İlahiyyat elmləri doktoru
Dr. Nicat Yəhyazadə
İslam dini insan həyatının bütün sahələrinə cavab verə biləcək bir dindir. Bu sahələr insanın fərdi və ictimai həyat tərzini özündə ehtiva edir. Quranla yanaşı məsumların kəlamları da, insan həyatının bir çox sahələrində yaranan sualları cavablandırır. Məsumlar kamil insanlar olduğuna görə, digər insanları da kamillik yoluna dəvət etmişlər. Buna görə də İslami hədislərdə övladların hüquqlarına xüsusi diqqət yetirilmişdir. Bu isə onların üstün dəyərə malik olmasını çatdırır.
Məsum imamların (ə) danışıq və əməllərində övladların hüquqları ilə bağlı açıqladıqları saysız nümunələr, hədis mənbələrində mövcuddur. Hətta, övlad dünyaya gəlməmişdən öncə onlar üçün məsələn, ləyaqətli ananın seçilməsi, dölün qorunması, həmçinin, övlad doğulduqdan sonra, onun qulağına azan və iqamənin oxunması, əqiqə (qurban) kəsilməsi və sairə kimi hüquqlar da nəzərdə tutulmuşdur. Hazırda onların bəzilərini araşdırırıq:
Birinci hədis:
Peyğəmbər (s) belə buyurur: “Övladın ata üzərindəki hüququ üç şeydir: Ona yaxşı ad seçsin, ona yazmağı öyrətsin və həddi-büluğa çatdıqda, onu evləndirsin.” (Məclisi, “Biharul-ənvar”, c. 101, səh. 92)
İkinci hədis:
İmam Əli (ə) buyurub: “Övladın ata üzərindəki haqqı budur ki, ona yaxşı ad qoysun, onu yaxşı tərbiyə etsin və ona Quranı öyrətsin.” (İbn Əbil-Hədid, “Nəhcül-bəlağənin şərhi”, c. 19, səh. 365)
Üçüncü hədis:
İmam Zeynul-abidindən (ə) nəql olunan hədisə əsasən övladın valideynin öhdəsində olan üç hüququ bunlardan ibarətdir:
Övlada düzgün tərbiyə vermək və onu gözəl şəkildə ədəbləndirmək; övladı Allaha doğru yönəltmək; və övlada Allaha itaət etməkdə yardım etmək. (Hərrani, “Tuhəful-Uqul”, səh. 263)
Bu üç hədisdən övladlarla bağlı altı önəmli haqqın olduğu anlaşılır
1. Övladlar üçün gözəl adlar seçmək
İnsan ictimai varlıq olduğundan onun cəmiyyətdə özünü doğrultması və nailiyyət qazanmasında, övlad üçün valideynlər tərəfindən gözəl və münasib bir adın seçilməsi olduqca əhəmiyyət kəsb edir. Lakin təəssüflər olsun ki, bir çox hallarda valideynlər bu məsələyə diqqət etmir, öz övladları üçün mənasız və xoşagəlməz adlar seçirlər. Bu məsələ keçmişdə olduğu kimi, indi də bəzi ailələrdə gündəmdədir. Bəzən mənasız və xoşagəlməz adlar, hər hansı bir yerdə o cümlədən, məktəbdə, iş yerində, kollektiv arasında, hətta ailədə belə müxtəlif psixoloji narahatçılıqların yaranmasına səbəb olur.
2. Onlara yazmağı öyrətmək
İslam dini elmə və elm öyrənən kəsə olduqca dəyər verir. Bu isə həqiqətdə Allahın insana verdiyi dəyər və yüksək qiymətin nümunəsidir. Çünki insan həyatında elm ona su və hava kimi lazımdır. Elmli olmağın əsas yollarından biri isə, onu yazmaqdır. Məhz buna görə də övlad hüquqlarından biri, övlada elm öyrətmək və ona təhsil verməkdir. Lakin valideynlər bu məsələdə bunu da nəzərə almalıdırlar ki, övlada elm və təhsil verməkdə ifrat və təfritə yol verməsinlər. Yəni hər sahədə olduğu kimi elm öyrətməkdə də orta yolu seçmək lazımdır. İlk növbədə elmi onlara sevdirmək və elmin dünya və axirətdəki faydaları barədə onları məlumatlandırmaq tövsiyə olunur. Sonra isə övladların yaş və qavramaq səviyyəsinə əsasən onlara elm öyrədilməlidir. Əks təqdirdə bu iş acı nəticələrlə sona çata bilər.
3. Ailə qurmaqda onlara yardım etmək:
İslamda ailə qurmaq olduqca dəyərli əməllərdən sayılır. Quran ayələri və məsumların kəlamları da bu məsələni daim gündəmdə saxlamış və onun həyata keçməsi üçün təkid etmişlər. Bəzi cəmiyyətlərdə belə təsəvvür edilir ki, valideyn övladı yetkinlik yaşına qədər böyütməli və onu o vaxta qədər nəzarətdə saxlamalıdır. Halbuki övladın daim valideyn nəzarətinə və qayğısına ehtiyacı var. Xüsusi ilə də ailə qurmaq yaşına gəlib çatdıqda, valideynlərin öhdəsinə ağır məsuliyyət düşür.
Övlada Quran öyrətmək
Quran həyat proqramı və Allahın insanlar üçün göndərdiyi sonuncu səmavi kitabdır. Onu oxumaq və həyatda tətbiq etmək hər bir müsəlmana vacibdir. Hədisin məzmununa əsasən valideyn ilk növbədə özü Quran oxumağı bilməli və bacardığı qədər onun göstərişlərinə əməl etməlidir. Belə olduqda öz övladına da Quranı çətinlik çəkmədən öyrədə biləcək və Quranın əmrlərinə əməl etməkdə övladına yaxşı nümunə olacaq. Müasir dövrümüzdə bir çox valideynlər müxtəlif xarici dilləri, min cür zəhmətə qatlaşmaqla övladlarına öyrədirlər və bu yolda bütün səylərini əsirgəmirlər. Lakin Quranı özləri onlara öyrətməkdə və yaxud bu iş üçün müəllim tutmaqdə səhlənkarlıq edirlər.
Övladları yaxşı tərbiyə etmək
Valideynin övladına nisbət ən mühüm məsuliyyətlərindən biri də ona düzgün tərbiyə verməkdir. Övlada təhsil vermək ona bir qanad vermək deməkdir. Lakin onun müvəffəq olaraq təkamül yolunda uca zirvələri fəth etməsi və insanlığın ən pik nöqtəsinə nail olması üçün, elmdən savayı, ikinci qanad yəni övlada tərbiyə vermək və onun mənəviyyatını saflaşdırmaq olduqca mühümdür. Bəzən bu sahədə də ifrat və təfritə yol verilir. Övlada valideyn tərəfindən ancaq təhsil verilir, özü də çox yüksək səviyyədə. Amma tərbiyədən və mənəviyyatdan əsər-əlamət yoxdur. Bu isə cəmiyyətdə bir çox fəsadların ortaya çıxması üçün ən mühüm faktor kimi qiymətləndirilə bilər.
Allaha tərəf yönəltmək və Allaha itaət etməkdə ona yardımçı olamaq
İnsanın yaradılışında ən üstün məqsəd onun öz yaradanını tanıması yəni Ona mərifət bəsləməsi və bəndəlik yolunda yalnız Ona itaət etməsidir. Elə bütün səmavi kitabların və ilahi elçilərin də gəlişinin əsas amalı budur. Valideyn öz övladına bu məsələnin mahiyyətini düzgün çatdırmalıdır. O da bundan ibarətdir ki, insan Allah ilə öz münasibətini düzəltmədikcə, Onun yaratdıqları ilə münasibətini əsla düzəldə bilməz. Bu isə insanın fərdi və ictimai həyatında təzahür edən bir məsələdir. Allahla bəndəlik münasibəti pozularsa, ata-ana, qardaş-bacı, həyat yoldaşı, övladlar, qohumlar və dostlar ilə də münasibətdə ciddi münaqişələr yaranar. Allahın Rəsulu (s) öz övladına düzgün yol göstərən və ona Allaha itaət etmək üçün yardım edən valideyn barədə buyurmuşdur: “Övladına düzgün yol göstərən və yaxşı işlərdə yardım edən ataya, Allahın rəhməti olsun.” (Nuri, “Mustədrəkul-vəsail və mustənbitul-məsail”, c. 15, səh. 168)
Deməli məsumların kəlamlarına əsasən, valideynlər ilk növbədə öz övladlarının hüquqlarını tanımalı və onları həyata keçirməkdə əllərindən gələni əsirgəməməlidirlər. Bu isə onların sağlam və saleh şəkildə böyüməsi üçün lazım olan ən mühüm amillərdən biridir.