Bu şəxsi necə vəsf edim..

Bu şəxsi necə vəsf edim, bir halda düşmənləri həsəddən, dostları isə düşmənlərin qorxusundan onun fəzilət və üstün keyfiyyətlərini gizlətdilər. Bu halda, onun Əlinin fəzilətləri qərb və şərqi bürüdü

Vilayət xanədanının şahi, hidayət çırağı, möminlər və mütəqqilərin mövlası və rəhbəri, Allah və Peyğəmbər (s)in sevimlisi Əli ibn Əbu Talib (ə) fəzilətlər və üstün keyfiyyətlər ilə bütün vücudu doludur. Buna görə də, bu əzəmətli şəxsin İslam və Quran libasına bürünmüş əzəmətli şəxsiyyətinin keyfiyyətlərindən nə qədər danışsaq, onun sonsuz hikmətini, mərdanəliyini, fəziləti, şücaəti və dəyanətinin sadəcə bir damlasını izah etmiş olarıq, eyni zamanda böyük bir dərin dəryanın sadəcə kiçik bir damcısını göstərmiş olarıq. Ümumi olaraq deyə bilərik ki, möminlərin mövlası İmam Əli (ə) bütün insani və mənəvi keyfiyyətlərə sahib bir şəxs olmuşdur, elə bir insani dəyər və keyfiyyət tapa bilmərik ki, o Əlidə (ə) olmasın. Bütün dəyərlərə sahib olmaqla bərabər eyni zamanda bütün əxlaqi və irfani keyfiyyətləri də özündə cəm etmişdir. Təsadüfi deyil ki, Xəlil ibn Əhməd İmam Əlinin (ə) fəzilətini iki cümlədə gözəl vəsf etmişdir:

“Bu şəxsi necə vəsf edim, bir halda düşmənləri həsəddən, dostları isə düşmənlərin qorxusundan onun fəzilət və üstün keyfiyyətlərini gizlətdilər. Bu halda, onun Əlinin fəzilətləri qərb və şərqi bürüdü”

Həzrəti Əlinin (ə) üstün keyfiyyətlərindən və eyni zamanda fəzilətlərindən danışsaq bu kifayət edərki, hələ kiçik yaşında İslam Peyğəmbərinə (s) iman gətirmiş, onun sözünə inanmış, və ilk olaraq İslam dininin yayılmasında Peyğəmbərdən (s) öz yardımını əsirgəməmişdir. Bu həzrət İslam Peyğəmbəri (s) tərəfindən dəfərlərlə imamət və xilafət məqamına təyin edilmişdir. Müşriklərin Peyğəmbərin (s) mübarək evini mühasirəyə aldıqları o qorxulu gecədə öz canını heçə sayaraq Peyğəmbərin (s) yatağında yatıb, o həzrətin uğrunda və İslamın yaşamasında öz canını heçə saymışdı. Peyğəmbər o Həzrət barədə ümmətin atası və ondan sonra xilafət və canişinin məqamına layiq olan bir şəxs kimi təqdim etmişdir. Ozündən sonra gələn on bir məsum imamın (ə) atasıdır. Eyni zamanda Peyğəmbərin əziz övladı Həzrəti Fatimənin (s) sevimli həyat yoldaşıdır. İmam Əli (ə) döyüş meydanında əsl mərdlik göstərərək düşmənin canına qorxu salaraq İslam düşmənlərini lərzəyə salmış, xəndək döyüşündə küfr ordusunun pəhləvanı olan Əmr İbn Əbdəvidin kürəyini yerə vuraraq öz şücaətini dillər əzbəri etmişdir. Eyni halda, Xeybər qalasını yerindən qoparıb İslam ordusunu nüsrət və qələbəyə yetirən yeganə şəxsiyyətdir. İmam Əli (ə) elə böyük bir şəxsiyyətdir ki, onu ancaq Allah və İslam Peyğəmbəri (s) layiqincə tanıya bilmişdir.

“Ya Əli! Allahı mən və səndən başqa layiqincə tanıyan olmadı. Səni də Allah və məndən başqası layiqincə tanıyan olmadı

Başqa bir hədisdə İbn Abbas Rəsuli-Əkrəmin (s) belə buyurduğunu nəql edir
“Ağaclar qələm, dərya mürəkkəb, cinlər hesablayıcı, insanlar yazar olsa, Əli ibn Əbu Talibin fəzilətlərini sayıb-qurtara bilməzlər”

Digər bir hədisdə buyurulur
Əli bn Əbu Talibin üzünə baxmaq və adını çəkmək ibadətdir. Bəndənin imanı yanlız onun vilayətini qəbul etmək və düşmənlərinə nifrət etməklə qəbul olunar”.

Qurani-Kərimdə imam Əlinin (ə) fəzilət və üstünlüyünə işarə edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən ayələrdən biri “Sabiqun” adını daşıyan “Vaqiə” surəsinin 10-14-cü ayələridir. Bu ayələrdə buyurulur:

“Öndə olanlar, öndə olanlar! Onlar yaxın olanlardır. Onlar behiştin nemətlə dolu bağlarında olacaqlar. Bir qrupu əvvəlki ümmətlərdən, az bir qismi də sonrakılardandır!”

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında İbn Abbasdan belə nəql edir: “İmanda öndə olanlar üç nəfərdir: Musaya iman gətirən Yuşə ibn Nun, İsaya iman gətirən Sahibi-Yasin (Həbib Nəccar) və Peyğəmbərə (s) ilk iman gətirən Əli (ə)!”
Yenə həmin kitabda İbn Abbasın belə dediyi nəql olunur: “Peyğəmbərdən (s) bu ayənin təfsirini soruşdum. Həzrət buyurdu:

“Mən onun təfsirini Cəbraildən soruşdum. O dedi: “Ayə Əli və onun şiələrinə aiddir, onlar hamıdan öncə behiştə girəcəklər!

“Rozətul-mütəqqin”, 13-cü cild, səh. 265.”Əl-Mənaqib”, İbn Şəhr Aşub”, 3-cü cild, səh. 268.
“Əl-Mənaqib”, Xarəzmi, səh. 177, hədis 99 və “lisanul-mizan”, 5-ci cild, səh. 62. “Mizanul-etiqad”, Zəhəbi, səh467.
Əmali”, Şeyx Səduq, məclis 28, son hədis” (“Şəvahidut-tənzil”, c.2, səh.213, 215-216, hədis 924 və 927.)


GİAM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir