Ailə tərbiyəsi ilə əxlaqın əlaqəsi islami hədislərdə
Sözsüz ki, hər bir insanın ilk məktəbi anasının qoynu və atasının qucağıdır. Elə bu yerdə o, ilk fəzilət, yaxud rəzilət dərslərini mənimsəyir. Əgər tərbiyə məfhumunu ümumi olaraq yaradılış qanunlarına uyğun (təkvini) və şəriət qanunlarına uyğun (təşrii) nəzərə alsaq, insanın ilk məktəbi öz təsirini dolayı yolla körpənin vücudunda biruzə verən ana bətni və ata sülbüdür. Belə ki, məhz buradan fəzilət ya rəzilət sifətləri üçün zəmin hazırlanır. İslami hədislərdə bu məsələyə çox incə və dəqiq ifadələrlə münasibət bildirilib. Onlardan bir qismini aşağıda sizlərə təqdim edirik:
Həzrət Əli (ə) buyurur: “Gözəl əxlaq insana (ata-anadan çatan) bəyənilən irsiyyətə bir
sübutdur”. Məhz bu dəlilə görə pak və fəzilətli ailələrdən layiqli, saleh övladlar yetişir və tam əksinə, şər insanlar da adətən çirkaba bulaşmış ailələrdən çıxır. Yenə də həzrət Əlidən (ə) nəql olunan hədisdə oxuyuruq: “Öz hacətlərinizi istəmək üçün camaatın şərəflisi olan, pak və əsilzadə ailələrdə böyüyən insanların sorağına gedin. Çünki ehtiyacı olanlar onların yanında gözəl bir surətdə istəklərinə çatar”.
Övladların əxlaqlı şəxsiyyət kimi formalaşmasında əxlaqdan uzaq olan ata-ananın mənfi təsiri çoxdur. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Əri şərab içən qadın ərinə (onunla bir yatağa girərək) itaət etsə, göydəki ulduzların sayı qədər günah etmiş olar və onlardan törənən övlad da çirkaba bulaşmış olar”. Digər çoxsaylı rəvayətlərdə şərab içən və bədəxlaq kişiyə qız vermək qadağan olunub. Ata-ananın övladın təməlinin qoyulmasında təsiri yetərincə mühümdür. Həzrət Peyğəmbərdən (ə) nəql olunan məşhur bir hədisdə belə buyurulur “Hər bir övlad pak fitrət (islam və tövhid) üzərində dünyaya gəlir, sonradan ata və anası onu yəhudi və məsihi edir”.
Elə bu deyəcəyimiz hökm övlad tərbiyəsi məsələsində, tərbiyənin övladların əsas hüququ olduğundan, məsuliyyətin ata-ananın üzərinə düşməsinə səbəb olur. Belə ki, Həzrət Peyğəmbərin (s) digər bir hədisində oxuyuruq: “Ata və ana üzərində olan övlad haqları ondan ibarətdir ki, ona gözəl ad qoysunlar və yaxşı tərbiyə versinlər”. Şübhəsiz, adlar, insana olunan bir təlqin kimi onun ruhiyyəsinə çox təsir edir. Böyük şəxsiyyətlərin, təqva və fəzilətdə öncül olanların adları insanı onlara yaxın edir, daşürəkli və rəzil insanların adları isə adamı onlara sarı cəlb edir. İslam dini bu zərif psixoloji halı belə nəzərdən qaçırmayıb.
Diqqətə layiqdir ki, İmam Əli (ə) bu söhbətin əsnasında Peyğəmbərin (s) əxlaq və rəftarı barədə danışarkən belə buyurur: “Elə ki, Allah Rəsulu (s) süddən ayrıldı, Allah-taala Öz böyük bir mələyini məmur təyin edib gecə və gündüz onu ən gözəl əxlaq yolu ilə aparmasını və dünyanın ən yaxşı sifətlərinə yiyələnməsinə sövq etməsini tapşırdı”. Beləliklə, Həzrət Peyğəmbərin (s) özünün də mələklər vasitəsi ilə
tərbiyə olunduğu anlaşılır.
Giam