Mübarək Şaban ayının əməlləri

Mübarək şaban ayının əməlləri iki hissəyə bölünür. Onlardan bəziləri bu ayın bütün günləri yerinə yetirilə bilər. Bəzi əməllər isə xüsusi əməllər hesab olunur və müəyyən günlərdə həmin əməlləri yerinə yetirmək lazımdır.

Müştərək əməllər

Bu ayın müştərək əməlləri bir neçə cürdür. Qeyd etdiyimiz kimi bu əməllər əzəmətli Şaban ayının istənilən günündə yerinə yetirilə bilər. Hər gün 70 dəfə “Əstəğfirullahə və əs əluhut-təvbə” (Alladan bağışlanma diləyir və ondan tövbə istəyirəm) demək. Hər gün 70 dəfə “Əstəğfirullahəlləzi la ilahə illa huvər-Rəhmanur-Rəhim, əl-Həyyul-Qayyum və ətubu ileyh” (Rəhman, Rəhim, diri və Qəyyum olan Allahdan bağışlanma diləyir və tövbə edirəm) demək. Hədislərə əsasən bu ayda yetmiş dəfə istiğfar etmək başqa aylarda 70 min istiğfara bərabərdir.

Sədəqə vermək. Əgər sədəqə bir xurmanın yarısı qədər olsa belə insanı oddan xilas edər. İmam Sadiqdən (əleyhissalam) nəql olunmuş hədisdə belə buyurulur: “Bu ayda ən yaxşı əməl sədəqə vermək və Allahdan bağışlanma diləməkdir. Kim Şaban ayında sədəqə verərsə, dəvə öz balasını tərbiyə etdiyi kimi Allah təala da onu tərbiyə edər və bu sədəqə qiyamət günü Uhud dağı boyda (savab olaraq) sahibinin qarşısına çıxar”. Bütün ay boyu min dəfə “La ilahə illəllahu və la nəbudu iyyahu, muxlisinə ləhud-dinə vəl ləv kərihəl-muşrikun” (Allahdan başqa ilah yoxdur və yalnız ona ibadət edirik. Müşriklər istəməsə belə dini məhz Allaha aid bilirik) demək. Bu zikri etməklə insanın əməl dəftərində min illik ibadət yazılar. Bu ayın hər cümə axşamında iki rükət namaz qılmaq və oruc tutmağın böyük savabı vardır. Hər rükətdə Həmd surəsindən sonra yüz dəfə İxlas surəsini oxumaq və salamlardan sonra yüz dəfə salavat zikr etmək lazımdır. Bəndə bu namaz vasitəsilə bütün dünya və axirət istəklərinə çatar. Rəvayətə əsasən bu ayın hər cümə axşamı günlərində Allah səmanı bəzəyir və mələklər belə dua edirlər: “İlahi, bu gün oruc tutanları bağışla və onların dualarını qəbul et!”

Bu ay boyu çoxlu salavat zikr etmək.

Dua kitablarında “Şabaniyyə münacatı” adıyla qeyd olunan münacatı oxumaq. Həmçinin bu ayda mənasız, bihudə sözlərdən və mübahisələrdən çəkinmək və ibadətə daha çox vaxt ayırmaq lazımdır.

Hər günün özünəməxsus əməlləri (xüsusi əməllər)

Birinci gecənin əməlləri: Bu gecə üçün bir neçə əməl qeyd olunmuşdur ki, onlardan biri də 12 rükətli (6 dəfə 2 rükət) namazdır. Bu namazın hər rükətində Həmd surəsindən sonra 11 dəfə İxlas surəsi oxunmalıdır.
Birinci günün əməlləri: Bu gün oruc tutmağın böyük fəziləti vardır. İmam Sadiqdən (əleyhissalam) nəql olunan rəvayətə görə bu gün oruc tutan şəxsə cənnət vacib olar.
Üçüncü günün əməlləri: Bu mübarək gündə İmam Huseyn (əleyhissalam) dünyaya gəlmişdir. Bu gündə oruc tutmaq və İmam Huseynə məxsus olan ziyarətnamələr və münacatlarla onu yad etmək lazımdır.

On beşinci gecənin və gününün əməlləri: İmam Sadiq atası İmam Baqirdən (əleyhimassalam) nəql edir ki, bu gecə Qədr gecəsindən sonra ən fəzilətli olan gecədir. Bu hədisə əsasən, bu gecədə Allah təala öz bəxşiş qapısını bəndələrin üzünə açar və bəndələri öz kərəm və lütfü ilə bağışlayar. Bu gecə elə bir gecədir ki, Allah təala öz müqəddəs zatına and içmişdir ki, bəndələrinə günahdan başqa nə istəsələr versin. Bu gecənin başqa üstünlüklərindən biri də Həzrət İmam Zamanın (əccəllallahu fərəcəh) bu gecənin səhəri dünyaya gəlməsidir. İmam hicri-qəməri tarixin 255-ci ildə Samirra şəhərində dünyaya göz açmış və bu gecənin daha da fəzilətli olmasına səbəb olmuşdur. Bu gecənin əməllərindən biri də qusl almaqdır ki, günahların yüngülləşməsinə səbəb olar. Bu gecəni oyaq qalıb, dua, istiğfar və ibadətlə keçirmək lazımdır. Hədisə əsasən kim bu gecə oyaq qalsa, bütün qəlblər ölən günü onun ürəyi diri olar. Bu gecənin ən fəzilətli və günahların bağışlanmasına səbəb olan əməllərindən biri də İmam Huseyni (əleyhissalm) ziyarət etməkdir. Ziyarətə gedə bilməyənlər ən azından evin damına çıxıb (və ya açıq havada hündür bir yerə) sağa-sola baxsınlar və başlarını göyə qaldırıb belə desinlər: “Əs-salamu əleykə ya Əba-Əbdillah. Əs-salamu əleykə və rəhmətullahi və bərəkatuh”. Harada olmasından aslı olamayaraq o Həzrəti kim bu cür qayda ilə ziyarət etsə, ona Həcc və Ümrənin savabı yazılar. Həmçinin dua kitablarında bu gecəyə məxsus olan ziyarətnamələri və münacatları oxumaq lazımdır.

Bu ayın qalan günlərinin əməlləri: İmam Rzadan (əleyhissalam) nəql edilmişdir ki, hər kim Şaban ayının axırından üç gün oruc tutub, Ramazan ayına birləşdirərsə, həmin şəxsə iki ayın savabı yazılar. İmam Rzadan nəql olunmuş hədisə əsasən, İmam tövsiyə edir ki, bu ayın son cümə günü keçmişdə edilən günahlara görə bağışlanma dilənməli, Quran oxunmalı və tövbə edilməlidir. Bu gündə insan öz qəlbindən kin-küdurəti çıxarmalı, dua etməli və Allaha təvəkkül etməlidir. Həqiqətən Allah, Ramazan ayının hörmətinə görə bu gündə bir çox bəndələri cəhənnəm odundan qurtaracaq. Həmçinin geri qalan günlərdə dua kitablarında müfəssəl şəkildə qeyd olunmuş duaları oxumaq lazımdır. Onların hamısı çox olduğu üçün bura qədər yazdıqlarımız ilə kifayətlənirik. Allah təala, Əhli-beytə (əleyhimussalam) xatir bizləri bu ayın bərəkətindən binəsib etməsin.

Şaban ayında bəzi əlamətdar günlər

Hicrətin 4-cü ili Şaban ayının 3-cü günü Kərbəla sərvəsi, şəhidlər ağası İmam Hüseyn (ə) dünyaya göz açıb.
Şaban ayının 4-cü günü Hz. Əbəlfəz-Abbas (ə) doğum gününə təsadüf edir.
Şaban ayının 5-ci günü İmam Zeynal-Abidin (ə)ın mübarək təvəllüd günüdür.
Şaban ayının 11-i hicri 33-cü ildə Kərbəla qəhrəmanı, öz sücaəti ilə düşməni lərzəyə gətirən, İmam Hüseynin (ə) böyük oğlu Həzrəti Əli Əkbər (ə) mübarək mövlud günüdür.

Şaban ayının 15-ci gecəsi 12-ci İmamımız Həzrəti Mehdi (ə.c.) mübarək təvəllüd günüdür. Bu gecə İslam aləmində Qədr gecəsindən sonra ən fəzilətli gecı hesab edilir. Hədislərdə buyurulur: Allah bu gecə edilən dualar qəbul edəcəyinə and içmişdir. Bu gecə barəsində Peyğəmbər (s) Aişəyə belə buyurub: bu gecə ruzilərin bölündüyü, əcəllərin qeyd edildiyi və həccə gedəcək insanların siyahısının müəyyənləşdiyi gecədir.

Aqil Islam

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir