Allahın Şeytana möhlət verməsi və insanın imtahanı
Şeytanın Adəm övladlarının haqq və hidayət yolundan azdıracağına and içməsinə rəğmən Allahın belə bir hadisənin baş verməsinə izin verməsi, eyni zamanda Şeytanın Adəm övladının xoşbəxtlik və səadət yolundan uzaqlaşdırıb onu giriftarçılığa və mənəvi əzabla dolu bir aləmə daxil etməsinə möhlət verməsi tarix boyu müsəlman mütəfəkkir və ilahiyyatçılarını düşündürən ən mühüm və aktual mövzu olmuşdur. Bu mövzunu izah etmək üçün üç mühüm məsələyə yəni; Allah, İnsan və Şeytanın varlığı məsələsinə diqqət yetirmək, eyni zamanda məsələnin aydınlaşması üçün mühüm əhəmiyyət kəsb edir. Allahın varlığı, insanın yaradılış səbəbi və Şeytanın varlığının fəlsəfəsini düzgün dərk etmək, bu mövzunu düzgün dərk etməyin ən əsas yoludur.
A) Allahın varlığı
1.Allahın insanı yaratmasında məqsədi insanı dünya və axirət aləmində xoşbəxtliyə və səadətə çatdırmaq, bütün ilahi və mənəvi qüvvələrinin kamala çatdırmasından ibarətdir. Deməli, Allahın insanı yaratmasında məqsədi Allahın kamal sifətindən qaynaqlanır. Çünki Allah bütün kamal sifətlərinə malikdir, buna görə də, yaratmış olduğu məxluqu da öz məqsədinə, yəni bütün kamal sifətlərinə çatdırmaqdan ibadət olacaqdır.
2. İnsanın kamala çatmasının ən üstün mərhələsi Allaha mərifət və bilik əldə etməkdir. Allaha mərifət əldə etməyin ən mühüm yolu ona ibadət və itaət etməklə mümkündür. Buna görə də, Qurani-Kərimdə buyurur: Biz insanı və cini ancaq bizə ibadət etməsi üçün yaratdıq. Insanın kamala çatması üçün bütün zatı və həqiqəti kamillikdən ibarət olan Allaha ibadət ilə mümkündür. Çünki, bütün kamilliklərə məxsus olan varlığa diqqət və meyl etmək insanın tədricən mənəvi cəhətdən yüksəlməsinə və kamala çatmasına səbəbdir.
3. Dindar insan o zaman kamilliyə doğru irəliləyə bilər ki, o şüurlu və ixtiyari olaraq bu yolda hərəkət etsin. İnsanın yaradılış sistemi və onun digər varlıqlardan ayıran ən mühüm səbəb və xüsusiyyət onun ixtiyar, şüur və ağıl kimi hərəkət verici qüvvələrə sahib olmasıdır. İnsan mələk kimi avtomatik hərəkət edən, üsyan və ibadətində heç bir ixtiyar və şüura sahib olmayan varlığa bənzəmir. Insanın idrak və ağıl qüvvəsi onun eyni zamanda müəyyən bir istiqamətə yönəlməsinə səbəb olan hərəkət verici qüvvələrdir. Qurani-Kərim bu barədə buyurur: “Mələklər Ondan qabaq danışmaz. Yalnız Onun əmri ilə iş görərlər.
Bu nöqtəyə diqqət etmək lazımdır ki, ümumiyyətlə Şeytanın insanın üzərində heç bir təkvini hakimiyyəti yoxdur və Quranın buyurduğuna əsasən Şeytanın işi ancaq insana vəsvəsə etmək və onu şübhəyə düşürməkdir. Quran Şeytanı insanın ən mühüm düşməni hesab etməklə bərabər onu zəif düşmən hesab edir. Beləliklə Şeytan eyni ilə insanla paralel Allahın yaratdığı bir mövcuddur və onun hər hansısa bir fövqəladə bir qüdrət və hakimiyyəti yoxdur.
4. Buna görə də Allah, insanı ağıl, şüur və ixtiyar sahibi yaradaraq onu öz seçimlərində səadət və xoşbəxtlik yolunda ixtiyar sahibi etmişdir. Bu səbəbə görə Qurani-Kərim bu mətləbə işarə edərək buyurur: “Biz ona (insana) doğru yolu göstərdik, istər nemətlərimizə şükür etsin, istər nankor olsun.”
5. Buradan insanın öz yaradılışının həqiqətini təşkil edən imtahan məsələsi özünü göstərir. Çünki, imtahan bir başa olaraq ağıl, şüur və ixtiyar sahibi olan bir varlığın üzərində olan mühüm bir vəzifədir. Təsadüfi deyil ki, Quran və rəvayətlər də bu mətləbə işarə edəcək bir çox ayə və hədislər vardır. Quran buyurur: “Biz insanı mütləq (müxtəlif hadisələrlə) imtahan edəcəyik”.
6. Ədalətli imtahan o zaman mümkündür ki, insan hər iki tərəfi – xeyir və ya şəri – seçmək qüdrətinə malik olsun. Allah insanı məxluqatın ən üstün və şərəfli varlığı olaraq yaratmışdır. Buna görə də insan varlığ aləmində ən üst məqamda qərar tapan varlığdır. Allah sadəcə insan adlı varlığı xəlq etdiyi zaman Özünə Əhsən demişdir. “Yaradanların ən gözəli olan Allah nə qədər ucadır.
Odur ki, Allah insanın kamillik və səadət yolu üçün bir çox imkanları onun ixtiyarına qoymuşdur. O cümlədən;
İnsanın fitrətində Allaha qarşı meyl vardır və Qurani-Kərimdə bu məsələ Rum surəsinin 30-cu ayəsində bu məsələyə işarə etmişdir.
Allahın insanın həyat səhifəsinə müdaxilə edərək ona bir çox hallarda kömək və yardım edir.
Allah insana bütün yaxşılıqları və pislikləri ilham etmişdir.
Allaha iman gətirmək insanın canında və ruhunda yerləşdirilmişdir.
Mömin və iman sahibləri üçün Allahın xass və xüsusi yardımı hər bir zaman mövcud olmuşdur.
Allah hidayət və xoşbəxtlik yollarını insanın üzünə həmişə açıq olaraq qərar vermişdir.
7. Bütün bunlar Allah tərəfindən insan üçün təyin olunmuş imkanların müqabilində, bir növ imtahan xarakteri şərlərində mövcud olması labüddür. Bu halda, insan öz ixtiyar və azad seçimi ilə bu iki yol ayrıncında qalaraq xoşbəxtlik və zəlalət yolunu seçməkdə öz azad seçimini etməlidir. Beləliklə, ilahi ilham qarşısında insanı təhrik edən vəsvəsələr də mövcud olmalıdır ki, insanın hansı yolu seçməsinə şərait yaransın. Odur ki, Allahın insanı yaratmaqda öz əsas qayəsinə və hədəfinə çatdırmasında bütün varlıq sistemində belə qüvvələrin olması – xeyir və şər, gözəli çirkin –vacibdir. Xüsusən də, Allah yaradılışın əvvəlindən insanı yer üzünə göndərməyi nəzərdə tutduğuna görə; Allah insanı yaratmazdan əvvəl mələklərə yer üzərində özünə canişin təyin etmək haqqında danışır. “Sənin Rəbbin mələklərə (Mən) yer üzərində Özümə bir xəlifə (canişin) yaradacağam”. Bu ayədən anlaşılır ki, Qüdrətli Allah mələklər və digər bütün mövcudlardan daha üstün və şərafətli bir varlıq yaratmış və onu Özünə ən yaxın varlıq hesab etmişdir.
8. Şeytan itaətsizlik göstərib Allah dərgahından qovulması, eyni zamanda Allahdan bəşəriyyəti və Adəm övladlarını hidayət və səadət yolundan azdıracağına söz verib, bu iş üçün Allahdan möhlət istəməsi Allahın insanı imtahan etməsi üçün ən lazımlı və mühüm fürsət hesab olunur. Allah insanı müxtəlif hadisələr ilə sınağa çəkməsi, eyni zamanda Şeytanın Adəm övladlarını azdıracağına and içməsi Allahın insanı daha dərindən imtahan edib, onun iman və yəqinini ölçməsi üçün mühüm bir fürsət idi. Bu səbəbə görə, insanı azdırmaq üçün Şeytan və digər mənfi qüvvələrin vəsvəsələri, Allahın onun üçün təyin etdiyi uca səadət və hidayət məqamına çatması üçün bir vasitə xarakteri daşıyır.
Beləliklə, Şeytan insanın Allaha tərəfə gedən yolda ən mühüm maneəsi və düşməni hesab edilir. Buna baxmayaraq, Şeytanın insan üzərində hər hansısa bir hakimiyyəti və gücü yoxdur. Şeytanın işi ancaq insanı tamahlandırıb, onun diqqətini başqa hadisələrə yönəldərək öz əsl məqsədindən, yəni, Allaha doğru hidayət və xoşbəxtlik yolundan uzaqlaşdırmaqdır. Bu məsələ ilə bağlı Quran buyurur:
“Əslində (İblisin) onların üzərində heç bir hakimiyyəti yoxdur.”
B) İnsan
1. İnsan cism və ruhdan təşkil tapmış iki cövhərə malik olan bir varlığdır. İnsan cismdən əlavə mənəvi aləmə bağlı olan ilahi bir ruha da malikdir. Quran bu barədə buyurur: “Özümdən bir ruh üfürdüm.” İnsan məhz mənəvi aləmə məxsus olan ilahi ruha malik olmaqla öz yaradılış hədəfinə və kamilliyə çatmağa meyl və istəyi vardır. Insan təbiət aləminin ən aşağı mərtəbəsində meyli olmasına rəğmən, daxili aləmində Allah üçün təyin etdiyi ən üstün pillələrə yüksəlməsinə də meyl və rəğbəti vardır.
2. Deyilənlərdən məlum olur ki, insanın bədənində iki mühüm qüvvə vardır. Onu yuxarı, mənəvi aləmə doğru çəkən qüvvə və onu ən aşağı və uçuruma aparan, Quran təbiri ilə qeyd etsək, pisliyə əmr edən qüvvə. Və bu iki qüvvə insan fitrətini iki xeyir və şər variantı arasında seçim etmək üçün ixtiyarlı bir hala çevirir və buradan insan fitrətini təhlil etmək ilə imtahan məsələsini açıq-aşkar anlamaq olar.
3. İnsanın daxili aləmində mövcud olan qüvvələrin bəziləri insanı xeyir əməlləri yerinə yetirməyə sövq etməklə, bəzi qüvvələr də insanın hidayət yolundan uzaqlaşdırıb, insanı uçuruma və zəlalətə doğru meyl etməsinə səbəb olan qüvvələrdir. Bu iki qüvvələr bir-birindən fərqli olaraq insanın öz ixtiyar və seçimi əsasında baş verir.
4. Nəticə olaraq, qeyd olunanlardan məlum olur ki, Şeytanın özü şər varlıq olsa belə, onun bütün varlığ aləminin sistemində mövcud olması müsbət bir şeydir. Çünki, insanın daxili mübarizəsində haqq ilə batil arasında seçim edərək onun kamala çatmasına səbəb olan da məhz odur.
C). Şeytan
1. Hər bir üsyankar məxluqu təsvir edən şeytan, ilk olaraq Allaha görə, Cin tayfasından hesab olunur.
2. Cin də insan kimi müstəqil bir varlıqdır ki, eyni ilə insan kimi yaradılışda məqsədi elm və ibadət ilə kamilliyə çatmaqdır.
3. Şeytan öz ixtiyari ilə və könüllü olaraq Allaha o qədər uzun müddət ibadət etdi ki, Allah onu mələkləri sırasına daxil etdi. İmam Əli (ə) bu sövrü altı min il hesab edir və onun dünya və ya axirət illərindən olmasını naməlum hesab edir. Rəvayətlərə əsasən Axirət dünyasının bir günü dünyanın min gününə bərabərdir.
4. Şeytan batil qiyas ilə özünü Adəmdən üstün olduğunu elan edərək Allaha qarşı gələrək mələklərin cərgəsindən xaric oldu və Adəmə səcdə etməkdən boyun qaçırtdı. Şeytana səcdə əmri özü də bir növ imtahan xarakteri daşıyırdı ki, Şeytan bu əmrdən boyun qaçıraraq asimanın ən üstün pilləsindən süqut edərək, ən aşağı pilləyə enərək ilahi dərgahdan qovuldu.
5. Allah ədalətlidir və zərrə qədər heç bir varlığa zülm etməz və hər kəsə layiq olduğundan da daha artıq mükafat verir. Şeytan Allaha itaətsizlik edərək ilahi dərgahdan qovuldu və aydındır ki, belə bir varlığı, ən üstün mərtəbədə yerləşən mələklər ilə eyni cərgədə yerləşdirmək olmaz. Digər tərəfdən, Allaha ibadət etdiyi üçün (Onun əmrinə asi olan bir varlığ olsa belə) Allah onun mükafatını verməlidir. Və bu mükafat təbii olaraq Şeytanın öz istəyi ilə gerçəkləşməlidir. Təbii ki, burada Şeytan öz istəyini dünyəvi bir məqsəd üçün istifadə etməklə Adəm övladlarını Qiyamət gününə qədər hidayət və səadət yolundan uzaqlaşdırmaq üçün istifadə etdi. Bu məsələnin maraqlı tərəfi bəzi insanların bir ömür Şeytanın əmrinə boyun əyib, qiyamət günü isə etdikləri əməllərdən peşman olub Şeytana, onları azdırdığı və şəkkə-şübhəyə saldıqlarına görə şikayətlənmələri olacaqdır. Belə ki, Qiyamət günü Şeytan onun sözünə baxıb ilahi əmrlərdən boyun qaçıranlara xitabı bu olacaqdır ki, mənim işim sizin haqq bildiyiniz, eyni zamanda inandığınız məsələlər ilə bağlı sizi şəkk-şübhəyə salmaqdan ibarət olmuşdur. Buna görə də, Şeytanın insanı sadəcə şəkk-şübhəyə salaraq, insanın inandığı və etiqad etdiyi mövzular üzərində tərəddüdə salmasından ibarətdir. Nəticə olaraq, Şeytan heç bir qüvvə istifadə etmədən, sadəcə təklif ilə insanı ilahi hidayət yolundan rahat bir formada azdırmaq qabiliyyətinə malikdir. İmanı və etiqadı zəif olan şəxslər təbii ki, bu halda Şeytanın fərmanına boyun əyərək, onun yolu ilə getməyə məcbur qalacaqlar.
İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır.
Nəticə
Deməli qeyd etdiklərimizdən aydın olur ki, Allahın insanı xəlq etməsində məqsədi insanın bütün ilahi və mənəvi potensialarından istifadə edib, onun üçün təyin olunmuş bütün mənəvi kamilliklərə çatmaq və Allaha əsl bəndə olmaqdan ibarətdir. Buna görə də, insanın belə bir mənəvi kamilliyə çatması üçün ən mühüm vasitə insanın bu yolda olan bütün maneələri aşması və uca pillərə qovuşmasıdır. Bu maneələr içərisində Şeytanın zərurəti özünü daha qabarıq şəkildə göstərir. Şeytanın fərmanında çəkinib, daim Allahı zikr edib, onu xatırlamaq insanın əsl məqsədinə çatması üçün mühüm xarakter daşıyır. Buna görə də, Allahın Şeytana möhlət verməsi və belə Onun bəndələrini haqq yoldan çəkindirməsi, eyni zamanda Allahın insanı imtahan etməsi üçün ən mükəmməl vasitədir. Deməli, Şeytanın varlığı öz-özündə müsbətdir.
Aqil İslam
Istifadə olunmuş mənbələr:
Qurani-Kərim
Əllamə Təbatəbai(r) “Əl-Mizan” c. 12. S. 159.
Nəhcül-Bəlağə. Xütbə, 192.
Təfsiri-Qumi. C. 2, s. 122.
Yuxarıda qeyd olunan ayələrin ünvanı:
Zariyat, ayə 51-56.
Ənbiya, ayə 27-28.
İnsan, ayə 2, 3.
Həmçinin: Muhamməd, ayə 31. Ənbiya, ayə 35. Bəqərə, ayə, 155. Kəhf, ayə, 155. Ən`am, ayə 165. Hud, ayə 7. Mulk, ayə 2. Fəcr, ayə 15.
Muminin, ayə 23.
Rum, ayə, 30.
Yunis, ayə 35.
Şəms, ayə 28.
Hucurat, ayə 7.
Mumin, ayə 56.
İbrahim, ayə 12.
Ənbiya, ayə. 27.
Muminin, ayə, 14.
Səba, ayə. 21.
Ibrahim, ayə, 22.