Aşiqdən məşuqa

Dua, aşiqin məşuqla arasındakı ən möhkəm, və ən qırılmaz ip kimidir. Bu bağlılıq ruhumuzda eşq yaradan bir qüvvədir. Təsəvvür edin qarşınızda bir hədəf var, həyatdakı məqsədiniz və qayəniz o hədəfə çatmaqdır. Bunun üçün bir çox səylər göstəririrsiniz. Amma, yolun ortasında daş divarlar, hasarlar var. Bu hasarın o tayında səadət var, bu tayında məşəqqət. Sizin ona çatmaq üçün ehtiyacınız olan bir qüvvə var. Ya siz ondan xəbərdarsınız lakin istifadə edə bilmirsiniz, ya da onu əldə edəcək qəlbə sahib deyilsiniz. Bu zaman ilk işiniz, qəlbinizi təmizləmək olmalıdır. Burada sizin məqsədinizə çatmaq üçün də, qəlbinizin qəsavətini təmizləmək üçün də, duaya ehtiyacınız var. Qəlb təmiz olmalıdır ki, qəlbən dua edəsiniz. Mütəal Allah da, bizdən bunu istəyir. Lakin duanın da, öz ədəbi öz yolu var
İndi isə duanın ədəbi, və yolları haqqında məlumatları nəzərinizə çatdıracağıq

Duanın ədəbləri

1. Təharət
Təharət və paklıq, bir ömür bizim nəzarət etməli olduğumuz önəmli məsələlərdən biridir. Mütəal Allah bizdən bunu tələb etməsəydi belə, əql və əxlaq bizim buna riyaət etməyimizi istəyir. Eləcə də, dua etməzdən öncə məsləhətdir ki, bəndə dəstəmazlı halda təmiz paltar geyinib, ətirlənib, Allahla münacat üçün duaya başlasın.

2. Hüzuri-qəlb
İnsan Allaha xüzu və xuşu halında yaxınlaşmalıdır. Bunun üçün gərək bütün dünya bağlılıqlarını bir kənara qoyub, sadəcə məşuqa tərəf diqqətini yönəltsin.

3. Xəlvət
Bəndənin həm özü ilə, həm də Allahla xəlvət edə bilməsi, çox önəmli məsələdir. Özü ilə etdiyi xəlvətdə, öz nəfsini hesab kitaba çəkib, aldığı nəticə ilə digər bir xəlvətə keçib, Allahla danışmalıdır. Allah bəndəsinin xəlvətini çox sevir. Xəlvət üçün ən gözəl vaxt gecədir. Hər kəs yatır, sənin dünyanda isə sən və “O” var.
Zənn elə ki, dünya yanlız sənin dünyandan ibarətdir, bu dünyada bir sən varsan, bir Allah

4.Təvazö
Təvazökarlıq əxlaq nümunəsidir. Öz peyğəmbəri (s) haqqında “Biz səni aləmlərə rəhmət olaraq göndərdik” deyən Allah, bu rəhmətin içində böyük bir əxlaqın da olduğunu qeyd edir. Belə isə, əxlaqın yanında mütləq bir təvazö olmalıdır. Allah yanında olan təvazökarlıq, sanki ucalığın qarşısında kiçikliyin təzahürüdür. Böyük əzəmət qarşısındakı aciz bəndənin səsindəki titrəyiş, vücudundakı zəyiflik, ən gözəl ibadətdir. Hansı ki, mütəal Allah Quranda bu barədə buyurur : “Rəbbinizə acizanə və gizlincə dua edin”

5. Göz yaşı
Hədislərdə deyildiyi kimi, göz yaşı möminin silahıdır. Bundan əlavə, ixlaslı qəlblə gözdən düşən bir damla yaş, cəhənnəm odunu söndürməyə qadirdir. Lakin təbii ki, bunun yanında əməl də olmalıdır.
“Əl-qəlbu hərəmullah” deyildiyi üçün, Allah bəndəsinin qəlbindəki həzinliyin göz yaşlarına siraət etməsini çox sevir. Bunun üçün də, dualarda göz yaşları çox əhəmiyyətlidir. Lakin elə deyil ki, özünü ağlamağa məcbur edəsən, bu göz yaşı səmimi olmalıdır

6. Ümid
Quranda deyildiyi kimi günah etməkdə həddini aşan bəndələr gərək ki, Allahın rəhmətindən ümidsiz olmasın. Rəbbimiz ümidsiz duaları bəyənməz. Əgər dua edirsənsə, ümidvar da olmalısan. Allahdan ümid üzmək, şeytanın hiyləsidir. Əgər ki, duamız nəticəsiz olsa, demək ki, imtahandayıq. Bəzi dualar tez qəbul olar, bəziləri imtahanla. O yerdə ki, nəticəsiz dualarla ümidini üzürsən, deməli qəlbindəki qəsavəti parçalaya bilməmisən. Ümid də, göz yaşı qədər önəmli bir silahdır.

Başqa bir məsələ
Duanın ədəblərindən biri də, hacət istəməzdən öncə, Allaha çoxlu həmd-səna, şükr edib, daha sonra heç bir vəsfə sığmayan şəninə, təriflər deməkdir. Bizim dua edə bilməyimiz də, özü bir şükr istəyir. Ya Rəbbi, şükr ki, sən mənə dua etmək nemətini bəxş etmisən. Yoxsa sənə olan təşəkkürümü bildirməkdə aciz qalardım.
Dualardan sadəcə hacət üçün istifadə etməməliyik. Xoş olar ki, bəndə Allahın şükrünü yerinə yetirmək üçün də, əllərini göyə açıb, Rəbbin şəninə təriflər desin.

Duanın səmərəsi

Duaların çox tükənməz səmərəsi faydası var. Hansı ki, əgər qədri bilinsə, axirətə qədər bizimlədir. Bu yerdə sizlərə qısa da olsa, duaların bizə verdiyi fayda və səmərəsindən danışmaq istəyirik.

1.Əxlaqi tərbiyyə

Ərəfə duasında oxuyuruq – “İlahi ehtiyacsızlığımı mənim nəfsimdə (batinimdə) yerləşdir”

Xarici (təbii) aləmdə ehtiyacsızlıq bir şey deyil, çünki onu sərvət toplamaqla əldə etmək olar. Həqiqətdən də, ehtiyacsızlığı batində axtarmaq lazımdır. Ona görə ki, əgər insanın nəfsi ehtiyacsızlıqla sirab olmasa, bütün dünyanı ona versələr də o, yenə də doymayacaq və teşnə olduğunu bildirəcəkdir. Bir cümlə bir dua insanın təmami-vücuduna əbədi təsir göstərə bilər. Mümkündür ki, insan dualar vasitəsi ilə özünü tərbiyyə edib, tərəqqiyə yetişsin və mələkuti bir ruha sahib olsun.

2. Mənəviyyat və kamillik

Bəşər irqindən, dinindən aslı olmayaraq kulli şəkildə hər zaman bir səadət axtarışındadır. Xüsusən də, islam əqidəsi altında birləşən bəşər. Dua bütün qapıların açarı olduğu kimi, kamal və mənəviyyat qapısını açmağa da, qadirdir. Bunun üçün, ixlaslı şəkildə səy göstərmək lazımdır. Çünki, haqq yolunda əziyyət çəkib məşəqqətə dözməyənlər, haqqdan fayda aparmazlar.

3. Təqva

“Axirət səfəri üçün yol ehtiyatı götürün, (və bilin ki,) ehtiyatların ən yaxşısı təqvadır.” (“Bəqərə197)

Təqva, Rəbbimizin bizdən ən çox istədiyi şeydir, və təqvası zəyif olan bəndələri üçün də, duaları təqvaya aparan yolun başında qərar vermişdir. Nə qədər ki, əllərimiz duaya qalxır bir o qədər də, asanlaşır təqva libası geyinmək. Davamlı dua və davamlı ibadət (ixlasla) bizə təqva nemətini pay verir. Bu nemət də, duaların ən gözəl səmərələrindən biridir.

Xülasə – Demək, bəndə duaların ədəbinə, ərkanına ixlasla riyaət etdərsə, heç vaxt əli boş qayıtmaz. Kor-koranə duaların faydaları çox az olur. İnsan öz yaşayışında belə, əksər hallarda, əksər şeylərə qabaqcadan hazır olur. Heç, harasa səfər edən bir kimsənin, azuqəsiz, hazırlıqsız yol çıxdığı görülübmü ? Əlbətdə ki, xeyir. Aşiq öz məşuqu ilə görüş səfərinə də, beləcə hazırlıqlı çıxmalıdır. Qovuşmaq üçün istəmək lazımdır, istəmək üçün də, dua etmək..
Mütəal Allah, dua etmək nemətini heç birimizin əlimizdən çıxarmasın, inşəAllah.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu
Fədai Naci
Mənbə (Ənbiya/117) (Bəqərə/197) (Əraf/55)

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi