Makiavellist İslam və Mübahitə hədisi

“Məndən sonra şübhə və bidət əhlini görsəniz, onlara qarşı bəraətinizi bildirin, onları çox söyün, çox pisləyin, onlara böhtan atın ki, İslamda fəsad yaratmağa tamahlanmasınlar; insanlar da onlardan uzaqlaşsınlar və bidətlərini öyrənməsinlər”.(Kuleyni, əl-Kafi, c 2, s 375)
İslam əxlaqı ilə daban-dabana zidd olan bu sözlər hz. Məhəmməd (s) peyğəmbərə aid edilmiş və Mübahitə hədisi kimi məşhurlaşmışdır.

Makiavellist İslam

Makiavellizm – müqəddəs məqsədə çatmaq üçün hər bir vasitədən, hətta yalan, söyüş, iftira kimi anti-insani yollardan istifadəni mümkün bilən düşüncə tərzidir. Tarixdə makiavellist müsəlmanlar olmuşdur, indi də var. Onların bəzisi öz təşkilatlarını gücləndirməkdən ötrü hətta İslam adı altında və guya İslam naminə çox ləyaqətsiz hərəkətlər etmişlər. Onların bəhanə kimi istifadə etdiyi əsas dəlilləri də məhz Mübahitə hədisidir. Ustad Mütəhhəri bunu “din üçün dinsizlik etmək” adlandırıb sərt tənqid etmişdir.

Hədisin sənədi
Bu hədis əhli-sünnə mənbələrində qeyd olunmamışdır, qədim şiə kitablarından yalnız əl-Kafidə yazılmışdır. Sənəd baxımından səhihidr.

Hədisin mətni

Bu hədis Quran təlimləri, Allah rəsulunun və Əhli-beyt imamlarının söz və davranışları ilə zidd olduğunu söyləyə bilərik. Bu tövsiyələri aləmlərə rəhmət olaraq göndərilən (Ənbiya, 107) və yüksək əxlaq sahibi olan (Qələm, 4) bir peyğəmbərə necə aid etmək olar, halbuki Allah ona insanlarla xoş dillə danışmağı, (Bəqərə, 83) Allahın yoluna hikmətlə və gözəl öyüd-nəsihətlə dəvət etməyi (Nəhl, 125) əmr etmiş və çox açıq şəkildə buyurmuşdur: “Ey iman gətirənlər!.. Hər hansı bir camaata qarşı kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır”. (Maidə, 8)
Allah rəsulunun özü də müşriklər, kitab əhli və münafiqlərlə rəftarda həmişə islami və insani əxlaqı rəhbər tutmuş, heç vaxt yalan söyləməmiş, qeybət etməmiş, söyüş verməmiş, böhtan atmamışdır.

Peyğəmbərin vəfatından sonra müsəlmanlar arasında çoxlu firqə və məzhəblər meydana çıxdı. Onların hər biri digərinin bəzi əməl və inanclarını bidət sayırdı. Əgər bütün firqələrin ardıcılları bu hədisə əməl edib digər müsəlmanları söyməyi öz vəzifələri bilsəydilər, ictimai nizam-intizam pozulardı, İslam cəmiyyətinin vəziyyəti elə gərginləşər, qarşıdurmalar elə güclənərdi ki, bəlkə də, çox keçməmiş İslamdan əsər-əlamət qalmazdı.İmam Əlinin xəlifəliyi dövründə də cəmiyyətdə bidət vardı. O həzrət bidətlərə qarşı elm, məntiq və İslam siyasəti ilə mübarizə apardı, heç zaman bidətçiləri söymədi, onlara böhtan atmadı. O, təravih namazının cəm halda qılınması kimi bir bidət qarşısında təmkinli rəftara etdi, heç kimi təhqir etmədi, camaatın inadkarlığı qarşısında geri çəkildi. (Təhzib əl-əhkam, c 3, s 70) Çünki Allahın söyüşçü və əxlaqsız orduya ehtiyacı yoxdur, O, Öz dinini qorumağın yollarını gözəl bilir.

Bundan əlavə, bu hədisdə göstərilmiş yollar çox uğursuzdur. Bidətçi özünün zəif dəlilləri ilə ortaya çıxır, onu asanlıqla məğlub etmək olar. Lakin ona qarşı söyüş və kobud sözlərlə mübarizə başlansa, güclənər, özünü müdafiə etmək, qarşı tərəfə hücuma keçmək üçün daha məntiqli və güclü dəlilər əldə edər, əxlaq və məzlumluq paltarına bürünüb ictimai rəyi öz xeyrinə dəyişdirər. Digər tərəfdən, bidətçiyə qarşı yalan, qeybət və böhtanla mübarizəyə qalxan adam özünə və məzhəbinə inamı sarsıdır, bütün etiqad və prinsiplərini sual altına salır. Əslində isə bidətlərə və bidətçilərə qarşı düzgün mübarizə yolu ictimai maarifləndirmədən, şübhələrə cavabdan, güclü elmi ifşaçılıqdan, əsl İslamı əxlaq və xeyirxahlığa əsaslanan dil və əməllə təbliğ etməkdən ibarətdir. “Ümmətim arasında bidətlər meydana çıxanda alim öz elmini aşkar etməlidir” (əl-Kafi, c 1, s 54) kimi hədislər də buna aydın işarə vurur.

Alimlərin fikri

Qədim alimlər, xüsusən də rasionalistlər vahid hədisin mötəbərliyinə şübhə ilə yanaşdıqlarına görə bu hədisə xüsusi əhəmiyyət verməmişlər. Səfəvilər dövründən, xüsusən də əxbariliyin yayılmasından sonra isə sənədin təsiri altında onu izah etməyə çalışmış, bəzən zəruri hallara aid etmişlər. Müasir alimlərdən Sistani bu hədisi Quranın ruhuna zidd hesab edir. Həmçinin Müqəddəs Ərdəbili, Şərani, Təbatəbai, Mütəhhəri və Məkarim Şirazi bu barədə kəskin tənqidi fikirlər söyləmişlər. (Məlumat üçün bax: Piruzfər və Bahaduri, Bərrəsiye-sənədi və mətniye-rivayəte-mübahitə, s 67-68)

Bəs sənədin səhihliyi?

Qurana və ağla zidd olan hədisin sənədinin səhih olması heç bir problemi həll eləmir. Əl-Kafi kitabının səhih sənədli bir hədisinə görə, Yer balığın, balıq suyun, su daşın, daş inək buynuzunun, inək də torpağın üzərində dayanmışdır! Sənədi səhih olan bir hədisə görə, əhli-sünnə kitablarında məşhur olan “Qoca kişi ilə qoca arvad zina etdikdə, hər ikisini daşqalaq edin” cümləsi Quran ayəsi olmuş, sonradan ondan çıxarılmışdır. (əl-Kafi, c 7, s 177. Behbudi bu iki hədisin heç birini Səhih əl-Kafi kitabına salmamışdır)

Vahid xəbərin sənədinin səhih olması, bütün rəvayətçilərinin etibarlı olması onun həqiqətən məsum tərəfindən söylənmiş olması demək deyil, əslində, səhih sənədli etibarsız hədislər də vardır. (“Əgər səhih sənədli bir hədis də Qurana zidd olsa, onu divara vurmaq lazımdır”. Bax: Sübhani, əl Hədis əl-nəbəvi beynəl-rivayəti vəl-dirayə, s 54) Səhih sənədli hədislərdə də dəss , təhrif, təshif, nüsxə səhvi, yanlış anlama, məzmununu söyləmə, təqiyyə və digər ehtimallar var. Belə hədislər uzaqbaşı zənn yaradan vahid hədislərdir, onların hər birinin mötəbərliyi barədə son sözü mənbə, sənəd və mətnlərini birlikdə araşdırandan sonra söyləmək olar. Buna əsasən, hədis sənəd baxımından səhih olduğu təqdirdə insanda yalnız müəyyən həddə zənn yaranır, əminliyə və ya xatircəmliyə nail olmaqdan ötrü onu digər meyarlarla da dəyərləndirmək lazımdır.

Nəticə

Bidətçini və şübhə yayanı söymək, onun qeybətini etmək və ona böhtan atmaq hədisi bir çox ayə və hədislərə, sağlam ağla, aqilanə davranış tərzinə, ibtidai əxlaq qaydalarına və məsum imamların davranışlarına ziddir. Bu vahid xəbər və ya oxşar hədislər bu qədər dəlil qarşısında dayana bilməz. Onun harada və nə zaman uydurulması barədə əlimizdə fakt olmasa da, məzmununu uzaq və ağlagəlməz ehtimallarla yozmağa çalışmaq da mənasızdır, onu kənara qoymaq daha münasib nəzərə çarpır.

 Vüsal Hüseynzadə

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi