Quranı anlama,təfsir zamanı fərqliliklər və onun amilləri

Tarix boyu dini və ya elmi sahələrdə müxtəlif və bir-birindən fərqli anlamalara rast gəlinmişdir. Hər bir fikri və ideoloji sahədə fərqli proseslərdə anlama mərhələsi müşahidə olunur. Hər bir sahədə olduğu kimi dini bilik sahəsində də fərqli oxunuşların və anlama poseslərinin olması qaçılmazdır.
Təbiidir ki, bu fərqli oxunuş və anlamalar öz növbəsində hər bir tədqiqatçının mənbə və fikir qaynağına söykənir. Hər bir alim araşdırmaçı öz bilik qaynağına söykənərək mətni təfsir edir, bu prosesdə fərqli oxunuş da qaçılmaz olur. Tarix boyu Qurani-Kərim ilə əlaqəli bir çox müfəssirlər öz bilik qaynaqlarına söykənərək Quranı təfsir etmişlər. Quranla bağlı qeyd olunan fərqli təfsirlər tarix boyu Quranın müxtəlif ayələrdə məqsədinin də yanlış təfsir olunmasına səbəb olmuşdur. Eynilə bu mövzunu müfəssirlər arasında da müşahidə etmək olar. Hər müfəssir zaman keçdikdə özündən əvvəl olan müfəssirin təfsir üslubunu naqis hesab etmiş və ayələrdən ələ gətirdiyi təfsirləri də fərqli formalarda izah etmişdir. Bu qlobal problemi həll etməyin ən münasib yolu mətnin sahibinin (yəni Allahın) məqsədini olduğu kimi, heç bir əskik və azaltma olmadan təfsir etmək, eyni zamanda, dini mətnlərdə mövcud olan ayələrin nazil olduğu zaman və məkan, nişanə və əlamətlərini, o cümlədən, nazil olan ayələrin mövcud olduğu ictimai vəziyyəti göz önünə almaq lazımdır.

İkinci yol, dini mətni təfsir etməkdə hər hansı bir önfərziyyə və yanlış üslubdan çəkinmək üçün münasib yol dini mətni bəyan edən Peyğəmbər (s) və Məsum İmamların (ə) mübarək möhkəm, mütəvatir və sənədli hədis və rəvayətlərinə və ayələr ilə əlaqəli buyurduqları kəlamlara müraciət etməkdir. Beləliklə, nəqlə müraciət etməməklə bərabər möhkəm əqli arqument və bürhandan istifadə etməmək tarix boyu bir çox müfəssirləri yanlış təfsir etmə üslubuna məruz qoymuşdur. Beləliklə, əgər müfəssir nəqlə müraciət edərək ayələrin nazil olduğu zaman və məkanları dəqiq bir şəkildə incələsə, o zaman bir çox yanlış anlamalar da aradan qalxacaq və ayələrin əsl məqsədi açıq-aşkar formada aydınlaşacaqdır. Nəticədə belə anlaşılır ki, müxtəlif və bir-birindən fərqli təfsirlərin olmasına diqqət yetirdikdə aydın olur ki, burada əsas problem nişanə – yəni ayələrin nazil olduğu zaman, məkan, baş verən hadisələr və ayənin nazil olduğu vaxt – və nəqlə söykənməməkdir. Bu mövzu müxtəlif metodoloji üslubların, eyni zamanda, fərqli mənbələrin olmasının nişanəsidir. Burada bir çox ixtilaf və fərqli təfsirlər yanlış hesab edilir. Əgər müfəssir Qurani-Kərimi təfsir edərkən möhkəm ayələri əsas tutaraq yoluna davam edərsə, ayələrin dəlalətlərinin qəti və ehtimallar əsasında olduğunu göz önündə tutarsa, o zaman bütün bu ixtilaf və fərqli təfsirlər də aradan qalxacaqdır.

Qurani-Kərim müfəssirlərinin bir çox hallarda ixtilaf etdikləri mövzuları bir neçə başlıqda qeyd edə bilərik:

1. Üslub fərqlilikləri: Bir çox şəxslər Quranı təfsir etmə metodonu ancaq hədis və rəvayətlərə istinad edərək, digər bütün üslubları göz ardı etmişlər. Təsadüfi deyil ki, tarix boyu Quranın təfsirini ancaq rəvayətlərlə mümkün ola biləcəyi görüşünü müdafiə edən bir çox şəxslər olmuşdur. Tarix boyu bir çox hədislərin sənədsiz, mürsəl, zəif olduğunu nəzərə alaraq, bu üslubun tam da dəqiq olmadığı anlaşılır. Rəvayətdən əlavə, ayələrin nazil olduğu zamana müraciət etmək, ağıl və sənədli rəvayətlər burada mühüm əhəmiyyət kəsb edir. Bir sıra şəxslər tarix boyu ancaq rəvayətlərə müraciət edərək Quranı təfsir etməyə yönəlmişlər. Bundan fərqli olaraq, bir sıra şəxslər də tarix boyu Quranı təfsir edərkən ayələrin zahirini göz ardı edib onların dərin mənalarının olduğunu qeyd etmiş və bunun da ancaq kəşf və şühud ilə gerçəkləşəcəyini, burada köməkçi vasitələrin hərf və cəfr kimi batini aləmə məxsus olan elmlərin olduğunu bildirmişlər. Təsadüfi deyil ki, tarix boyu dini anlama və təfsir metodu zamanı ağıl və rasional qanunları göz ardı edən şəxslər də var olmuşdur.

2. Ayənin nazil olduğu zaman: Demək olar ki, tarix boyu müfəssirlərin fərqli təfsirlərinin olması onların ayələrin nazil olduğu zaman və məkanları, ayənin şəni-nüzulu, ayələrin nazil olma səbəblərindən agahsızlıq olmuşdur. Dini mətni anlama prosesi və təfsir metodu zamanı müfəssirin diqqət edəcəyi mühüm məsələlərdən biri də onun ayələrin nazil olduğu zamana diqqət etməsidir. Belə olmadığı təqdirdə təbii ki, bir çox fərqli təfsirlər özünü göstərəcək və yanlış istinbat baş verəcəkdir.

3. Müfəssirin şəxsi zehniyyətinin müdaxiləsi: Bir çox hallarda müfəssirlər dini mətni təfsir edərkən öz zehniyyətini mətnin təfsirinə yönəldərək, ayələrin daha çox zahirinə diqqət edərək öz zənn və gümanları əsasında təfsir etmişlər. Beləliklə, dini mətnləri sağlam əqli arqumentlərlə təfsir etmək üçün ilk olaraq müfəssir öz zənn və gümanını və eyni zamanda, zehniyyətini bir kənara qoyaraq mətnə müraciət etməlidir. Əks halda, yanlış anlama və təfsir  baş verəcək və dini mətndə məqsədin hansı kateqoriyaya aid olması da aydın olmayacaqdır.

4. Təfsir ilə əlaqəli elmlərin fərqlilikləri: Fərqli təfsirlərin ortaya çıxmasının səbəbi təfsir ilə əlaqəli müxtəlif bilik sahələrinin olmasıdır. Buna misal olaraq ədəbi elm, rical, dirayə elmi, üsul, fiqh və Quran elmlərini göstərmək olar. Beləliklə, nəzərdən qaçırmaq olmaz ki, bir çox elmi sahələrdə mövcud olan fərqli oxunuşlar və fərqli təfsirlərin olması labüddür, eynilə dini bilik sahəsində də fərqliliklərin olması qaçılmazdır. Bütün bu ixtilafları nəzərə alıb daha dolğun və tam bir təfsiri ələ gətirmək üçün təfsirin bütün müqəddimə qaynağına müraciət etmək lazımdır.

Xülasə olaraq bu görüşü təhlil etmək istəsək, deyə bilərik ki, doğru və səhih təfsiri ələ gətirmək üçün müfəssir bir sıra şərtlər və qaydalara riayət etməlidir. Eyni zamanda, bu şərtlərə və qaydalara əməl etmək mötəbər təfsir ilə qeyri-mötəbər olanını bir-birindən fərqləndirməyə səbəb olacaqdır. Bundan başqa, daha səhih olaraq mətn sahibinin zehniyyətini açıqlayıb izah etməyə imkan verəcəkdir. Bu şərt və qaydalar aşağdakılardan ibarətdir:

A) Quranın bir ayəsinin təfsiri digər ayənin təfsiri ilə üst-üstə düşməlidir;
B) Quran təfsiri sənədi möhkəm olan Peyğəmbər (s) və Məsumun (s) hədis və rəvayətləri ilə ziddiyyətdə olmamalıdır;
C) Quran təfsiri insanın sağlam ağıl və fitrəti ilə uyğunlaşmalıdır;
D) Quran təfsirində istifadə olunan mənbə və dəlillər əqli və məntiqi arqumentlərlə sübuta yetməlidir;
E) Təfsir olunan mətn, mətn sahibinin zehniyyəti ilə uyuşmalıdır.

Aqil Islam

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi