Psixologiya elminin əhəmiyyəti
Psixologiya elmi çağdaş dünyanın ən aktual və önəmli elmi sahələrindən biri hesab edilir. İnsan həyatının bütün sahələrini özündə əks etdirən psixologiya elmi, eyni zamanda din və dini təlimlər ilə də dərindən sinxiyyət içərisindədir. Tarix boyu filosof və mütəfəkkirlər, elm adamları bir çox araşdırmalarında psixologiya elminin insan həyatında olan önəmini vurğulamış, və bu elmi sahəni müxtəlif səpgilərdə insanlara təqdim etmişlər. Təsadüfi deyil ki, psixoloji biliklər insanın və bütövlükdə cəmiyyətin həyatında mühüm rol oynayır. Psixoloji biliklərin mənimsənilməsi insanların özlərini daha xoşbəxt hiss etmələrinə, onların daha rahat həyata sahib olmalarına, fəaliyyətlərində uğur qazanmalarına öz imkanlarını gerçəkləşdirmələrinə, öz qüvvələrinə daha çox inanmalarına, özünü və ətrafındakı insanları daha yaxından tanımağa, səmərəli ünsiyyət bacarıqlarına yiyələnməyə, şəxsi və sosial problemlərin səmərəli həlli yollarını tapmağa kömək edir. Psixoloji biliklər, həmçinin insanların davranışının motivasiyasını, arzu və istəklərini, insanları inkişafa və uğura sövq edən səbəbləri də üzə çıxarmağa yardımçı olur. Psixologiyanı öyrənməklə insan bir sıra komplekslərindən qurtulur, şəxsiyyətlərarası münasibətləri daha düzgün başa düşür ki, nəticədə insanın həyatı daha şüurlu və dərkedilmiş xarakter daşıyır. Psixologiyanın öyrənilməsi və onun təcrübədə tətbiq edilməsi şəxsiyyətin formalaşmasının mexanizmi və mərhələlərinin, düzgün davranış tərzinin formalaşdırılmasının və peşəkar fəaliyyətdə uğur qazanmanın yollarını müəyyən etməyə imkan yaradır.
Din psixologiasının formalaşması
Psixologiya elminin müstəqil bir elm sahəsi kimi formalaşması ilə birgə yaranan ən fundamental suallaradan biri də onun din ilə necə bir əlaqəyə sahib olması, dini həyat tərzində psixoloji biliklərin hansı dərəcədə istifadə etməyin mümkün olmasının necə bir əhəmiyyət kəsb etməsidir. Amerikalı psixoloq və filosof olan Uilyam Ceyms (1842-1910) din psixologiyasının banisi hesab edilir. O Amerika Psixologiya Assosiasiyasının prezidenti vəzifəsində çalışmış və ilk psixologiya dərsliklərindən birini qələmə almışdır. Uilyam Ceymsin din psixologiyasında yeri olduqca mühüm, eyni zamanda bu sahədə şöhrət qazanan ilk psixoloq və filosoflardan hesab edilir. Onun Dini təcrübənin müxtəlifliyi (Varieties of Religious Experience) əsəri bu zəmində qələmə alınmış ən klassik əsər hesab olmaqla bərabər, eyni zamanda bir çox tədqiqat mərkəzlərində filosof və psixoloqların müraciət etdiyi mühüm qaynağ hesab edilir.
Din psixologiyası XX əsrin əvvəllərində Vilhelm Vundt, Uilyam Ceyms və Ceyms Luba kimi görkəmli elm adamlarının və filosofların böyük səyləri ilə formalaşmağa başladı. Bu əsrdə Qərb dünyasında həm qeyri-dini, həm də Kilsənin bu barədə baxışları meydana çıxdı. Qeyri-dini nöqteyi-nəzərin fəlsəfi əsasları praqmatizm, pozitivizm və fenomenologiya kimi fikri məktəblər tərəfindən formalaşaraq möhkəmlənmişdir. Digər tərəfdən, xristian psixologiyası katolik, protestant və pravoslav ilahiyyatına söykənir və xristianlığı müdafiə etmək üçün daha çox idealizm fəlsəfəsindən istifadə edirdi. Din fenomenini izah və təfsir etmək üçün müxtəlif psixoloji nəzəriyyələr o cümlədən: rəftar psixologiyası, geştalt psixologiyası və psixoanalizm kimi fundamental psixoloji nəzəriyyələrdən istifadə edilmişdir.
Din insan həyatının müxtəlif sahələrində ciddi rolu olan həqiqətlərdəndir. Dinşünaslıq da bu sahələrə uyğun olaraq müxtəlif qollara ayrılmışdır. Din psixologiyası dinşünaslığın dindarlıqla sıx və qırılmaz əlaqəsi olan mühüm sahələrindəndir. Din psixologiyasında dindarlıq fenomeninin psixoloji yönü, dindarlıq amilləri, səbəbləri, dindarlığın yönləri, ölçülməsi, qiymətləndirilməsi, fərdi həyata təsirləri və nəticələri araşdırılır. Psixologiya dindarlığın tədqiqində malik olduğu bütün elmi imkanlardan istifadə edir, qabaqcıl tədqiqat metodları vasitəsilə dini fenomenləri elm “mikroskopundan” keçirir. Buna görə də din psixologiyasını psixologiyanın sahə və bölümlərindən biri hesab etmək olar.
İnsanların həyatında din necə yaranmışdır? Dindar insanlar xüsusi şəxsiyyətlərdirmi? Dindarlıq fərdlərin həyatdan daha çox razı qalmasına səbəb olurmu? Onların evlilik, iş və digər sahələrdəki uğurunu siğortalayırmı? Dindarlar fiziki və psixoloji cəhətdən daha sağlam olurlarmı? Dindarlıq cinayətkarlığın, qanun pozuntularının azalmasında, humanizmin, başqalarına yardım hissinin artmasında, xeyriyyəçilik işlərinin görülməsində rol oynayırmı? Fərdlərin dindarlıq dərəcəsini necə ölçmək olar? Ümumiyyətlə, dindarlığın hansı yönləri var?[1] Bunlar din psixologiyası elmində tədqiq edilən və araşdırılan suallardır. Din psixoloqları bu sahə ilə bağlı müxtəlif təriflər və izahlar versələr də, hamısının əsasında “dinin psixoloji aspektə əsaslanan elmi tədqiqi” məzmunlu tərif dayanır. Əslində, digər təriflərdə bu konkret tərifin ehtiva etdiyi terminlərin daha geniş və əhatəli izahı verilir. Nümunə üçün aşağıdakı tərifi təqdim edirik:
Randal Collins ən yaxşı tərifin Kembric Universitetinin dosenti Robert Thoulessə aid olduğunu bildirir. Taules hesab edir ki, dinlə bağlı olan psixoloji araşdırmada “dini davranışların öyrənilməsi qeyri-dini davranışların tədqiqindən əldə edilən psixoloji qanunlara əsaslanır”. Yəni din psixologiyasında dini davranışı izah etmək üçün ona ümumi davranışların tədqiqi zamanı əldə edilmiş psixoloji prinsiplər tətbiq edilir. Qeyd olunan tərifdə bu sahənin tədqiqat mövzuları arasından yalnız dini davranış konsepsiyasından söz açılmışdır. Bəlkə də elə buna görə Kollins həmin tərifdən sonra bu sahədə dini davranışı deyil, Allah və digər fövqəltəbii qüvvələrin varlığına və təsirinə inanan fərdlərin baxışlarını, dəyərlərini və təcrübələrini öyrənən psixoloji metodlardan istifadə edildiyini xatırlatmışdır.
Reymond Paloutzianın tərifində isə belə bir çatışmazlıq yoxdur. O yazır:
“Din psixologiyası dini inanc və davranışları psixoloji aspektdən öyrənən bir sahədir. Yəni burada məqsəd dini davranışlara və təcübələrə təsir göstərən psixoloji prosesləri öyrənməkdir. Bu sahədə biz dini davranış və təcrübəyə təsir göstərən ətraf mühiti, fərdi və ictimai təsirləri diqqət mərkəzində saxlamağa, dindarlıqda vasitəçi rolunu oynayan psixoloji prosesləri müəyyənləşdirəcək imkana malık baxışları və tədqiqatları səciyyələndirməyə çalışırıq”.
Bu tərifdən də göründüyü kimi, din psixologiyası din və dindarlığın ehtiva etdiyi məsələlər haqqında psixoloji prinsiplərə əsaslanan elmi araşdırmadır.
Aqil İslam
İstifadə olunmuş mənbələr
Məsud Azərbaycani və Seyyid Mehdi Müsəvi Əsl “Din Psixologiyasına giriş”
Freyd “psixoanalizmlə tanışlıq”
Crighead, W. E. & Nemeroff, C. B., The Corsini Encyclopedia of Psychology and Behavioral Science, V.4, New York, Wiley, 2001.. Raymond Paloutzian, “İnvitation to the psychology of religion” (Din psixologiyasına dəvət), 1996, s. 28-29.
Din psixologiyasına giriş, səh.3.