Onunla dost olmaq üçün

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,Professional ailə müşaviri, Həyat koçu

İlahi övliyalar Allah-təalanın ən sevimli bəndələridir. Onlar bəşəriyyətə ən gözəl ülgü və nümunədir. Onları sevmək, onlara yaxın olmaq Allahı sevən hər bir bəndənin arzusudur. Əslində, onları sevmək elə əsl gözəlliyi, yəni Allahı sevməkdir. Məhz bunun üçündür ki, bizim dinimizdə dəfələrlə belə şəxsiyyətlərin sevgisinə təkid edilir.Bu ali ilahi şəxsiyyətlərdən biri də, Hz. Əlidir(ə). Allahın Peyğəmbəri (s) buyurur: “Atəş odunu yediyi kimi Əlini sevmək də günahları yeyir.” Bu sevgi günahları əridir, məhv edir, çünki ilahi gözəllik onlarda təcəlla etmiş və mənəvi ətirləri aşıqlərini məst etmişdir. Dünyanın hər bir nöqtəsində gözəllik sevənlər bu xoş qoxulu baxçanın kənarına toplaşıb heyranlıqla onaları müşahidə edirlər. Belə ki, nə qədər yaxınlaşsalar, bir o qədər güllərin ətri üzərinlərinə hopacaqdır. Baxçada məskunlaşsalar isə bir ömür gözəl qoxular içində həyat sürəcəkdir. Yəni nə qədər Hz. Əliyə (ə) bənzəsələr bir o qədər də ona yaxın olmuş olacaqlar. Günahlardan paklanmış olacaqlar…Yaxşı bəs bu xoş ətirli güllərin olduğu mənəvi baxçaya necə daxil ola bilərik? Ən yaxşısı budur ki, onun sirrini elə Hz. Əlinin (s) dilindən eşidək, onun kimi sevdiyini, kiminlə dost olmaq istədiyini öyrənək. Yoxsa ki, sırf sevgi bəsləmək çox uzaqdan güllərə tamaşa etmək kimidir, sanki behişti müşahidə edir, amma ona daxil olmağa həsrət qalmağa bənzəyir. Öyrənək, maariflənək ki, elmsiz əməlin, əməlsiz də sevginin faydası olmaz. Həzrət Əlinin (ə) buyurduğu kimi, “Elm sahibi olaraq yatmaq, cahilin (oyaq) namazından daha üstündür.” Belə isə gəlin Həzrət Əlinin (ə) öz dilindən onun seçdiyi dostunun xüsusiyyətlərini öyrənək:Möminlərin əmiri (ə) buyurur: “Mənim keçmişdə Allah yolunda bir qardaşım (dostum) var idi. (Onun bu üstün cəhətlərinə görə onunla dost olmuşdum.)

1-“Dünya onun nəzərində dəyərsiz və kiçik idi, buna görə də o, mənim gözümdə əzəmətli idi.”Yəni, dünyapərəst deyildi. Dünyapərəstlikdən məqsəd, Allahın bəşər övladına bəxş etdiyi nemətlərdən üz çevirmək, ona qarşı tam rəğbətsiz olmaq, rahiblik və yaxud özünə əzab-əziyyət vermək deyildir. Diqqət etmək lazımdır ki, Aləmlərin Xaliqi bu dünyanı insanın ondan kifayət qədər bəhrələnməsi üçün yaratmışdır. Buna görə də, insan dünyəvi nemətlərdən bəhrələnməli, ondan zövq almalıdır. Belə ki, Həzrət Əli (ə) dünyadan doğru-düzgün bəhrələnənlər üçün, onun “doğruluq sarayı” olmasını vurğulayır. Dünyanı yaxşı dərk edən şəxs üçün, onun əmin-amanlıq və xoşbəxtlik imarəti olduğunu söyləyir. Deməli, islam dininə görə, insan öz şəxsiyyətinə və mürüvvətinə xələl yetirmədən və israfa etmədən, öz halal istəklərini əldə etməklə dünya naz-nemətindən faydalana bilər.Həmçinin, bu vasitə ilə hətta dini işlərini sahmana salmaq üçün daha keyfiyyətli nəticə əldə edə bilər. Quranda buyurulur: “Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün!”Elə bunun üçün də, hədislərimizdə buyurulur ki, dünyan üçün elə çalış ki, sanki orada əbədi ömür sürəcəksən və axirətin üçün elə səy et ki, sanki sabah öləcəksən. Mömin şəxs, dünyanı axirətin əkin sahəsi saymalıdır. Dünya möminin axirəti üçün gözəl köməkçi olmalıdır. Bununla da, insan öz maddi və mənəvi işlərini sahmana salmaq niyyətilə dünyadan bəhrələndiyi təqdirdə, bu bir növ islahedici rol oynadığı üçün dünyapərəstlik sayılmır. Məhz bu səbəbdən də, Həzrət Kazim (ə) buyurur: “Dünyasını dininə görə tərk edən, ya dinindən öz dünyasına görə üz döndərən kəs bizdən deyil.»Deməli, dünyapərəstlik maddiyyatı meyar və tərəzi kimi ölçü təyin etməkdir. İnsanları sosial təbəqəsinə, məqamına, evinə, maşınına, gözəlliyinə, boy-buğununa, adam-nəfərinə, sahib olduğu sair maddi üstünlüklərinə görə dəyərləndirməkdir.Yaxşı bəs bunu necə təyin edə bilərik? Baxın, təsəvvür edin ki bir izdihamlı məclisdəsiniz. Məclisin başında sosial statunuza görə sizə görkəmli bir yer ayırıblar. Elə bu zaman yanınıza yoxsul, köhnə və yırtıq geyimli, yuyulmaqdan rəngi qaçmış, pulu olmadığı üçün bərbərə gedə bilməyən, aşağı məhəllədən sadə bir insan gəlib əyləşdi. Sizinlə görüşdü, öpüşdü və sizi qucaqladı. Oradakı insanların həyat meyarı dünya olduğu üçün sizinlə belə bir şəxsin səmimiyyətini, yanınızda belə bir şəxsin oturduğunu görüb, ima və istehza ilə gülümsədilər. Bir-birilərinin qulaqlarınsa sizi ələ salan sözlər dediklərini anladınız. Həmin şəxs isə məclisin sonuna kimi sizin yanınızda oturdu. Özünüzü necə hiss edərsiniz? Həmçinin, onunla səmimi şəkildə məclisdə danışmağa, gülməyə, yaxın davranmağa davam edərsinizmi? Bəli, məhz belə məqamlarda insan özünü daha yaxşı tanıyır.Salam verib görüşdüyünüz şəxslərlə davranış tərziniz özünüzü tanımanıza yardım edə bilər. Sosial statusu yüksək olan şəxsə verdiyiniz salam, etdiyiniz kef-əhval ilə, cəmiyyətdə yoxsulluğuna görə etina edilməyən şəxslə salamlaşmanız, onun əhvalını soruşmanız fərqlidirsə, özünüzdən qorxun.Burda dünyapərəstliyin bir mənası da hərislikdir. “Sağsağan xislətli” olmaqdır. Sağsağan kimi gözünə dəyən hər şeyi əldə etmək istəyi insan övladının ən böyük bəlasıdır. Həris insan daim acdır. Çünki qəlbi yoxsul olanın gözü doymaz. Buna görə də, dünyanı sevmək ən böyük “kəbirə günah” adlandırılmışdır.İnsan dünyapərəstlikdən və cah-calal hərisliyindən uzaq durmalıdır. Burada dünyapərəstlikdən məqsəd məqam, vəzifə, mal-dövlət, şan-şöhrət və sair kimi dünya həvəsinə qul olmaq, onları əldə etmək üçün canfəşanlıq etmək və bu yolda insanların haqqını tapdamaqdır. Hədislərimizdə dünya məhəbbəti hər bir asiliyin kökü və hər günahın başlanğıcı sayılır. Dini mənbələrimizdə dəfələrlə dünya sevgisinin bütün günahların mənşəyi olmasına təkid olunmuşdur.

2-“Yeyib-içməyə ürək bağlamamışdı və öz qarnının əsiri deyildi.”Burada Hz. Əlinin (ə) məqsədi təkcə haramlardan uzaq qalmaq deyil, əslində halal da olsa yemək hərisliyidir. Bəzi insanların sanki yaşam fəlsəfəsidir yemək. Çağırıldığı məkanlarda ilk “yeməyə nə var?”-desə soruşar. Dostluqları belə “yeyib-içmək” və “qonaqlıq” ilədir. Süfrə ürəyincə olmadığı zaman qanı qaralar, əsəbləri korlanar, qaş-qabağını tökər. Bir sözlə qarınqulu insandır. Mədəsinə diqqət etdiyi qədər heç bir dəyərə əhəmiyyət verməz. Hz. Əli (ə) başqa bir kəlamında belə şəxslər haqda buyurur: “Eyb və nöqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin ən mənfuru bütün dərdi-qəmi qarınqululuq və şəhvətpərəstlik olan kəsdir.”

3-“O, sahib olmadığı şeyləri arzulamırdı və onları əldə etdiyi zaman isə həddini aşmırdı.”İnsan övladı sahib olduqlarının qədrini bilmədiyi zaman arzuları çoxalar, buna görə də, əldə etdikcə daha çoxunu istəyər, qane olmaz. Hədislərimizdə bu “dəniz suyunu içən şəxsin susuzluğunun yatmaması” kimi izah edilib. Sağlam olmayan arzular, qeyri-real xəyallar insanın mənəviyyatına əsaslı zərbə vurur. Gözü doymaz, dünya iştahası sərhədsiz insanların mənəviyyatı çokmüş sayılır. Daim başqaları ilə öz həyatını, sahib olduqlarını müqayisə edir. Ailəsini, övladlarını, qohumlarını, var-dövlətini və sair. Həmişə daha üstününü arzulayır.Bəzən isə insan sahib olduqlarını başqalarına nümayiş etdirmək həvəsində olur. Özünün malik olduqlarını bundan məhrum insanlara göstərməklə, onları bir növ əzməklə özünün “dəyərli” və “üstün” olmasını önə çıxarır.

4-“Günlərinin çoxu sükutla keçərdi. Danışdığı zaman, digər natiqlərə üstün olardı və sual verənlərin (ehtiyaclı olduğu məsələləri həll edərdi) susuzluğunu yatırardı. Danışmaqda məğlub olsaydı, heç kim onu ​​səssizlikdə məğlub edə bilməzdi. Eşitməyə daha çox həris idi, nəinki danışmağa.”Yəni, boş danışan insan deyildi. Müdrik insan olduğu üçün söhbətə başladığı zaman keyfiyyətli və dərin mənalı, hər kəsə faydalı məsələlər haqda məlumat verərədi. Kimin hansı yolla varlanmasını, işə neçədə gedib-gəlməsini, ailəsində hansı problemin olmasını, kimin hansı yuvanın quşu olmağını, kimin yaxşı kimin pis olmasını və sair kimi faydasız və günah dolu sözlərdən uzaq idi. Söhbərləti dəyər dolu idi. İnsanlara həqiqətən də mənəvi və maddi yöndə faydalı olan söhbətlər edərdi. Dərdlərinə dərman olardı. Qəlbləri ovudardı, təsəlli verərdi. Sülh, əmin-amanlıq, mehribanlıq nümayiş etdirərdi.

5-“Zahirdə sadə bir insan və təvazökar (zəif) görünərdi. Amma çalışmaq zamanı gəldikdə şir kimi coşurdu və səhra ilanı kimi hərəkət edirdi.”Kibirli, lovğa biri deyildi. Sadə insan idi. Özünü tərifləməzdi, başqalarını da psiləməzdi. Bəzən insan özünü tərifləyər ki, göz qabağında olsun. Bəzən isə özünün tərifləməz, başqalarını pisləyər ki, özünün “necə də yaxşı insan” olması aydınlaşsın.Kobud deyildi, acı dil deyildi, qeybətcil deyildi, böhtan əhli deyildi. Çünki təvazökar insan idi. Bu xislətlər isə özündən razı insanların xüsusiyyətidir. O özünü başqalarından üstün bilmirdi.Kimisə pisləməkdə, arxasınca danışmaqda, ləkələməkdə, tərəf saxlayaraq davanı qızışdırmaqda, “ona səhv etdiyini” diktə etməkdə deyil, başqasının eybini örtməkdə, abrını qorumaqda, ehtiyaclı insanlara əl tutmaqda, insanları barışdırmaqda bir sözlə xeyirxah işlərdə şir kimi idi… Pislikliklərdə deyil, yaxşılıqlarda cəld və faydalı idi.

6-“Hakim gələnə qədər (kiminsə əleyhinə) dəlil təqdim etməzdi.”Yəni bir sözlə, ön mühakiməli insan deyildi. Öncədən insanlar haqda yanlış fikirləşməzdi. Sözbəzəyən deyildi. İnsanların məqsədini tam öyərəndikdən, yaxud onları tam tanıdıqdan sonra fikir bildirərdi.Həmçinin ona haqsızlıq edildiyi zaman, başqasından haqqını almaq istəsə, iğtişaş törətməz, fəryadıyla yeri-göyü doldurmazdı. Ədəblə məhkəməyə müraciət edər, ancaq hakimin hüzuruna çıxandan sonra şikayət səbəbini ortaya qoyardı. Yəni kiminsə abrını aparmaz, yaxud heç kimdən Allahın qanunundan kənar bir şey tələb etmirdi.

7-“Heç kəsi bir iş barədə üzrünü (səbəbini) dinləmədən qabaq qınamazdı.”Onu danlamadan üzrünü qəbul edərdi. İnsanlara səhvini düzəltmək imkanı verərdi. Təhqir edərək, yaxud alçaldaraq, sındıraraq üzrünü qəbul etməzdi. Bəzi insanlar qarşı tərfin üzrünü qəbul etdikləri zaman ona “öz üstünlüyünü”, “necə də gözəl insan olduğunu”, “böyük bir lütf etdiyini” ima edərək özünü ucaldıb, qarşı tərəfi alçaltmaqdan zövq alır. Bu dinimizdə ən bəyənilməmiş xüsusiyyətlərdəndir.O, alicənablıqla əfv edərdi. Həqiqi mənada bağışlayardı. Güzəştə getməsi tikanlı deyildi, yaralamazdı.

8-“Heç bir problemindən həll olduğu zamana qədər gilayə etmirdi.”Problem zamanı gilayə etmək dostların narahatlığına, düşmənlərin isə sevinməsinə səbəb olar. İnsanın iradəsini zəiflədər. Amma problemlə deyinmədən, gileylənmədən mübarizə aparmaq onun əzm və iradəsinin möhkəmliyinə işarədir. Daha doğrusu, çətinlik zamanı gileylənmək şikayət, çətinlik bitdikdən sonra onu vəsf etmək isə hekayədir. Bəzi insanlar çətinlik tamamlandıqdan sonra onu şükür və ibrət məqasədli bəyan edərlər. Bəziləri isə hər xırda çətinlikdən bir muzey yaradar, onu ictimaiyyət üçün açıq elan edərlər.

9-“Söylədiklərinə ilk özü əməl edirdi və əməl etmədiklərini söyləməzdi.”Bəzi insanlar əməl etmədikləri halda başqalarına “ağıl veməkdən” zövq alırlar. Bu nifaq əhlinin xüsusiyyətidir. Əslində insan başqalarını pak əməllərə riayət etməyə çağırdığı zaman, özü əməl etmədiyi təqdirdə günah işlətmiş olur. Bu Allah-təalanın nəzərində olduqca pis bir rəftardır. Belə ki, Qurani-kərimdə əməlsiz dəvət sahibləri haqda buyurulur: “Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək (əmələ dəvət etmək) Allah yanında böyük qəzəbə səbəb olar.”Doğurdan da, başqalarını mühakimə etmək asandır, ilk növbədə insan özünü mühakimə etməli və əməl sahibi olmalıdır. Özünü unudan insan başqalarının günahlarında boğular.

10– “Daim onun qarşısına iki məsələ çıxasaydı, onlardan hansı biri nəfsani həvəslərə daha yaxındırsa, onun əksini edərdi.”İnsan həyatı boyu iki yol ayrıcındadır: xeyir və şər. Belə bir seçimlə tənzimlənmiş həyatda ilahi şəxsiyyətlər daim nəfsinin və şəhvətinin əksinə olan yolu seçmiş, paklıq və mənəviyyata sarılmışdır. Çünki Allahın razılığını, nəfsani istəklərin məmnunluğuna tərcih etmişlər.Həzrət Əli (ə) özünə dost seçdiyi şəxsin bu 10 xüsusiyyətini bəyan etdikdən sonra buyurur: “Bu xüsusiyyətləri əldə edin və onlara sahib olmaqda israrçı olun. Bunları əldə etməkdə bir-birinizlə yarışın. Bunların hamısını mənimsəyə bilmirsinizsə, (bacardığınız qədər əldə edin) bilin ki, çoxu (hamısını) tərk etməkdənsə, azı əldə etmək daha yaxşıdır.”

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi