Xanım Zəhra (s.ə) besətin 5-ci ili, cəmadis- sani ayının 20- də dünyaya göz açmışdır. Bu zaman Peyğəmbərin (s) 45 yaşı var idi. İmam Sadiq (ə) və İmam Baqir (ə) –dan nəql olunan rəvayətdə deyilir: Həzrəti Zəhranın (s.ə) anası xanım Xədicə olmuşdur. Peyğəmbər (s) özünün merac gecələrinin birində ona təklif olunan cənnət meyvələrindən olan təzə xurma və üzümdən dadmışdı. Allah- Taala həmin behişt meyvələrini Peyğəmbərin (s) sülbündə formaya salmışdı. Buna görədə xanım Fatiməni (s.ə) “Həvraul insiyyə”də adlandırıblar. Bununda mənası xanım Zəhranın (s.ə) insan ola- ola behişt hurilərindən sayılması deməkdir. Beləki Peyğəmbər (s) hər zaman cənnət ətrini arzulasaydı, onun və tuba ağacının ətrini Fatimədən (s.) alardı.
İlahi ! Bu necə bir xanımdır, bu necə paklıqdır ! Müqəddəsliyin təzahürünə bax ! Elə bir xanım ki, əvvəli behişt meyvəsidir. Xəmiri behiştdən yoğrulub. Bünövrəsində paklıq var. Təharəti-eşq. Mütəal Allah, ta əvvəlindən pak-pakizə xəlq eləyib. Elə bir xanım ki, Quran, Allahın onu bütün çirkinliklərdən pak və uzaq etdiyini söyləyir. Elə bir xanım ki, həm insandır, həm huri. Həm mələkdir, həm mələkdən üstündür. Elə bir xanım ki, Allah Rəsulu nə zaman behişt üçün darıxsa, bağrına basar, qoxlayardı.
Digər bir məsələ – Bir gün Allahın rəsulu evə daxil olduqda Xədicənin (s.ə) kiminləsə söhbət etdiyini eşidir və bu barədə ondan soruşduqda o pak qadın belə cavab verir: “bətnimdəki uşaq mənimlə söhbət edir, o, mənim həmsöhbətimdir. Peyğəmbər (s) buyurdu: “Cəbrail (ə) mənə xəbər verib ki, bu uşaq qız uşağıdır və bizim mübarək, nəslimizdə budur. Allah Taala tezliklə mənim nəslimi onun vasitəsi ilə dünyaya gətirəcəkdir. İmamlar onun nəslindən dünyaya gələcəklər.
Kim idi bu xanım ? Elə bir xanım ki, ta bətindən dil açıb. Elə bir xanım ki, Rəbbin izni və iradəsi ilə, göz açmamış dil açıb. Elə bir xanım ki, şəninə surə nazil olub, ayələr dil açıb. Elə bir xanım ki, özü təklikdə 11 imam anası olub. Allah bu xanıma nə qədər xeyir-bərəkət verib, nə qədər fəzilət, nə qədər ilahi məqam bəxş edib ki, peyğəmbərin (s) ondan sonra gələn imamların, ondan sonra gələn övliyaların, ondan sonrakı bütün möminlərin və daha artığı bütün günahkarların başı üstdə bir nur olub. Ümid olub, çıraq olub. O, dünyaya gələn zaman ondan saçan nur bütün Məkkə evlərini işıqlandırırdı. Behişt hurilərindən on nəfər əllərində cənnətdən gətirdikləri teşt və kovsər suyundan doldurulmuş kuzə ilə evə daxil oldular. Xədicənin qarşısında duran qadın Fatiməni (s.ə) götürüb kosər suyu ilə yudu. Ağappaq, ətirli iki parçadan biri ilə onu bələyib, digəri ilə isə başını bağladı. Sonra Fatiməni (s.ə) dindirdi. Fatimə (s.ə) dil açıb Allahın birliyinə, Məhəmmədin (s) onun rəsulu olmasına şəhadət verdi.
Allah bizi dünya-axirət xanım Fatimədən ayrı salmasın. O ki, qiyamətdə deyəcəklər, “eynə-Fatimiyyun” hardadır Fatimənin yolunu gedənlər ?.. Rəbbim bizi, bu yolun həqiqi yolçularından qərar versin, inşəAllah. Vəssəlamu-aleykum.
GİAM