“Din psixologiyası” || hissə

Din psixoloqlarının mühüm fəaliyyətləri

Ümuimi olaraq din psixologiyasının tərifində qeyd edilən məzmunla bağlı daha aydın təsəvvürə malik olmaq üçün din psixoloqlarının praktiki olaraq bu istiqamətdə hansı mühüm fəaliyyətlər ilə məşğul olduqlarını öyrənmək mühüm əhəmiyyət kəsb edir. Əhatəli nəzəriyyələr irəli sürməklə yanaşı nümunə üçün dini konsepsiyaların və təlimlərin psixoloji təhlillərinə də müraciət etmək, bunun üçün öncə “psixoloji təhlil” deyilərkən nəyin nəzərdə tutulduğunu bilmək lazımdır. Qeyd etmək lazımdır ki, psixoloji təhlildə əsasən, dini mövzuların elmi cəhətdən səciyyələndirilməsi (tərif, sindromlar cədvəli və müqayisə miqyası), meydana gəlməsi, inkişafı, izahı, patologiyası və nəticələri diqqət mərkəzində olur. Məsələn, dindarlıq və Allah qorxusu dinə xas olan bir anlayışdır. Din psixoloqları bu anlayışın dəqiq elmi izahını verməkdə, yaranma və inkişaf formasını müəyyənləşdirməkdə, bu halın baş vermə səbəbini, inkişaf istiqamətlərində mövcud olan maneələri və spesifik nəticələri izah etməkdə bizə köməklik göstərirlər.

Bu xüsusiyyətlərə əsasən, psixoloji təhlilləri beş istiqamət üzrə aparmaq olar:

1. Antropologiya (insantanıma) ilə bağlı olan anlayışlar. Misal üçün, Quranda insanın müxtəlif xüsusiyyətləri və hallarından danışılarkən konseptual səciyyələndirmə, inkişaf istiqamətləri, spesifik nəticələr və s. aspektlərdən psixoloji təhlil tələb edən “həris”, “kəmhövsələ”, “səbirsiz”, “dözümsüz”, “xəsis ”, “çox zalım” və “çox nadan ” kimi ifadələrdən istifadə edilmişdir.

2. Etiqad və inanc hissi ilə bağlı olan anlayışlar. Məsələn, dini etiqadı ifadə edən anlayışların mərkəzində dayanan “iman” məfhumunun mahiyyətini izah etmək və onu ümid, etimad və sevgi kimi yaxın mənalı anlayışlardan fərqləndirmək üçün din psixologiyasının mikroskopik süzgəcindən keçirilməsi lazımdır. Sözügedən anlayışın özünün və ifadə etdiyi məna yükünün qarşısında duran maneələrin izahı bizə cəmiyyətə iman və mənəviyyat aşılanması istiqamətində yardım göstərir.

3. Etika və dəyər anlayışları. Dinin üç hissədən (inanclar, hökmlər və etik dəyərlər) ibarət olduğu hesab ediriksə, ən mühüm hissə etik və əxlaqi dəyərlərin payına düşür. Tövbə, təvazökarlıq, paxıllıq və s. kimi məzmunlar etika və əxlaqi dəyərlər kateqoriyasına daxildir. Məsələn, din aspektindən xəstəlik hesab edilən paxıllıq və eyni kontekstə aid olan anlayışların təhlilini, analizini və müqayisəsini aparmaqla onların əlamətlərini, yaranma, formalaşma və inkişaf istiqamətlərini, motivləşdirici, fiziki və şüuri cəhətlərini əks etdirən bir cədvəl müəyyənləşdirmək olar. Belə bir cədvəl kilinikal psixoloq və konsultantların ixtiyarına verilsə, bununla sözügedən xəstəliyin öyrənilməsi daha asan olar.

4. Dini ayin və mərasimlər. Din psixologiyası namaz, oruc, həcc, ziyarət və sair kimi anlayışların, bu anlayışların ifadə etdiyi ayinlərin yerinə yetirilməsi ilə yaranan xüsusi halları meydana gətirən və formalaşdıran müxtəlif amillərin, formalaşma prosesininin səciyyələndirilməsinə və daha yaxşı şəkildə öyrənilməsinə köməklik göstərə bilər. İmam Hüseynin (ə) matəm mərasimi bu qəbil təhlillər üçün münasib bir nümunədir.

5. Dini cümlələr. Dini təlimlərin psixoloji təhlili üçün dini cümlələrə də müraciət etmək olar. Məsələn, “Allahı xatırlamaq psixoloji rahatlığa səbəb olur” “Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər”. Bu kimi onlarla nümunə qeyd olunan təhlillər üçün münasib mövzulardır.

Burada iki mühüm nüansa diqqət etmək lazımdır

Din psixologiyası ilə bağlı verilmiş izaha əsasən, burada iki nüansa toxunmağı lazım bilirik:

1. Dinin tərifində iki ümumi yanaşma mövcuddur:

A) Bəzən din bir sıra etiqad əsaslı, etik və praktiki məzmunları ehtiva edən müstəqil bir fenomen kimi qəbul edilir. Bu məna yükü din sözünün Azərbaycan dilində işlənən ifadə vasitələri (islam dini, məsihilik dini və s.) ilə uyğunluq təşkil edir. Quranda “din” sözü əslində, cəza, mükafat (“Haqq-hesab gününün sahibinə”) və itaət (“Mənə itaəti məhz Allaha məxsus edərək, yalnız Ona ibadət etmək əmr olunmuşdur!”) mənalarını ifadə etsə də, şəriət, ayin və məzhəb mənalarında da çox işlənmişdir (“Dində məcburiyyət yoxdur” və yaxud “Elə isə sizin dininiz sizə, mənim dinim də mənə”).

B) Bəzən din şəriətə, ayinə bağlılıq, başqa sözlə desək, dindarlıq mənalarında işlənir. Bu istifadə forması daha çox Qərb alimləri arasında yayılmışdır.

Azərbaycan dilindəki “din” sözü ingilis dilindəki “religion” sözünün qarşılığıdır. Amma “din” termini sanki bizim leksikonumuzda yuxarıda qeyd edilən birinci mənanı, “religion” sözü isə ikinci mənanı (ən azı din psixologiyasına aid mətnlərdə) ifadə edir. Məsələn, bəzi psixoloqlar dinə belə tərif vermişlər: “Din ilahi və fövqəl-bəşər gücə inam və həmin gücə doğru istiqamətlənmiş ibadətlər və ya ayinlər sistemidir.”[1] Gördüyümüz kimi, bu tərif dindarlıq və dini etiqada şamil olur. Bu yanaşmanın səbəbi də aydındır. Psixoloqu daha çox dinin müstəqil bir fenomen funksiyası daşıması yox, dini inanc və onunla bağlı olan mövzular maraqlandırır. Buna görə də “dinpsixologiyası” deyilərkən, əsasən dinin insan psixologiyasında oynadığı rol, başqa sözlə desək, dindarlıq nəzərdə tutulur.

2. Din psixologiyasını dini psixologiya ilə səhv salmaq olmaz. Bu və oxşar məzmunlu araşdırmaların predmeti, dini psixologiya deyil, din psixologiyasıdır. Psixologiyanın bu bölməsi və hər kəs tərəfindən qəbul edilən dini psixologiya dini təzahürlərin izahını təqdim edən bir sahədir. Dinin ümumi məzmununa əsasən, bu, minimalist yanaşmadır. Belə ki, hər hansı bir dini fenomenin, nümunə üçün, matəm mərasiminin həm psixoloji və sosioloji, həm də digər izahları ola bilər. Əlbəttə, dini fenomenlər bizim hazırki araşdırmamızda yalnız psixoloji aspektdən izah edilir. Burada müzakirə mövzusu yalnız qeyd edilən aspektdir. Halbuki, dini psixologiyada dini inanclar mənbə və qanun rolunda çıxış edir və psixologiya həmin iman ənənəsi çərçivəsində tədqiq edilir.

Aqil İslam
Məqalə “Din psixologiyasına giriş” kitabı əsasındadır.

10 Beyt Hallhami B. və Arqayl M. 1997, səh.60.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir