“QƏZƏB” mənəvi və psixoloji xəstəlik

Mənəvi və psixoloji xəstəlik QƏZƏB

Bütün insanlar az çox qəzəb halını tanıyır və onu həyatda dəfələrlə təcrübə etmişlər. Psixoloqların nəzərincə qəzəb bir növ ruhi həyəcandır ki, adətən bir şəxsin digərlərinin bəyənilməz rəftarlarına qarşı reaksiyası zamanı görünür. Qəzəb bəzən bir inciklik kimidir, ani narahatlıq və tez keçicidir. Bəzən də tam və dərindir, onun kökləri insanlar arasında illərlə kin kimi qala bilər.

Qəzəb nədir?

Qəzəb elə bir hissdir ki, həmişə iki hal arasında dəyişir. Qəzəb kiçik bir narahatçılıqdan törəyə bilər və yaxud dəlillik həddinə yüksələcək şəkildə də ola bilər. Qəzəbləndiyiniz zaman onun fizioloji təsirləri bədəndə görünür, qəlbinizin döyüntüləri, qanınızın təzyiqi artır, hormonların ifraz səvəyyəsi də qalxır. Əsəbiləşmək ola bilər xarici hadisələr, yaxud da daxili dəyişikliklər səbəbilə olsun. Ola bilər ki, siz xüsusi bir şəxs tərəfindən əziyyət olunasınız və onun rəftarı sizin əsəbiləşməyinizə bais olsun. Gündəlik məsələlər və problemlər haqqında düşünmək və narahatçılıq, yaxud da həmçinin əvvəllər baş vermiş narahatçılığınıza səbəb olan hadisələri xatırlamağınız da qəzəbinizi qaldıracaq amillərdən ola bilər. Kobudluq, kobud əksüləməl və qəzəb əksəriyyətimizin qəzəbləndiyimiz zaman özümüzdə biruzə verdiyimiz təbii instinktiv haldır. Qəzəb xətər müqabilindəki təbii əksüləməldir (və s.) ki, böhran və çətin vəziyyətlərdə özümüzü müdafiə etmək üçün bizə cəsarət verir. Buna görə də əsəbiləşmək və qəzəb yaşamaq və insanların müqavimət göstərməsi üçün zəruri və qaçılmazdır.

Qəzəbin müsbət yönü: Müqəddəs qəzəb

Əgər müsəlman insan qəzəb qüvvəsinə malik olmasaydı, yaxud da əgər olsaydı və ondan İlahi və insani yolda istifadə etməsəydi, düşmənlər qarşısında necə dayana bilərdi? Həzrət Əli (ə) bu haqda buyurur: “Allah yolunda qəzəb dişlərini bir-birinə sıxan adam ən böyük batil tərəfdarlarını məhv etməyə qadir olar.
Allah-taala Ona xatir qəzəblənən və batil ilə üzləşərkən əsəbiləşənlərə böyük dəyər verir. Hədisdə qeyd olunur ki, həzrət Musa (ə) buyurdu: “İlahi! Sənin kölgəndən başqa kölgə olmayan gün kimdir o şəxslər ki, Sənin Ərşinin kölgəsi altında olarlar?”. Allah-taala buyurdu: Onlar Mənim haram etdiklərim halal sayılan zaman yaralı pələng kimi qəzəblənənlərdir. Qəzəb hissi insanın digər hissləri kimi o zaman özünün həqiqi dəyərinə malik olur ki, Allah yolunda olmuş olsun. Əgər həmin hissi Allahdan qeyrisinin yolunda xərcləsək, mütləq bizim bu əməlimizin cəzası olacaq. Əgər öz dini şəxsiyyətlərimizin ənənəsinə müraciət etsək, görərik ki, onlar qəzəbdən ancaq haqqı və həqiqəti müdafiə edən zaman istifadə edirlər. İmam Əli (ə) buyurur: Allah Rəsulu (s) dünya üçün qəzəblənməzdi. Amma nə zaman haqqa görə qəzəblənərdisə heç kimi tanımazdı və heç bir şey onun qəzəbinin qarşısını ala bilməzdi; yalnız haqqın intiqamını aladıqdan sonra.

Əbuzər Rəbəzə çölünə sürgün edildikdə həzrər Əli (ə) onu müşayiət edərkən dedi: “Ey Əbuzər! Sən həqiqətən Allaha gözə qəzəblənmisən. Elə isə o şəxsə ümid elə ki, Ona xatir qəzəblənmisən. Bu camaat öz dünyalarına görə səndən və sən də öz dininə xatin onlardan qorxdun. Elə buna görə də bu dünyaya xatir səndən qorxduqları üçün bu dünyanı onların ixtiyarında qoy və öz dinin üçün qorxduğun bu dininlə onlardan uzaqlaş.

İmam Əlinin (ə) ənənəsində, sünnəsində qəzəbin cilvələri, yalnızca Allah rızasının cəlb edilməsi yolunda görünür. Səid ibn Qeys Həmədani deyir: Həzrət Əlini (ə) qeyri-münasib zamanda bir divarın kölgəsində gördüm. Dedim: “Ey mənim mövlam! Niyə belə bir vaxtda evdən çıxmısınız?. O həzrət buyurdu: “Evdən yalnız, bir məzluma kömək etmək, yaxud pənahsıza pənah vermək üçün çıxmışam. Bu zaman narahatçılığının şıddətindən titrəyən bir qadını gördüm. Nigarançılıqla dolu bir qəlblə İmamın (ə) yanında dayanıb dedi: “Həyat yoldaşım mənə zülm edib və Allaha and içib ki, məni döyəcək. Əgər mümkündürsə bizim evə gəlib vasitə olasınız, bəlkə həyat yoldaşım fikrindən daşına”. İmam (ə) bir anlıq başını aşağı saldı, sonra buyurdu: Allaha and olsun ki, məzlumun haqqını almayınca sakitləşə bilmərəm. Sonra o qadından ünvanı istədi və mənzilə tərəf yola düşdü. Mənzilə yetişdikdə onun yiyəsini səslədi. Evdən bir cavan çıxdı. O həzrət (ə) salam deyib buyurdu: Ey cavan! Allahın qəzəbi haqqında düşün. Bu qadının təqsiri nə idi ki, onu qorxutmusan?”. Məğrur və yüngül ağıllı cavan ədəbə riayət etmədən dedi: “Sizin bu məsələ ilə nə işiniz var? Allaha and olsun əgər onu cəzalandırmaq istəsəm, cəzalandıraram”. İmam (ə) onun ədəbsiz və cəsarətli hərəkətindən qəzəbləndi və buyurdu: Mən səni yaxşılığıa dəvət edir, pis əməldən çəkindirirəm, amma sən kobudluqla cavab verirsən. Nə qədər ki, fürsət əldən çıxmayıb tövbə elə, yoxsa bu qılıncla boynunu vuracam. Bu zaman yığışmış camaat ona güzəşt etməsini istədilər. Cavan ömründən bir neçə ləhzə artıq qalmadığını görüb soruşdu: “Bu adam kimdir?”. Dedilər: “Möminlərin Əmiri Əli (ə)”. Tez öz günahına görə üzr istəyib o həzrətin (ə) al-ayağına düşdü və dedi: “Mənim mövlam! Məni bağışla. Bundan sonra onun haqqına riayət edəcəyəm, təqsirindən keçəcəyəm”. Bu zaman İmam (ə) o qadına dedi ki, heç bir narahatçılıq olamdan evinə getsin.

İlahi Qəzəb

Fəlsəfi nəzərdən İlahi qəzəb mövzusunda geniş bəhslər var. Amma onun məlum olan həddi budur ki, Allah insanlar kimi qəzəblənmir. Yəni, Allahın qəzəbi hisslər üzündən deyil və halın dəyişilməsindən qaynaqlanmır. Əlbəttə, Allah bir şəxsə (yaxud bir qövmə) qəzəbləndiyində, o şəxsdə (ya da o qövmdə) elə təsirlər zahir olur ki, bu təsirlər insani qəzəbdən törəyən nəticələrə bənzəyir. Bu dəlilə əsasən həmin halı da qəzəb adlandırırlar. Bəzən Allahın rəhməti və lütfü bir fərdə, yaxud bir cəmiyyətə şamil olur və o fərdi (cəmiyyəti) ucaldır, onu uğursuzluqlardan, məhrumiyyətlərdən səadətə, nemətlərə doğru aparır. Bunun müqabilində, bəzən də İlahi qəzəb bir şəxsin (ya cəmiyyətin) sorağına gəlir və onun süqutuna, zəlil olmasına bais olur. Allahın rəhmət və qəzəbi bəşər tarixində iki mühüm əməli qüvvədir, onlara diqqət olunmalı və bir həqiqət olaraq qəbul olunmalıdırlar. İlahi rəhmət bir cəmiyyəti öz çətiri altına alanda, o cəmiyyət yaşamağa qüdrət tapır, hər an inkişafa, tərəqqiyə, təkamülə tərəf qədəm götürür və öz düşmənləri qarşısında qələbə çalır. Lazım olduqda Allah-taala onlara qeybi güclər göndərir. Necə ki, Bədr döyüşündə mələklər müsəlmanların köməyinə gələrək onlara kömək etdilər. Bunun müqabilində, əgər Allahın qəzəbi bir cəmiyyəti əhatə edərsə, bürüyərsə, zahirdə güclü olsa da, sərvət, güc, elm, toplu kimi qüdrət hesab olunan qüvvələrə malik olsa da o cəmiyyət məhv olmağa məhkum olar. Məsələn, qüdrətin zirvəsində olan Firon və onun tərəfdarları kimi. Burada belə bir sual yaranır: Allahın rəhmət və qəzəbi bir cəmiyyətin sorağına necə gedir? Bu iş təsadüfi şəkildə həyata keçir? Heç bir qayda-qanunu yoxdur? Yoxsa İlahi rəhmət və qəzəbin özünəməxsus qayda-qanunu var?

Şübhəsiz ikinci hal düzgündür və Allahın rəhmət və qəzəbi kimsəyə heç bir dəlil olmadan şamil olmur. Bu meyarlar nədir və necə hasil olur? Bu meyarlar tarixə hakim olan həmin İlahi ənənədir. Burada onun haqqında bu qədərini deyə bilərik ki, Allahın rəhmət və qəzəbinin öz qanunları var və cəmiyyətlər onları öz əməlləri və rəftarları ilə gerçəkləşdirirlər. Həzrət Əli (ə) İlahi rəhmət və qəzəbin şamil olması haqqında demişdir: Allah O Şəxsdir ki, Öz rəhmətinin genişliyinə baxmayaraq, düşmənlərinə qarşı cəzası çətin və ağırdır. Qəzəbinin şiddətinə baxmayaraq, rəhməti dostlarını əhatə etmişdir. Kim Onun işlərinə qarışsa, məğlub və kim Ona qarşı çıxarsa məhv olacaq. Kim Onunla müxalif olarsa, zəlil olacaq və kim Onunla düşmənçilik etsə, məğlubiyyətə uğrayacaq.
Və kim Allaha qəlbi, əli və dili ilə kömək edərsə, Allah Ona kömək edən şəxsə kömək edəcəyini və Ona ehtiram edən şəxsi də izzətli edəcəyini Öz öhdəsinə alar.

Başqa bir yerdə, İslam düşmənlərinin müqabilində Rəsulallahın (s) ətrafında olduqları zaman özünün və tərəfdarlarının möhkəm iradəsini xatırladır və buyurur: “Peyğəmbərlə (ə) yanaşı elə xalisanə döyüşürdük ki, öz atalarımızı, övladlarımızı, qardaşlarımızı, əmilərimizi öldürməyə belə hazır idik. Bu, iman və təslimiyyətimizi artırmaqdan başqa bizə bir şey etmirdi. Allah-taala bizim sədaqətimizi və ixlasımızı gördükdə, İslamın cəmiyyətdə möhkəmlənməsi üçün düşmənimizə zilləti, bizə də qələbə və köməyi nazil etdi.” Gördüyünüz kimi, həzrət Əliyə (ə) görə məğlubiyyət və qələbə Allah tərəfindəndir. Amma Allahın işləri dəlilsiz və səbəbi olmadan qarşılıqsız baş vermir. Əksinə, camaat öz yolunu azad seçir. Bəzən özlərini İlahi qəzəbin, bəzən də Allahın rəhmət və köməyi obyektində qərar verirlər. Hamı bilməlidir ki, qələbə Allahın əlindədir və əgər kim özündə ona ləyaqət yaradarsa, İlahi köməklər ona şamil olacaq.

Məzəmmət olunmuş qəzəb

Bir çox cəmiyyət və mədəniyyətlərdə, qəzəb və əsəbiləşmək pis bir xüsusiyyət və zəif nöqtə kimi göstərilir. Nəticədə, qəzəblənmiş şəxs o adamdır ki, ya ondan uzaq durulmalıdır, ya da onu məzəmmət etmək, danlamaq lazımdır. Əgər qəzəb insan tərəfindən kontrol olunmazsa, böyük zərərlərə səbəb ola bilər və bu zaman bəzən onun vurduğu zərəri heç bir şeylə əvəz etmək olmayacaq. Biz müsəlmanların dini mədəniyyətində qəzəbin kontrol olunması üçün Məsumlar (ə) tərəfindən çoxlu göstərişlər gəlib çatmışdır. İnsanın biruzə verdiyi qəzəb Allah xatirinə olmalıdır. O ədalətli həddə olmalıdır. Bundan başqa hallarda olan qəzəb məzəmmət olunmuş sayılır. Bu qəzəb bir dosta, ailə üzvünə, ya da başqa bir fərdə qarşı ola bilər, amma hər bir halda bu bizim dini böyüklərimiz tərəfindən məzəmmət olunmuşdur. İmam Əli (ə) öz səmimi dostlarından, böyük fəqihlərdən biri olan Haris Həmədaniyə göndərdiyi bir məktubda yazır: “Qəzəbdən çəkin, uzaq ol, çünki o şeytanın ordularından böyük bir ordudur.
İnsanın bütün instinktiv hissləri şeytanın döyüş meydanı ola bilər və şeytan onların hər birinin vasitəsilə insana xüsusi bir şəraitdə öz zərbələrini endirir. Qəzəb hissi də bunlardan biridir və şeytan ondan istifadə etməklə insanlar arasındakı əlaqələri bir-birinə vurur. Əgər bu hissi kontrol etməyə qarşı ayıq olmasaq, şeytan mütləq öz pis məqsədinə çatacaq. Həzrət Əli (ə) Haris Həmədaniyə və özünün bütün əsrlərdəki, dövrlərdəki digər ardıcıllarına xatırladır ki, Seytanın ictimai rabitələrdəki çağırışlarına qarşı ehtiyatlı olsunlar və öz şəxsiyyətlərini şeytanın ordusuna təhvil verməsinlər. Yersiz qəzəb şeytani xislətlərdəndir, bir növ dəlilikdir. İmam Əli (ə) camaatla həmişə açıq və gülər üzlə rəftar edərdi və hər cür kobudluqdan, qəzəbdən çəkinərdi. Həzrət Əli (ə) Abdullah ibn Abbası Bəsrəyə hakim göndərəndən sonra bir məktubda ona xitab edərək buyurdu: Səni qəzəbə qarşı agah edirəm, çünki o, şeytan tərəfindən olan yüngül ağıllılıqdır.
Buradan görünür ki, ürəyiaçıqlıq və qəzəbdən çəkinmə İmam Əlinin (ə) əxlaqi keyfiyyətlərindən və siyasi xüsusiyyətlərindən biri olub. Başqa bir yerdə buyurur: Qəzəb bir növ dəlilikdir, çünki belə adam peşiman olur. Yox əgər peşiman olmasa, onun dəliliyi möhkəmlənər.” İnsan qəzəbli ikən cəhənnəmin təcəllisinə çevrilir. Əgər insan özünü kontrol etməsə, bu atəşin qığılcımı çölə sirayət edər və o qiyamət günü həmin odla yanar. Qəzəbli insanın tənəffüs səsi və naləsi, cəhənnəmin qəzəbli səsidir. Necə ki, hədisdə gəlmişdir: “Şeytan insana ən çox onun qəzəbli hallarında yaxınlaşar”. Elə isə, şeytanın qüdrətinin bizi əhatə etdiyi belə bir halda qərar verməməliyik, yaxud bir iş görməməliyik. Çünki bu zaman onlardan hər biri şeytanidir və həmişə bu şüarı yadımızda saxlamalıyıq: “Qəzəbli halda nə qərar verməməli, nə də iş görməməliyik!”.

Qəzəbin müalicə yolları

Qəzəbin müalicəsi üçün əxlaq alimləri və psixiatrlar qəzəbli halda, ona mübtəla olan zaman elmi və əməli yollar qeyd etiblər:

Elmi Müalicə: Qəzəbin nəticələri haqqında düşünmək. O, camaata hörmətsizliyə, bəzən qətlə, yaxud da məzlumun təhqir olunmasına səbəb olur. Bəzən də kin-küdurətə, düşmənçiliyə, həsədə bais olur və bu mənəvi çirkinliklərin hər biri insanın həlak olmasına kifayətdir.

Əməli Müalicə: Onun əsas cəhəti bu hal (qəzəb) yaranarkən nəfsi öz fikrindən dördərməkdir. Çünki odu ibtidai mərhələsində daha rahat söndürmək olar. Bu atəş nə qədər ki, daha da şölələnməyib, insan öz başını qarışdırmalıdır. Məsələn: olduğu yerdən başqa bir yerə getməli, yaxud da vəziyyətini dəyişməlidir. Əgər əyləşibsə ayağa qalxmalı, ayaq üstədirsə əyləşməlidir, yaxud da Allahı zikr etməlidir. Hətta bəzi alimlər qəzəb zamanı Allahı zikr etməyi vacib billiblər. Qəzəbin əsaslı şəkildə müalicəsi üçün kökünü tapıb onunla mübarizə aparmaq lazımdır. Bəzən onun kökü ücb (özünü bəyənmə), fəxr etmək, təkəbbür, tərslik, zarafat etmək və s.-dir, amma onların kökü iki amilə qayıdır:

Özünüsevmək: Özünüsevməkdən malı, məqamı, vəzifəni, heysiyyəti, iradənin nüfuzunu, qüdrətin genişliyini sevmək törəyir və bunlar qəzəb atəşinin həyəcanlanmasının səbəbləridir. Çünki bu cür istəkləri olan insan onlara çox əhəmiyyət verir və bu şeylərin mövqeyi onun qəlbində böyükdür. Əgər bunlardan biri ilə bağlı onun qəlbində bir balaca maneə, narahatçılıq yaranarsa, yaxud maneəyə ehtimal verərsə tez qəzəblənər, cuşə gələr, fəryad qoparar və öz nəfsinə hakim ola bilməz. Amma istəyi o qədər də şiddətli olmasa, bu şeylərə əhəmiyyət verməz. Nəfsin sakitliyi və məqam sevgisini, heysiyyəti və onun başqa qisimlərini tərk etməklə hasil olan aramlıq və təmkin nəfsi ədalətə qarşı çıxmağa qoymaz. İnsan bu zaman heç bir çətinlik olmadan istəklər qarşısında səbir edir, müqavimət göstərir və onun səbir cilovu qırılmır. Əgər dünya sevgisi onun qəlbindən silinib atılarsa, həmçinin bütün pisliklər də qəlbindən çıxar və onun yerini əxlaqi gözəlliklər alar. Başqa biri də budur ki, insan, qəzəbi və ən böyük pisliklər, rəzilətlər olan onun mənfi nəticələrini nadanlıq üzündən özünün gözəl müsbət keyfiyyətləri hesab etsin. Necə ki, bir qrup yolunu azmış adamlar bu kimi şeyləri comərdlik, şücaət, igidlik, böyüklük bilir, özlərini tərif edir və möminlərin ən böyük xüsusiyyətlərindən olan şücaəti bu mənfi sifətlə səhv salırlar.

Ayətullah Məkarim Şirazi bu haqda yazır: Şücaətin mənşəyi nəfsin qüvvəti, onun aramlığı, mötədilliyi, imanı, dünya zinətləri ilə daha az məşğul olmasıdır. Amma qəzəb nəfsin zəifliyindən, imanın süstlüyündən, orqanizmin qeyri-mötədilliyindən, dünya məhəbbətindən, dünyəvi ləzzətlərinin əldən çıxmasından qorxmaqdan irəli gəlir. Qəzəbin təsirlərinə gəldikdə: qəzəbli şəxs qəzəbin şiddətli və sürətli halında öz başına buraxılmış dəlilər kimi olar, heyvanlar kimi vəhşiləşər, nəticəsini düşünmədən, heç bir qayda-qanun və ağılın hökmü olmadan həmlə edər. Ondan pis işlər törəyər, öz dilinə, əl-ayağına və digər əzalarına sahib ola bilməz. Göz, dodaq və ağzını pis şəkilə salar, hansı ki, bu zaman onun əlində güzgü olsa, özünün sifətinin çirkinliyindən utanar, xəcalət çəkər.” Belə adamlardan bəziləri şüursuz heyvanlara, hətta cansız əşyalara da qəzəblənərlər. Əgər hava, yer, qar, külək, yağış və digər hadisələr onların istəyinin əksinə hərəkət etsə, onları söyərlər. Bəzən qələmə, kitaba, stəkana əsəbiləşərlər, onları bir-birinə vurar, sındırarlar. Amma, bütün bu deyilənlər şücaətli adamın istəyinin ziddinə olarsa, o, ağıl tərəzisi, qayda-qanunu, nəfsin təmkini əsasında hərəkət edər. Yerli-yerində qəzəblənər və yerli-yerində səbir göstərər, mülayim olar. Hər şey onu qəzəbləndirməz. Qəzəbləndiyi zaman da kontroldan tamamilə çıxmaz. Ağılla intiqam alar, kimdən intiqam alacağını, hansı həddə, hansı keyfiyyətdə olacağını, kimi bağışlayacağını, kimə güzəştə gedəcəyini, rəhm edəcəyini bilər və qəzəbləndiyi zaman elə reaksiya göstərər ki, axırda peşiman olmaz. Qəzəbli şəxs düşünür ki, öz qəzəbi vasitəsilə izzət əldə edir və bu əməllə öyünür, amma izzət peşmançılıq və üzr istəmək zilləti ilə müqayisə oluna bilməyəcək dərəcədədir.

XÜLASƏ

Kobudluq, kobud reaksiya və qəzəb çoxumuzun qəzəbləndiyimiz zaman göstərdiyimiz bir instinktdir. Qəzəb xətər, təhdid zamanı təbii əksül-əməldir ki, çıxılmaz şəraitlərdə özümüzü müdafiə etmək üçün bizə imkan yaradır. Buna görə də qəzəb insanların yaşaması üçün zəruri və lazımdır. Helm ali insani fəzilətlərdəndir. O, həyəcanların balanslaşdırılmasından, təhrikedici səbəblərin müqabilindəki müqavimətdən qaynaqlanır və insanın ruhunun və beyninin inkişafının bariz nişanələrindəndir. İntiqam hissinin alovlanmasının qarşısını almaqdan qaynaqlanan həyəcanlandırıcı amillər qarşısında təqva (özünü saxlama) və müqavimət göstərmək yüngül ağılları və ruhiyyələri qərarsızlığa, tərəddüdə salan sövqedici amillər müqabilində ruhun möhkəmliyini göstərir. Bu böyük fəzilət hadisələr zamanı səbir etməyin, dözməyin mənşəyidir və dəyər baxımından ona çatan fəzilət çox azdır. Qəzəbi əsaslı şəkildə müalicə etmək üçün həmçinin qəzəbin köklərini axtarmaq və onunla mübarəzi aparmaq lazımdır. Bəzən ücb (özünü bəyənmə), fəxr etmək, təkəbbür, inadkarlıq, zarafat və s. qəzəbin kökü olur.

Aqil Islam
İstifadə olunmuş mənbələr:

“Nəhcül-Bəlağə”,
“Vəsailüş-Şiə”, c. 11, s. 416.
“Əl-Muhcətül-Beyza”, c. 5, s. 303.
“Hikməte Üsuli Siyasi İslam”, Məhəmməd Təqi Cəfəri, s. 422.
“Nəhcül-Bəlağənin Tarixi Baxışı”, Yəqub Cəfəri, s. 98.
“Nəhcül-Bəlağədə Əxlaq”, Məkarim Şirazi, c. 2, s. 407.

1. Həmin yerdə, 174-cü xütbə.
2. “Vəsailüş-Şiə”, c. 11, s. 416.
3. “Əl-Muhcətül-Beyza”, c. 5, s. 303.
4. “Nəhcül-Bəlağə”, 130-cu xütbə.
5. “Hikməte Üsuli Siyasi İslam”, Məhəmməd Təqi Cəfəri, s. 422.
6. “Nəhcül-Bəlağənin Tarixi Baxışı”, Yəqub Cəfəri, s. 98.
7. “Həhcül-Bəlağə”, 90-cı xütbə.
8. Həmin yerdə, 53-cü məktub.
9. Həmin yerdə, 56-cı xütbə.
10. “Nəhcül-Bəlağənin Tarixi Baxışı”, Yəqub Cəfəri, s. 99.
11. “Nəhcül-Bəlağə”, 69-cu məktub.
12. Həmin yerdə, 76-cı məktub.
13. Həmin yerdə, 255-ci hikmət.
14. Həmin yerdə.
15. “Nəhcül-Bəlağədə Əxlaq”, Məkarim Şirazi, c. 2, s. 407.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir