Rəcəb ayında oruc tutmağın mükafatı

Rəcəb ayı ilə bağlı gələn mübarək kəlamlar o qədər heyrətə gətirəndir ki, bunların özünün qavranılması – ayrıca bir prosesdir. İmam Cəfər Sadiqin (ə) rəcəb ayının əhli haqqında çox gözəl kəlamları var. Rəcəb ayının əhli kimlərdir? O kəslərdir ki, rəcəb ayının nə olduğunu bilir. Rəcəb ayının ehtiramını qoruyur.
Rəcəb ayında oxunulası zikrləri, duaları, görüləsi əməlləri yaşadır. Və o qədər rəcəb ayıyla yaşayır ki, bunlara “rəcəbiyyun” – “rəcəb əhli” deyirlər. Bu şəxs rəcəbdə olan, rəcəblə həmahəng yaşayan bir adam kimi yaşayar. Hətta, bu adam rəcəb əhli kimi Qiyamət günü bir axtarılar, sorular, çağırılar da. Qiyamət günü hamı nigaran, səksəkəli olan bir halda rəcəb əhlini axtararlar, çağırarlar. Rəcəb ayının əhlinə Qiyamət səhnəsində müraciət mövzusunda İmam Sadiq (ə) buyurur: “Qiyamət yetişən zaman İlahi carçı fəryad çəkər: “Eynər-racəbiyyun? “haradadır rəcəb ayının əhli!
İmam Rza (əleyhissalam) buyurur: “Hər kim ilahi mükafatları qazanmaq üçün Rəcəb ayının ilk günü oruc tutarsa, cənnət ona vacib olar. Hər kim Rəcəb ayının ortasında oruc tutarsa Rəbiə və Muzir qəbilələrinin (iki böyük Ərəb qəbiləsi) sayı qədər şəfaətə nail olar. Hər kim Rəcəb ayının son günündə oruc tutarsa, Allah onu cənnətin padşahlarından qərar verər və o kəs atasına, anasına, övadlarına, qardaşına, əmilərinə, bibilərinə, dayılarına, xalalarına, dostlarına və öz qonşularına şəfaətçi olar. Hətta onlar cəhənnəmə layiq olsalar belə”.

Digər bir hədisdə Ənəs ibn Malik Peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql edir: “Hər kim Rəcəb ayında imanla və ixlasla bir gün oruc tutarsa, Allah qiyamət günü onunla cəhənnəm arasında yetmiş xəndək fasilə qərar verər. Həmçinin Əli ibn Salim atasından belə nəql edir: “Rəcəb ayına bir neçə gün qalmış İmam Sadiqin xidmətinə yetişdim. O, məni görüb belə dedi: “Ey Salim, Rəcəb ayında oruc tutmusanmı?” Belə dedim: “Allaha and olsun ki, yox, ey Peyğəmbər övladı”. İmam buyurdu: “Əldən qaçırdığın fəzilət və bərəkətlərin sayını Allahdan başqa heç kim bilmir”. İmam bu sözün arxasıyca belə dedi: “Bu ay elə bir aydır ki, Allah təala bu aya digər aylardan daha çox fəzilət vermiş və onun hörmətini böyük saymışdır. Allah öz kəramətini bu ayda oruc tutanlar üçün vacib etmişdir..

Həzrət İmam Baqir (əleyhissalam) belə buyurur: “Hər kim Rəcəb ayında yeddi gün oruc tutsa, Allah onun Sirat körpüsündən salamat şəkildə keçməsinə icazə verər, cəhənnəm əzabından amanda saxlayar, cənnəti və cənnətdə olan otaqları ona vacib edər”. “Həzrət Peyğəmbər (s) buyurub: Rəcəb ayı ümmətimin bağışlanma ayıdır. Ona görə bu ayda çoxlu bağışlanma istəyin ki, Allah bağışlayan və mehribandır. Bu ayda ümmətimə Allahın rəhməti daha çox nazil olar. Çoxlu deyin: “Əstəğfirullahə və əs’əluhut-tövbə”

Aqil İslam

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir