Həzrəti-Zəhra (s.ə.) özünün və ailəsinin hüququnun müdafiəsi yolunda bir dəqiqə belə sükut etmirdi. Bu, əslində müsəlman cəmiyyətinin və məhrumlar təbəqəsinin müdafiəsi demək idi. Çünki, öz hüquqları tapdalandıqda cəmiyyətin də hüquqları tapdalanır və deməli, islam dininin həqiqəti ayaqlar altına atılırdı. O, qarşısına çıxan hər bir çətinliyin müqabilində dağ kimi dayanır və vuruşurdu. Məscidə gedir, alovlu çıxışları, aydın nitqləri ilə özünün və ailəsinin hüquqlarını bildirir, o dövrün hakimlərinin iç üzünü açıb göstərir və yolunu azmış başçıları, onların qəlbiqara davamçılarını haqqın yoluna dəvət edirdi. Həzrəti-Zəhranın (s.ə.) bu açıq-aşkar əməlləri, işləri aydın göstərir ki, Peyğəmbərin (s) sevimli qızı, möminlərin ağası Əmirəl-möminin Əlinin (ə) həyat yoldaşı haqq-ədalət İmamlarının (ə.m) anası təkcə ev qadını və ocaq sahibi deyildi, həm də mübarizə qadını idi. Həyatın bütün sahələrində ləyaqətli bir qəhrəman və döyüşkən qadın olmaqla yanaşı, həm də fəzilət və bilikdə ən yüksək bir şəxs idi.
Həzrəti-Fatimə (s.ə.) qadınlar cəmiyyətinin həyatını birdəfəlik dəyişdirdi və qadınlar üçün yeni bir proqram yazdı. İslam tərbiyəsi və əxlaqının bərəkəti ilə ev mühitindən səfa və səmimiyyətlə, lütf və mehribanlıqla dolu bir cəmiyyət yaratdı, böyük bir tərbiyə ocağı qurdu. Bu tərbiyə ocağında Həsən (ə) və Hüseyn (ə) kimi oğullar, Zeynəb (s.ə) və Ümmi-Gülsüm (s.ə) kimi aslana bənzər qızlar böyütdü. Həzrəti-Fatimə (s.ə.) fərdi və ictimai həyatda əsl həqiqətləri tez görə bilir və bütün məsələlərə elə incəliklə yanaşırdı ki, onlardan hər biri bizim islam cəmiyyətində də yaşayan qızların və xanımların üzləşdiyi bir çox ailəvi çətinliklərin və problemlərin həll olunmasında açar ola bilər.
Həzrəti-Fatimənin (s.ə.) tərbiyə məsələsində bir mühüm cəhətinə xüsusi diqqət yetirmək lazımdır. Peyğəmbər (s) buyurub: “Əziz qızım Fatimə, bu dünyada öz işini özün gör, çünki, sabah mən sənin üçün heç bir iş görə bilmərəm”. Bu dərin mənalı hədis göstərir ki, hər kəs gərək öz səy və imanı ilə özüylə Allahı arasındakı əlaqəni düzgün istiqamətlə qursun. Əks təqdirdə, hətta Allahın Peyğəmbərinin (s) qızı olmaq da qiyamət günündə insanın çətinlik düyününü açmır. Peyğəmbərin (s) buyurduğu bu hədis elə dərin mənanı ifadə edir ki, əgər hər bir müsəlman qadını və kişisi onu dərk edib həyatda ona əməl etsə, səadət və xoşbəxtliyə qovuşar. Ancaq, belə bir böyük kəlamı bütöv dərinliyi ilə dərk edən və bütün varlığı ilə ona əməl edən bircə nəfər olmuşdur ki, o da Həzrəti-Fatimeyi-Zəhradır (s.ə.). Bu kəlam xanımlar Xanımı Fatimənin (s.ə.) bütün duyğu və düşüncələrinə, fikir və əməllərinə hakim kəsildi və onu böyük atasının parlaq nümunəsinə çevirdi. Həzrəti-Fatimeyi-Zəhranın (s.ə.) şərəfli vücudu cahanda Xəlifətullahın ali dəyərlərinin təhəqqüqüdür. Bir insan ünvanında qadın və insanın hədəfi bir cür xüsusiyyətlərə və dəyərlərə, həmçinin dünyaya baxışda cəmiyyətin hədəfi Allaha tərəqqübdür. Buna görə bütün ictimai işlər, vəzifələr, fürsətlər, hüquq və ixtiyarlar hamılıqla hədəfə nail olmaq üçün məcradır, ictimai və fərdi səviyyələrdə rəftar qaydaları bu ölçü və hədəflərdə qərar tutur. Qadının əsas məqsədi İlahi yolunda lüzumu və islamın ən ali məqsədlərinə yetməsidir.
GİAM