İmam Əlinin (s) nəzərində elm əldə etməyin beş mühüm yolu

İmam Əli (ə) özünün mübarək kəlamlarının birində elm əldə etməyin ən mühüm yollarını qeyd edir. Belə ki, İmam (ə) buyurur: “Elm və bilik yanlız bu beş yolla ələ gəlir:”

Birincisi: Çoxlu sual verməklə və soruşmaqla.

Ümumi olaraq elm əldə etməyin ən mühüm vasitəsi sual vermək və soruşmaqdır. Belə ki, dini rəvayətlərə əsasən sual vermək elmin və biliyin açarı, bilik xəzinəsinin kilididir. Müqəddəs Qurani-Kərimin ən mühüm gösərişi də məhz sual vermək, bilmədiklərimizi bilik əhlindən “bilmədiklərinizi zikr əhlindən soruşun” öyrənməyimizi tələb etməsi olmuşdur. Buna görə, insan zehnində yaranan bütün şəkk-şübhəni aradan qaldırmaq üçün yaranan şübhənin qaynağını tapıb, həmin sahənin mütəxəssisindən saul verib həmin məsələni soruşmaq mümkündür. Buna görə də, sağlam düşüncənin formalaşması üçün də, məhz mütəxəssisə müraciə etmək, bilik sahiblərinin sinələrində olan dərin bilikləri əxz etməklə mümkündür. Dərin biliklərə yetişmək üçün ən mühüm vasitə məhz sual veməklə mümkündür. Eyni zamanda sual vermək bir insanın düşüncə səviyyəsini, ağlının və zehninin necə işlədiyini göstərir. Beləliklə, sual-cavab yeni düşüncələrin, yeni biliklərin, gizli qalan məsələlərin işıq üzü görməsinə səbəb olur. digər bir ibarə ilə, düşüncəli sual və düşüncəli cavab yeni biliklərin zühur etməsinə səbəb olur. Buna görə, elmi həyat məhz belə dərin sual-cavab vasitəsi ilə öz təravətini qoruyur.

İkincisi: Çoxlu səy, təlaş və çalışmaqla

Elmi və bilikləri əldə etməyin ikinci mühüm amili, çoxlu çalışmaq və səy göstərməkdir. Beləliklə, tarixi müşahidə etdikdə elmin zirvələrini fəth edib, adlarını elm tarixinə qızıl hərflərlə yazan şəxslərin həyatları boyu qazandıqları bütün bu uğurları məhz gecə gündüz çalışmaları, dayanmadan səy göstərmələrində görə bilərik. İslam dininin insanlara və bəşəriyyətə ən mühüm göstərişi insanları çox çalışmağa və hər bir işdə ( istər bilik əldə etmək  olsun istər digər məişət işlərində ) səy göstərməyi tapşırmaq olmuşdur. Buna görə də, Qurani-Kərim məhz bu məsələnin önəmini xatırladaraq insanları öz səy və təlaşlarından başqa heç bir vasitə ilə böyük naliyyətlərə çatmayacaqlarını xatırlatmışıdır. “İnsana anacq öz səyi qalacaq” Buna görə bilik əldə etmək istəyən şəxs öz vaxtının qədrini bilməli və dayanmadan çalışmalıdır.  

Üçüncü: Əməl və rəftarın paklığı ilə

Ümumiyyətlə insanın mənəvi cəhətdən tərəqqi və inkişafına səbəb olan ən mühüm amil, onun yiyələndiyi biliklərə əməl etməsi, gözəl əxlaqi davranışlara sahib olması, pak əməl və ixlasa sahib olmasıdır. İnsanın mənəvi saflığı və rəftarının ixlaslı olması onun biliklərinin daha da möhkəmlənməsi və artmasına səbəb olur. İnsanın biliklərinə əməl etməsi onun həyatında düzdanışan, əmanətdarlıq, mehriban, xeyirxah və ağıllı olması ilə ölçülür. İnsan nə qədər üstün insani keyfiyyətlərə sahib olarsa, elmi və bilikləri də bir  qədər möhkəm olub, insana faydası daha çox olar. Mənfi xüsusiyyətə sahib olan kəsin əməli və elminin heç bir faydası olmayacaqdır. Buna görə də, rəftar və əməlin mükəmməl olması, mənəvi saflıq və insani keyfiyyətlərin üstün mərtəbəsi insanın sahib olduğu biliklərdən aldığı faydasını göstərir. Digər bir ibarə ilə, insanın sahib olduğu biliklər və məlumatlar onun xarakterini və şəxsiyyətini formalaşdırır. İnsan nə qədər üstün və fəzilətli biliklərə sahib olub, onlara əməl edərsə, bir o qədər insani keyfiyyətə sahib olar və mənəvi dərəcəsi daha da ucalar. Təsadüfi deyil ki, psixologiya elmində məlumatların və biliklərin şəxsiyyət və xarakterin formalaşmasında rolu əvəz edilməzliyi təkidlə vurğulanmışdır. Qurani-Kərim də məhz bu nüansa diqqət edərək, insanların qəbul etdiyi qidalara fikir vermələrini tapşırmışdır. “İnsan qidasına baxsın” İmam Sadiq (ə) bu qeyd olunan ayə ilə bağlı mübarək kəlamlarının birində[1] insanın öz bilik və məlumatlarının haradan əldə etdiyinə fikir verməsini və onları kimdən əxz etdiyinə diqqət yetirməsini vurğulamışdır. Buradan anlaşılır ki, qeyd olunan mübarək ayədə adı keçən qidadan məqsəd zahiri təam olmaqla bərabər insanların qəbul etdiyi bilik və məlumatlardır. Buna görə halal qidanın insanın ruh və xasiyyətində təsiri olması kimi, eyni zamanda onun xarakter və keyfiyyətlərində də rolu danılmazdır.

Dördüncü: Müəllim və ustadların xidmətində olmaq

İnsan ruhunun ən gözəl təcəllisi onun elm və biliyə sahib olması ilə zühur edir. Alim günəş, işıq, parıldayan gövhərə, nadan və məlumatsız insan isə zülmətə bənzəyir. Varlığ aləminin sirlərinə vaqif olmadan, kainatın nizam-intizamını bilmədən, insanın yaradılış sisteminin dərinliklərindən xəbəri olmadan yaşayan, eyni zamanda keçmiş millət və qövmlərin keçdiyi tarixi mərhələ və hadisələri araşdırmadan yaşayan insan təbii ki, öz daxili aləmini və mənəvi dünyasını işıqlandıra bilməz.  İslam Peyğəmbəri (s) şəxsən özü elmi yaymaqla ciddi məşğul olar, insanın səadət və xoşbəxtliyini ancaq elm və bilik vasitəsi ilə mümkün olduğunu bildirərdi. Qurani-Kərim bu mətləbə dəlalət edən özünün dərin məzmunlu, eyni zamanda şəffaf ayəsində buyurur: “Allah iman gətirənlərin və elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaldır”.

İmam Baqir (ə) buyurur: “Elmindən istifadə edən alim yetmiş min abiddən üstündür”.

İslam dini dünyagörüşündə insanın şəxsiyyəti onun elmi ilə müəyyən olunur, və şəxsiyyətin formalaşması da məhz elm və bilik vasitəsi ilə mümkün olur. İslam Peyğəmbərinin (s) mübarək kəlamına əsasən  elmi çox olanın dəyəri də daha çoxdur. Hər bir insanın mənəvi kamilliyi, mənəvi təkamülü onun müəllimindən daha çox aslıdır. Təsadüfi deyil ki, İslam dinində müəllimin dəyəri olduqca əhəmiyyətli və dəyərli olaraq bildirilmişdir. Müəllim insanın kamilləşməsi və elm yolunu qət etməsində insana yardımcı olan ən mühüm vasitə hesab olunur. Buna görə də, müəllimsiz hər hansısa bir biliyə sahib olmaq mümkün deyil. Bu səbəbə görə, müəllimin dəyərini bilmək və müəllimin xidmətində olmaq olduqca əhəmiyyət kəsb edir. Hz. Əli (ə) özünün mübarək kəlamlarının birində buyurur: “Mənə bir şey öyrədən şəxs məni özünə qul etmişdir.”
Şagird və tələbə müəllimin təyin etdiyi qayda-qanunlara tabe olmalıdır. Tələbənin boynunda olan haqqı budur ki, müəllimi dünyadan köçdükdən sonra ona dua etsin və onun üçün dünya və axirət xeyirini istəsin. Eyni zamanda müəllim də öz növbəsində tələbəni sadəcə bilikləndirməklə kifayətlənməməlidir, şagirdin təlim-tərbiyəsinə də ciddi yanaşmalıdır. Cəmiyyətdə sağlam şəxsiyyətlərin formalaşması da məhz bu vasitə ilə mümkündür.

Beşinci: Cəlal sahibindən (Allahdan)  yardım diləməklə

Misilsiz, uca, varlığ aləminin sahibi, ən dərin düşüncələrin belə Onun işlərini dərk etməkdə aciz qaldığı mükəmməl olan Uca Allah insanların bütün ehtiyaclarını ödəməyə malikdir. Buna görə də hər bir insan bütün hər bir şeyini sadəcə  Ondan istəməli və Ondan başqasına üz tutmamalıdırlar, çünki hər kəs Allaha möhtacdır. Buna görə, dərhal haqq qapısına üz tuta bilən adamın qulunun evinin qapısını döyməsi hikmətli deyil. “Yalnız sənə ibadət edir, və yalnız səndən kömək diləyirik”. İmam Səccad (ə) buyurur: “Allahdan başqa heç kəsdən heç bir şey tələb etməyin, Əgər Allah sizə istədiyinizi verərsə, minnət etməz ikram edər, əgər istədiyinizi verməsə sizin üçün xeyir və bərəkət təyin etdiyi üçündür.”
Məhz bunun üçün insan öz maddi və mənəvi ehtiyacını sadəcə Uca Allahdan istəməlidir. Elm yolunda addımlayan hər bir insan elmin dərinliklərinə baş vurmaq, elm xəzinəsinə sahib olmaq üçün, elm xəzinəsinin sahibinə müraciət etməli, bu gizli xəzinənin dərinliklərini məhz xəzinə sahibindən əxz etməlidir. Təbiidir ki, elmin xəzinələrinin açarı Allahın əlindədir. Buna görə də, elm əldə etmək, elmin dərinliklərinə baş vurmaq üçün mütləq Allahın hikmətli qapısına müraciət etmək lazımdır. Qurani-Kərim özünün mübarək kəlamlarında bu barədə buyurur:

“Qeybin açarları Allahın yanındadır. Ondan başqası onları bilə bilməz. O, quruda və dənizdə nə varsa, hamısını bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqları içindəki toxum və yaş-quru nə varsa, hamısı açıq-aydın bir kitabdadır (lövhi-məhfuzdadır). (Göylərdə və yerdə insanların kəşf edə bilmədiyi neçə-neçə xəzinələr və nemətlər vardır ki, Allah onları bilir. Allah bu xəzinələri dilədiyi kimsələrin istifadəsinə verər. Çox ehtimal ki, qeybin açarları ifadəsi ilə sözügedən xəzinələr nəzərdə tutulmuşdur. Eyni zamanda axirət yurdu da qeyb sayılır və onu insanlar bilə bilməz.)”

“Ey iman əhli! Əgər təqvalı olsanız Allah sizə (haqqı batildən fərqləndirən nur) furqan verər.” Yə’ni Allah sizə səadətlə bədbəxtçilik, mənafe ilə zərəri ayırd edə biləsiniz deyə, bəsirət gözü verər.

Başqa ayədə buyurulur: “Təqvalı olun ki, sizə elm əta etsin, Allah hər bir şeyi biləndir.”

Qur’anın bütün insanlar üçün nazil olmasına baxmayaraq, onunla yalnız müttəqilər hidayət olunur və öyüd-nəsihət alırlar. Buna görə də buyurulur: “Qur’an camaat üçün bir xəbərdarlıq, təqva əhli üçün isə hidayət və öyüd-nəsihətdir.”

Aqil İslam

İstifadə olunmuş mənbələr
Qurani-Kərim
Cavadi Amuli, Təsnim, c. 6. Səh, 67
Cə`fər Subhani, Mənşuri-Cavid, c. 12. Səh, 133
Təfsiri Burhan, c. 4. S. 429
Ən`am, ayə 59.

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi