Boşanmanın səbəbləri

Dr. Nicat Yəhyazadə

Ailə ocağı hər bir insan cəmiyyətində olduqda dəyərli və müqəddəsdir. Hətta heç bir dinə və inanca sahib olmayan kəslər belə, bu ocağa hörmətlə yanaşır və onun qorunmasında əllərindən gələni əsirgəmirlər. İslam dini də ailəyə son dərəcədə əhəmiyyət verir və onun təməllərinin möhkəmləndirilməsi üçün öz lazımı tövsiyələrini ərməğan etmişdir. Ailənin möhkəmlənməsinin amilləri olduğu kimi, boşanmanın da yəni ailənin dağılma səbəbləri də vardır və onların çoxu ailə üzvlərinin bir-birinin hüquqlarına riayət etməməklə bağlıdır. Əgər ailə üzvləri bir-birinin hüquqlarını öyrənsələr və onlara əməl etməyi vacib bilsələr, boşanmağa üz tutmağın amillərindən çoxu aradan gedəcək. Bununla da cəmiyyətdəki yersiz və çoxsaylı boşanmaların qarşısı birdəfəlik alınacaq. Biz burada ayələrə və hədislərə istinadən, hüquq pozuntularının nəticəsində yaranmış boşanma amillərini qeyd edirik

1. Həyat yoldaşının istəklərinə diqqətsiz yanaşmaq

Ca­hi­liy­yət dövründə qadının heç bir dəyəri yox idi. Buna görə də kişi qadından ayrılmaq üçün onu təzyiq altında saxlayardı. Bu əməllərdən də birinə “İla” deyilirdi. Yəni, kişi öz qadını ilə intim əlaqədə olmamaq üçün and içirdi və bu vasitə ilə öz həyat yoldaşını sıxıntı içində saxlayırdı. Nə onu boşayırdı və nə də ki, onunla barışmağa hazır olardı. (Seyid Qütb, “Fi zilalil-Quran”, c. 1, səh. 245; Cəlaluddin Süyuti, “Əd–Durrul-mənsur”, c. 1, səh. 270) Quranda bu barədə buyurulur:

Qadınlarına yaxınlaşmamağı and içən kimsələr üçün dörd ay gözləmə müddəti vardır. Əgər bu müddət ərzində andlarından dönsələr, həqiqətən, Allah bağışlayandır, rəhm edəndir.” (“Bəqərə” surəsi, ayə 226)

Bu dörd ayın təyin edilməsinin hikməti budur ki, kişi öz qadını ilə münasibətini düzəltsin və qadına qarşı diqqətsizlik etdiyi hüququnu bərpa etsin. Deməli məlum olur ki, kişi ya qadının bir-birlərinin istəklərinə biganə yanaşması və onlara diqqətsizlik göstərməsi, boşanmaya səbəb olan əsas amillərdən biridir. Təəssüflər olsun ki, bir çox hallarda qadın-kişi münasibətlərində bu məsələ diqqətdən yayınır. Bunun səbəbi bəzən lazımı biliklərin olmaması və ehtiyacın doğru şəkildə təmin edilməməsidir. Buna görə də xüsusi ilə cavan və yeni qurulmuş ailələrə tövsiyə edərdik ki, kişi-qadın münasibətlərini tənzimləmək barədə yazılan kitabları mütaliə etsinlər. O cümlədən Dr. Yusif Qulami tərəfindən qələmə alınmış “Evlilərin kitabı” və Dr. Nicat Yəhyazadə tərəfindən yazılmış “Haqqun-nas” kitabının üçüncü hissəsi bu mövzuya uyğundur.

2. İşsizlik

Boşanmanın digər əsas amillərindən biri də münasib işin olmaması və işsizlikdir. İşsizlik təhsilin olma­ma­sı, kifayət qədər ixtisas sahibi olmamaq, iş və sənət üçün şəraitin olmaması, tənbəllik, müftəxorluq və bu kimi müxtəlif səbəb və amillərdən qaynaqlana bilər. Halbuki, insanın şərəfli yaşaması üçün məsuliyyət daşıması lazım­dır. Şərəf, izzət və həya ilə yaşamaq istəyən kəs cəmiyyət üçün faydalı bir vətəndaş olmalı və öz ləyaqəti, bacarığı həd­din­də bir iş sahibi olmalıdır. Məsuliyyəti qəbul etmək və iş gör­mək­dən boyun qaçıran kəslər, İslam dinində çox pis və mən­fur kəslər sayılır. Şübhəsiz, işsizlik və tənbəllik onları fəsada tərəf sövq edəcək. İmam Əli (ə) bu barədə belə buyurur:

“Bir iş və sənətlə məşğul olmaq zəhmətə düşməyə səbəb olursa, işsizlik də fəsada səbəb olur.” (Məhəmməd Baqir Məclisi, “Biharul-ənvar”, c. 74, səh. 419)

Buna əsasən işsizlik həyat yoldaşı və övladların ailədəki ra­hat­­lığını pozan, onların arasında münaqişənin yaranması və ailə­nin sıxıntı içində yaşamasına, ailə üzvlərinin geyim, qidalanmaq və sairə kimi məişət ehtiyaclarının təmin edilməməsinə səbəb olan amillərdən biridir. İşsizlik öz ardınca yoxsulluq gətirdiyi üçün bir çox hallarda boşanmağa şərait yaradır.

3. Qadının intim məsələlərinə diqqətsizliyi

Ailənin dağıl­ma­­sının və qadınla kişi arasında kin-küdurətin yaranmasının di­gər amillərindən biri, kişinin cinsi ehtiyaclarının qadın tərəfindən tə­min edilməməsidir. Bu məsələ iki yolla baş verir. Birincisi, qa­dı­nın kişidən ayrı yatması ilə. Bu əməl onların arasında kin-kü­du­rətin, düşmənçiliyin yaranmasına və bir-birindən ayrılmaları üçün zəminə yaranmasına səbəb olur. İkincisi, qadının öz əri qarşısında özünə zinət verməsinə diqqətsizliyi ilə. Bu əməl də ərin həyat yoldaşına qarşı münasibətinin soyumasına səbəb olur. Təəssüflər olsun ki, bəzi qadınlar bu məsələyə çox əhəmiy­yət­siz yanaşırlar. Amma evdən çıxmaq istəyəndə, özlərini ta­m­a­milə bəzəyirlər. Halbuki, onların bu əməli pak cavanların təhrik ol­ma­sı­na və camaat arasında pozğunluğun yayılmasına səbəb olur. İslam dini bu əməli qətiyyətlə qadağan etmişdir. İmam Sadiq (ə) buyurur

“Hər bir qadın ərindən başqası üçün özünü bəzəsə və zinət­lən­dirsə, öz zinətlərini yuyana kimi, Allah onun na­maz­larını qəbul etməz. O, yuyunmağı ilə sanki cənabətdən pak­lan­mış olur.” (Məhəmməd ibn Həsən Hürr Amuli, “Vəsailuş-şiə”, c. 3, səh. 339)

Ərlə arvadın qarşılıqlı hüququ sayılan evlilik məsələlərinə diqqətsiz yanaşmaları düşmənçiliyin yaranmasına və ərlə arvad arasında düzgün rabitənin qurulmamasına, sonda da ayrılıq və boşanmağa gətirib çıxarır.

4. Kişinin ailə ehtiyaclarının təmin etməkdən boyun qaçırması

Birbaşa ailə üzvlərinin hüququ ilə bağlı olan, ailənin dağıl­ma­sına və boşanma hallarının baş verməsinə səbəb olan digər amillərindən biri də ərin maddi baxımdan ailəni təmin etmək imkanı olduğu halda, həyat yoldaşı və övladlarına pul xərcləmə­məsi və məişət ehtiyaclarını təmin etməməsidir. Bu məsələ ərlə arvadın arasında kin-küdurətə səbəb olur. Əksər hədislərdə belə kişilər tənqid edilib. Burada ailə ehtiyaclarını təmin etməkdə məqsəd vacib nəfəqədən (yemək, içmək, geyim, mənzil) əlavə olaraq, öz ailəsinin həyat tərzini və rahatlığını yaxşılaşdırmaq üçün ehtiyac duyulan şeylərlə (yaxşı davranmaq, xoş rəftar et­mək, mehriban və gülərüzlü olmaq, onlara vaxt ayırmaq və sairə) təmin etməkdir. Çünki vacib nəfəqəni vermək hər bir halda kişiyə vacibdir, bundan qaçmaq qeyri-mümkündür və va­cib nəfəqə onların minimum haqqıdır. Qeyd etmək lazımdır ki, öz ailəsini qəsdən ehtiyac içində buraxan, onların xərclərini baş­qa­­sının öhdəsinə qoyan kəsə hədislərdə lənət və nifrin olunub­dur.

“Peyğəmbər (s) həmişə yaxşı davranışlı, öz ailəsi ilə yaxşı rəftar edən və mehriban idi. O, onların yaşayış xərclərini çox ödəyərdi, onlarla gülərüzlü olar və həmişə işa namazından sonra öz ailəsi ilə vaxt keçirərdi.” (İbn Kəsir Dəməşqi, “Quranil-əzim”, c. 2, səh. 212)

Buradan Peyğəmbərin (s) də öz ailəsinin qayğısına qaldığı və ehtiyaclarının ödənməsində ən gözəl qaydada əməl etdiyi məlum olur. Allahın Rəsulu (s) bu rəftarları ilə insanların bir-birinin hüquqlarına riayət etməməsi nəticəsində baş verən bo­şan­malardan amanda qalmaq, sevinc və məhəbbətlə dolu həyata malik olmaq üçün bizi də bu əmələ dəvət etmişdir.
Qeyd edilənlərdən aydın olur ki, insan cəmiyyətində xüsusi ilə yaşadığımız dövrdə, əksər hallarda ailələrin dağılma və boşanmaların əsas səbəblərinin ailə üzvlərinin hüquqları barədə lazımı maariflənmənin və lazımı həyat təcrübəsinin olmaması və böyüklərlə tamamilə münasibətlərin kəsilməsi çox vaxt boşanmalara səbəb olur. Bu isə gənc nəslin hərtərəfli, xüsusi ilə də mənəvi tənəz­zü­lü­nə zəmin yaradır. Belə acı hadisələrin qarşısını almaq üçün ilk növbədə gənc ailələrin maarifləndirilməsi zəruridir. Bununla yanaşı, gənc ailələrin yaşlı nəsil, təcrübəli və ziyalı insanlar və alimlərlə müna­sibət qurması və onların həyat təcrübəsindən yetərincə fay­da­lanmağı olduqca əhəmiyyət kəsb edir. Həmçinin böyüklərin (valideyn­lə­rin) yeni qurulan ailələrə xüsusi diqqət və nəzarəti də vacibdir. Lakin bu iş valideynlərin yersiz müdaxilələri olmadan, çox mə­ha­rətlə həyata keçməlidir. Lazımsız müdaxilələrdən çəkin­mək isə, hər iki tərəfin (qızla oğlanın) ailəsinə aiddir.

GİAM

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi