“Həzrəti Loğman (ə) ləyaqətli ata nümunəsi”

İlahiyyat elmləri doktoru:

Dr. Nicat Yəhyazadə

İnsan fitrətən təkamülə meyilli bir varlıqdır. Bu hissi isə Allah insanı yaradarkən onun zatında qoymuşdur. Təkamülə nail olmaq hissi düzgün tərzdə təmin olunmadıqda, insanda müəyyən ruhi və psixoloji çatışmamazlıqlar ortaya çıxır. Din isə ilk növbədə bu problemlərin ortaya çıxmaması üçün, profilaktik tədbirlər görür. Bu sahədə problem yaşandıqda isə, onun həlli yollarını da açıqlayır. İnsanın təkamülə çatmaq sahəsində olan fitri istedadını çiçəkləndirməyin ən əsas yolu və metodu, insani və ilahi xüsusiyyətlərə sahib olan kəsləri özünə nümunə götürməkdir. Yəni öz danışıq və rəftarını onun danışıq və rəftarı ilə uyğunlaşdırmasıdır. Bu isə elə uşaqlıq yaşlarından başlamalı və valideynlər öz övladları üçün layiqli nümunə və ülgü olmalıdırlar.

Quranda həzrət Loğman (ə) öz övladına nisbətdə canıyanan və nəsihət verən bir ata kimi göstərilmişdir və Loğman (ə) öz növbəsində bütün ata-analar üçün ilahi bir nümunə hesab edilir. Bunu da qeyd etmək lazımdır ki, nümunə olan hər bir şəxs ilk növbədə özü ilahi xüsusiyyətlərə sahib olmalıdır. Bir sözlə, dediyi ilə əməli bir-birini təsdiqləməlidir. Əks halda qarşı tərəfdə çaşqınlıq yaradacaq və onun üçün təkamülə çatmaq yolunda maniələr icad edəcəkdir. Burada Loğmanın (ə) öz övladına verdiyi bəzi nəsihətlərə işarə edirik. Bütün övladlar isə belə yol göstərən nəsihətləri öz atalarından eşitmək haqqına malikdirlər:

1. Tövhidə (təkallahlılığa) dəvət:

 “Oğlum! Heç nəyi Allaha şərik qoşma, çünki Allaha şərik qoşmaq böyük zülmdür! (“Loğman” surəsi, ayə 13)

İnsanın təkamül yolunda addımlaması üçün ona su kimi lazım olan birinci məsələ, yaradana və onu tərbiyə edən Allaha doğru əqidə bəsləmək və əməllərini də inancına münasib olaraq tənzimləməsidir. Övladlarda Allaha nisbət olan inancın düzgün formalaşmasında valideynlərin əvəzsiz rolu vardır. Valideynlər bu sahədə övladlarına yaxşı nümunə ola bilərlər. Övladları elə uşaqlıqdan Allaha bağlı böyütməli və onların Allah barədəki suallarına məntiqli cavab verməlidirlər. Lakin diqqətli olmaq lazımdır ki, uşaqların Allah barədə olan suallarına onların düşüncə və yaş həddinə əsasən cavab verilsin. Bu barədə yazılan kitabları mütaliə etmək, məsləhətdir.

2. Məadı (ölümdən sonrakı həyatı) xatırlatmaq:

 “Oğlum! Bir xardal dənəsi ağırlığında da olsa, bir daşın içində, yaxud göylərdə və ya yerin dibində də olsa, Allah onu gətirər. Allah dəqiq, xəbərdardır. (“Loğman” surəsi, ayə 16)

Valideynlər öz övladlarına Allahı doğru-düzgün tanıtdırmaqla yanaşı, məadı da yəni bu dünyadan sonrakı əbədi yaşayacağımız dünya ilə də tanış etməlidirlər. Təbii ki, bu tanışlıq onların öz hədlərində olmalı və onlarda çaşqınlıq yaratmamalıdır. Axirət aləminin xüsusi özəlliklərindən o cümlədən orada olan misilsiz nemətlərdən söz açmaq ilkin tanışlıq üçün məqsədəuyğundur. Həmçinin insanın yaxşı və pis əməllərinin mükafat və cəzasının bu dünyadan əlavə, axirət dünyasında da veriləcəyi barədə izah verilməsi yerinə düşər.

3. Namaz qılmağı tövsiyə etmək:

 “Oğlum! Namaz qıl!” (“Loğman” surəsi, ayə 17)

Yaxşı nümunəvi valideyn öz əməli ilə ev mühitində namaz əhval-ruhiyyəsini yaratmalı və övladlarını bu yaxşı işə təşviq etməlidir. Lakin bu işdə icbar və təhdidə əsla yol vermək olmaz. Valideyn elə şərait qurmalıdır ki, övlad öz xoşu ilə namaz qılmağa həvəslənsin. Bunun da ən başlıca yolu öz həddində, namazın dünya və axirətdə olan xeyir və faydalarını ona öyrətmək və namazı tərk etməyin dünyadakı və axirətdəki ziyanları barədə onu məlumatlandırmaqdır.

4. Əmr be məruf (yaxşı işlərə dəvət) və nəhy əz munkər (pis işlərdən çəkindirmək):

 (Oğlum!) Yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə! (“Loğman” surəsi, ayə 17)

Valideyn əgər özü yaxşı işlərə dəvət edərsə və pis işlərdən çəkindirərsə, bu övladın fərdi və ictimai münasibətlərində müsbət izlər buraxa bilər. Valideyn bu sahədə övlada yaxşı nümunə olmaqla, onu cəmiyyətdə baş verən neqativ hallara qarşı biganə yanaşmamasına zəmin yaradır. Həmçinin onda elə kiçik yaşlarından cəmiyyətdə hər hansı bir səhv addımla qarşılaşdıqda, yerindəcə öz etirazını bildirmək xüsusiyyətini formalaşdırır.

5. Müsibətlərdə dözümlü olmaq:

 “Başına gələn müsibətlər qarşısında dözümlü ol ki, bu, mühüm işlərdəndir. (“Loğman” surəsi, ayə 17)

Ümumiyyətlə övladın iradəsinin möhkəmlənməsində valideynin rolu bilavasitədir. İradənin zəif ya güclü olması isə çətinliklər zamanı biruzə verir. Övladının gələcəkdə fərdi və ictimai fəaliyyətlərdə uğur qazanmasını istəyən və onun elm və mənəviyyat yolunda uca zirvələri fəth etməyini arzulayan valideynlər, elə kiçik yaşlarından övladın iradəsini gücləndirməlidirlər. Ona öz həddində müəyyən iş tapşırmaq və tapşırılan işi layiqincə yerinə yetirə bilmədiyi təqdirdə onu yenidən cəhd etməyə həvəsləndirmək, övladda iradənin güclənməsinə səbəb olan tərbiyə metodlarından sayılır. Həmçinin onun müsbət xüsusiyyətlərini qabardaraq xatırlatmaq və mənfi cəhətlərini islah etməkdə onun yanında olmaq da, bu sahədə olduqca təsirli tərbiyə metodlarından hesab edilir.

6. Camaatla yaxşı davranmaq:

 “İnsanlardan etinasızlıqla üz çevirmə! (“Loğman” surəsi, ayə 18)

İnsan ictimai varlıq olduğundan digərləri ilə davranışında son dərəcədə diqqətli olmalı və öz rəftarına nəzarət etməlidir. Əks təqdirdə onların dil və əl yaralarına məruz qalar. Nümunəvi valideyn öz övladına ictimai əxlaq qaydalarını öyrətməli və onları həyata keçirtməkdə ona nəzarət etməlidir. Çünki ola bilsin övlad valideynindən bir nümunə olaraq ictimai əxlaq qaydalarını nəzəriyyə şəkilində öyrənsin, lakin onları praktiki həyatda tətbiq etməkdə yalnışlığa yol versin. Buna görə də valideyn yalnız ictimai əxlaqı övladına öyrətməklə kifayətlənməməli, əksinə müəyyən yaşa qədər onları həyatda tətbiq etməkdə də onun  yanında olmalıdır.

7. Təkəbbürlü olmaqdan çəkinmək:

 “Yer üzündə özünü darta-darta gəzmə. Allah heç bir özündənrazı təkəbbürlünü sevmir. (“Loğman” surəsi, ayə 18)

Allah bəndələrinin qarşısında təvazökar olmaq Allaha imanı olan insanların ən bariz xüsusiyyətlərindən sayılır. Cəmiyyətdə insanlarla düzgün münasibətin qurulmasında, onlarla lovğalıq və təkəbbürcəsinə rəftar etmək, olduqca mənfi təsirə malikdir. Onun nəticəsi isə ictimai əlaqələrin pozulması və münasibətlərdə soyuqluğun yaranmasıdır. Bu xoşa gəlməz əxlaqın mənfi nəticələrinin valideyn tərəfindən övlada aşılanması, onun bu rəzil sifətdən uzaqlaşmasına zəmin yarada bilər.

8. İşlərdə orta həddi gözləmək:

 “Yerişində orta həddi gözlə, səsini alçalt.” (“Loğman” surəsi, ayə 19)

İslam dini insanlara hər bir sahədə orta həddə riayət etmələrini tövsiyə edir. Bu məsələ hətta ibadət bölməsində də riyət olunmalıdır. Valideyn övladını ibadət sahəsində tərbiyə etdiyi zaman belə, onu bir çox ibadətlərlə yükləyə bilməz. Əks təqdirdə ibadətdən zövq almaq yerinə, onda ibadətə qarşı ikrah hissi yaranar. İfrat və təfrit həmişə insanı haqq yoldan uzaqlaşdıran amillərdən sayılır. Təbii ki, valideyn öz övladına yaxşı nümunə olmaq istəyirsə, ilk növbədə özü hər bir sahədə o cümlədən ibadət sahəsində, orta yolu tutmalıdır.

İnsanın həqiqi tərbiyəçisi olan Allah-taala həzrət Loğman (ə) vasitəsi ilə insan həyatı üçün zəruri olan mühüm tərbiyəvi mətləbləri o cümlədən yaradana və həyatın sonuna (məada) diqqət yetirmək, xeyirxah işlər görmək, əqidələrin sabitliyi, iqtisadi idarəetmə, gözəl əxlaqa yiyələnmək kimi müxtəlif sahələrdə yol göstərərək insanlara düz yolu göstərir. Həqiqətdə isə ata-anaları öz övladları ilə bağlı vəzifələri tanımaq və onların öhdəsində olan vəzifələri yerinə yetirməyə istiqamətləndirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir