KOVSƏR SURƏSİ
Səmavi kitabımız olan Qurani-Kərimdə ən kiçik surə olan “Əl-Kövsər” surəsi Həzrəti-Fatimeyi-Zəhranın (s.ə.) barəsində nazil olmuşdur. Quranın 108-ci surəsidir, 3 ayədən ibarətdir. Bu surə Məkkədə nazil olub, ona görə də Məkkə surələrindən sayılır. Bu surəni oxumağın savabı və fəziləti barədə İslam Peyğəmbəri Həzrəti-Mühəmməd (s) buyurub. “Bu surəni oxuyan hər kəsi Xudavəndi-Aləm behişt bulaqlarının suyundan sirab edəcəkdir. Allah bəndələrinin bayram günü kəsdikləri qurbanların sayı qədər ona əcr veriləcəkdir.”
“Kövsər” sözü “Kəsrət” (çoxlu) sözündən götürülmüşdür və çoxlu xeyir-bərəkət mənasını verir.
“Məcməül-bəyan” kitabının müəllifi (c. 10, səh. 549) yazır: “Kövsər” sözünün mənası “Çoxlu xeyir”dir. “Təfsiri-Müstənəd” müəllifi yazır: “Kovsər” dedikdə, çoxlu xeyir olan Xanım Fatimeyi-Zəhra (s.ə.) və onun övladları nəzərdə tutulmuşdur ki, həm kəmiyyətcə, həm də keyfiyyətcə böyük xeyirdir və Yer üzünün zinətləridir. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-təala mənim nəslimə yer üzündə zinət vermişdir və mənim nəslim Əli (ə), Fatimə (s.ə.), Həsən (ə), Hüseyn (ə) və onların övladlarıdır”.
Əhli sünnə alimlərindən olan Fəxri Razi öz təfsirində yazır: “Kövsər” Peyğəmbərin (s) övladlarıdır. Ona görə ki, bu surə həzrəti övladı olmadığı üçün məzəmmət etdikləri zaman nazil olmuşdur. Onun mənası budur ki, Allah-taala həzrətə həmişə davam edəcək bir nəsil verəcəkdir. Görün Əhli-beytdən (ə) nə qədər kəslər öldürülmüşdür, lakin bununla belə aləm onların varlığı ilə doludur. Amma Bəni-Üməyyədən nəzərə çarpacaq kimsə qalmamışdır.
Təthir ayəsi:
اِنَّما يُريدُ اللَّه لِيُذْهِبَ عَنْكُم الرِّجسَ اَهلَ البَيت وَيُطَهِّرَكُمْ تَطْهِيراً Ümmü Sələmə deyir: “Bu ayə nazil olduğu zaman, Peyğəmbər (s) Əlini (ə), Fatiməni (ə), Həsən (ə) və Hüseyni (ə) yanına çağırıb buyurdu: “Bunlar mənim Əhli-beytimdir.””
Məvəddət ayəsi:
قُلْ لا أَسأَلُكُمْ عَلَيهِ أَجراً اِلَّا الْمَوَدَّةَ فِى الْقُربى
“(Ey mənim rəsulum!) de: “Mən sizdən peyğəmbərliyimin əvəzində qohumlarıma (Əhli-beytimə) sevgidən başqa bir muzd istəmirəm.””
Süyuti İbn Abbasdan belə rəvayət edir: “Bu ayə Peyğəmbərə (s) nazil olduqda, səhabələr dedilər: “Ey Allahın Rəsulu (s)! Məhəbbət göstərməyi bizə vacib edilən yaxınlarınız kimlərdir?” Peyğəmbər (s) buyurdu: “Əli, Fatimə və onun iki övladı!””
Qeyd etməliyik ki, digər məsum imamların adı kimi Həzrət Fatimənin (s) adı da Quranda aşkar şəkildə keçməyib. Amma Peyğəmbər, Əhli-Beyt və səhabələrdən rəvayət edilən çoxsaylı hədislərdə Kövsər surəsinin və Quranın 67 surəsində 135-dək ayənin Həzrət Zəhra (s) ilə bağlı olduğuna işarələr edilib. Bəzən ayələrin şəni-nüzulu, bəzən təvili, bəzən tətbiqi və təfsiri Həzrət Zəhraya (s) aid edilib.
Qurani-Kərimin Kövsər surəsinin, Təthir, Mübahilə və Nəzr ayələri kimi ayələrin Həzrət Fatimə (s) barədə olması müfəssir və mühəddislər arasında daha məşhurdur.”
GİAM