Özümüzdən biri

PhD. Əfzələddin Rəhimli

İlahi mənəviyyat insan övladının kamilliyini hədəfləyir və onun təfəkkürünü buna uyğun tənzimləyir. İslam dinində bütün ali proqramlar məhz bu yöndə fəaliyyət göstərir. Milliyyət fərqinin, irqin, rənglərin, sosial təbəqələrin və sair kimi fərqliliklərin tənzimləndiyi meyar təqvadır. Yəni Allahın razılığını əldə etmək şövqü və ondan məhrum qalmaq qorxusunun insanı paklaşdırmasıdır. Məhz mənəvi  kamilliyin açarı budur. Deməli, insanları dini və mənəvi dəyərlər haqda maarifləndirən şəxslər də, ilk növbədə bu meyara uyğun düşüncə tərzinə və əməl sisteminə sahib olmalıdır. Necə ki, bəşəriyyətin ən böyük ilahi təlimçisi Həzrət Məhəmməd (s) xalqın arasından seçildi.

لَقَدْ جاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ
“(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi.”
O Həzrət (s) adi insanlardan və camaatdan biri idi. Özünü xalqdan ayrı və xüsusi imtiyaza malik bilmirdi.

قُلْ إِنَّما أَنَا بَشَرٌ مِثْلُكُم
“(Ya Rəsulum!) De: Mən də ancaq sizin kimi bir insanam.”

Allahın elçisi (s) camaatın arasından seçilmiş və onlarla birgə yaşayan bir ilahi peyğəmbər idi. Çünki yalnız xalqdan olan, onlarla birgə yaşayan və özünü onlardan ayırmayan şəxs, camaatın nələr hisslər etdiyini, nələr düşündüyünü, hansı şəraitdə qərarlaşdığını anlaya bilər. Cəmiyyətdən ayrı olan, xüsusi imtiyaz tələb edən, onların sevinc və kədərinə ortaq olmayan kəs, heç bir zaman xalqı başa düşə bilməz. Bunun üçün də belə şəxslərin dini dəvəti insanlar tərəfindən qəbul edilməz. Bəzən zahirdə qəbul edilsə belə, qəlblərdə yer tutmaz, nuraniyyət bəxş etməz. İlahi nəticəyə malik olmaz. İnsanları da özü kimi imtiyaz tələb edən və özünü başqalarından ayıran xislətə malik bir insan kimi tərbiyə edər. Elə buna görədir ki, Qurani-kərimdə Allah-taala insanlara dini yayan bir mələk belə göndərdiyi təqdirdə, onu insanlar kimi edəcəyinə, onlardan ayırmayacağına, onlar kimi yaşayacağına təkid edir.

وَ لَوْ جَعَلْناهُ مَلَكاً لَجَعَلْناهُ رَجُلاً وَ لَلَبَسْنا عَلَيْهِمْ ما يَلْبِسُونَ

“Əgər Biz onu (peyğəmbəri) mələk etsəydik (və yaxud mələklərdən bir peyğəmbər göndərsəydik), yenə də onu bir insan qiyafəsində göndərər və onları (göndərilənin mələk, yaxud özləri kimi bir adam olması barəsində) bir daha düşdükləri şübhəyə salardıq.”

Mənəvi maarifçilik fəaliyyəti göstərən şəxs, özünü onlardan ayırmamalı, xüsusi bir məqama malik olduğunu insanlara ima etməməlidir. Adi xalq kütləsi kimi onlarla birgə sosioloji və ictimai məsələlərdə fəal olmalı, başqaları kimi gündəlik həyatını adi tərzdə tənzimləməlidir. Cəmiyyətin hər bir təbəqəsinə, xüsusilə də, yoxsul təbəqəyə diqqət yetirməli, onlarla eyni məsafədə davranmalıdır. Ruhani olması və müəyyən nüfuza malik olması, ona insanlara yuxarıdan aşağı baxmağa, özünə xas imtiyaza malik olduğunu hiss etməsinə haqq vermir. Yalnız bahalı və tanınmış restoranlarda əyləşməsinə, adi insanlar kimi metroya, avtobusa, taksiyə minməkdən imtina edərək, bunu xor görmək niyyətilə xüsusi sürücü tutub bahalı maşınlarda gəzməsinə, hər kəs ayaq üstə dayandığı bir məkanda stul gətirdərək orada oturmasına, bazara, marketlərə alış-veriş işlərinə şəxsən getməyi özünə sığışdırmayaraq kimisə bu iş üçün göndərməsinə, adi insanlara xidmət göstərəcək hansısa ictimai iməcliklərdə (məscid tikintisi və sair) camaatla birgə qollarını çırmalayaraq zəhmət çəkmək əvəzinə xüsusi kreslo qoyub kölgədə əyləşib “nəzarət etməsinə”, əzadarlıq məclislərində sanki ağlamaq və yaxud qəmlənmək adi camaatın borcu imiş kimi təsbeh çevirərək “mətanətlə seyr etməsinə”, xeyriyyə işlərində insanları təşviq edib, amma özünün maddi bir rolu olmamasına, qocalar evinə, internat məktəblərinə yardım toplandığı zaman, orada olmağı özünə yaraşdırmayaraq “filan kəs filan qədər bağışladı” ünvanı altında kiminləsə maddi yardım göndərməsinə, lakin özünün də şəxsən oraya gedib qayğıya ehtiyacı olan insanlara ruh yüksəkliyi bəxş etməməsinə, ehtiyac olmadığı halda özünün ətrafında mühafizəçi gəzdirməsinə və bunun kimi xalqdan ayrılığın nümunəsi olan çoxsaylı misallara haqqı yoxdur.
Bəzən bu əməllərin sahibi olan şəxslər belə bir bəhanə gətirə bilərlər ki, “hansısa müəyyən bir ölkədə xalq artıq mənəvi maarifçilərini belə görmək istəyir. Bu rəftarlara riayət edilməsə, insanlar həmin şəxsə ehtiram qoymazlar, onu adi camaat kimi görüb, “cəsarət” edərlər. Belə davranmayan ruhaninin “hörməti” olmur.” Lakin diqqət etmək lazımdır ki, bu sözlər əsassız və mənasız bəhanələrdir. Həzrət Məhəmmədin (s) yaşadığı cəmiyyətdə, əxlaq və dünyagörüş sahəsində indiki dövrlə müqayisə edilməyəcək dərəcədə yanlış etiqadlar və əxlaqi problemlər hakim idi. Təkəbbürlü ərəblər daxil olmaq istədikləri evin qapısının astanası boylarından aşağı həddə olduğu zaman, əyilib içəri girməyi belə özlərinə ar bildikləri üçün qapının astanasını qılıncla söküb içəri girərdilər. Yoxsullar, yetimlər, qullar, kənizlər və sairlərini insan belə saymırdılar. Onları yaxına buraxmır, onlarla danışmırdılar. Bir şəxsin necə mal-qarası vardısa, bir o qədər də qulu vardı, aralarında bir fərq qoymazdı. Bu və sair əxlaqi rəzilliklər adi bir hal kimi qəbul edilirdi. Harınlamış və tüğyankar ərəblər ən qiymətli paltarlarını geyinib, üzüklərini taxıb, qulluqçularının boynunda və yaxud yüyənini xidmətçilərin çəkdiyi bahalı dəvələrdə gəzir, yollarının üzərində olan, kömək istəyən yoxsulları qamçılayırdılar. Heç bir işə əllərini uzatmırdılar, yalnız başqaları onlara xidmət edirdi. Bunun kimi adi hal almış və əksini icra etməyin ictimai danlağa və etibarsızlığa səbəb olduğu onlarla davranış və etiqadı misalları nümunə gətirmək mümkündür.
Amma Peyğəmbərimiz (s) yoxsullarla danışmağın belə qınağa və əskikliyə səbəb verdiyi bu cəmiyyətdə, qulu ilə elə rəftar etdi ki, Zeyd öz ata-anası ilə getməkdən imtina edərək O Həzrətlə qalmağı üstün tutdu. Qullarla, kənizlərlə, yoxsullarla, yetimlərlə bir sürfədə oturub yemək yedi. Şəxsən yetimin başına sığal çəkdi, fəqirə kömək etdi. Ehtiyaclı və xəstə olan yoxsulların yanına gedərək onları yoluxdu. Yoxsullar, qullarla birlikdə əyləşib onları dinə dəvət etdi. Belə ki, ərəblər “Məhəmmədin tərəfdarları, oturub-durduğu şəxslər yoxsullardır” -deyə rişxənd etməyə başladılar. Qurani-kərimdə bu barədə buyurulur:

فَقالَ الْمَلَأُ الَّذينَ كَفَرُوا مِنْ قَوْمِهِ ما نَراكَ إِلاَّ بَشَراً مِثْلَنا وَ ما نَراكَ اتَّبَعَكَ إِلاَّ الَّذينَ هُمْ أَراذِلُنا بادِيَ الرَّأْيِ وَ ما نَرى‏ لَكُمْ عَلَيْنا مِنْ فَضْلٍ بَلْ نَظُنُّكُمْ كاذِبينَ

“(Nuh) tayfasının kafir əyan-əşrafı dedilər: “Biz səni ancaq özümüz kimi (adi) bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin (yoxsul, cütçü, pinəçi, dəmirçi, dərzi və i. a. ) sənə uyduğunu görürük. Və sizin bizdən (heç bir şeydə) üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!”[

 Amma Allahın rəsulu (s) təkcə təbliğinin əvvəlində deyil, qüdrətinin ən yüksək zirvəsində belə, ən adi şəraitdə və xalq kimi yaşadı. Onlardan özünü ayırmadı. Səfərdə olarkən, yemək hazırlamaq lazım olduğu zaman, odun toplamağa getdi. Ona mane olmaq istəyən səhabələri: Siz peyğəmbərsiniz, istirahət edin, biz hər işi görərik -deyə israr etdikləri vaxt, buyurdu: “Allah-taala, dostlarının yanında özünə imtiyaz görən bəndəsinə ikrah hissi ilə baxar!”
Mədinədə məscid inşası zamanı səhabələrin etirazına baxmayaraq, hamı kimi işləyir və palçıq, kərpic daşıyırdı. Allahın rəsulunun (s) üst-başı toz içində idi. O Həzrət (s) bundan çəkinmirdi, əksinə həvəslə işləyirdi. Məscidin tiklişində Peyğəmbərin (s) ürəkdən işləməsi, bütün səhabələrin canla-başla işləmələrinə şərait yaradırdı. Ənsardan bir nəfər belə deyirdi:
“Biz otursaq Peyğəmbər (s) işləsə, bu iş bizim üçün düz sayılmaz böyük xəta olar”
Divarlar qalxdıqca Peyğımbər (s) səhabələrin çəkdikləri zəhmətin müqabilində belə deyirdi:
“Axirət həyatından başqa həyat yoxdur,    
İlahi, ənsar və mühacirlərə rəhm et!”

Diyarbəkri “Tarixül-xəmis” (1\340) kitabında yazır: Bəziləri zahiri təmizliyinə həddən artıq diqqət yetirirdi. Buna görə də, çiy kərpic və daş daşıyarkən, onları özündən uzaq tuturdu ki, köynəyi torpağa batmasın. Çiy kərpicləri yerə qoyarkən, ətəklərinin və paltarının toz-torpağını çırpırdı. Buna gözə də, çox zaman işləmir, oturub baxırdı. Əmirəl-möminin Əli (ə) onlara baxaraq, etirazla bu şeri oxudu:

“Məscid tikintisində iştirak edən, 
Ayaq üstə və oturan halda işləyən kəs,
Toz-torpaqdan çəkinən kəslə bir deyil!”

Həzrət Məhəmmədin (s) adını eşidib, onu görməyə gələn şəxs, məscidə daxil olduğu zaman orada adi insanlar kimi amma təmiz və səliqəli geyinmiş, xurma paylayan bir şəxsi gördü. Onu xidmətçi sanıb dedi: Ay kişi Məhəmməd adlı peyğəmbəri görmək istəyirəm, buradakılardan hansıdır.
Xurma paylayan şəxs mehribanlıqla özünün peyğəmbər olduğunu söylədi. Kişi onun bu qədər sadə və xalqdan özünü ayırmaması qarşısında təəccüblə iman gətirdi.
Allahın elçisi (s) öz işini özü görməkdən zövq alardı. Daim insanlara tövsiyə edərdi ki, işlərini başqalarının boynuna qoymasınlar. Dəvələrinə özü baxardı, ayaqlarını bağlayardı, heyvanları yemləyərdi, qoyunların südünü sağardı, öz evini süpürərdi, parçalanmış ayaqqabılarını tikərdi, dəvə yarışlarında iştirak edərdi, məclisdə çiynindəki əbasını, əyləşdiyi həsirini götürərək, torpaq üzərində narahat əyləşən insanlara verərdi.
İbn Abbas deyir: Allahın rəsulu (s) o qədər insanlara zəhmət verməyi sevməzdi ki, hansısa məclisə daxil olduğu zaman girişə yaxın yerdə əyləşərdi. İnsanların o gəldiyi zaman ayağa durmasını xoşlamazdı. Buna görə də, O Həzrət (s) gəldiyi vaxt ayağa durmazdılar. Allahın elçisinin (s) Mədinədə ilk fəaliyyəti, ibadət, məşvərət və müsəlmanların problemləri ilə maraqlanmaq üçün bir mərkəz-məscid təsis etmək idi. İbn İshaqın (2\141) yazdığına əsasən, Səhl və Süheyl adlı iki yetim xurma qurutmaq üçün istifadə etdikləri yeri, təmənnasız olaraq Peyğəmbərə (s) vermək istəyirdi. Amma O Həzrət (s) qəbul etmədi. On dinar qarşılığında bu yeri aldı. Onun kənarındakı xurmalığı və qəbiristanı da satın aldı. Oranı hamarlayıb, üzərində bir məscid tikdi. Bu məscid, “Məscidün-nəbi” adı ilə məşhurdur. Allahın elçisi (s) razı olmadı ki, kimsə onun hörmətindən keçməyərək, utandığı üçün öz haqqından vaz keçsin. Bir sözlə, Həzrət Məhəmməd (s) bir ilahi ruhani və dini təbliğ edən ali şəxsiyyət kimi yanlış adətlərə, cəhalət dolu “mədəniyyətə” boyun əymədi, onunla uyğunlaşmadı. O Həzrət (s) ilahi bir adət-ənənələr və ülvi mədəniyyət yaratdı.
Beləliklə, hər bir mənəviyyat maarifçisi, daşımalı olduğu xüsusiyyətlərdə özünə ən gözəl nümunə olaraq Allahın rəsulunu (s) və Əhli-beyti (ə) seçməlidir. Sadə yaşayış və insanları çətinliyə salmamağı da Allahın rəsulu (s) və Əhli-beytdən (ə) öyrənməlidir. Bu ilahi şəxsiyyətlər heç bir zaman xalqdan mənəvi maarifləndirmə fəaliyyətləri üçün xüsusi imtiyaz və yüksək rifaha malik şərait tələb etməmişlər. Cah-calal, ehtişamlı məclislər, xüsusi hörmət və ehtiram, möhtəşəm təqdimat, qiymətli miniklər, bahalı geyimlər, qiymətli daş-qaşa malik üzüklər, ləziz yeməklər və sair kimi imtiyazların arzusunda olmamışlar. Dini insanlara anlatmaq üçün bunların hazırlanmasını gözləməmişlər. Allahın elçisi (s) heç bir zaman hansısa məclisdə olduğu vaxt, ona başqalarından daha gözəl və dadlı yeməklərin gəlməsini arzulamamışdır. “Allahın rəsulu (s) qarşısına qoyulan hər növ halal yeməkləri yeyərdi.”
Qonaq getdiyi zaman ev sahibini əziyyətə düşməyə, xüsusi hazırlıq görməyə qoymazdı. Buyurardı: “Mən (insanları) zəhmətə salanlardan deyiləm.”

Ona (s) xüsusi ehtiramın qoyulmasını istəməzdi. Məxsus ədalar və rəftarlarla bir növ insanları ona xas hörmət qoymağı öyrətməzdi. Əzəməti və vüqarı qarşısında özünü itirmiş və dili topuq vuran bir bədəvi ərəbi qucaqlayaraq belə buyurmuşdu: “Nə üçün məndən qorxursan? Mən padşah deyiləm. Mən zalım və lovğa deyiləm. Mən öz əlləri ilə dəvələrin sinəsindən süd sağan qadının oğluyam. Mən sizin qardaşınızam.” O da, Həzrət Məhəmmədin (s) üzündən öpərək: “Bəh bəh, mənim nə gözəl qardaşım var.”-demişdi.
Dini insanlara anlatmaq üçün geniş məscidlər, izdihamlı məclislərın hazırlanmasını gözləməzdi. Hər bir yerdə və hər bir maddi şəraitdə dinini yayardı. İnsanları maarifləndirərdi.
Allahın elçisi (s) üzərində adi parça atılmış və yaxud palansız ulağa-qatıra minər, insanları tərkinə alar, bəzən piyada yola düşər, bəzən əmmaməsiz və başında heç bir şey olmadan ictimai yerlərə gedərdi, aşağı məhəllələrdə yoxsul insanlarla birgə əyləşib yemək yeyərdi.
Mənəvi maarifləndirmə müqabilində insanlardan heç bir maddi tələbi olmazdı. Bu barədə Qurani-kərimdə buyurulur:

قُلْ ما أَسْئَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ وَ ما أَنَا مِنَ الْمُتَكَلِّفينَ

“(Ya Peyğəmbər!) De: “Mən buna (Allahın dinini təbliğ etməyə) görə sizdən heç bir əcr (mükafat) istəmirəm.”

Həzrət Əli (ə) sadə geyimləri ilə seçilirdi. Köynəyini yamadığı zaman, ona dedilər: Nə üçün belə edirsən? (Özünə yenisini və ən yaxşısını al.)
Buyurdu: “Bu (əməlim), qəlbi (Allahın əmrləri qarşısında) itaətkar edir. Möminlərə nümunə olur.”
Şəhidlərin ağası Hüseyn (ə) bir dəstə yetim, zavallı uşağın yol kənarında yığışaraq quru çörək yediyini gördü. Uşaqlar İmamı (ə) gördükdə onu da birgə yeməyə çağırdılar. İmam (ə) uşaqların dəvətini mehribanlıqla qəbul etdi. Onlara qoşulub çörək yedi. Sonra onları ehtiramla evinə aparıb qonaq etdi. O, uşaqlara geyim və ərzaq da verdi. İmam (ə) buyurdu: «Bu balacalar çox səxavətlidir, çünki onlar əllərində olan yeganə azuqələrini mənimlə palyaşdılar.»

Sonda, bunu da söyləyim ki, dini mənbələrimizdən aydın olur ki, vüqarlı və dəyərli yaşamaq, özünü insanlardan ayırmaq demək deyil. Onlarla məsafə saxlamaq deyil. Əslində onlarla birgə olub, onların sevgisini öz gözəl əməllərinlə Allahın razılığı sayəsində əldə edə bilərsən. Necə ki, Hüdeybiyyə sülhündə Qüreyş tərəfindən nümayəndə kimi Həzrət Məhəmmədlə (s) müzakirəyə göndərilən Ürvət ibn Məsud geri qayıtdıqda onlara belə dedi: “Mən böyük padşahlar görmüşəm, Həbəş sultanı, Kəsra padşahı, Roma İmperatoru kimi böyük dövlətlər görmüşəm və onların heç birinin Məhəmməd kimi qövmü arasında yüksək mövqeyini görməmişəm. Mən öz gözlərimlə gördüm ki, səhabələri dəstəmazından bir damcı suyun yerə düşməsinə imkan vermədilər və onu təbərrük üçün aralarında böldülər. Məhəmməddən bir tük düşərsə, dərhal yerdən alınar, ona görə də Qüreyş başçıları bu vəziyyəti dərindən düşünməlidirlər.”


1- Tövbə/128
2- Fussilət/6
3- Ənam/9
4- Hud/27
5- Kəhlül-bəsər, səh. 68; Dastani-rastan, c. 1, səh. 12
6- İbn Hişam, həmin mənbə, c. 1, səh. 496; İbn Qəyyim Cuzi, həmin mənbə, c. 2, səh. 145; İbn Səd, həmin mənbə, c. 1, səh. 240;
7- Nəhcüs-səadə, c. 1, səh. 79; Məhəccətül-beyza, Feyz Kaşani, c. 1, səh. 98; Vəsailüş-şiə, c. 2, səh. 472 
8- əl-Kafi, c. 2, səh 262
9- Biharül-ənvar, c. 16, səh. 241
10- Müntəhəl-əmal, səh 87
11- Müntəhəl-əmal, səh 85: Sirətun-nəbəvi, səh. 29 
12- Biharül-ənvar, c. 16, səh. 238; Təbəqatül-kubra, c. 1, səh. 372; Kənzül-ümmal, c. 7, səh. 98; Əmali, səh. 130; Məkarimül-əxlaq, 95;  İbn Şəhri Aşub, Mənaqib, c. 1, səh. 12713- Sad/86
14- Biharül-ənvar, c. 41, səh. 161
15- İhqaqül-həqq, c. 11, səh. 430; Xarəzmi, Məqtəl, səh. 155.
16- Əs-Sirətun-Nəbəviyyə, İbn Hişam, c. 2, səh. 314; Tarixi-Təbəri, c. 2, səh. 275.

GİAM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir