PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə Fəlsəfə elmlər doktoru,
Professional ailə müşaviri, Həyat koçu
İslamı qəbul etdikdən sonra ən vacib əməl, əxlaqi dəyərlərə yiyələnməkdir. Əxlaq, İslamın ruhudur. Ruhsuz bədən isə, ölü bir cəsəddir ki, az bir zamanda pis qoxusu hamıya əziyyət verər. Sössüz ki, Allah-təalanın pak dinini insanlara bəyan edən və onları ilahi dəyərlər, mənəvi gözəlliklərə sarı çağıran, kamilliyə sövq edən ruhani, ilk növbədə özü yüksək əxlaqi keyfiyyətlərə malik olmalıdır. Gözəl əxlaq onun həyat kitabının sərlövhəsi olmalıdır. Qurani-kərim: “Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm.”
Çünki belə olmadığı təqdirdə, insanların dinə münasibəti pisləşər, ruhaninin sözünün təsiri azalar və insanlar onun ətrafından dağılıb gedərlər. Getməsələr də belə, əxlaq və mənəviyyatdan uzaq bir toplum və cəmiyyətin bünövrəsini qoymuş olar. Artıq onun təlim verdiyi insanlar dini tərbiyədən uzaq sayılacaqdır. Belə cəmiyyətdə dinin əsl mahiyyəti deyil, quru adı və şüarları yaşayacaqdır. Çünki islam dini elə gözəl əxlaqın özüdür.Həzrət Məhəmməd (s) peyğəmbərliyinin hədəfi olaraq əxlaqi kamillikləri ən uca zirvəyə çatdırmağı göstərir. Buyurur: “Doğurdan da, mən əxlaqi üstünlükləri kamilliyə çatdırmaq üçün göndərilmişəm.” Deməli, bəşəriyyətə ali ruhani ata məqamında olan və ilahi dinini ən nümunəvi şəkildə yayan bir pak zat olaraq, Allahın elçisi (s) dini təbliğinin əsl hədəfinin əməldə insanlara kamil əxlaqi dəyərləri nümayiş etdirmək olduğunu bəyan edir. O Həzrətin (s) yolunu davam etdirmək niyyətində olan ruhanilər də, əxlaqi kəramətləri əldə etmək yolunda ciddi və sabitqədəm olmalıdır. Diqqət etmək lazımdır ki, pis əxlaq bağışlanmayan günahdır. Gözəl əxlaqlı insan gündüzlər oruc tutub, gecələr ibadət edən şəxsin savabına sahibdir. Əslində bədəxlaqlı olmaq ibadətlərin bütün savabını məhv edir, sirkə balı xarab etdiyi kimi… Bir gün, Allahın elçisinə (s) dedilər: Filan qadın gündüzləri oruc tutur, gecələr isə ibadət edir, lakin bədrəftardır. Öz qonşularına (acı) dili ilə əziyyət verir. Həzrət buyurdu: “Onda bir xeyir yoxdur, o, Cəhənnəmlikdir.”
Unutmayaq ki, İslam dinində həm hüquq sistemi var, həm əxlaq. Lakin İslamın hüquq sistemi, əxlaqi dəyərlərin əsasında tənzimlənmişdir. İslamda hüquqi qaydalar və şəriət göstərişləri əxlaq sistemi nəzərə alınmadan icra olunarsa, o zaman dinin nə ülviliyi qalar, nə də şirinliyi. Diqqət etmək lazımdır ki, əxlaqi dəyərlərə riayət etməmək, Axirət əzabından əlavə, insanın ruhunun daim işgəncədə olmasına, həyatında müxtəlif sıxıntılarla üzləşməsinə və insanların ondan uzaqlaşmasına səbəb olar. Biz burada, dini təbliğatla məşğul olan ruhanilərin diqqət etməli olduğu əxlaqi üstünlüklərin bəzilərinə işarə edirik:
1. İxlaslı olmaq
Dini insanlara təbliğ edən ruhaninin ən önəmli xüsusiyyəti, ixlaslı olmaqdır. Yəni; bəyan, rəftar və səylərində məqsədi sırf ilahi razılığı olmalıdır. Hədəfi yalnız və yalnız Allahın razılığını cəlb etmək olmalıdir. Dini yaymaqla insanlara faydalı olmaq, onların mənəvi üstünlüklərlə, əxlaqi gözəlliklərlə zinətlənməsini düşünmək, bunun üçün səy göstərmək, həm cəmiyyətdə və həm də onların fərdi yaşayışlarında paklıq, əmin-amalıq və sülh içində həyat sürmələrini hədəfləmək, ixlasdan qaynaqlanır. Qurani-kərimdə müxtəlif ayələrdə bütün ilahi peyğəmbərlərin (ə) o cümlədən; Həzrət Nuh (ə), Həzrət Hud (ə), Həzrət Saleh (ə), Həzrət Lut (ə), Həzrət Şüeyb (ə), Peyğəmbərimizin (s) və Məsumlarımızın (ə) hər bir əməlində, xüsusilə də, insanlara dini-ilahi sevgini təbliğ etdikləri zaman yalnız Allahın razılığını düşündükləri, bunun müqabilində heç bir şey (hörmət, məqam, şöhrət, nüfuz, pul və başqa maddi tələblər) ummadıqları buyurulur:
Qurani-kərim: “Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” Ruhani dini təbliğ etdiyi zaman şəxsi nüfuzunu, maddi mənfəətlərini güdərsə, onun bütün səyləri Allah dərgahında dəyərsiz sayılacaq və qəbul edilməyəcəkdir. Necə ki, Allahın elçisi (s) buyurur: “Hansısa bir iş görəndə, yalnız Allah üçün əncam ver. Buna görə ki, Allah-təala bəndələrin yalnız xalis əməllərini qəbul edir. O, təbliğ etdiyi dinin müqabilində insanların təşəkkür və xüsusi ehtiramının arzusunda olmamalıdır. Bütün səylərini yalnız Allahın razılığı üçün göstərməli və mükafatını Sonsuz Qüdrət və Rəhmət Sahibindən gözləməlidir. Qurani-kərim: “Biz sizdən (bunun müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.”
Bundan əlavə, əməlləri ixlasla olmadığına görə, gec-tez əsl siması insanlara bəlli olacaqdır. Bu zaman, xalq arasında artıq sözünün və əməlinin dəyəri olmayacaqdır. Həzrət Əli (ə) buyurur: “Söz qəlbdən mənşələnəndə qəlbə yerləşər, dildən çıxanda isə qulaqlardan o tərəfə keçməz.”Yaxud da, ətrafındakı təlim verdiyi və tərbiyə etdiyi insanlar da, ixlasdan uzaq və riyakar bir qrupa çevriləcəkdir. Onları kənardan seyr edənlər dinə və ruhaniliyə ikrah hissi ilə yanaşacaqdır. Bununla da, riyakar insan həm özünü, həm dini və həm də ruhaniliyi şübhə altına aparacaqdır.Unutmaq olmaz ki, niyyəti nüfuz qazanmaq, hörmət görmək, təşəkkür eşitmək, maddi mənfəətlər əldə etmək olan ruhani ilk növbədə axirətini məhv etməkdən əlavə, öz ruhi-psixoloji aləmini də korlayır. Hər zaman kompleksdə və stressdə olur. Ona qarşı insanların davranışına və sözlərinə xüsusi diqqət və əhəmiyyət verir. Buna görə də, daim narahatçılıq içində olur. Tez əsəbləşir, tez inciyib-küsür. Özünü yeyib-qurtarır. Bir halda ki, ixlas sahibi olan ruhaninin niyyəti ilahi razılığı olduğu üçün, zəhmətlərinin müqabilində təşəkkür edilib-edilməməsi, xüsusi ehtiram görüb-görməməsi onun üçün çox da əhəmiyyət daşımır. Onun üçün, yalnız vəzifəsini düzgün şəkildə əncam vermək mühümdür. Allahın rəsulu (s) buyurur: Allah (insanlara dini) xütbə oxumuş hər bir bəndədən (Qiyamət günü) bu söhbətindən məqsədinin nə olmasını soruşacaq.”
2. Təvazökar olmaq
Din sahəsində insanları maarifləndirən ruhaninin əsas xüsusiyyətlərindən biri də, onun təvazökar olmasıdır. Çünki təkəbbür ən çirkin və təhlükəli şeytani xislətlərdən biridir. Qurani-kərimdə ilahi dinini insanlara yayan Peyğəmbərə (s) buyurulur: Qurani-kərim: “Sənə tabe olan möminləri (təvazökarlıqla məhəbbət) qanadının altına al!”
Çünki təvazökarlıq insana mənəvi ucalıq bəxş etməkdən əlavə, İlahi rəhmətini cəlb edər, insanların qəlbini ovsunlayar. Buna görə ki, gözəllik gözəllik çağırar, təvazökarlıq könüllərdəki paklığı oyadar. İmam Kazim (ə) buyurur: “Həqiqətən, əkin daş üzərində deyil, yumşaq torpaqda əmələ gələr. Hikmət də belədir, təvazökar qəlblərdə abad olar, özündənrazı və təkəbbürlü qəlbdə isə yetişməz. Çünki Allah təvazökarlığı ağıl üçün bir vasitə qoyub.” Amma təkəbbürlü olmaq, insanın qəlbindən Allah xofunu uzaqlaşdırar. İlahi mərhəmətindən məhrum edər. Necə ki, hədislərimizdə “ürəyində xardal toxumu qədər təkəbbür olan şəxsin behiştə daxil olmayacağı” vurğulanır. Diqqət edək ki, lovğalıq özü ilə nifrət və kin gətirər. Təkəbbürlü insanın düşmənləri çox olar. Xüsusilə də, ruhani təkəbbürlü olarsa, həm özünə və həm də dinə zərbə vurmuş olar. Axı aciz insan hansı qüdrətinə güvəndiyi üçün təkəbbürlü olmalıdır? Bir halda ki, malik olduğu heç bir şey ona məxsus deyil. Onun zahirdə sahib olduğu hər bir şeyin əsl Maliki vardır.
Elə buna görə də, Aləmlərin Rəbbi insana düşünməyi əmr edərək, Quranda buyurur:
Qurani-kərim: “Yer üzündə təkəbbürlə gəzib dolaşma. Çünki sən nə yeri yara bilər, nə də (əzəmətdə) yüksəlib dağlara çata bilərsən.” Təkəbbürlü insan bilməlidir ki, onun lovğa hərəkətləri kənardan çox gülünc görünür. Əslində, təkəbbür öz sahibinin şəxsiyyət çatışmamazlığından və özünə inamsızlığından xəbər verir. Cabir ibn Əbdullah Ənsari rəvayət edir : «Məhəmməd peyğəmbər (s) küçədə mənasız hərəkətlər edib, bihudə sözlər danışan bir dəli ilə qarşılaşdıqda, səhabələrinin ona birtəhər baxdığını görüb, buyurdu: «Bu kişi dəli deyil. Sizə həqiqi dəlinin kim olduğunu deyimmi?»
Dedilər: Bəli, ey Allahın elçisi! Buyurdu: «Həqiqi dəli, təkəbbürlə yol gedən və özündən razı halda çiyinlərini tərpədəndən şəxsdir. O dəli, bu isə sadəcə olaraq xəstədir.» İnsanlara dini təlimlər verən ruhani, buna görə təkəbbürə düçar olmamalı və ona verilən dəyərin, edilən hörmətin Allaha, dinə xatir olduğunu unutmamalıdır. Dini elmi daşıyan və onu yayan şəxs, daha diqqətli olmalıdır. Lovğa yerişlər, yersiz qürur dolu ədalardan uzaq olmalıdır. İnsanlarla yuxarıdan aşağı rəftar etməməlidir. Onlara əmr etməməli, səsini yüksəldərək təkəbbürlə özündənrazı halda, amiranə şəkildə danışmamlıdır. Qurani-kərim: “Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” Təkəbbürlü olmaq din carçısı olan ruhani üçün ən xoşagəlməz xislətdir. Onun ən zəif nöqtələrindən biridir. Bununla mübarizə aparmaq üçün isə, o, ilk növbədə tək və yenilməz qüdrətin Allahda olduğundan qafil olmamalıdır. Sonra öz acizliyi və zəif bir bəndə olması haqda düşünməlidir. Ardınca isə başqalarının üstün cəhətlərini anlayıb, buna lazımı yerdə etiraf etməyi bacarmalıdır. Necə ki, Həzrət Musa (ə) bu barədə Qurani-kərimdə ən gözəl örnəklərdən biridir: Qurani-kərim: “Qardaşım Harunun dili mənimkindən bəlağətlidir.” Bununla belə, unutmaq lazım deyildir ki, hər bir şey öz əndazəsində gözəldir. Təkəbbürlü olmamaq və təvazökar olmaq niyyəti ilə insan özünə inamı itirməməli, iradə sahibi, qətiyyətli, izzətli və vüqarlı olmalıdır. Vüqarlı və izzətli olmaq təkəbbürlü olmaq mənasına deyildir. Biyabanda yaşayan köçəri bir ərəb İmam Hüseynə (ə) yaxınlaşaraq əsəbi halda dedi: Sən çox təkəbbürlü görünürsən? İmam Hüseyn (ə) gülümsəyərək buyurdu: «Qardaşım, təkəbbür yalnız tək olan Allah-taalaya məxsusdur və Uca Tanrıdan qeyrisinə təkəbbürlü olmaq yaraşmaz. Amma o ki, qaldı mənim rəftarıma, məgər eşitməmisən ki, Allah buyurur: «İzzət, Allaha və Peyğəmbərinə və mömünlərə məxsusdur?» (Yəni mən təkəbbürlü deyiləm, lakin izzətli və vüqarlıyam.)
3. Bağışlamaq və əfv etmək
İlahi dinini insanlara çatdıran ruhani, ən gözəl xüsusiyyətlərdən biri olan əfv etmək xislətinə də sahib olmaldır. İnsanların səhvini bağışlamaq böyüklük və ucalıqdır. Bəzən elə başa düşülür ki, kiminsə xətasını görməməzdən gəlmək, onu əfv etmək insanı kiçildir. Guya onun aciz və gücsüz olmasını bildirir. Amma əsl həqiqətdə, bağışlamaq böyük mənəvi dünyaya sahib olan şəxsə aiddir. Bu güclü iradədən xəbər verir. Qəlbin paklığını bildirir. Qisas almaq və intiqam hissi haqsızlığa, zülmə məruz qalan hər bir şəxsdə çox güclü olur. Çünki bu nəfsin istək və tələbinin axarında qərarlaşmışdır. Əfv etmək nəfsin istəyinə birbaşa qarşı çıxmaq, onunla mübarizə aparmaqdır. Bu mübarizədən isə yalnız yüksək iradə, əzm, düşüncə və mənəviyyat sahibləri qalib çıxa bilərlər. Deməli, bağışlamaq acizlik deyil, böyüklük və qüdrətdir. Ruhani unutmamalıdır ki, Aləmlərin sahibi qüdrətli Allah-təala dəfələrlə Quranda özünün bağışlayan olduğna təkid edir. Bir halda ki, bəndələrinə verdiyi saysız-hesabsız nemətlər müqabilində naşükürlük və itaətsizlik görür. Amma bununla belə öz əzəmətini əfv etməklə nümayiş etdirir: Qurani-kərim: “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” Ruhani Qurani-kərimin buyurduğu kimi bağışlamaq yolunu getməlidir. Ona haqsızlıq edənlərin səhvini nadanlıqlarında görməlidir. Anlamalıdır ki, heç bir insan xəta və səhvdən təzmin olunmamışdır. Gözəl rəftar, bağışlamaq və səbirlə qarşı tərəfə səhvini anlatmaq mümkündür. Qurani-kərim: “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər (onlarla münaqişəyə girmə)!” Bundan əlavə, ruhaninin ondan üzr istəyən şəxsləri bağışlaması isə zəruridir. Çünki o, kin-küdurəti deyil, rəhmət və əfvi insanlara öyrətməlidir. Buna ən yaxşı formada, əməli şəkildə nail olmaq mümkündür. Necə ki, Həzrət Yusif (ə) qardaşlarının ona etdiyi zülmün nəticəsində müxtəlif əzab-əziyyətlərə düşməsinə baxmayaraq, qisas almağa ən qüdrətli zamanında onları bağışlayır. Hətta Allah-təaladan onların bağışlanmasını istəyir. Qurani-kərim: “(Yusif) dedi: “Bu gün sizə (etdiklərimizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən rəhmlisidir!” Bəli, ən dəyərli əfv, cəzalandırmağa qüdrəti olan halda bağışlamaqdır. Şəhidlər rəhbəri Hüseyn (ə) buyurur: Əgər kimsə mənə sağ qulağımın yanında təhqiramiz söz deyə və sol qulağımın kənarına keçib peşman olduğunu söyləyərək üzr istəyə, mən onu bağışlayaram. Çünki, Həzrət Əmirəl-möminin Əli (ə) buyurur: Allahın Rəsulundan (s) eşitdim ki; üzr istənildikdə qəbul etməyən kəs, Kövsər hovuzuna gələ bilməyəcək. İstər haqlı olsun, istərsə də haqsız.
4. Mehriban və ürəyi yanan olmaq
İlahi dininin təbliğatçısı mehriban və ürəyi yanan olmalıdır. Necə ki, bir ruhani müəllim kimi, Həzrət Məhəmmədin (s) ən ülvi xislətlərindən biri də mehribanlıq olmuşdur. Belə ki, Allahın Rəsulu (s) buyurur: “Dinin təbliğinə məmur olduğum kimi insanlarla mülayim olmağa da əmr olunmuşam.” Mülayim xasiyyəti və ürəyi yanan olması o qədər O Həzrətin (s) şəxsiyyətilə bütünləşmişdi ki, Allah-təala Peyğəmbərin (s) aləmlərə rəhmət olduğunu bəyan etmişdir: Qurani-kərim: “Səni (Ya Rəsulum!) aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.” Dini insanlara təlim verən ruhani, insanları sanki özü kimi saymalı, onlara ürək yandırmalıdır. İnsanların üzləşdiyi problemləri öz problemi bilməlidir. Onların sıxıntılarını və şəraitini nəzərdə almalıdır. Onların xeyirxahı olmalıdır. Bunu səmimi qəlbdən Allah yolunda etməlidir. Buna görə də, mehriban və səmimi olmalıdır ki, insanların doğru yola yönəlməsinə yardım edə bilsin. Necə ki, əziz Peyğəmbərimiz (s) də belə olmuşdur: Qurani-kərim: “Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir (ürəyi yanandır), möminlərə şəfqətli (mehriban), mərhəmətlidir! ” Allahın elçisinin (s) rəftarının gözəlliyi və mehribanlığı dünyəvi hədəflərinə çatmaq üçün deyildi. Bu O Həzrətin batininin, ruhunun və qəlbinin gözəlliyindən nəşət tuturdu. Məhz bu saf və təmiz ilahi gözəllik insanların ruhunu və könlünün oxşayaraq, onları özünə cəzb etdi. Dini təbliğ edən şəxs də, Allahın rəsulunu (s) özünə örnək götürməlidir. Qurani-kərim: “(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.”
ARDI VAR…
1 – Biharül-ənvar, c.71. səh. 392
2 – Hud\88
3 – Kənzül-ümmal, hədis 5225
4 – Kənzül-ümmal, hədis 5217
5 – Muhəccətul-beyza, c. 5, səh 93
6 -əl-Kafi c. 2, səh. 100|
7 -Biharül-ənvar, c. 71, səh. 394
8 – Şuəra\109
9 – Biharül-ənvar, c.77, səh.103
10 – İnsan\9
11- Nəhcül-bəlağənin şərhi, İbn Əbil Hədid, c. 20, səh. 287|
12- əz-Zöhd, İbn Hənbəl, səh. 391
13 – Şuəra\215
14 – Biharül-ənvar, c. 78, səh. 312
15 – İsra\37
16 – Məanil-əxbar, səh. 237
17 – Loğman\18-19
18 – Qəsəs\34
19 – Təfsiri-Əyyaşi, c. 2, səh. 257; Kitabüt-təvazö vəl-xəmul, səh. 142; Rəbiül-əbrar, Zəməxşəri, səh. 210
20 – Zumər\53
21 – Əraf\199
22 – Yusif\92
23- Nəhcül-bəlağə, 52 hikmət|
24- İhqaqül-həqq, c. 11, səh. 241; Dürərül-müsəttin, Zərəndi, səh. 209
25- Tühəful-üqul, səh. 48
26- Ənbiya\107
27 – Tövbə\1282
28- Ali-İmran\159