Tanınmış zahid Həsən Bəsri deyir: “İslam ümməti arasında heç kim ibadətdə Fatimənin (s.ə) misli ola bilməz. O xanım ayaqları qabar olana qədər ibadət edərdi”. Peyğəmbər (s) Fatiməyə (s.ə) buyurdu: “Qadın üçün ən yaxşı şey nədir?” Fatimə (s.ə) cavab verdi: “Naməhrəm kişiyə baxmaya və naməhrəm də onu görməyə”. Peyğəmbər (s) bu sözü eşitcək, Fatiməni (s.ə) bağrına basdı və bu ayəni oxudu: “Zürriyyətən bə zuhə əla bəzin” – “Onlar bir-birindən tutulmuş övladlardır (Ali-İmran, 34-cü ayə).
Həzrəti-İmam Həsəndən (ə) belə nəql edilmişdir: “Anam Fatimə (s.ə) bir cümə gecəsini səhərə qədər ibadətlə – rüku və səcdə halında keçirdi, sonra mömin və möminələrin adlarını zikr edərək onlar üçün (Allaha) dua etdi.
Amma, özü üçün heç bir dəfə də olsun dua etmədi. Soruşdum: “Ana, nə üçün başqalarına dua etdiyin kimi özünə də dua etmirsən?” Belə cavab verdi: “Oğlum, əvvəl qonşular, sonra özümüz”. Bir qadın Xanım Fatimənin (s.ə) yanına gəlib dedi: “Mənim bir zəif anam vardır ki, namazın bəzi məsələlərini bilmir. Məni sizin yanınıza göndərib ki, məsələləri sizdən öyrənəm”. Həzrəti-Fatimə (s.ə) o qadının bütün suallarına cavab verdi. Beləliklə, o qadın on sual soruşdu və hamısının da cavabını aldı. O qadın çox sual soruşduğundan utanıb dedi: “Ey Allah rəsulunun (s) qızı, bundan artıq sizə zəhmət vermirəm.” Həzrəti-Fatimə (s.ə) buyurdu: “Ağır bir yükü yerdən damın üstünə qaldırmaq üçün günü yüz min misqal muzd alan bir kəs yorğunluq hiss edərmi?” O qadın “yox” dedikdə Həzrəti-Fatimə (s.ə) buyurdu: “Mən də Allah tərəfindən sənin hər bir sualına cavab vermək üçün əsir olmuşam. Buna görə də mənə yerlə göy arası qədər mirvari muzd versələr də sənin suallarına verdiyim cavabların muzdundan az olacaqdır. Mən isə yorğunluğa məğlub olası deyiləm”. Mərhum Şeyx Səduq nəql edir ki, Fatimə (s.ə) buyurdu: “Rəsuli-Əkrəmdən (s) eşitdim ki, cümə günündə elə bir saat vardır ki, əgər bir müsəlman Allahdan bir şey istəyə, hökmən Allah-təala onun istədiyini verər”. Soruşdum: “O hansı saatdır?” Cavab verdi ki, günəşin yarısı üfüqdə batıb, yarısı qalan zaman”. Həzrəti-Fatimə (s.ə) öz qulamına buyurardı: “Yuxarı çıx, nə vaxt gördün günəşin yarısı batdı, mənə xəbər ver ki, dua edim”. Rəvayətdə nəql olunur ki, O Həzrət (s.ə) mehrabda dayanıb ibadət edən zaman onun nuru səma əhli üçün ulduz kimi parıldardı.
GİAM