PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə Fəlsəfə elmlər doktoru,
Professional ailə müşaviri, Həyat koçu
İnsanların ən əsas əlaqə və anlayış vasitələrdən biri də, dialoqdur. Doğrudur ki, ünsiyyət, ən azı iki şəxs arasında sözlə dialoqdan əlavə şifahi olmayan mesajlar vasitəsilə məlumatın, duyğuların və düşüncələrin ötürülməsi prosesi və digər şəxsin və ya şəxslərin bu ötürülən məlumatla bağlı məna axtarmaq səyi kimi də ifadə edilə bilər. Lakin burada əm təsirli rabitə empayiya və maarifləndirmə vasitəsi kimi danışıq və dialoq amili olduğunu diqqətə almaq lazımdır. Dini maarifləndirmə sahəsində də, bu belədir. Dini maarifçinin sövbətləri, mövizələri və sözlü məlumatları məhz bu yönümdə inkişaf etdirilir. Deməli, onun keyfiyyətli və təsirli olması üçün də xüsusi diqqət ayırmalı və bir sıra amillərə əhəmiyyət verməlidir ki, daha keyfiyyətli və nəticəyönlü söhbətlər etmək imkanı əldə edə bilsin. Burada onlardan bir neçəsinə işarə edirik:
Söhbətin sadə və asan olması
Maarifçi dini təbliğ edərkən sadə və asan bəyana sahib olmalıdır. Çünki insanlar üçün ağır ibarətlər və çətin fəlsəfi kəlmələri anlamaq əzab-əziyyətlidir. Hər kəsin anlamaq qüdrətində olmadığı və elmi kəlmələrlə dolu olan söhbətlərin faydası çox az olur. Bəzən belə fikirləşə bilərlər ki, qəliz elmi kəlmələrdən istifadə etmək, insanlar arasında ruhaninin savadını yüksək olması, elminin çox olması kimi başa düşüləcəkdir. Lakin bu yalnız bəzi məkanlarda qısa bir müddətə, dünyagörüşü inkişaf etməmiş insanlarlarda öz təsirini qoya bilər. Sonra onlar da, bir şey anlamadıqları, yaxud başa düşməkdə çətinlik çəkdiklərinə görə həmin ruhaninin söhbətlərinə meylsiz olacaqlar.
Həmçinin, maarifçi insanların təqdirini qazanmaq və nüfuz sahib olmaq üçün deyil, insanlara dini anlatmaq və maarifləndirmək üçün söhbət etməlidir. Hədəfi şöhrət sahibi olmaq deyil, xalqın mənəvi inkişafı olmalıdır. Belə olmadığı halda o, dinə qulluq etmir, özünə xidmət göstərmiş olur.
Allah-təala dinini insanlara asan şəkildə bəyan edir ki, onlar daha rahat şəkildə bəhrələnsin. Peyğəmbərimiz (ə) insanlarla asan və sadə şəkildə danışır ki, onu gözəl anlaya bilsinlər. Müqəddəs kitabımızın bünövrəsi məhz bunun üzərində qurulımuşdur. Qurani-kərimdə bu barədə çoxsaylı ayələr mövcuddur:
«Biz onu (Quranı ümmətin üçün) ancaq sənin dilinlə asanlaşdırdıq ki, anlayıb öyüd-nəsihət qəbul etsinlər!
«And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq.»
«Peyğəmbərin vəzifəsi ancaq (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir!»
Bu o qədər mühüm bir məsələdir ki, ilahi peyğəmbərlər (ə) daim Allah-təaladan insanlara dini başa salarkən, onları paklığa-saleh əməllərə dəvət edərkən asan və sadə bəyana malik olmalarını, məqsədlərini düzgün şəkildə başa sala bilmələrini istəmişlər. Həzrət Musa (ə) Fironu imana dəvət etmək üçün yola düşdüyü zaman Allah-təalanın dərgahına üzünü tutaraq belə dua edir: Deməli, dini təbliğlə məşğul olan ruhani də, sözlərini məntiqlə bəyan etməli, dəlillərə əsaslanmalıdır. Necə ki, İslam peyğəmbəri (s) Allah tərəfindən söylədiyi bütün kəlamların məntiqli və dəlil-sübuta malik olduğunu buyurur: «(Musa) dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət; işimi yüngülləşdir; dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, sözümü yaxşı anlasınlar!»
Nitqin kamilliyi və rəngarəngliyi
Söhbətin kamil, bəlağətli, məqsədini tam bəyan edən və müxtəlif çeşidli tərzdə olması maarifçiyə dini insanlara anlatdığı zaman lazım olan xüsusiyyətlərdən biridir. Bu təbliğin təsirli olmasını və keyfiyyətinin yüksək olmasını təmin edən amillərdəndir. Məhz buna görə də, Qurani-kərimdə Peyğəmbərimizə (s) insanları kamil və bəlağətli bəyanla dinə dəvət etməsinə təkid edilir: «Onlara öyüd-nəsihət ver. Elə bəlağətli danış ki, qəlblərinə yatsın.» Bəyanın bəlağətli olması budur ki, danışılması səlis, başa düşülməsi isə asan olsun. Xüsusi nəzm-intizama malik olsun, faydalı mətləbləri özündə cəmləsin, aydın şəkildə bəyan edilsin. Sözün gözəlliyi, dolğun mənaları eşidənləri özünə cəzb etsin. Diqqət etmək lazımdır ki, bəlağətli bəyan söhbəti xüsusi kəlmələrlə bəzəmək, sözlərlə oynamaq demək deyildir. Allahın rəsulu (s) buyurur: «Allah-təala inək kimi öz dili ilə (sözlərlə) oynayan «bəlağətli» şəxsə nifrət edir.»
Çünki bəlağətdə birbaşa fayda, füsunkarlıq gözəllik qərarlaşmışdır. Faydasız sözlərlə insanları bəyanının axıcılığının cazibəsinə aldadan şəxsin söhbəti bəlağətli deyil, boşboğazlıq sayılır. Həzrət İmam Sadiq (ə) bu barədə buyurur: «Bəlağət iti dilli olmaq və çoxlu boşboğazlıqla deyildir. Əksinə, bəlağət; mənanı (səlis) yetirmək və düzgün dəlil-sübut gətirməkdir.» Nitqin rəngarəngliyi üçün yeri gəldikdə sözü kinayə ilə də demək lazımdır. Qurani-kərimdə Allah-talla Hz. İsaya belə buyurur: “(Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara:” Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!”- demişdin?”
Təmkinli və sevgi dolu söhbət
Maarifçinin bəyanı təmkinli və aram olmalıdır. Söhbət edərkən emosiyalarını cilovlamağı bacarmalıdır. Bəzən ruhani danışarkən dini hissləri və təəssübü səbəb olur ki, səsini ucaltsın. İnsanları mənəvi dəyərlərə əhəmiyyət vermədikləri üçün danlasın. Bəzən də, sanki özünü dinin yer üzərindəki ən məsum və səlahiyyətli nümayəndəsi sayaraq, qürurla insanların üzərinə qışqırması, onları az qala təhqir etməsi, ata oğlunu danladığı kimi danlamasının şahidi olmaq mümkündür. Hər iki hal olduqca xoşagəlməzdir. Çünki tələsmək və qışqıraraq danlamaq müxtəlif səbəblərə əsasən düzgün təbliğ metodu deyildir. Ümumiyyətlə qışqıraraq danışmaq dinimizdə pislənmiş xüsusiyyətlərdəndir. Qurani-kərimdə bu haqda ayə vardır.
Buna görə ki, insanların üzərinə qışqırmaq mədəniyyətdən və dindarlıqdan uzaq rəftardır, təkəbbürdən qaynaqlanan kobudluqdur. Allahın elçisi (s) buyurur: «Sizə Allahın ən pis bəndəsinin kim olduğunu söyləyim? Təkəbbürlü və kobud insan… Allah-taala asta səsi sevər və uca səsə (qışqıra-qışqıra danışmağa) nifrət edər.»
Dini təbliğ edən şəxs insanlara qışqıraraq öyüd-nəsihət etdiyi zaman, dinləyicilər dinə olan sayğılarına görə ruhaniyə etiraz etməsələr də, üzləşdikləri sərt tənqidin qarşısında istər-istəməz özünün müdafiə mexanizmi fəal olacaqdır. Bununla da, ruhaninin sözləri təsirsiz olacaqdır. Çünki insanın fitrətində ona hücum gətirildiyi zaman müdafiə etmək hissi vardır. Elə bunun üçün də, dinimizdə xüsusilə də, insanlara təbliğ edən və elm öyrədən zaman kobudluq və zorakılığa yol verməməsinə təkid edilmişdir. İnsanlarla gözəl davranmaq, təkəbbür və lovğalıqdan uzaq rəftarlar etmək, dinə mülayimliklə dəvət etmək, həm ruhaninin hörmətinin çoxalmasına, həm də kəlamlarının təsirli olmasına səbəb olar. Həzrət İmam Sadiq (ə) buyurur: «Kim hörmətli olmaq istəyirsə mülayim olsun, xar olmaq istəyirsə kobud olsun.
Qurani-kərimdə Həzrət Musaya (ə) buyurulan gözəl bir ibrət vardır. Ona, tanrılıq iddiasında olan və zülmünün həddi-hüdudu olmayan Fironu dinə dəvət etməsi göndərildikdə, mehribanlıqla və aram şəkildə söhbət etməsi göstəriş verildi: «Fironun yanına yollanın. O (allahlıq iddiasına düşməklə), həqiqətən, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!»
Çıxışda ahəngdarlıq
İlahi dini təbliğ edən maarifçinin söhbəti nəzmli və münəzzəm olmaldır. Xüsusi bir mövzu üzərində qurulmalıdır. Bir söhbət içində müxtəlif məsələlərdən pərakəndə şəkildə danışmaq, bir məsələni ətraflı aydınlaşdırmadan, yarıda qoyaraq o birisinə keçmək, dinləyicilərin diqqətinin dağılmasına səbəb olur. Belə ki, söhbətin ana xəttinin olmaması nəticə almaqda çətinlik yaradır. İnsanlar bir məsələni tam anlamamış, onu lazımı şəkildə qavramamış başqa bir mətləbi başa düşməyə çalışırlar. Bu da, söhbətin gözəlliyini və faydasını azaldır. Amma nəzmli və tərtibli şəkildə bir mövzu ətrafında söhbət etmək, insanların diqqətinin cəmlənməsinə, ətraflı məlumat əldə etməsinə səbəb olar. İnsanlar söhbətdən lazımı şəkildə faydalanaraq, nəticə əldə edər. Necə ki, Qurani-kərimi öz ayələrini təsvir edərkən buyurur: «Allah sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər (nəzmli) bir kitab şəklində nazil etdi.»
Bir məsələni də nəzərdə almaq lazımdır ki, müxtəlif mövzuların bir-biri ilə rabitəsi varsa, onlar haqqında eyni söhbət əsnasında münəzzəm şəkildə danışmağın eybi yoxdur. Bu əksinə söhbətin qüvvətini və dolğunluğunu çatdırır. Həzrət İmam Əli (ə) buyurur: «Ən gözəl kəlam, füsünkar quruluşla zinətlənmiş və həm alimin, həm də avamın anlaya bildiyi kəlamdır.» Eyni zamanda, maarifçi dini təbliğ etdiyi zaman söhbətini həddən artıq uzun edərək, insanları yormamalıdır. Diqqət etməlidir ki, söhbətin uzun-zadı olması deyil, şərait, məkan, zaman, dinləyici qüvvəsinin qavrama istedadı və həvəsi, sözün dəyəri, faydası və cazibəsi, bəyanın şirinliyi onun təsir qoyma mexanizmində əsas şərtdir. Necə ki, Həzrət Əli (ə) buyurur: «Ən bəlağətli kəlam, məqsədini rahat çatdıran və gözəl şəkildə müxtəsər olan sözdür… Ən gözəl kəlam odur ki, nə çox qısa olsun, nə də çox yorucu (uzun).» Maarifçi söhbət etdiyi zaman, dinin bütün məslələrini elə həmin məclisdə bəyan etməyə səy göstərməməlidir. Unutmamalıdır ki, özü də bir məclisdə deyil, uzun sürən təlim-tərbiyədən sonra hazırkı biliyini əldə etmişdir. Həmçinin insanların gün ərzində müxtəlif işlərlə və problemlərlə məşğul olduğunu, indi isə onun dilindən bir neçə hikmətli sözlər eşitməyə ehtiyaclı olmalarını dərk etməlidir. Uzun-uzadı söhbətlə onları yormamalıdır. Belə ki, bu həm sözlərinin təsirsiz olmasına, həm də onun özünün hörmətdən düşməsinə səbəb olar. Həzrət İmam Kazim (ə) buyurur: «Hər kim söhbətini uzatmaqla hikmətli kəlamının şirinliyini və gözəlliyini məhv etsə, sanki ağlını məhv etməyə səy göstərib.»
Qurani-kərimin ayələri də, uzun illər boyunca (iyirmi üç il müddətində) tədriclə nazil olmuş və Peyğəmbərə (s) onun insanlara yavaş-yavaş bəyan edilməsi əmr edilmişdir. Buyurulur: «İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik. Biz onu tədriclə nazil etdik.»
1- Duxan\58
2- Qəmər\17
3- Ənkəbut\18
4- Taha\25-28
5- Nİsa\63
6- Qürərül-hikəm, hədis 1881
7- Kənzül-ümmal, hədis 7919
8- Tühəful-üqul, səh.312
9- Loğman\19
10- Qürərül-hikəm, hədis 4660; Qürərül-hikəm, hədis 5073
11- «Kənzül-ümmal», hədis 5944; Munyətül-murid, səh. 213
12- Tənbihül-xəvatir, c. 1, səh 85
13- Biharül-ənvar, c. 87, səh. 269
14- Taha\43-44
15- Zumər\23
16- Qürərül-hikəm, hədis 3304
17- Qürərül-hikəm, hədis 312-314
18- Üsuli-kafi, c. 1, səh 17
19- İsra\106