PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə Fəlsəfə elmləri Doktoru
Ailə müşaviri, Həyat koçu
Allah-taalanın sevimli elçisi (s) ilə bəşəriyyətə öz yeni mesajını yolladığı zaman ilk buyruğu: “Yaradan Allahın adı ilə, oxu” oldu. Bu kəlamı ilə oxumaq, öyrənmək və biliyin həm zəruri olmasını, həm də pak təməllər üzərində qurulmasının əhəmiyyətini çatdırdı. Mütaliə, elm, bilik binasının ilahi və insani dəyərlərlə birgə ucaldılmasının zərurətinə diqqət çəkdi. Həmin ilkin vəhyin davamında buyurulur: “(Ya Peyğəmbər!) Oxu” Sənin Rəbbin ən böyük kərəm sahibidir! (O Rəbbin ki,) qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki,) insana bilmədiklərini öyrətdi.” Bu vəhyə əsasən, biliyin əzəmətli nemət olmasına təkid edilir. Bəşər övladına məhz paklığa və sağlam inkişafa xidmət edəcək elm və biliklə ucala biləcəyini anlatdı.
Qurani-Kərim “Oxu!”-deyə buyurduğunda, sanki insana “sağlam həyatını təmin edəcək bilikləri oxu!”-deyə əmr edir. Buradakı “bilik” məfhumu ümumidir: Həm “ixtisaslaşmış elmlər”i, həm də “sağlam ruhlu həyat tərzi”ni nəzərdə alır. Buna bir sözüm yoxdur, islamın elmə verdiyi dəyər gün kimi aydındır. Amma islam dininin əsas hədəfi, ilk öncə insanın müdrik bir varlıq kimi düzgün və sağlam dünyagörüşünə və həyata baxışına malik olmasıdır. Elm və bilik də məhz bunun üzərində inkişaf edir.
Ümumiyyətlə, insanın həyatı onun “düşüncələri” və ondan qaynaqlanan “duyğularının” çənbərindədir. Atacağı addımlara, edəcəyi əməllərə sövq edən amillərdir bunlar. Yəni, insanın düşüncəsini formalaşdıran, onun duyğularını hərəkətə keçirən və əməllərinə təkan verən, baxış tərzindən söhbət açıram. Yəni bilik vasitəsilə yönləndirilən həyatdan bəhs edirəm. Bax, cəmiyyətdə belə bir dünyagörüşün formalaşmasında mütaliə və kitab oxumağı rolu böyükdür. Mütaliə mədəniyyəti formalaşdığı zaman, sağlam addımlarla birgə irəliləyən bir cəmiyyət formalaşır.
Bəs kitab oxuyan şəxs, hansı mənəvi və zehni üstünlükləri və istedadları özündə yarada bilər? Qeyd edim ki, kitab oxumaq ilk növbədə ən gözəl əyləncədir. İnsan ruhunu sakitləşdirən, onunla danişan bir vasitədir kitab. Hələ ən qədimlərdən deyilir ki, kitab insanın ən yaxın dostudur. İnsan yalnız ən yaxın dostu ilə daha əyləncəli vaxt keçirə bilər, onunla bir növ dərdləşər, aramlıq tapar. Doğru kitab seçimi də doğru dost kimidir. Çünki seçdiyin kitab da, sanki sənin ehtiyaclarını anlayan, səni mənəviyyat və bilik sahəsində ucaldan dosta bənzəyir. Yaxşı, bəs bu dost bizə nə bəxş edəcəkdir?
Kitab oxuyan şəxs zəngin söz ehtiyatına malik insan olacaqdır. Düzgün cümlə quruluşu, doğru ifadə tərzi və zəngin söz ehtiyatını məhz dəyərli kitablarda tapmaq mümkündür. Mütaliə ilə məşğul olan şəxsin zehnində bu kəlmələr və cümlə quruluşları, ifadə forması həkk olunur, bununla da o, harada və hansı kəlmələrdən necə istifadə edə biləcəyini yaxşı bacarır. Kitab oxuyan şəxslər, fikrini daha səlis və dolğun cümlələrlə ifadə edə bilir. Kitab oxuyan şəxs, aydın fikirli insandır. Romanlar, hekayələr oxuduğunuz zaman, sizə fərqli həyatlar və xarakterlər haqqında daha dolğun aspektdən baxmaq imkanı əldə edəcəksiniz. Beləcə, daha açıq fikirli və geniş dünyagörüşə malik bir insan olacaqsınız. Bu sizin insanlarla empatia qurmaq bacarığınızı yüksəldəcək və sosial əlaqələr qurmaq potensilanızdan düzgün istifadə tərzinizi tənzimləyəcək. Bir növ, kitabdakı həyatları ətraflı mütaliə etdiyiniz üçün sanki onları hərtərəfli şəkildə yaşayırsınız. Bu da, anlayış və mühakimə qüdrətinizin inkişafına səbəb olur.
Kitab oxuyan şəxs zəngin bilik xəzinəsinə sahib olur. Sözsüz ki, kitab oxumağın ən mühüm faydalarından biri də, məlumat bazanızın zənginləşməsidir. Çünki istər dünyagörüşünüzdə, istərsə də elmi məlumatlarınızda oxuduğunuz kitablar öz təsirini qoyacaq. Artıq siz mütaliədən əldə etdiyiniz yeni biliklərlə daha zəngin məlumata sahib olan insan olacaqsınız.
Kitab oxuyan şəxs sanki yaradıcılıq qabiliyyəti əldə etmişdir. Kitab oxuduğunuz zaman, xüsusilə də romanlarda, şerlərdə siz sanki oradakı müsbət və mənfi obrazları tamamilə müşahidə etdyiniz üçün, bir həyatın axarına şahid olursunuz. Oxuduqca təsəvvür edirsiniz, bu istər-istəməz baş verir. Siz əsərdəki prosesləri mühakimə edir, qərara qəbul edir, hadisələrə nisbət duyğu və hislərinizi aşkar edirsiniz.
Dünyagörüşü və biliyi mütaliə ilə zənginləşmiş insanın məsələlərə baxışı və təfəkkür qabiliyyəti inkişaf etdiyi üçün hər hansısa bir məsələni araşdırdıqda, onun haqda fikir yürütdükdə dərin tədqiqatla birgə daha dəqiq təhlilə malik olur. O, ailəsinin yaxud cəmiyyətin basqısı altında formalaşmış və kütlə psixologiyasına tabe olan düşüncə tərzi ilə deyil, düzgün dəyərlər və məntiqlə dəqiq fikir irəli sürür. Zənginləşmiş söz ehtiyatı, ifadə tərzi, biliklər, empatiya qurulmuş həyatlar və əlaqə yaratmaq qabiliyyəti sizin cəmiyyət arasında bir mövzu haqqında danışmağa cəsarət və özünə inamınızı artıracaqdır. Daha dəqiq və ətraflı təhlillərlə öz düşüncənizi daha savadlı şəkildə ifadə edə bilərsiniz. Mütəmadi mütaliə edən şəxsin nitqi açılacaq, təsirli və gözəl danışıq qabiliyyəti inkişaf edəcəkdir. Yəni o, bir mövzu haqda danışa bilməkdən əlavə, onu düzgün intonasiya və təsiredici nitqlə bəyan edə biləcəkdir.
Mütaliənin ümumi şəraitləri
1) Faydalı kitab oxuyun.
“Faydalı kitab” dedikdə, yəqin ki, hər kəs özünə xas baxış tərzinə əsasən hansı kitabın faydalı, hansının isə mənasız olması haqda fikir ortaya qoya bilər. Faydalı dedikdə biz, zövqləri nəzərdə almırıq, həqiqətən də bizə faydalı olan kitabları nəzərdə tuturuq. Bizə həyat fəlsəfəsini öyrədən, düşüncəmizi aydınlaşdıran, mənəviyyatımızı zənginləşdirən, sosial əlaqələrimizi tənzimləyən, dünyagörüşümüzü genişləndirən, fəaliyyətlərimizə uğur gətirən, yaşayışımıza məna qatan kitabları nəzərdə tuturuq. Bu roman da ola bilər, şer də, dini mövzulu kitab da ola bilər, elmi kitab da, biznes, psixologiya və tibb sahəsi də ola bilər, incəsənət də. Bir sözlə, hər hansı bir fənn, ixtisas və mövzuda xülasələşdirmirik, əksinə hər bir mövzuya aid edirik faydalı kitabı. Yəni, hər bir mövzuda bizi həqiqi uğura yönləndirən istənilən kitab faydalıdır. Çünki kitab, bilik deməkdir, məlumat və elmin artışı deməkdir. Allahın elçisi buyurduğu kimi:«Ən yaxşı bilik odur ki, faydalı olsun.» (Əmali,394)
Bəzən elə düşünə bilərik ki, nə qədər çox kitab oxusam, bir o qədər nailiyyət əldə etmiş olacam. Halbuki, bu yanlışdır. Daha çox kitab oxumağı hədəfləməkdənsə, faydası daha çox olan kitablar oxuyun. Əziz Peyğəmbərimizin buyurduğu kimi:«Bilik, say halına salınmaqdan daha çoxdur. Buna görə də hər bir şeydən ən yaxşısını öyrənin.» (Kənzul-Fəvaid, 2\31)
2) Mütaliə etmək üçün hədəfiniz olsun.
Mütaliə həvəsinin yaranması üçün beyninizi mütaliə etməyin faydaları və sizin həyatınızdakı müsbət təsirlərinə inandırın. Çünki beynimiz faydasına inandığı bir şeyi unutmaz, insanı ona doğru çəkər. Həmçinin, kitabdan uzaq qalmağın və mütaliə etməməyin zərərlərini və bununla nədən məhrum qalacağınız haqda düşünün. Beynimiz bizi təhlükələrdən qorumaq funksiyasını yerinə yetirdiyi üçün, sizi kitab oxumağa sövq edəcəkdir. Qeyd etdikləmiz oxuduqlarınızın yaddaşda qalması üçün də önəmlidir. Bu sizin beyninizin qısa müddətli hafizədən uzun müddətli hafizəyə keçməsinə səbəb olacaqdır. Çünki beyin əhəmiyyətsiz məsələləri qısa müddətli hafizədə saxlayır, amma əhəmiyyət verdiyi məsələləri uzun müddətli hafizəyə yerləşdirir.
3) Maraq əhatənizə uyğun olan mövzuda kitab oxuyun.
Maraq dairəniz nədir? Sizi hansı mövzular özünə cəlb edir? Həyatına hansı məsələlər hüzur, ilahi sevgi, paklıq və uğur qata bilər? Hansı məsələlər elminizin artmasına, düşüncənizin sağlam və geniş əhatəli olmasına xidmət edə bilər? Hansı mövzular iş bacarığınızı, həyat şəraitinizi yaxşılaşdıra bilər? Hansı mövzular sizi daha gözəl əxlaqa sahib və istedadlı ata, ana, qardaş, bacı, oğul, qız, həyat yoldaşı və dost edə bilər? Bu və sair sağlam mövzuların hansı sizin maraq dairənizə uyğundur? Unutmayın, maraq dairənizə uyğun seçdiyiniz mövzu sizin mütaliəyə olan həvəsinizin artmasına səbəb olacaq. Artıq həm hədəfiniz və həm də marağınızın olduğu bir işlə məşğul olmuş olacaqsınız. Vaxtınızı səmərəli keçirtdiyiniz qənaətində olacaqsınız. Əlbəttə, siz mütaliəni sevdikdən sonra, digər sahələrə aid kitablar oxumağı da sevəcəksiniz.
4) Qavrama istedadınıza görə kitab seçin.
Kitab oxumağı qərara aldığınız zaman, ilk olaraq ağır ifadə tərzli, elmi-ixtisaslaşmış kitabları seçməyin. Anlaşılması çətin ibarələr sizi yoracaqdır. Beləliklə də, həvəsdən düşmüş olarsınız.
5) Mütaliə zamanını azdan başlayaraq, getdikcə artırın.
Kitab mütaliəsinə birdən-birə yüklənməyin ki yorulmuş və bezmiş olmayasınız. Mütaliəyə az miqdardan başlayın və keçdikcə çoxaldın. Hər gün on beş dəqiqədən başlaya bilərsiniz.
6) Özünüzə istirahət verin.
Özünüzü hər zaman mütaliəyə məcbur etməyin. Bəzi günlərdə ümumiyyətlə mütaliə etməyin. Həmin günü sırf başqa işlərlə məşğul olun ki, mütaliə bir məcburiyyət halına gəlib sizi yormasın.
7) Mükəmməlliyyətçi olmayın.
Mütaliənizdə anlamadığınız və unutduğunuz məqamlar ola bilər. Bunun üçün narahat olub, ruhdan düşməyin. Siz hər şeyi tam anlamaq üçün yaradılmamısınız. Mütaliəni edirsiniz ki, tədriclə anlamadığınız məqamları öyrənəsiniz. Bu təbidir.
8) Təkrar öyrənməyin əsas amillərindəndir.
Mütaliə etdiyiniz kitabı öyrənmək məqsədli oxuyursunuzsa və onu unudursunuzsa, təkrara üstünlük verin. Təkrar biliyin beyində möhkəmlənməsinə səbəb olan amillərdəndir.
9) Plan və nəzmlə irəliləyin.
Oxumaq və öyrənmədə nəzmli olun. Mütaliədə sistemlilik və ardıcıllıq önəmlidir. Bir kitabı nə qədər zaman müddətində oxuyub tamamlayacağınızı nəzərdə alıb, onu bitirin. Həzrət Əli (ə) buyurur:«Uzun müddət öyrənəndən qeyrisi, elm qazanmaz.» (Ğurərul-Hikəm, hədis 10758)
10) Diqqətinizi yayındıran hər bir şeydən kənarda mütaliə edin.
Yəqin ki, kitabxanalarda səssizliyin və sükutun hökm sürdüyünü hamınız bilirsiniz. Çünki mütaliə üçün münbit şərait olmalıdır. Ətrafda diqqətdağıdıcı əşyaların və səsin olmaması çox mühümdür. Otaqda olan səs-küy, televizor, telefon və sair kimi fikrinizi yayındıran şeyləri kənara qoyun, söndürün, yaxud üzərinə örtük atın.
11) Sizi mütaliədən yayındıracq olan ehtiyaclarınızı təmin edin.
Mütaliədən öncə fiziki ehtiyaclarınızı yerinə yetirin. Susuz, ac olduqda, otaq temperaturunun isti, ya soyuq olması kimi amillər sizin fikrinizi mütaliədən yayındıracaqdır. Belə problemlərlə üzləşməyəsiniz deyə, mütaliə zamanı öncədən yanınıza yemək və içmək üçün bəzi şeylər qoyun. Otağın temperaturunu tənzimləyin.
12) Sırf kitab oxumaq üçün mütaliə etməyin.
Bəzən insan sırf “kitab oxudum” deyə vicdanını rahatlatmaq və sanki natamamlıq və günahkarlıq hissindən uzaqlaşmaq üçün mütaliə edir. Bu nəzmsiz və səthi bir mütaliədir.
13) Kitabdan əldə etdiyiniz bilikləri, onu anlayan insanlarla bölüşün.
Kitabdan əldə etdiyiniz məlumatları anlayan insanlarla bölüşdükdə, həm sizin üçün təkrar və bildiyinizin möhkəmlənməsini təmin edəcək, həm də nitq qabiliyyətinizi inkişaf etdirəcəkdir. Bir şeyi mənimsəmək istəyirsinizsə, onu öyrədin. Tədris öyrənmək üçün güclü vasitədir. Buna bir növ Feynman taktikası da deyilir. Həqiqətən bir fikri başa düşürsən, yoxsa onun yalnız tərifini bilirsən?
Riçard Feynman bu maraqlı lətifə ilə bu ikisinin aralarındakı fərqi belə izah edir: “O quşu görürsən?
Bu, Almaniyada “halzenfugel” və Çində “chung ling” adlanan qəhvəyi boğazlı qaratoyuqdur. Ona verilən bütün bu adları bilsəniz də, hələ də bu quş haqqında heç nə bilmirsiniz. Siz yalnız insanlar haqqında bir şey bilirsiniz, yəni onu belə adlandırdıqlarını bilirsiniz. İndi bu quş nəğmə oxuyur, cücələrinə uçmağı öyrədir və yayda ölkəni kilometrlərlə uçur və heç kim bilmir ki, necə uçur, niyə uçur”. Buradan da gördüyünüz kimi, bir şeyin adını, ya təsvirini bilmək heç vaxt onu başa düşməyiniz demək deyil. Həqiqətən bir fikri başa düşürsənmi və ya ideyanın tərifini bilirsənmi, onu yoxlamağın bir yolu var: Onun haqda başqasına danış. Bu gözəl üsul təkcə öyrənməyi və yadda saxlamağı asanlaşdırmır. O, həm də müxtəlif düşüncə tərzinə pəncərə açır, ideyaları sıfırdan yenidən qurmağa imkan verir. Bu, ideyaları və mövzuları daha dərindən dərk etməyimizi asanlaşdırır.
14) Qeydiyyat götürün.
Siz mütaliə etdiyiniz kitabın əsas və bilik dəyəri olan hissələrindən qeydiyyat götürüb onu unutdığınız zaman oxusanız, bir daha kitabı başdan sonadək oxumağa ehtiyacınız qalmayacaqdır. İstədiyiniz zaman oraya baxıb xatırlaya biləcəksiniz. Deməli, mütaliə edən şəxs oxuduğu kitablardan qeydlər və xülasələr götürərsə, bu onun yadda qalmasında olduqca təsirlidir. Yəni oxuduğu kitabın mündəricatından bəzi fəsilləri, qolları qeyd etmək, bəzi mövzuları konkret şəkildə yazıb sonra təkrarlamaq və sair mütaliədən daha çox faydalanmaq üçün olduqca təsirlidir.
15) Düşünərək oxuyun.
Dini mənbələrimizdə buyurulur ki, “Heç bir bilik düşünmək qədər əhəmiyyətli deyil.” (Nəhcül-Bəlağə, hikmət 113) Doğurdan da, oxuduğunuz qiymətli kitabları dərindən düşünərək oxuyun. Bu sizin düşüncə və təhlil qabiliyyətinizin inkişafına səbəb olacaqdır. Siz bir tənqidçi və təhlilçi rolunu oynayaraq, əldə etdiyiniz bilgilərin düzgün və dəqiqliyini təmin etmiş olacaqsınız. Çox zaman isə yeni ideya və təfəkkür tərzinizin inkişafı ilə təzə fikirlər yaradacaqsınız. Həzrət Əli (ə) bu haqda buyuru:«Öyrəndikləri barədə çox düşünən, öz biliyini möhkəmləndirər və başa düşmədiklərini dərk edər. Hər kim öyrəndiyi şey barədə çox düşünsə, öz biliyini gücləndirər və başa düşmədiklərini anlayar.» (Ğurərul-Hikəm, 8917)
16) Düzgün qidalanın.
Düzgün qidalanmaq, sağalam qidaların istifadəsi cismin və zehnin zəifliyinin qarşısını alır. İnsan qida proqramını elə tənzimləməlidir ki, ona xeyirli və faydalı olsun. O cümlədən, meyvə və tərəvəzlər, balıqlar (somon, qızılbalıq, sardina kimi), çərəzlər və proteinlə zəngin olan digər məhsullar, zehni qabiliyyətin inkişafı, yaddaşı gücləndirmək və ya bərpa etmək üçün faydalıdır.
Nəticə
Məqalənin əvvəlini ilahi kəlamlarla başladım, sonunu da Uca Yaradanın hikmət dolu kəlamları ilə bitirmək istəyirəm. Allah-taala Hz. Adəmə bilik vermiş və bu biliyin sayəsində onu xəlifə təyin etdiyini mələklərə də qəbul etdirmişdir. Deməli, elm, bilik üstünlüyün səbəbidir. (Bəqərə, 2/30-33)
Necə ki, Həzrət Əli (ə) buyurur:«Fəzilətlərin başı bilikdir.
Fəzilətlərin son nöqtəsi də bilikdir. (Ğurərul-Hikəm, 6379) Həmçinin, Qurani-Kərim müdriklik bəxş edən biliyi alilik və kamillik amili kimi qeyd etmişdir: “Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir” (Bəqərə, 2/269).
Deməli bilik ilə axirət səadəti arasında ayrılmaz və əsaslı bir bağ vardır. Həm də. Qurani-Kərimdə belə bir ayə vardır: “Biz hər bir insanın yaxşı və pis əməlini öz boynundan asar və qiyamət günü açıq kitab kimi qarşısına qoyarıq. (və ona belə deyərik: ) “Oxu kitabını!” Bu gün özün-özünlə haqq-hesab çəkməyə bəs edərsən.” (İsra, 13-14)
Diqqət edin ki, dinin göstərişinin əvvəli də oxumaqla başladı, sonu da oxumaqla bitdi. Yəni, insanın bu dünyadakı həyatının başlanğıcı da mütaliə ilə, onun nəticələnməsi də mütaliə ilə çənbərləndi. Həzrət Əlinin (ə) buyurduğu kimi, “Bilik həyatdır!” (Ğurərul-Hikəm, 185)
Məncə elə insan mütaliə ilə öz həyatını yaradır. Çünki qeyd etdiyim kimi, öyrəndikləri. Qavradıqları, düşüncə olaraq mənimsədikləri onun həyatını yönləndirir. Belə isə, “dostunuzla”, yəni kitablarla “sağlam dostluqla” və sağlam əlaqələr qurun! Hər birinizə sizin həyatınızı gözəlləşdirəcək “dostlar” arzulayıram.
İstifadə edilmiş ədəbiyyat
Qurani-Kərim
Nəhcül-bəlağə, Məhəmməd ibn Hüseyn Musəvi (Şərif Rəzi), mütərcim: Seyyid Cəfər Şəhidi, Tehran, 1378 hicri-şəmsi, dördüncü çap.
Əl-Əmali, Məhəmməd ibn Əli ibn Babeveyh Qummi (Şeyx Səduq), tədqiq: Besə müəssisəsi, Qum, Besə müəssisəsinin intişaratı, 1407 hicri-qəməri, birinci çap.
Kənzül-fəvaid, Məhəmməd ibn Əli Kəraciki Tərabilsi (vəfat: 449 h. q.), Abdullah Nemətin səyi ilə, Qum, Darüz-zəxair, 1410
Qürərül-hikəm və dürərül-kiləm, Əbdül-vahid Amidi Təmimi, çərh və tərcüməsi.
GİAM