İslamda vətən sevgisi

PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə Fəlsəfə elmlər doktoru,
Professional ailə müşaviri, Həyat koçu

Aləmlərin Rəbbinə olan sevgi, bütün varlıqların fitrətində yer almışdır. Bu sevgi yalnız insanlara xas deyil. Əslində, İlahi gözəllik bütün varlığın ona doğru hərəkətinə səbəb olur. İlahi filosofların fikrincə, bu bütün hərəkətlər, hətta təbii aləmin bütün vücudunu vahid bir hərəkətə çevirən də Uca Yaradanın gözəlliyinə olan məhəbbətin və sevginin məhsuludur. İnsan fitri olaraq gözəllik sevgisinə sahibdir. Bu ona məhz Sonsuz Gözəlliyə, Allah-taalaya olan eşqini xatırladır. Bütün sevgilərdə sanki bir növ Əsl Gözəlliyin Sahibinə olan eşq axtarılır.
Doğrusu, Allahın yaratdıqlarına olan sevgisinin inikasıdır yaradılmışarın Ona olan sevgisi. Qurani-Kərim və hədislərdə Allahın sevgisini anlatmaq için “hubb,” “rəhmət,” “lütf” ve “rəfət” köklərindən gələn fel ve sifətlər kullanılmıştıristifadə edilmişdir.
Əslində, Allahın qullarına olan sevgisi, istər zaman baxımından, istərsə də əsliyyət aspektindən bəndələrinin Allaha olan sevgisini qabaqlayır. Allah bəndələrinə olan sevgisi nəticəsində onları yaratmış, dünyaya göndərmiş və görkəmli məxluqlar etmişdir. Allahu-taala insanı başqa varlıqlardan üstün etmək üçün ona üç nemət vermişdir:

İlahi sifətlər (gözəl xüsusiyyətlər).

İlahi əmanət və ya öhdəlik. (məsuliyyət hissi, laqeyd olmamaq).

İlahi təmsilçilik. (inkişaf və tərəqqi).
Sözügedən hər üç nemətin təməlində isə sevgi dayanır. İslam sevgiyə ən çox əhəmiyyət verən dindir. Necə ki, Həzrət Məhəmməd (s) buyurur: “Din sevgidir, sevgi də elə dindir.” (Biharül-ənvar, c. 66, səh. 238).
Əslində İslam sevgi dinidir. Buna görə İslam sivilizasiyası sevgi sivilizasiyasıdır. Müsəlman cəmiyyəti də bir sevgi cəmiyyətidir. Hz. Cəfər Sadiq (ə) ona “dində sevgi varmı?”-deyə soruşulduqda, buyurur: “Din sevgidən başqa bir şeydirmi?” (Biharül-ənvar, c. 27, səh. 95; Əl-Xisal, 21\74).
Elə buna görədir ki, İslam sevgisiz imanı qəbul etmir. Bütün əməllərin təməlində Allah sevgisi və onun tələbi olaraq varlığa (insan və digər canlılara olan) sevgi dayanır. Dinimizdə Allah-insan, insan-insan və insan-digər canlılarla münasibətlər sevgiyə söykənməklə qurulmuşdur. Bu səbəbdən də, insanı bütün davranışlarında və münasibətlərində sevgi və mərhəməti əks etdirməyə təşviq etmişdir. Bir söözlə, bəndə Yaradanı sevir. Yaradana görə Onun yaratdıqlarını da sevir. Çünki Allah bəndələrinin sevilməsindən məmnundur. Bunun nəticəsində sevgi cəmiyyəti və sevgi sivilizasiyası yaranır.
Rəhmət kəlməsi də sevgini ifadə edir. Çünki rəhmət, sevginin əməl üzərinə əks olunmuş, lütf və ehsana dönmüş halıdır. Rəhmət sevgi və xidmətin birgə məhsuludur. Lütf və ehsandır. Allah-təala rəhman və rəhimldir və insanlara sevgisi daim bununla təcəlli edir. Siz diqqət edin ki, dini göstərişlər tam bunun üzərinə qurulub. Qurani-Kərimin surələrinin “Rəhimli və Mərhəmətli Allahın adı ilə” başlaması da elə bu ideya üzərində köklənmişdir. Bütün işlərinizi “Bismillə hirrahmənir-rahim ilə başlayın”-deyə buyurulması da, Allahı sevən şəxsin bütün əməllərini insanlığa olan sevgi ilə başlamasını təmin etmək üçündür. Hər bir əməlini “Bismillə hirrahmənir-rahim” ilə başlayan şəxs, sevgi və rəhmətlə addım atmalıdır. Məhz buna görədir ki, “Bismillə hirrahmənir-rahim demədən bütün işlər yarımçıq və naqis sayılır.” -deyə buyurulur. Çünki sevgisiz, mərhəmətsiz görüləm işlər, atılan addımlar kamil deyil, tamamlanmamış və süst təməlli sayılır.
Allahın Peyğəmbəri (s):«Allah-taala göyləri və yeri yaratdığı gün, hər biri yerlə göy arasındakı məsafə qədər olan yüz rəhmət yaratdı. Sonra rəhmətlərdən birini yer üzünə endirdi və həmin rəhmətin səbəbinə yaradılmışlar bir-birinə rəhm edir, ana öz balasına məhəbbət bəsləyir, quşlar və heyvanlar su içir, insanlar bir yerdə yaşayırlar.» (Kənzul-Ummal, hədis. 464)
Vətən sevgisi bu qəbildən, dinimizin əmr etdiyi ən təməl və əsaslı sevgidir. İslam dini Vətən sevgisini bir neçə aspektdən dəyərləndirir və ona böyük əhəmiyyət verir:
1) Vətən sevgisi vətəndaşlıq borcumuzdur.
Müqəddəs dinimiz Vətən sevgisini hər bir şəxsin vətəndaşlıq borcu sayır. Çünki bu sevgi, mənəvi bağlılıqdır. Birgə yaşayan, eyni mənafeləri hədəfləyən insanların doğmalığı və bir-birinə sıx bağlılığı, bir sözlə vəhdəti deməkdir. Bu bağlılıq, mənsub olduğun torpağın etnik, mədəni və tarixi səciyyələrini özündə birləşdirən milli həmrəylik kimi də önəm daşıyır. Vətən sevgisinin tarixi bünövrəsində uzun illər boyu birgə yaşamış, mübarizə aparmış, öz ana torpağına və adət ənənələrinə sıx bağlanmış insanlar durur. İslam dini də, bu mənəvi vəhdət və həmrəyliyə dəyər vermiş, onu qorumağı hər bir vətəndaşın dini borcu saymışdır. Elə buna görə də, doğma yurduna və torpağına təcavüzkarlıq edənlərlə dostluq etməyi sərt tənqid etmiş, zülmkar adlandırmışdır. Qurani-Kərimdə buyurulur: Allah sizə sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır! (Mumtəhinə, 9)
Göründüyü kimi, yurd sevgisi burada allah sevgisinin kənarında gətirilmişdir. Bu da, qeyd olunan sevginin nə qədər ülvi və önəmli olduğuna işarədir. Başqa bir ayədə isə Vətənə olan təcavüzü mübarizə səbəbi sayır və bundan yayınanları tənqid edir: Dedilər: “Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq”. Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla, (hamısı döyüşdən) üz çevirdilər. Allah (özlərinə) zülm edənləri tanıyır! (Bəqərə, 246)
2) Vətən sevgisi abadlıq, əmin-amanlıq gətirir.
İslamda Vətən eşqi təkcə torpağa, elə-obaya bağlılıqdan ibarət deyildir. Aid olduğun torpağın üzərində yaşayan şəxslər, onun quruculuğu, abadlığı, inkişafı da elə bu Vətəndən sayılır. Onun məhəbbəti, millətin və xalqın qayğıları, hər bir vətənpərvər insanı xalq üçün çalışmağa sövq edir. Hər bir ölkənin gələcəyidə onun gənclərinin sağlam düşüncə tərzi, intellektual səviyyəsi və ən əsası da vətənpərvərlik ruhu önəmli iz buraxır. Belə ki, Vətənə məhəbbət insanların könlündəın qəlbində yaşayan, onu vətənin çiçəklənməsinə təşviq edən güclü mənəvi duyğudur. İslam dini Vətən sevgisində bu amilə də diqqət çəkmişdir. Hz. Əli (ə) buyurur: “Ölkələr Vətən sevgisi ilə abadlaşır.” (Tuhəfül-üqul, səh. 207)
3) Vətən sevgisi şərəfi və ləyaqətli olmağın nişanəsidir.
Dinimizdə Vətən eşqinə sahib olan şəxs, “kərim”, yəni şərəfli, ləyaqətli, alicənab adlandırılır. Hz. Əli (ə) buyurur: “Vətəni sevmək insanın kərəminin (alicənablığının) nişanəsidir.” (Biharül-ənvar, c. 3, səh. 254)
Elə buna görə də, Allahın bəşəriyyət nazil etdiyi bu ilahi dinin nəzərində Vətən eşqi ən pak və ülvi duyğulardan biridir. Sədaqət doludur, minnətdarlıq qoxuludur. Uzun illər bu torpaqları qorumuş, bizə əmanət vermiş nəsillərin yadigarıdır Vətən. Mənsubiyyətimiz, şərəf və qürurumuzdur. Torpağı, havası, suyu, insanları, təbiəti hər bir şeyi bizim ruhumuzun dostu və sirdaşıdır.
Necə ki, Allah-taala əziz Peyğəmbərimiz Həzrət Məhəmməd (s) doğma Vətəni Məkkə üçün darıxdığı zaman onu öz yurduna geri qaytaracağını söz verir: (Ya Rəsulum!) Quranı (oxumağı və təbliğ etməyi, yaxud hökmlərinə əməl etməyi) sənə vacib buyuran (Allah) qayıdacağın yerə (hicrət edərək çıxdığın Məkkəyə) səni yenə də qaytaracaqdır. (Qəsəs, 85)
Bir gün Allahın Elçisi (s) Mədinədə işa namazını camaatla qılıb qurtardığı zaman, namaz qılanların arasından bir nəfər ayağa qalxıb dedi: Ey mühacir və ənsar! Mən yoxsl və qərib insanam, mənə kömək edin.
Peyğəmbər (s) buyurdu: “Ey dost! Qürbətdən (Vətəndən uzaqda olmaqdan) danışma ki, sanki qəlbimin damarlarını kəsirsən…” (Rövzətül-cinan, c. 19, səh. 123)
4) Vətəni sevmək iman əlamətidir.
Dini mətnlərdə, yaxın yaşadığın “qonşu haqqı”, hətta “təsadüfən birgə səfərdə olduğun yol yoldaşı”nın belə insan üzərində xüsusi haqları, mənəvi öhdəlikləri olduğu halda necə ola bilər ki, İslam dini qoynunda böyüyüb başa çatdığımız Vətənə, həmvətənə sevgi bəsləmək haqda laqeyd qala bilsin? Elə bu əsasla da, İslam dininə görə, Vətən sevgisi şəxsin imanlı olmasının əlamətidir. Hz. Məhəmməd (s) buyurur: “Vətəni sevmək imandandır.” (Mizanül-hikmə, c. 4, səh. 3566; Səfinətül-bihar, c. 2, səh. 668)
Vətən eşqi o qədər dəyərlidir ki, Hz. Peyğəmbərimiz buyurur: “Qürbətdə (Vətəndən uzaqda) ölən şəhiddir.” (Səduq, c. 1, səh. 139)
Hz. Peyğəmbərimiz buyurur: Ramazan ayında kim hər gün bu duanı oxusa bütün günahları bağışlanmış olur: “… İlahi, hər bir qəribi (Vətəninə) geri qaytar..” Bu da, insanın öz doğma yurd-yuvasına olan mənəvi eşqinin aliliyini bildirir.
Vətən bizim ilk qədəmlərimizi atdığımız doğma torpaqlardır. Vətən ailədir, namusdur, yuvadır! Buna görə də, Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu əkib-becərmiş, qoruyub saxlamış, uğrunda döyüşmüş, canlarından keçib, şəhidlik rütbəsinə ucalmışlar. Bunun üçün də, dünyanın ən gözəl qoxusu, Vətən torpağının ətridir. Tarix boyu şəhidlərin yurdumun torpağına hopmuş qanındadır qürur və kövrəklik bəxş edən bu doğma ətrin sirri…

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi