Ruzisindən razı qalanların və narazı olanların aqibəti nədir ?

Allah-Taala bütün gizlində və aşkarda olan mövcudları elm və hikmət, ədl və rəhməti ilə yaratmış, hər birinə yer verib, ruzisini öhdəsinə götürmüşdür. Çalışıb fəaliyyət göstərən insan onun üçün müəyyən olunmuş ruziyə çatır. «Hud» surəsinin 6-cı ayəsində buyurulur: «Allah yer üzərində olan bütün canlıların ruzisini öhdəsinə götürmüşdür.»

İmam Həsən (ə) buyurur: «Ruzi payından narazı qalan, məqamını kiçik hesab edən şəxs necə mömindir?!» («Mizanul-hikmət», c.5, hədis 2090.)

Peyğəmbər (s) buyurur: «Cəbraildən soruşdum ki, riza nədir?» Cəbrail dedi: «Razı o şəxsdir ki, qismətinə bir şey düşsə də, düşməsə də öz ağasına qəzəblənməz, özünün az əməlindən razı qalmaz.»
(«Biharul-ənvar», c.66, səh.373.)

İmam Sadiq (ə) buyurur: «Əgər Allahın sənə nəsib etdiyi ruzidən razı qalsan, ehtiyacsız olarsan.»
(«Xisal», c.1, səh.169.)

«Allahın öz məsləhəti ilə ayırdığı ruzi payından narazı qalan şəxs Allahın hökm və tədbirini müttəhim etmişdir.» («Biharul-ənvar», c.75, səh.201.)

İmam Əli (ə) buyurur: «Allahın ayırdığı ruzi payından razı olan şəxsin cismi rahatlanar.»
(«Biharul-ənvar», c.68, səh.139.)

İmam Əlidən (ə) «Nəhl» surəsinin 97-ci ayəsi haqqında soruşulduqda, Həzrət (ə) «təyyibə (pak) həyat qənaətdir» – deyə buyurdu və əlavə etdi: «Hərislikdən qənaətlə intiqam al…» («Qurərul-hikəm», səh.391.)

Əhli-beyt (ə) maarifinə əsasən, hərislik və tamah halal ruzini artırmır. Əksinə insanı harama düçar edir. Haram isə öz növbəsində imanı süstləşdirir, əxlaqı puça çıxarır, dünya və axirətdə çətinliklər yaradır. Halal ruziyə qane olmaq insanın dünya və axirət səadətini təmin edən tükənməz xəzinədir.

Allahın Rəsulu (s) buyurur: «Ümmətimin yaxşıları qane, pisləri isə tamahkarlardır.»
(«Kənzul-ummal», 7095.)

İmam Baqir (ə) buyurur: «Əli (ə) xurmanın ən pisini yeyər, üstündən su içib deyərdi: «Hər kəsi qarını cəhənnəmə aparsa, onu Allah öz rəhmətindən uzaqlaşdırmışdır.» («Kənzul-ummal», 8741.)

İmam Baqir (ə) və İmam Sadiq (ə) buyururlar: «Xalqın ən ehtiyacsızı Allahın verdiyi ruziyə qane olanlardır.» («Kafi» c.2, səh.139.)

Həzrət Sadiq (ə) buyurur: «Allahın nəsib etdiyi ruziyə qane ol, başqalarının əlində olandan gözünü çək, xalqın malına tamah salma, gücün çatmayanı arzu etmə. Şəksiz ki, qane olan şəxs doydu, qane olmayan isə ac qaldı.» (“Kumeyl duasının şərhi”, Ustad Hüseyn Ənsarian, səh.157-162.)

Giam

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi