İxlas odur ki, insan işi Allah üçün və vəzifəni yerinə yetirmək həvəsi ilə görsün. İnsan nəfsi üçün, pul, sərvət, ad-san qazanmaq, tarixə düşmək, paxıllıq, tamahkarlıq, acgözlük kimi çirkin xüsusiyyətləri doyurmaq üçün işləməsin, işi yalnız Allahdan ötrü və yalnız vəzifəni yerinə yetirmək üçün görsün. İxlasın mənası budur. Belə iş çox faydalı olar. Belə bir iş iti bir xəncər kimi hər bir maneəni dəf etməyə qadirdir. İmam Huseyn (s) bu silahla silahlanmışdı. Dəfələrlə dedi ki, mən ən yaxın adamlarımda da bir haqsızlıq görsəm, göz yummaram. Doğrudan da belə idi. O, həssas zamanlarda onun üçün vəzifəni yerinə yetirməyin əsas məsələ olduğunu göstərdi; aşkarda, xəlvətdə, böyük və kiçik işlərdə bunu nümayiş etdirdi. Bu o zaman döyüş cəbhələrində imamın həmin silahla möcüzələr yaradan müridləri, övladları və şagirdləri üçün bir dərs oldu. Sizin bəziləriniz o yerlərdə var idiniz və özünüz onları yaxından gördünüz; bəziləriniz də eşitmisiniz. Bu gün də ona ehtiyac var.
Əbu Abdullahın (ə) üstünlüyünün müxtəlif cəhətləri var. Bu üstün cəhətlərin hər birinin çox geniş izahı var, amma onların arasından iki-üç xüsusiyyətin adını çəkmək istəsək, biri ixlas olmalıdır; yəni ilahi vəzifəni yerinə yetirmək, şəxsi və qrup mənafeyini və maddi maraqları nəzərə almamaq. Digər üstün xüsusiyyət Allaha etimaddır. Zahiri baxımdan bu işıq Kərbəla səhrasında sönəcəkdi. Necə olur ki, bunu şair Fərəzdəq bilir, amma İmam Hüseyn (ə) bilmir?! Kufədən gələn nəsihətçilər görürlər, amma Hüseyn ibn Əli (ə) görmür və anlamır?! Məsələnin zahiri cəhəti belə idi, amma Allaha etimad hökm edirdi ki, bütün bunlara rəğmən, haqqının və düzgün sözünün qalib olacağına əmin olsun. Əsas məsələ də insanın ilahi niyyətinin və məqsədinin həyata keçməsidir. Əks təqdirdə, ixlaslı insan üçün öz varlığı mühüm deyil.
Böyük ariflərin biri bir məktubda yazmışdı ki, İslamın Böyük Peyğəmbərinin (s) gördüyü və özünə məqsəd seçdiyi bütün işlər görülüb, başqa bir şəxsin adına yazılsaydı, İslam Peyğəmbəri (s) narazı qalardımı? Deyərdimi başqasının adına çıxdığından bunu etməyəcəyəm? Belə idi? Yoxsa məqsədi bu işlərin görülməsi idi və kimin adına yazılması mühüm deyildi? Deməli, məqsəd mühümdür. İxlaslı insan üçün şəxsin əhəmiyyəti yoxdur, onun ixlası, Allaha etimadı var. O bilir ki, Allah-Taala bu məqsədi mütləq qalib edəcək.
GİAM