Son zamanlar yas mərasimlərində Quranın hansı dildə oxunması barədə müxtəlif fikirlər səslənir. Bu haqda kimin nə düşünməsindən və öz düşüncəsini hansı obyektiv və ya subyektiv dəlillərlə əsaslandırmasından asılı olmayaraq, bu yazıda Quranın özünün uyğun fikrini öyrənməyə çalışacağıq.
Quran nə üçün ərəbcədir?
Çünki müəyyən səbəblərə görə son peyğəmbər və Quranın müraciət etdiyi ilk xalq ərəb idi. Təbii ki, bu, ərəblərin digər xalqlardan üstünlüyünə görə deyildi, əksinə, bəlkə onlar sağlam insani yoldan olduqca uzaqlaşıb cəhalətə yuvarlanmışdılar və Allah-Taala son peyğəmbəri məhz onların arasından seçməyə bir növ məcbur olmuşdu. Quranda bu haqda deyilir: “Əgər Biz onu özgə bir dildə olan Quran etsəydik, (Məkkə müşrikləri): “Məgər onun ayələri (bizim üçün) geniş izah olunmalı deyildimi?! Bu nədir? (Quran) özgə dildə, (Peyğəmbər isə) ərəbmidir?!” – deyərdilər”. (Fussilət-44)
Quranın ərəbcə nazilolma səbəbinin onun ilk dinləyicilərinin ərəb olduğundan irəli gəldiyinə dair başqa bir ayədə isə buyurulur: “(Ey Peyğəmbər!) Şəhərlərin anası (olan Məkkə) əhalisini və onun ətrafındakıları hər bir şübhədən uzaq olan toplanış (qiyamət) günü ilə qorxutmağın üçün beləcə sənə ərəbcə Quran vəhy etdik”. (Şura-7)
Hər halda, Allahın son və əbədi möcüzəsi olan Quranın ilk dinləyiciləri ərəblər idilər və digər xalqlar da Allahın son mesajını onlardan öyrənəcəkdilər.
Quran nə üçün göndərildi?
Müqəddəs kitab özünün sözügedən dinləyicilərinə müraciətlə deyirdi: “Biz onu ərəbcə bir Quran (Oxu kitabı) olaraq nazil etdik ki, düşünüb anlayasınız”. (Yusif-2)
Deməli, Allah-Taala Quranı ərəbcə göndərdi ki, özünün ilk müraciət obyekti və gələcəkdə din müəllimi olacaq xalq onu başa düşsün, anlasın. Təbii ki, bu son məqsəd deyil, yalnız birinci mərhələni təşkil edir. İkinci mərhələdə Quran ayələri, onun mesaj, tövsiyə və əmrləri haqda düşünmək, bütün mənasını dərindən mənimsəmək lazımdır. Bu haqda buyurulur: “Onlar Quran (ayələri) barədə düşünməzlərmi? Yoxsa ürəklərinə qıfıl vurulmuşdur?” (Məhəmməd-24)
Quranın göndərilmə səbəbində üçüncü mərhələ və son məqsəd isə təbii ki, ona əməl olunmasıdır: “Biz onu ərəbcə Quran olaraq nazil etdik və orada əzab vədlərini təkrar-təkrar izah etdik ki, bəlkə təqvalı olub (pis əməllərindən çəkinsinlər), yaxud onlara xatırlatma (xəbərdarlıq) olsun!” (Taha-113)
Beləcə yuxarıdakı ayələrdən görünür ki, Allah-Taala Quranı insanların əməl etməsi, fərmanlarına uyması üçün göndərmişdir. Bundan ötrü isə onu oxumaq, anlamaq, tam qavramaqdan ötrü mənası üzərində düşünmək lazımdır. Quranı hansı dildə oxuyanda bu məqsədlərə nail olmaq mümkündürsə, onu məhz həmin dildə də oxumaq lazımdır.
P.S. Mənasını anlamadan Quranı ərəbcə oxumaq da savabdır, amma Quran bundan ötrü yox, Allahın zəruri mesajlarını çatdırmaq üçün gəlmişdir.
Vüsal Hüseynzadə