[post-views]

Quran və hədislərdə maarifçiliyin metodları – (2)

PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə fəlsəfə elmlər doktoru

(Əvvəli keçən məqaləmizdə…)

4. Məsəl və bənzətmələrdən yararlanmaq
Ruhani dini insanlara anlatdığı zaman gözəl məsəl və bənzətmələrdən (təşbeh) bəhrələnərsə, öz fikrini daha rahat şəkildə ifadə edə bilər. Bununla təkcə savad və bilik səthi yüksək olmayan yerlərdə deyil, əksinə təhsilli insanlara dini bəyan etdiyimiz zaman da olduqca faydalı nəticələr əldə edə bilərik. Çünki məsəl və təşbehlər mətləbi daha aydın və tez bir şəkildə anlamağa kömək edir. Həmçinin,  dinləyici onu rahat düşünərək təhlil edə bilir.

وَ تِلْكَ الْأَمْثالُ نَضْرِبُها لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ
“Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.
Məhz elə buna görə də, Müqəddəs kitabımız müxtəlif səthlərdə olan dinləyicilərinə bəyan etdiyi mətləblərdə geniş şəkildə məsəl və təşbehlərdən istifadə etmişdir.

وَ لَقَدْ ضَرَبْنا لِلنَّاسِ في‏ هذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ
“Biz bu Quranda insanlar üçün hər cür misal çəkdik.”

Qurani-kərimin misalları müxtəlifliyi ilə bərabər, insanların yaşadığı mühitə və şəraitə uyğun şəkildə də bəyan edilmişdir:
أَ فَلا يَنْظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَت وَ إِلَى السَّماءِ كَيْفَ رُفِعَت وَ إِلَى الْجِبالِ كَيْفَ نُصِبَت وَ إِلَى الْأَرْضِ كَيْفَ سُطِحَت   
“Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Göyə (baxmırlar ki) necə ucaldılmışdır? Dağlara (baxmırlar ki) necə dikəldilmişdir? Və yerə (baxmırlar ki) necə döşədilmişdir?”

Qurani-kərimdə mövcud olan çoxsaylı misallardan bəzilərini sizə təqdim edirik:

1– Allah-təala xoş (haqq) sözü və ədəbli danışığı dərin köklərə malik, bol barlı və uca bir ağaca bənzətmişdir. Çünki haqq kəlamın, xoş sözün ucalığı, qüdrəti sonda onun qələbəsini təmin edir. Belə kəlamlar bihudə və yalan sözlər kimi əsassız, süst deyildir. Onun bu dünyadakı xeyir-bərəkətləri sağlam cəmiyyətin möhkəmliyini təmin etməkdə, haqq-ədalətdə, səmimiyyət, ülfət və sair kimi əvəzolunmaz mənəvi-maddi faydalarda özünü aşkar edir. Axirətdə isə əbədi səadətə doğru aparır. Daim ədəbli, gözəl və haqq danışanlar ilahi hikmətindən nəsibini alan şəxslərdir.  

 أَ لَمْ تَرَ كَيْفَ ضَرَبَ اللَّهُ مَثَلاً كَلِمَةً طَيِّبَةً كَشَجَرَةٍ طَيِّبَةٍ أَصْلُها ثابِتٌ وَ فَرْعُها فِي السَّماءِ  تُؤْتي‏ أُكُلَها كُلَّ حينٍ بِإِذْنِ رَبِّها وَ يَضْرِبُ اللَّهُ الْأَمْثالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُون
“Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş (pak) bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac  kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər. Allah insanlar üçün belə misallar çəkir ki, düşünüb ibrət alsınlar.” (İbrahim\24-25)

2– Quran sərvəti ilə öyünüb təkəbbürlülük edən dünyapərəst insanlara dünyanın faniliyini yaşıl bitkilərin ömrünün az olması və solub məhv olmasına bənzədir. Burada neməti verənin və onu alıb məhv edənin Allah-təala olmasına diqqət çəkilir. Həmçinin dünyanın və dünya nemətlərinin fani olması vurğulanır.

وَ اضْرِبْ لَهُمْ مَثَلَ الْحَياةِ الدُّنْيا كَماءٍ أَنْزَلْناهُ مِنَ السَّماءِ فَاخْتَلَطَ بِهِ نَباتُ الْأَرْضِ فَأَصْبَحَ هَشيماً تَذْرُوهُ الرِّياحُ وَ كانَ اللَّهُ عَلى‏ كُلِّ شَيْ‏ءٍ مُقْتَدِرا
“(Ya Rəsulum! Səndən yoxsulları öz məclisindən qovmağı tələb edən təkəbbür sahiblərinə) bu dünyanı misal çək: (Bu dünya) göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər, sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp olar. Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdir!”

3– Allah-təala öz malından insanlara yardım edən və yoxsullara əl tutan şəxslərin əməlini yeddi sünbül verən, hər sünbülündə yüz dən olan bir toxuma bənzədir. Bununla da, yardım etməyin cəmiyyətdəki yüksək maddi və mənəvi inkişafa səbəb olduğuna diqqət çəkir. Habelə, insanlara kömək edən şəxsin Allahın xüsusi lütf və mərhəmətinə şamil olduğuna işarə edir. Bu, həm dünyada mal-dövlətinin bərəkət qazanması, həm də axirətin bitib-tükənməyən nemətləri deməkdir.

مَثَلُ الَّذينَ يُنْفِقُونَ أَمْوالَهُمْ في‏ سَبيلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنْبَتَتْ سَبْعَ سَنابِلَ في‏ كُلِّ سُنْبُلَةٍ مِائَةُ حَبَّةٍ وَ اللَّهُ يُضاعِفُ لِمَنْ يَشاءُ وَ اللَّهُ واسِعٌ عَليمٌ
“Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü) genişdir!”

4- Səmavi kitabımız “minnətlə verilən sədəqə və köməyi” isə yağışın qaya üzərindəki yuduğu torpağa bənzədir. Maraqlıdır ki, burada minnətlə verildiyi üçün sədəqənin dəyərinin olmadığı, əməlin faydasız olması çox incəliklə söylənilir. Belə ki, bu minnətli sədəqə, toz-torpağa bənzədilir. Onun yuyulub getməsi nəticəsində isə qaya çılpaq (yəni əməl sahibi əliboş) qalır.

يا أَيُّهَا الَّذينَ آمَنُوا لا تُبْطِلُوا صَدَقاتِكُمْ بِالْمَنِّ وَ الْأَذى‏ كَالَّذي يُنْفِقُ مالَهُ رِئاءَ النَّاسِ وَ لا يُؤْمِنُ بِاللَّهِ وَ الْيَوْمِ الْآخِرِ فَمَثَلُهُ كَمَثَلِ صَفْوانٍ عَلَيْهِ تُرابٌ فَأَصابَهُ وابِلٌ فَتَرَكَهُ صَلْداً لا يَقْدِرُونَ عَلى‏ شَيْ‏ءٍ مِمَّا كَسَبُوا وَ اللَّهُ لا يَهْدِي الْقَوْمَ الْكافِرين
“Ey iman gətirənlər! Sədəqələrinizi, malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxartmayın. Belə kimsələrin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar.”

5- Quranda ölülərin dirilməsi, yağışın susuz torpaqlara həyat verib diriltməsinə bənzədilmişdir.

وَ اللَّهُ الَّذي أَرْسَلَ الرِّياحَ فَتُثيرُ سَحاباً فَسُقْناهُ إِلى‏ بَلَدٍ مَيِّتٍ فَأَحْيَيْنا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِها كَذلِكَ النُّشُورُ
“Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır! Biz (o buludları) quru (ölü) bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. (Ölüləri) diriltmək də belədir!

Həsdis və rəvayətlərdə misal və bənzətmələrdən nümunələr:

Həzrət Məhəmməd (s) və Əhli-beyt (ə) da, bu üslubdan geniş vüsətdə istifadə etmişlər. Burada onlardan bir neçəsini qeyd edirik:

1– Həzrət Peyğəmbər (s) Əhli-beytin (ə) özündən sonra dinin insanlara düzgün anladılmasında, bidətlərdən, xurafatlardan qorunmasında, ilahi rəhbərlikdəki rolunun əvəzolunmaz əhəmiyyətini bəyan etdiyi zaman, onları Həzrət Nuh (ə) peyğəmbərin gəmisinə bənzətmişdir. Dünyanı tamamilə su basdığında, yalnız bu gəmiyə minən saleh şəxslər nicat tapmışdı. Gəmiyə minməkdən üz döndərənlər isə batıb, qərq olmuşdular. Bu misala əsasən, Əhli-beytin (ə) göstərişlərinə itaət edən şəxslər azğınlıqdan xilas olacaqdır. Allahın elçisi (s) buyurur: “Həqiqətən, mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən qərq olar.”

2- Əziz Peyğəmbərimiz (s) daim çirkin əməllər edən şəxslərin ibadətlərinin naqis olması və onlara savab bəxş etməməsini çox incə şəkildə bəyan edir. Buyurur: “Haram yeməklə birlikdə olan ibadət, qum üstündə (başqa təbirlə, su üzərində) tikilən bina kimidir.”

3– Həzrət Əli (ə) pis dostun zərərini, insanı yanlış yola sürükləməsini başa salmaq üçün onu oda bənzədir. Buyurur: “Pis dost od parçası kimidir. (Düşdüyü yeri yandırar.)”

4– İmam Sadiq (ə) dostları, qardaşları çox zərif ibarətlərlə üç hissəyə bölür: “Qardaşlar (dostlar) üç qrupdur:  Bəzisi yemək kimidir. Ona həmişə ehtiyac duyulur. Bu ağıllı dostdur. Bir qismi dərd kimidir. Bu ağılsız dostdur. Bəzisi də, dərman kimidir. Bu müdrik dostdur.”

5– İmam Hüseyn (ə) fani dünya həyatını qısa yuxuya bənzədir. Çünki dünya həyatı həm keçicidir, həm də həqiqi nemətlərə sahib deyildir. Buyurur: “Bilin ki, dünyanın şirini və acısı bir yuxudur. Ayıqlıq, əsl həyat axirətdədir. Axirətdə səadətə yetişən doğrudan da, xoşbəxtdir. Axirət əzabına düçar olansa, əsl bədbəxdir.”

5. Elmi müzakirə, diskussiya və cədəl
Dini maarifçi, bəzi hallarda elmi mübahisə və diskussiyalarla öz vəzifəsini icra etməli olur. O, müxalif fikirli şəxslərlə elmi bəhslər edir və dinin həqiqətlərini açıqlayır. Bu zaman olduqca mühüm üslublar və rəftarlara xüsusi diqqət ayırmalıdır. Burada həmin üslub və davranışların bəzilərini qeyd edirik.

Müzakirə üslubları:

1- Əqli-mənriqi dəlillərə əsaslanmaq. Elmi müzakirədə qarşımızdakı şəxs, məntiq əhlidirsə, onunla ilahi hikmətlə, əqli dəlil-sübutlarla diskussiya aparmalıyıq. İlk növbədə, özümüz ağıl və məntiqi arqumentlərə əsaslanaq. Qurani-kərimdə buyurulur:
أَدْعُوا إِلَى اللَّهِ عَلى‏ بَصيرَةٍ أَنَا وَ مَنِ اتَّبَعَن
‏”Mən və mənə tabe olanlar açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq.”
Həmçinin qarşı tərəfdən ağıl və məntiqi dəlillərə əsaslanmasını istəyək.
قُلْ هاتُوا بُرْهانَكُمْ إِنْ كُنْتُمْ صادِقين
“(Ya Rəsulum!) Onlara söylə: Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!”
Necə ki, Quranda Allah-təala bir şeyi qadağan etdiyi zaman onun dəlil-sübutunu da söyləyir. Şərabın və qumarın hansı fəsadlar gətirdiyinə diqqət çəkəkərk, insanları ondan uzaqlaşmağa sövq edir.
إِنَّما يُريدُ الشَّيْطانُ أَنْ يُوقِعَ بَيْنَكُمُ الْعَداوَةَ وَ الْبَغْضاءَ فِي الْخَمْرِ وَ الْمَيْسِرِ وَ يَصُدَّكُمْ عَنْ ذِكْرِ اللَّهِ وَ عَنِ الصَّلاةِ
“Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət, kin salmaq və sizi Allahı zikr etməkdən, namaz qılmaqdan ayırmaq (yayındırmaq) istər.”
Unutmayaq ki, ruhani sadə və əsassız sözlərlə deyil, o qədər dərin və möhkəm məntiqi dəlillərdən istifadə etməlidir ki, qarşı tərəf tam şəkildə qane ola bilsin. Çünki qarşımızdakı insanların hamısı iman gətirmiş şəxslər deyildir. Dəlil-sübut tələb edən şəxslər də vardır. Hərzət İbrahim (ə) Nəmrudla elmi mübahisə edərkən elə məntiqi dəlil gətirir ki, qarşı tərəf mat-məəttəl qalır. 

قالَ إِبْراهيمُ فَإِنَّ اللَّهَ يَأْتي‏ بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِها مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذي كَفَرَ

“İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur! -dedikdə, o kafir donub qalmışdı.”
Deməli, həm müqəddəs kitabımızın və həm də Peyğəmbərlərin (ə), Məsumların (ə) üslubu müzakirələr zamanı ağıl və məntiqə əsaslanan dəlil-sübutlar üzərində olmuşdur. Biz bu barədə “ağıl və məntiqi arqumentlərə əsaslanmağın zərurili” haqda olan bəhsimizdə geniş məlumat vermişik.
2- Cədəl üslubu. Cədəl üslubu, qarşı tərəfi onun etiqad bəslədiyi və qəbul etdiyi məsələlərə əsaslanaraq susdurmaqdır. Dinimizdə cədəl üslubu bəyənilmir. Amma “gözəl cədəl” adlı bir məfhumda vardır ki, dinimiz lazım olduğu zaman ondan bəhrələnməyi tövsiyə etmişdir.  Gözəl cədəl üslubunda məqsəd, qarşı tərəfi susudurmaq deyildir. Düzgün məntiqlə onun qəbul etdiyi təfəkkürə əsasən qane etməkdir. Qurani-kərimdə buyurulur:

وَ جادِلْهُمْ بِالَّتي‏ هِيَ أَحْسَن
“(Ya Rəsulum!) Olarla ən gözəl surətdə mücadilə (cədəl üslubu ilə müzakirə) et.”

1- Həşr\21
2- Rum\58
3- Ğaşiyə\17-20
4- Kəhf\45
5- Bəqərə\261
6- Bəqərə\264
7- Fatir\9
8- Biharül-ənvar, c. 23, səh.105
9- İddətüd-dai, səh.141
10- Qürərül-hikəm, c. 1, səh. 626
11- Tühəful-üqul, səh. 323
12- Musuətü kəlimatil-İmamil-Hüseyn (ə), səh. 397
13- Yusif\108
14- Bəqərə\111
15- Maidə\91
16- Bəqərə\258
17- Nəhl\1

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi