Əzəmətli peyğəmbərimiz, Həzrət Məhəmməd (s), Allah tərəfindən möhkəm və kamil bir din gətirib, bəşəriyyəti hidayət və kamala doğru yönəltdi. Özündən sonra müsəlmanların arasında ixtilaf yaranmaması onlara iki şeydən uzaq qalmamağı tövsiyə edərək buyurdu: “Mən sizin aranızda iki ağır (dəyərli və məsuliyyətli) şeyi əmanət qoyuram: biri Allahın kitabı Quran, o birisi isə mənim Əhli-beytimdir. Hər kəs, bunlarla birlikdə olsa, nicat tapar. Hər kəs, bunlardan uzaq düşsə, zəlalətə uğrayar.” Təəssüflər olsun ki, buna baxmayaraq, Peyğəmbərin (s) vəfatından sonra müsəlmanlar arasında çox sayda firqə və məzhəblər yarandı. Bu firqə və məzhəblərin yaranmasının səbəblərinin bir neçəsinə işarə edirik:
1. Qəbilə təəssübkeşliyi və qrupların ixtilafı
Müsəlmanlar arasında ən böyük ixtilaflı məsələlərdən biri də, imamət məsələsidir. Baxmayaraq ki, Məhəmməd peyğəmbər (s) özündən sonra imam təyin etdi, lakin, O Həzrət hələ ölüm ayağında olduğu zaman, (yaxud vəfat etdikdən həmən sonra, hələ mübarək bədəni soyumamış,) Səqifədə ənsardan (mədinəlilərdən) dörd nəfər bir yerə toplaşıb öz aralarından bir xəlifə seçmək qərarına gəldilər. Sonra mühacirlərdən (vaxtilə hicrət etmiş məkkəlilərdən) bir nəfər də, onlara qoşuldu. Bu beş nəfər arasında böyük mübahisə və ixtilaf yarandı. Mühacirli şəxs, ənsara belə dedi: “Ey Ənsarlılar, siz islamda qabaqcıl, fəzilət və dəyər sahibisiniz, amma ərəblər arasına belə deyilsiniz. Ona görə də, Peyğəmbərə (s) qohum olanların xəlifəliyə ləyaqətləri daha çoxdur.” Bu hadisədən sonra, ixtilaflar böyüməyə başladı. İxtilaflar böyüdükcə, Peyğəmbərin Qədir-xumda seçdiyi imam və onun haqqında buyurduqları da unuduldu.
2. Haqqı müəyyən etməkdə bilərəkdən inad və cahillik etmək
İraq, Hicaz və Misir əhli, dördüncü xəlifə olan Osmanı öldürüb, yerinə başqasını xəlifə qoymaq arzusunda idilər. Nəhayət bu arzularına çatdılar. Osman oldürüldükdən sonra müsəlmanlar bir yerə yığışıb, Əlini(ə) xəlifə seçdilər. Müaviyədən başqa, hamı o həzrətə beyət etdi. Çünki Müaviyə sultanlıq və hökmdarlıq etmək istəyir, Peyğəmbərin (s) islam dininin gözəlliklərinə əsaslanaraq qurduğu paklıq dolu idarəçiliyini öz maddi mənafelərinə zidd görürdü. Həzrət Əli (ə) isə öz növbəsində Peyğəmbərin (s) və islamın dəyərlərinə sadiq qalaraq, zülm və özbaşınalıqla mübarizə edirdi. Beləliklə də, bu iki müxalif qüvvə, yəni; xeyirlə şər arasında “Siffeyn” döyüşü başladı. Sonra Əlinin(ə) öz qoşunu içərisində, bir dəstə həzrət Əlini (ə) Müaviyə ilə sülh etməyə məcbur etdi. “Hökm yalnız Allaha məxsusdur” -şüarı ilə həkəmiyyət (iki ixtilaflı qrup arasında hakimlik) məsələsini ortaya çıxardılar. Bir müddətdən sonra Müaviyə tərəfindən aldandıqlarını görən bu dəstə, səhv etdiklərini və bununla da günah işlətdiklərini anladılar. Onlar Həzrət Əlini (ə) tövbə etməyə məcbur edirdilər. İmam Əli (ə) haqlı olaraq, tövbə etməyəcəyini, çünki bu işə əvvəlcədən razı olmadığını və sırf onların vasitəsilə ölümlə təhdid edildiyi üçün qəbul etdiyini buyurur. İmamın (ə) tövbə etmədiyini görən bu dəstə Əli(ə) ilə döyüşə başlayaraq, məğlub oldular. Bundan sonra tarixdə “Xəvaric” adlı firqə meydana gəldi. Bunun səbəbi isə haqqı müəyyən etməkdə bilərəkdən inad və cahillik etmək, doğru yoldan xaric olmaları idi.
3. Hədis yazmağın və yayılmasının qadağan olunması
Məhəmməd (s) peyğəmbərin vəfatından sonra, ikinci xəlifənin zamanından etibarən, onun əmri ilə hədis yazılması yüzüncü hicri ilinin axırlarına kimi qadağan olundu. Çünki, o, belə deyirdi: “Bizim üçün Quran və Peyğəmbərin sünnəsi kifayət edir.” Hədis yazmağın və yayılmasının qadağan olunması dövrü, islam aləmində öz mənfi təsirlərini qoydu. Sonralar, qeyd olunan fasilənin ardınca, uzun illər həqiqi hədislərin yazılmamasından qaynaqlanaraq, bir çoxları, bu fürsətdən istifadə edib, müxtəlif mövzularda saxta hədislər düzəldərək, istədikləri sözləri Məhəmməd peyğəmbərin (s) dilindən nəql etdilər. Bu da, xüsusilə, etiqadi məsələlərin bir-birinə dəyməsinə səbəb oldu və nəticədə müxtəlif fiqhi və kəlami (sxolastik) məzhəblər yarandı. Buna misal olaraq, qeyd etmək lazımdır ki, Məhəmməd ibn İsmayıl Buxari öz “Səhih”ində altı yüz min hədis yazmışdır. Amma bu hədislərin sayı Peyğəmbərin (s) ömrü ilə müqayisə etdikdə O, həzrətin iki min altı yüz səksən yeddi il ömür sürməsi lazım gəlir. Məhəmməd ibn İsmail Buxari bu hədisləri sadəcə toplamışdı, sonra isə altı yüz min hədisin arasından iki yüz yetmiş bir min altımış hədisin səhih olduğunu güman edərək, geridə qalan saxta hədisləri kənara qoydu. Buna baxmayaraq yenə də saxta hədislər başqa hədis kitablarında mövcuddur.
4. Sonradan “müsəlman” olmuş yəhudi və məsihi din alimlərinin, hədis yazılma və yayılmasının qadağan olma fürsətindən istifadə etmələri
Müsəlman olmuş yəhudi və məsihi din alimləri, hədis yazılma və yayılmasının qadağan olma fürsətindən istifadə edərək, öz Tövrat və İncillərində olan dini dastan və sözləri islam Peyğəmbərinin (s) dilindən nəql edirdilər. Savad və elmi olmayan adi müsəlmanlar isə, onların alim olduqlarına inanaraq, sözlərinə etibar edirdilər. Buna misal olaraq, Kəbül-Əhbar, Vəhəb ibn Mənbəhül-Yəmani, Təmim ibn Əvsəd və başqalarını misal gətirmək olar.
5. Müsəlmanlara müxtəlif mədəniyyətlərin təsiri
İslam Peyğəmbərinin (s) vəfatından sonra müsəlmanlar bir çox dövlət və şəhərləri fəth edib qələbə çaldılar. Bu üzdən, başqa millətlərin mədəniyyətləri ilə yaxından tanış olub, onların elm və mədəniyyətini, xüsusən, romalılar və farsların elm və mədəniyyətini islam məntəqələrinə gətirib çıxardılar. Zaman keçdikcə, elm və mədəniyyətlər inkişaf edir, bəzi savadsız müsəlmanlar isə Roma və Fars mədəniyyətlərini islam düşüncə və mədəniyyəti ilə qarışdırırdılar. Bu səbəbdən də, əcnəbi mədəniyyətlərə islami rəng verirdilər. Nəticədə, müxtəlif fikir və etiqadlar meydana gəlirdi. Elə bunun özü də, çoxsaylı firqələrin meydana gəlməsində az təsir qoymadı və əsas amillərdən birinə çevrildi.
6. “Nəss”in müqabilində ictihad etmək
“Nəss” dedikdə, Quranda və səhih hədislərdə açıq-aşkar deyilən məsələlər nəzərdə tutulur. İctihad, əsl həqiqətdə, alimin dini mənbələrdən dərin araşdırma nəticəsində əldə etdiyi nəzərə deyilir. Amma burada məqsəd, alimin dini mənbələri lazımı şəkildə araşdırmadan, özbaşına şəxsi fikri və əsassız olaraq gəldiyi nəticə nəzərdə tutulur. Deməli, “nəss”in müqabilində ictihad etməyin mənası budur ki, hər hansı bir məsələ haqda Quranda və səhih hədislərdə fikir söylənildiyi halda, kimsə bu sözləri kənara qoyub, həmin mövzu və məsələ barəsində öz fikrini irəli sürsün. Tarix boyu müsəlman aləmində belə xoşagəlməz hallar mövcud olmuşdur. Bu isə Quran və islama zidd bir hərəkətdir. Elə bu əsasa da, bir çox fiqhi və kəlami məzhəblər meydana gəldi. Bunun səbəbi, bəzi şəxslərin məzhəb yaradıb, Quran və səhih hədisləri kənara qoyaraq, öz ictihadını irəli sürüb düzgün görməsi oldu. Həmçinin, diqqət etmək lazımdır ki, Qədir-Xum hadisəsində Peyğəmbərin (s) imam təyin etməsi də, nəss idi. Amma məqalənin əvvəlində qeyd etdiyimiz kimi, bəzi müsəlmanlar nəssin, aydın hədisin müqabilində ictihad etdilər. Özlərinin içərisindən bir xəlifə seçib, sanki, islamın qayğısına Peyğəmbərdən (s) çox qaldıqlarını nümayiş etdirmək istədilər. Amma çox təəssüflər olsun ki, əgər səhabələr belə etməsəydi, onlardan sonra heç kəs buna cürət etməzdi. Bu gün, müxtəlif rəngli firqə və məzhəblər də vücuda gəlməzdi.
Dr. Hacı Fariz Rəcəbov