Dini təbliğ edən şəxsin əxlaqi səciyyələri – 2

PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə Fəlsəfə elmlər doktoru, Professional ailə müşaviri, Həyat koçu

5. Geniş qəlbə və böyük ruha malik olmaq

 Dini təbliğ edən ruhani geniş qəlbə və böyük ruha malik olmalıdır. Ona qarşı olan tənqidlərin müqabilində sərt və kobud rəftar etməməli, diqqətlə dinləyib nəticə çıxarmalıdır. İlk olaraq, onu tənqid edən şəxsin qərəzli olmasını düşünməməlidir. Belə fikirləşməməlidir ki, o, hər bir nöqsan və yanlışdan amandadır. Ruhani öz düşüncə və fikirlərinin tam həqiqət olması, rəftar və əməllərinin hamısının saleh əməllər olduğu qənaətində olmamalıdır. Çünki Məsumlardan (s) başqa heç kim səhv və yanlışlardan təzmin edilməmişdir. Hətta Məsumlar (ə) belə çətin və məsuliyyətli bir vəzifə olan dini təbliğ yolunda Allah-təaladan yardım istəmişlər. Həzrət Musa (ə) Firon və qövmünə sarı yola düşdüyü zaman belə dua edir: Qurani-kərim: “(Musa) dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət (mənə geniş qəlb, böyük ruh ver); işimi yüngülləşdir.” Maraqlıdır ki, dinimizdə küfr əhlini və pis əməl sahiblərini təsvir edərkən, onların özündən razı halda tənqidləri, öyüdləri eşitməmələri, qulaq ardına vurmalarına diqqət çəkilir. Qurani-kərimdə belə şəxslər haqqında buyurulur: Qurani-kərim: “Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər.”

Qurani-kərim: “Onlara öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar.” İnsanı başqalarının tənqidi və nəsihəti qarşısında dözümsüz edən, onun qüruru və cahilliyidir. Məhz elə buna görə də, dini mənbələrimizdə tənqid, öyüd-nəsihətə qulaq asmaq və nəticə çıxarmaq dəfələrlə tövsiyə edilir. Həzrət Əli (ə) buyurur: “Qiyamət günü hamıdan daha çox namaz qılıb, hamıdan daha çox oruc tutan şəxslər behiştin qapısına gətiriləcəklər. Lakin onları içəri buraxmayacaqlar. Onlar soruşacaqlar: Nə üçün bizi içəri buraxmırsınız? Biz dünyada namaz qılıb, oruc tutub və həcc ziyarətinə getmədikmi? Elə bu zaman Allah-təala buyurar: Bəli, doğrudur. Amma siz ilahi öyüd və nəsihətlərə qulaq asmadınız”.

Ruhani unutmamalıdır ki, bəzən qeyri-sağlam tənqidə, iftiralara məruz qala bilər. Nadan insanların sərt və ədəbsiz davranışları ilə üzləşə bilər. Bu zaman o, anlamalıdır ki, hər kəsin sahib olduğu tərbiyə, düşüncə, təfəkkür qabiliyyəti, qavrama istedadı, eyni deyildir. İnsanların bəzisi öz nəfsinin quludur. İllər uzunu bəzi şəxslər hansısa şəraitdə, mədəniyyətdə, tərbiyə aldığı mühitdə, təlim gördüyü sistemdə, yaxud da, sırf cahillik içində qaldığına görə ilahi kəlamlarını rişxənd edə və məsxərəyə qoya bilər. Belə hallarla qarşılaşdığımızda, səbirli olmalı və böyük ruha malik olaraq güzəştə getməli, dözümlə onları başa salmağın yollarını tapmalıyıq. Unutmamalıyıq ki, ilahi peyğəmbərlər (ə) daim belə çətinliklərlə üzləşmişlər. Nadan insanlar onları cahil, dəli, azğın, səfeh və sair kimi nalayiq sözlərlə tənqid və təhqir etmişlər. Amma onlar qarşılıqlı olaraq sərt mövqe tutmamış və dözümsüzlük, kobudlud nümayiş etdirməmişdir. Əksinə, məhəbbət və mülayimliklə müqabilindəki insanları başa salmağa çalışmışdır. Qurani-kərimdə bu barədə müxtəlif ayələr mövcuddur: Qurani-kərim: “Tayfasının başçıları ona (Nuha): “Biz səni (haqq yoldan) açıq-aydın azmış görürük!” -deyə cavab verdilər. (Nuh) dedi: “Mən (haqq yoldan) heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm.” Qurani-kərim: “(Hud) tayfasının kafir başçıları ona: “Biz səni səfehlik içində görür və yalançılardan (biri) hesab edirik!” -deyə cavab verdilər. (Hud) dedi: “Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.”

Deməli, ilahi dinini insanlara yayan şəxs daim tənqid, töhmət və xoşagəlməz rəftarlar qarşısında səbirli və məntiqli olmalıdır. Bu barədə Həzrət Peyğəmbər və onun pak Əhli-beyti (ə) bizə ən gözəl örnəkdir. Mərhəmət və şəfqət sahibi olan Məsumlarımız Allahın lütfü ilə sahib olduqları geniş qəlbləri və böyük ruhları ilə, onu təhqir edən, ədəbsizlik göstərən şəxslərlə təmkinlə davranmışlar, Onlar, nəinki, səbirsizlik göstərərək insanları cəzalandırmamış hətta nəciblik nümayiş etdirərək öz gözəl əxlaqı, tərbiyəvi nəsihətləri ilə qarşı tərəfi sakitləşdirməyə çalışmışdır. Onlara qarşı edilən ədəbsizliyin nə qədər böyük olmasına baxmayaraq, insanları bağışlamış, təqsirinə göz yummuşdur. Şam (Dəmeşq) əhli olan İsam ibn Müstələq belə deyir: «Mədinə şəhərinə gəldim. Şəhərdə gəzərkən gözüm Hüseyn ibn Əlinin (ə) vüqarlı, gözəl simasına sataşdı. Onun pak, əzəmətli və möhtəşəm görünüşünə paxıllıq etdim. Elə bu vaxt onsuz da əvvəllər atası Həzrət Əliyə (ə) qarşı olan düşmənçilik hissim indi daha da alovlanmağa başladı. Qəlbimdəki kin məni yandırıb yaxırdı. Hisslərimi cilovlaya bilməyərək Həzrət Hüseynin (ə) yanına getdim. Əvvəlcə istehza ilə «ey Əbu Turabın oğlu»-deyə, ona müraciət etdim. Sonra isə ona bacardığım qədər söyüş, təhqiramiz kəlmələr yağdırmağa başladım. Amma o, üzünü mənə tutaraq mehribancasına söylədi: «Şam (Dəmeşq) əhlisənmi?» Dedim: «Hə, nə olub ki?» Buyurdu: «Bilirəm Şamlılar belədir. Lənətlənmiş şeytanın şərrindən Allaha pənah aparıram. Mehriban və bağışlayan Allahın adı ilə sözümə başlayıram. Necə ki, Allah-taala buyurur: «Bağışla, yaxşı əməllərə doğru sövq et və cahil şəxslərdən üz çevir.» Bu ayə Allahın elçisi Həzrət Məhəmmədin (s) ən gözəl əxlaqı barəsindədir. Qardaşım, mənimlə sakit, aram söhbət et ki, həm öz işini və həm də, mənim işimi çətinləşdirməyəsən. Allaha tövbə et və bağışlanmağını dilə. Əgər məndən kömək istəsən, sənə kömək edərəm. Hər nə lazım olsa, nəyə ehtiyacın varsa sənə verərəm. Həmçinin doğru yola yönəlməyə ehtiyac duysan, səni haqq yoluna irşad edərəm.» Mən Peyğəmbərin (s) evində tərbiyə almış Hüseynin (ə) səmimiyyət, mərhəmət dolu sözlərinin qarşısında utandım və ona dediyim ləyaqətsiz sözlərə görə xəcalət çəkib, peşman oldum. İmam Hüseyn (ə) mənim peşman olduğumu duyaraq, Yusif peyğəmbərin (ə) öz günahkar qardaşlarına söylədiyi bu ayəni oxudu: «Bu gün sizə qarşı heç bir danlaq və məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mərhəmətlilərin ən mərhəmətlisidir.» Allaha and olsun, onun bu mülayim və ədəbli davranışı mənə o qədər təsir etdi ki, utandığımdan öz-özümə dedim: «Kaş yer yarılaydı, yerə girəydim. Amma Hüseynə (ə) belə ədəbsizcəsinə davranmyaydım.»

İlahi peyğəmbərlər (ə) və məsum imamlar (ə) məhz səmimi və böyük ruha malik rəftarlarla xalqın diqqətini özlərinə cəlb etmiş, camaat dini təlimlərin paklığını əməli şəkildə anlamışlar. Qurani-kərimdə Həzrət Xızır (ə) və Həzrət Musanın (ə) bir kənddə daxil olduğu zaman, əhalinin onların təbliğini qəbul etməməsi və onları qonaq sayıb yemək belə verməməsi haqqında danışılır. Amma bu ali əxlaqa malik şəxslər (ə) onlara azuqə verməyən camaata qarşı kin bəsləməmiş, ruhdan düşməmiş, böyük iradə və geniş ürəkliliklə kənddə gördükləri uçuq divarı bərpa etmişlər. Bunun müqabilində isə insanlardan heç bir yaxşılıq tələb etməmişlər. Qurani-kərim: “Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızıra yemək vermək) istəmədi. Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir muzd alardın…”

6. Səbirli, əzmli və ümidvar olmaq

İnsanları mənəviyyata və paklığa dəvət etmək yolunda səbirli olmaq, əzm göstərmək İlahi peyğəmbərlərinin (ə) xüsusiyyətlərindəndir. Belə ki, müqəddəs kitabımızda bu haqda müxtəlif ayələr mövcuddur. Allahın pak dinini insanlara təbliğ edən ruhani də, İlahi elçilərini (ə) örnək alaraq, öz yolunda səbirli və möhkəm olmalıdır. Yolundan dönməməli və süstləşməməlidir. Ümidini əldən verməməli, Allaha təvəkkül edərək səyini möhkəm iradə ilə davam etdirməlidir. Bu məsələyə müxtəlif cəhətlərdən yanaşmaq mümkündür:

A.  Bəlalar və müsibətlər qarşısında səbir: Ruhani həyatı boyu qarşılaşdığı maddi bəlalar, müsibətlər müqabilində səbirli və dözümlü olmalıdır. Unutmamalıdır ki, Allahın dininin və ali mənəviyyatın təbliğatçıları olan Peyğəmbərlər (ə) ən çox bəlalar və ilahi imatahanlarla üzləşən insanlar olmuşdur.
Məhz belə imatahanlardan üzüağ çıxan şəxslər ali mənəvi məqamlara malik olmuşdur. Qurani-kərimdə buyurulur:

إِنَّما يُوَفَّى الصَّابِرُونَ أَجْرَهُمْ بِغَيْرِ حِسابٍ
“Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbir edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!”

B.  Zülm qarşısında Allah xatirinə səbirli olmaq: Ruhani öz haqqının tapdanılması qarşısında, Allah yolunda səbirli olaraq insanları islah etmək imkanını əldə etməyi bacarmalıdır. Qurani-kərim: “Əlbəttə, hər kəs (pisliyə) səbir edib bağışlasa, (onun bu hərəkəti) çox bəyənilən əməllərdəndir.”

C. İbadətdə dözümlü olmaq: Ruhani ibadətə verdiyi əhəmiyyətlə hər kəsə nümunə olmalıdır.
Qurani-kərim: “Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol!”

D. Günah qarşısında dözümlü olmaq: Ruhani günahların qarşısında səbirli olmalı və ondan uzaqlaşmaqla insanlara gözəl ülgü olmalıdır. Qurani-kərim: “Günahın aşkarından da, gizlisindən də əl çəkin! Günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar!”

E. Maddi çətinliklər qarşısında səbirli olmaq: Ruhani maddi çətinliklər qarşısında dözümlü olmalı və ehtiyacın onu əyməsinə, sındırmasına, ilahi dinini xalqa bəyan etməsinə mane olmasına icazə verməməlidir. Qurani-kərim: “Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə.”

F. Məqsədə çatmaqda səbirli və əzmli olmaq: Ruhaninin insanları Allaha və mənəvi dəyərlərə sarı çağırdığı zaman, onların haqqa yönəlməsi üçün səbirsizlənməsi təbiidir. Bu onun xeyirxahlığı və insanlara qarşı ürək yandırmasından qaynaqlanır. Lakin bununla belə səbirli olub, öz hədəfinə möhkəm və asta addımlarla irəliləməsi daha gözəl nəticə verəcəkdir. Qurani-kərim: “(Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbir etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbir et, onlardan ötrü tələsmə.” Bu yolda, sözsüz ki insanların dirənişləri, inadları və tərsliklərilə qarşılaşacaqdır. Tənələr, rişxəndlər və sair rəftarlar onu həvəsdən salmamalı, məyus və ümidsiz olmamalı, öz yoluna əzmlə və səbirlə davam etməlidir. Necə ki, İlahi peyğəmbərlər (ə) də, belə çətinliklərlə qarşılaşmışdır. Qurani-kərimdə bu haqda buyurulur: “Ya Peyğəmbər (Ya Rəsulum)! Ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə): “İnandıq”, deyənlərin (münafiqlərin), yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnuxanları səni kədərləndirməsin.”

G. Təhdidlər qarşısında səbirli olmaq: Ruhani onu haqq yolundan döndərmək istəyən qüvvələrin təhdidləri qarşısında dözümlü olmalı və vüqarını itirməməlidir.Qurani-Kərim: “(Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) səbatlı (əzmli) ol.” Necə ki, Allahın Elçisi (s) bu haqda buyurur: “Allah yolunda heç bir məzəmmət edənin danlağına görə ürəyinə qorxu düşməsin. Ümumiyyətlə, bir sözlə dini təbliğ edən ruhani heç bir zaman ümidini itirməməli, Allaha təvəkkül edib gələcəyə nikbin baxmalıdır.Qurani-kərim: “Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”

H. Ədəbsizlərin, nadanların qarşısında səbirli olmaq: Necə ki, tarix boyu əzəməti ilə məşhur olam alimlərimiz də belə davranmışdır. İslam dünyasının tanınmış alimlərindən birinin nadanın təhqirinə qarşı rəftarını sizə təqdim edirik: Bir nəfər Xacə Nəsrəddin Tusiyə başqa şəxsin məktubunu gətirdi. Orada Tusini söyərək “kəlb ibn kəlb” yazılırdı. Xacə Nəsrəddin səbirlə ona belə cavab yazdı: Məni it adlandırmağın doğru deyildir. Çünki it dörd ayaqlı heyvandır. Hürür, dərisi yunla örtülüdür və uzun caynaqları vardır. Amma mən dik qamətli, dərisi yunsuz, enli dırnaqlara malik, danışmağı və gülməyi bacaran bir məxluqam.

7. Ədalətli olmaq

Hər bir ideologiyanın özünə xas olan əsaslı və köklü prinsipləri vardır. Ən kamil ilahi din olan və əbədi, beynəlxalq hüzuru hədəfləyən islam dini də, özünəməxsus bir sıra köklü və vaz keçilməz ideyalara, dəyərlərə malikdir. Bu ideya və dəyərlər islam dininin əsasını və bünövrəsini təşkil etdiyi üçün, ilk növbədə, onlarla tanınır və dinin başqa bölümləri məhz onların icrası üçün səfərbər edilir. Onların arasında sevgi, mərhəmət, insaf və sairlərini qeyd etmək olar. Belə köklü prinsiplərdən biri də, ədalətdir.

Dinimizdə, ədalət bütün varlığın onun üzərində qurulduğu bir bünövrə sayılır.[24] Din ictimai ədalətin möhkəmlənməsinə, icrasına önəmli təsir qoyur. Həqiqi inama malik olan fərdlərin hər biri öz imanı qarşısında daim hesab verməlidir. Bundan əlavə Qiyamət gününün hesab-kitabı da insanlara əməllərinə diqqət etməyi öyrədir. Təkid edilir ki, Allah-təala qiyamət gününü ədaləti riayət etmək və hər kəsin haqqını özünə vermək üçün bərpa edəcəkdir. Axirətdə əməl tərəzisində çəkilməmişdən qabaq, insan öz əməllərini dünyada ədalət tərəzisində çəkməlidir. Belə ki, din cəmiyyətdə insanların əlaqələrinin möhkəmlənməsinə, laqeydliyin kənara atılmasına, mənəvi ayinlərin icrası zamanı ədalətin, bərabərlik və həmrəyliyin yaranmasına xidmət edir. Fərdin nəfsani istəklərini kənara ataraq, məsuliyyətlə cəmiyyətə qarışmasına, başqalarının mənafeyini və ən azından onlarla birgə olan ortaq mənafeyi düşünməsinə təkan verir. Həmçinin, cəmiyyətdə baş verən proseslərə laqeyd qalmamağı tövsiyə edir. Cəmiyyəti təhdid edən məsələlərlə mübarizə aparmağa  sövq edir. Hər bir kəsi ədalətli olmağa və ədalət uğrunda səy göstərməyə çağırır. Dini insanlara təbliğ edən ruhani də, bu köklü prinsipə diqqət etməlidir. Ruhani cəmiyyətdə insanlarla arasındakı sevgidə, nifrətdə, söz və əməlində ədalətli olmalıdır. Pis əməllərin və zülmün sahibinin kimliyi onun fikrini dəyişdirməsində təsir qoymamalıdır. Zülmün sahibi qohumu, yaxını, dostu belə olsa düşüncəsini əvəz etməməlidir. Varlı və yaxud kasıb olmasına baxmamalıdır. Məqamına, şöhrətinə əhəmiyyət verməməlidir. Qurani-kərimdə buyurulur:

“Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan, Allah üçün şahidlik edən kəslər olun! (Barəsində şahidlik edəcəyiniz kəs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! ” Həmçinin, insanlarla rəftarında və cəmiyyətdə onlara qarşı olan məhəbbətində irqi, zahiri gözəllik, maddi vəziyyətinin hansı dərəcədə olması, vəzifəsi, şan-şöhrətinə dəyərləndirməməlidir. Yalnız varlılara hörmət edib, vəzifə sahiblərinin suallarını ehtiramla cavablandırıb, ancaq nüfuza malik şəxsləri gülər üzlə qarşılayıb, yoxsullarla, adi camaatla tənəli, tikanlı sözlərlə danışmaq ədalətsizlikdir. Həzrət Əli (ə) məntəqələrə təyin etdiyi valilərdən birinə belə öyüd-nəsihət verir: “Səni qəmləndirən işlərdə Allahdan kömək istə və rəiyyətlə işlərində sərtlik və qatılığı bir az yumşaqlıq və mülayimliklə qatışdır. Mülayimlik lazım olan zaman mülayim və mehriban ol. Sərtlikdən başqa bir çıxış yolu olmadığı vaxt, bir miqdar sərtlik və qatılıq et. Rəhmət qanadını xalq üçün endir, onlarla gülərüz ol və özünü yumşalt, mehriban, mülayim və xoşrəftar ol. Gözucu baxmaq, gözünü zilləmək, işarə etmək və salam verməkdə onların arasında bərabər davran. Birini digərindən üstün tutmaki, böyüklər sənin zülm etməyinə tamah salıb həris olmasınlar. Səninlə düşmənçilik fikrinə düşməsinlərvə zəiflər sənin ədalətindən naümid olmasınlar. Əlbəttə, diqqət etmək lazımdır ki, cəmiyyətdə nüfuzu olan, məsuliyyət sahibləri olan şəxslərə ehtiram etmək və hörmətini saxlamaq dinimizdə tövsiyə edilmiş məsələlərdəndir. Bu haqda bir rəvayətə diqqət yetirək:

Rəvayətə görə: Allahın elçisi (s) səhabələri ilə birlikdə öz evinə daxil oldu. Belə ki, otaqda oturmağa yer qalmadı. Elə bu vaxt, Cərir bin Abdullah Yəcli adlı bir kişi oraya daxil oldu. O, turmağa yer tapmadığı üçün qapının astanasında quru yerdə əyləşdi. Peyğəmbər (s) əbasını ona verib, buyurdu: (Quru yerdə deyil,) bunun üzərində otur. Cərir bu alicənablığın qarşısında heyran qaldı. Əbanı alıb üzünə sürtərək, öpməyə başladı. O, ağlayaraq əbanı Allahın elçisinə (s) qaytardı və dedi: Mən sizin əbanızın üzərində otura bilmərəm, siz mənə ehtiram göstərdiniz, Allah-Təala da sizə ehtiram qoysun. Peyğəmbər (s) buyurdu: “Tayfanızın böyüyü, ağsaqqalı yanınıza gəldikdə ona hörmət edin. Ümumiyyətlə, hər kim sizdən yaşca böyükdürsə, ona ehtirama göstərin.” Lakin bu o demək deyildir ki, ruhani yalnız belə şəxslərə ehtiram qoymalı və məhrum insanlara qarşı sayğısızlıq və hörmətsizlik etməlidir. Sadəcə olaraq nüfuz və məsuliyyət sahiblərinə hörmət etmək, yoxsul və adi insanları dəyərsiz saymağa səbəb verməməlidir. Ruhani danışığında diqqətli olmalı, haqq-ədalət üzündən danışmalı və kiminsə xoşuna gəlməsi niyyətilə başqasına qarşı ədalətsizlik etməməlidir. Qurani-kərim:”Söz söylədiyiniz zaman, ədalətli olun.” Dinimizin göstərişlərinə əsasən, təkcə dostlar üçün deyil, düşmənlərin qarşısında da, haqq-ədaləti riayət etmək vacib sayılır. Qurani-kərimdə oxuyuruq: “Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” Allah-təala Quranda Kitab əhlinin yaxşı xüsusiyyətlərini ədalətlə qeyd edir və mədh edir. Pis əməllərini də tənqid edir. Müsəlmanların da yaxşı əməllərini mədh edir və xoşagəlməz hərəkətlərini də tənqid edir, danlayır.

8. İnsanlarlarla ədəblə davranmaq

Ədəb və əxlaq dini olan islamı təbliğ edən ruhani, insanlarla hörmətlə, gözəl davranmalıdır. Çünki o daha gözəl bilir ki, imanlı insanın varlığının qiyməti və dəyəri, elm və ədəbidir. Bunun üçün də, bütün ömrü boyu onları  əldə etməyə çalışır. Anlayır ki, elm və ədəbi hər nə qədər artsa, dəyər və layaqəti də bir o qədər artar. O, özündən əvvəlki ruhanilərin zəhmətlərini qiymətləndirməli, onlara öz ehtiramını bildirməlidir. Çünki onlar eyni yolda zəhmət çəkmiş, bacardıqları qədər dinə xidmət göstərmişlər. Bu Qurani-kərimin əxlaqıdır. Müqəddəs kitabımızda keçmiş peyğəmbərlərin (ə) zəhmətləri ehtiramla yad edilmiş, onların xidmətləri qiymətləndirilmişdir. Ruhani böyüklərə ehtiram, kiçiklərə qayğı göstərməlidir. Necə ki, Həzrət İmam Səccad (ə) buyurur: “Hər bir müsəlmanı öz ailən kimi bil. Böyüklərinə atan kimi, kiçiklərinə də, övladın kimi bax.”

1 – Taha\25
2 – Əraf\179
3 – Saffat\13
4 – Nəhcül-bəlağə, 282 hikmət
5- Yənabiül-hikmət, səh. 783
6 – Əraf\60-62
7 – Əraf\66-68
8 – Müntəhəl-əmal, səh. 350; Əxlaq fəlsəfəsi, səh. 25-26; Məalis-sibteyn, c. 1, səh. 60
9 – Kəhf\88
10 – Ənbiya\85; Sad\17
11 – Yusif\18; Yusif\83; Sad\44; Loğman\17
12 – Zumər\10
13 – Şura\43
14 – Məryəm\65
15 – Ənam\120
16 – Kəhf\28
17 – Əhqaf\35
18 – Maidəğ\41
19 – Şura\15
20 – əl-Xisal, səh. 526
21 – Yusuf\87
22 – Ərəb dilində “kəlb”- “it” deməkdir.
23 – “Qessehaye delneşin”, səh. 26
24 – Mətalibül-suul, səh. 61
25 – Nisa\135
26 – Nəhcül-bəlağə, səh 67
27 – Dastanhaye-asimani, səh. 61
28 – Ənam\152
29 – Maidə\8
30 – Ali-İmran\ 75; 113; 119
31 – Mişkatül-ənvar, səh. 135
32 – Nəml\59; Şura\13
33 – əl-Həyat, c. 1, səh. 411

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir