Yad kölgələr

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,
Professional ailə müşaviri, Həyat koçu

Dəstəmazını alıb, yatağına uzandı. Könlü qüssə içində, qəlbi kədər və hiddətlə dolu idi. Qəzəblə öz-özünə dedi: “Hz. Zəhranı (s) incidənlər çox zalım, qəddar insanlar idi. Kaş mən orada olaydım. Bütün bunlara icazə verməzdim…” Ardınca göz yaşlarını silib, yuxuya getdi. Azca yatmışdı ki, dəhşət içində ayıldı. Nəfəsi təngimişdi, qorxu içində ətrafa baxırdı. Buz kimi tər damlaları, möhür izi qalan alnından üzü aşağı axırdı. Az öncə Hz. Zəhra (ə) üçün axıtdığı göz yaşlarını sildiyi dəsmalla tərini sildi. İlahi, bu nə yuxu idi? Əlinin (ə) qapısına dayanmışdı. Hiddətlə hədə-qorxu gəlirdi, içəridən ağlaşma səsləri eşidilirdi. Kimsə yana-yana Allahı çağırırdı. O isə qəzəblə bağırırdı, ayağını yerə çırpdıqca, ev əhlinin nalələri də yüksəlirdi. Əlindəki odla qapıya doğru getdi.Bir anlıq alovun kölgəsində özünü gördü. Vəhşətə gələrək məşəli kənara tulladı.Bu ki mənəm! Məşəl mənim əlimdədir. Kölgədən gördüm.Mənim kölgəm idi. Mən Zəhranın qapısındayam!

Sinəsindən qopan ağrının şiddətilə yuxudan ayıldı. Niyə mən?! Axı mən. Dönüb yoldaşına baxdı. Əllərinin izi hələ də onun üzündə idi. Yatmadan öncə etdiyi davanı xatırladı. Uşaqlar bir kənarda qıvrılıb yatmışdı.Çığıraraq yanından qovduğu övladının nəmli kirpikləri bir-birinə yapışmışdı. Birtəhər ayağa qalxıb titrək əlləri ilə su içdi. Gözü pəncərənin şüşəsində öz təsvirinə sataşdı.Qızarmış üzünü gördü. İlahi, bu gün hər kəsin içində rişxəndlə ələ saldığı şəxsin simasına necə də bənzəyirdi.

Pəncərədən kənara baxdı. Dostları ilə arxasınca danışdığı qonşunun evinin işıqları hələ də yanırdı.
Dava-dalaş səs-küyləri qapıya qədər gəlirdi. Əlində tutduğu məşəli xatırladı. Mən daha kimlərin evinə od salmışam ilahi. Ümidini mənə bağlayan kimlərin qəlbini qırmışam? Kimləri yarı yolda qoymuşam. Anlamamışam, anlamaq istəməmişəm. Sığal çəkəcəyim yerdə, şillə vurmuşam.Eybini örtmək əvəzinə, faş etmişəm.Acılamışam, sındırmışam, göz yaşlarına səbəb olmuşam.Kimlərin ahını almışam.Mən nəfsimi sevindirmək üçün ibadət etmişəm. Özümdən xoşum gəlsin deyə sədəqə vermişəm.Dindarlığım “özpərəstliyimə” xidmət edib. Özümü aldatmışam. Mən bilməmişəm ki. Mən o yad kölgələri sevməmişəm ki. Mən yara açanları deyil, dərdlərə məlhəm olan Zəhranı sevmişəm. Mən gücsüzlərə bağıranları deyil, yetimlərin atasını sevmişəm.Namazında rükuda ona ehtiyaclı olana üzüyünü verən gözəl qəlbi Əlini sevmişəm.Bu kölgələr, eyibləri örtən, utandırmayan, bağışlayan, qucaq açan, nəvaziş göstərən, fədakarlıq edən, səbir və mərhəmət göstərən ilahi şəxslərin kölgəsi deyil. Mən doğmaların deyil, yadların kölgəsinə sığınmışam.

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi