“Asimanın parlaq ulduzu Fatimə” (s.ə)

İslam peyğəmbəri həzrət Rəsuli-Əkrəmin (s) əziz qızı xanım Fatimeyi Zəhranın (s.ə) şəhadətinin il dönümü günlərini yaşayırıq. İslam dünyasında, tarixdən bu yana belə əzəmətli bir qadının şəhadətindən bu günə qədər “Fatimə Günləri” adlandırılan bu günlər, bu əzəmətli bir qadının həyat hekayəsinə qısa, eyni zamanda son dərəcə zəngin və dəyərli həyatına nəzər salmaq üçün dəyərli fürsət sayılır.

Bu günlər Peyğəmbərimizin (s) pak nəslinin seyidlər nəslinin qaynağı, dünya və cənnət qadınlarının xanımı, nübuvvət (peyğəmbərlik) mərkəzində dünyaya gəlib boya-başa çatmış, vilayət (imamət) evində həyatını davam etdirən, ən ideal qadın, ən yaxşı həyat yoldaşı, ən yaxşı ana kimi qadının bütün fəaliyyətini əks etdirən əlamətləri özündə toplayan nümunəvi, ideal, məsum qadın xanım Fatimənin (s.ə) şəhadətinin il dönümü günləridir. Belə bir əzəməti bütün tarixin səhifələrinə yayılan bir qadının həyat hekayəsi təbii ki, istər kişi olsun istər qadın bütün müsəlman cəmiyyəti üçün böyük bir məktəbi və onun ideoloji prinsiplərini özündə ehtiva edir.
Xanım Zəhra (s.ə) sadəcə əziz İslam Peyğəmbərinin (s) qızı olmaqla deyil, öz mənəvi, əqli və elmi yöndən bir məktəb idi. Xanım Fatimeyi Zəhra (s.ə) İslam məktəbinin insan təcəssümü olması ilə bərabər, bütün bu ideoloji prinsiplərə sahib olan kamil bir qadın idi. Xanım Zəhranın (s.ə) elmi və mənəvi yönü onu digər bütün insanlardan fərqləndirən cəhəti olması ilə bərabər, əxlaqi səciyyələri və rəftarı da bir məktəb idi. İslamın ilkin çağlarında ilk Ərəbistan yarımadasında qadına verilən dəyər bütün tarixi səhifələrin bariz şahididir. İslam dini öz fundamental dəyərlərini cəmiyyətin canına və ruhuna nazil edərək, insanların heyvani yaşamından xilas edib, onları əqlani və mənəvi cəhətdən insanlığın ən möhtəşəm yönlərini də təqdim etdi. Məhz belə bir nümunə içərisində, qadını ən aşağı mərtəbədən qaldırıb, insanlığın ən yüksək pilləsində yerləşdirən din İslam oldu.
Xanım Zəhra (s.ə) islam dininin qadına verdiyi dəyərin təcəssümü, bir qadının hansı ali məqamalara yüksəlməsinin bariz göstəricisidir.
Bütün əqli və mənəvi kamilliklərə sahib olan belə bir xanım, sadəcə öz qısa həyatının olması ilə baxmayaraq, həyatı olduqca eniş-yoxuşlu, qısa ömrü böyük ibrətamiz, zəngin və əhatəli bir həyat səhifəsinə malik olmuşdur. Xanım Zəhra (s.ə) öz qısa amma zəngin həyat yolundan sadəcə İslamin erkən dövr qadınlarına deyil, əksinə XXI əsr qadın, bəlkə qadın və kişilər üçün olduqca əhəmiyyətli bir nümunədir. Belə bir əzəmətli bir qadının qısa həyat hekayəsi və yaşam fəlsəfəsi əxlaqi, elmi, ibrətamiz kəlamları, nümunəvi addımları, ailədə rolu, övlad tərbiyəsində olduqca ibrətamiz rəftarları ilə doludur.  

Bəşər cəmiyyətinə nümunə olan qadın

İslamın qadınların haqq və hüquqlarını qorumaq və onların tərəqqi etmələrini təmin etmək üçün bir çox qanun və proqramları vardır. Nümunəvi İslam qadınını tanımaq, onun gözəl əxlaqından ibrət götürmək üçün vəhy məktəbində təhsil alan İslam qadınlarını kamil bir şəkildə tanımaq və onların həyatının yolunu araşdırmaq lazımdır. Hz. Fatimə (s.ə.) şübhəsiz ki, bütün İslam qadınlarının başında yer almaqdadır, çünki o, atası məsum, həyat yoldaşı məsum və özü də məsum olan yeganə qadındır.
Fatimənin (s.ə) tərbiyə və yaşayış mühiti, ismət və məsumluq mühiti idi. Uşaqlıq illərini, İslamın ilk şəxsiyyətinin, yəni aləmlərin Rəbbi Allahın tərbiyəsi altında olan və Allah tərəfindən seçilmiş Peyğəmbərin (s) evində keçirmişdi. Ev işlərini yerinə yetirmə və uşaq tərbiyyə etmə dönəmini də İslamın ikinci şəxsiyyətinin, yəni Əli ibn Əbitalibin (s) evində keçirmişdi. Bu qısa müddət içərisində iki məsum şəxsi, yəni Həsən və Hüseyni (s) və iki qız övladı, yəni Zeynəb və Ümmügülsüm (s.ə) kimi şücaətli və fədakar qız övladlarını cəmiyyətə təqdim etmişdir. Belə bir evdə açıq şəkildə islami əxlaq və qanunların parlaq nəticələrini görmək və İslamın ideal və nümunəvi qadınını tapmaq mümkündür.

İlk İslami ailə

İslam dini zühur etdikdən dərhal sonra, qurulan ilk müqəddəs islami ailə Muhəmməd (s) və Xədicənin evi idi. Onların sayı üç nəfərdən artıq deyildi: Muhəmməd (s), Xədicə və Əli (ə). O ev islami inqilabın mərkəzi idi, təbii ki, belə bir müqəddəs ailənin ictimai vəzifəsi də olduqca çox və ağır idi. Küfrə və bütə qarşı mücadilə etmələri və tövhid dinini yaymaları lazım idi. Bütün dünyada sadəcə bir islami ev var idi. O da bu üç şəxsin yaşadığı ev idi və onların başında Həzrət Mühəmməd (s) dururdu. Allah-Taala onun əxlaqı haqqında belə buyurur: “Şübhəsiz, sən çox böyük bir əxlaq sahibisən”.

Rəsulullah (s) xanım Xədicəni həddindən artıq sevirdi, onun şəxsiyyətinə hörmətlə yanaşırdı, hətta Xədicənin dostlarına belə ehtiram göstərirdi. Ənəs belə deyir: “Bəzən Peyğəmbərə (s) hədiyyə təqdim edildikdə belə buyurardı: “Filan qadının evinə aparın, çünki o Xədicənin dostu idi”. Xədicə sıxıntılı anlarında Muhəmməd (s)-ə təsəlli verir, hədəfə çatmaq yolunda onu ümidvar edirdi. Kafirlər işgəncə və əziyyət verdikləri zaman həzrət evə girər-girməz xanım Xədicənin şəfqət və məhəbbətinə qərq olur və isti ocaqdan güc alırdı. Çətinliklər və qorxulu hadisələr haqqında o bilgili və ağıllı-kamallı qadınla məsləhətləşirdi. Bəli, Fatimeyi-Zəhra (s.ə) belə bir səfa və səmimiyyətlə dolu ailədə dünyaya gəlmiş, o cür atadan və fədakar anadan tərbiyə almışdır.

Ali hədəflər ardınca olmaq

Ümumiyyətlə hər hansısa məktəb və ideologiyanın dəyəri öz davamçılarına təqdim etdiyi hədəflər və ali məqamları ilə seçilir. Təsadüfi deyil ki, İslam dini ən üstün və kamil din olaraq bütün uca hədəf və ali məqamları öz davamçılarına təqdim etmişdir. Məhz bu ali hədəflər bəşər cəmiyyətinin inkişaf və təkamül etməsinə səbəb olmuşdur. Bu mühüm prinsipin təbliği məhz İslam Peyğəmbəri (s.ə) və onun Pak Əhli-Beyti (ə) layiqincə yerinə yetirmiş, özlərinin davamçılarına müxtəlif formalarda dərin fikirləri, rəftarları və müqəddəs kəlamları ilə təqdim etmişlər. Bu səbəbə görə də, Həzrət Fatimənin (s.ə.) parlaq və zəngin həyat yoluna diqqət etdikdə, ilk öncə diqqəti çəkən bu xanımın həyatında ən mühüm amil, ali hədəflərin üstün tutulması olmuşdur. Və bu üstün tutma həm də onda özünü göstərir ki, həyatın hər bir səhnəsində ali hədəflər ən mərkəzi yerdədir. Xanım Zəhra (s.ə.) bütün həyatı boyu ardıcıl və davamlı olaraq hər bir şeyi məhz ali hədəflərə uyğun olaraq edirdi.
İstər fərdi həyatında, istər ailə həyatında, istər ictimai həyatda, ana olaraq, övlad olaraq, həyat yoldaşı, dəyərlər təbliğatçısı, zülmü ifşa edən olaraq, Həzrət Fatimə (s.ə.) fəqət Allah-Təalanın rizayətini düşünürdü. Ali amallar ardınca idi. Və bu istiqamətdə hər zaman fədakarlığa hazır idi. Həzrət Zəhranın (s.ə.), Əhli-beytin (ə) yolunu getmək istəyən insan gündəlik həyatında məhz bu iki məsələni ibrət götürsə, böyük irəliləyiş etmiş olar: ali hədəflərin ardınca olmaq və bu durumu qorumaq üçün fədakarlıq halətinin mövcudluğu.
Bütün bəşəriyyət, istər kişi olsun istər qadın, hər bir şəxs, xanım Zəhranın (s.ə.) o yüksək amallar ardınca olması mövzusuna diqqət yetirsə və bu amalları özü üçün qəbul etsə, bu amallara doğru istiqamətləndirsə, Xanım Zəhra (s.ə.) irsindən götürdüyü ən böyük töhvə olar.

Peyğəmbərimizin (s) ümmətə etdiyi vəsiyyətə uyğun olaraq, Həzrət Fatimə (s.ə) öz məşhur xütbəsində mühacir və ənsarlara xitab edərək, haqq yolundan sapmamağın dəqiq reseptini təqdim etmişdir: Agah olun ki, Allahın Peyğəmbəri (s) qiymətli və böyük bir əmanəti, yəni səma kitabı olan Quranı sizə əmanət qoyub getmişdir. O, səadət və təkamülün kamil nüsxəsidir. Allahın nuru və bürhanı, Böyük Allahın gücü, höccət və İlahi qanunlar məcmuəsi bu kitabda aydın verilmişdir. Əgər onun hökmlərinə əməl etsəniz, səadət və təkamülün son həddinə çatarsınız. Zəlalət və cəhalətin zülmətindən nicat taparsınız. Bu, elə bir təkamüldür ki, başqalarının həsədinə səbəb olar”.

AQİL İSLAM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir