə. 137.
7. Fusillət, ayə. 53.
GİAM