Quran və hədislərdə maarifçiliyin metodları – (3)

PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə fəlsəfə elmlər doktoru

(Əvvəli keçən məqaləmizdə…)

Müzakirə davranışı

1- Məğlub etmək hissinin pislənməsi

Müzakirə zamanı niyyətimiz qarşı tərəfi məğlub etmək olmamalıdır. Məqsədimiz sırf haqqı anlamaq və başa salmaq olmalıdır. Əgər müzakirədən əvvəl, müqabilinizdəki şəxsin haqq sözlərini, məntiqi dəlillərini qəbul etməməyi qarşınıza məqsəd qoymusunuzsa, bu müzakirəni başlamamışdan öncə bitirin. Ləğv edin. Çünki artıq niyyət ilahi deyil, şeytani sayılır. Bir halda ki, Qurani-kərimdə buyurulur:

يا أَيُّهَا الَّذينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَ قُولُوا قَوْلاً سَديداً
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!”

Dinimiz təəssübün şeytani xislət olmasına daim təkid etmişdir. Bu dini təəssüb belə olsa, ifrat və radikallıq yaratdığı üçün, münaqişələr və mübahisələr doğurduğuna görə artıq şeytanın vəsvəsələrinə xidmət etmiş sayılacaqdır. Belə ki, şeytan və ona xidmət edənlər daim “din təəssübü və qeyrəti” adı altında inanclı insanları münaqişələrə və ixtilaflara çəkməyə çalışmışdır və indi də belədir. İmam Əli (ə) (dini cəhətdən təəssübkeş insanlara) buyurur: “Əgər təəssübkeşliyin çarəsi yoxdursa, onda təəssübkeşliyiniz şərafətli, böyük, igid (ərəb) ailələrinin və onların qəbilə böyüklərinin, sərvərlərinin bəyənilmiş əxlaqları, dərin ağılları, yüksək məqamları və gözəl rəftarları ilə bir-birindən üstün olmağa çalışdığları yüksək insani xüsusiyyətlərə, bəyənilmiş əxlaqlara və yaxşı işlərə görə olmalıdır. Buna görə də qonşunun haqq hörmətini saxlamaq, əhd-peymanlara vəfalı olmaq, yaxşılara tabe olmaq, təkəbbürün əleyhinə çıxmaq, yaxşılıq etmək, zorakılıq və təcavüzdən çəkinmək, adam öldürməyi böyük (günah) saymaq, camaatla insaflı olmaq, qəzəbini udmaq və cəmiyyətdə pozğunluq yaratmaqdan uzaq durmaq kimi bəyənilmiş xislətlər üçün təəssübkeşlik göstərin. Əgər təəssübkeşliyə məcbursunuzsa, onda haqqa kömək və məzluma yardımda öz təəssübünüzü göstərin.”

2- Müzakirənin səlahiyyətli şəxslər tərəfindən aparılması

Müzakirəni tam ixtisaslaşmış və geniş dünya görüşə malik alimlər aparmalıdır. Dini müzakirələri “özünü hazır sayan hər kəs” etməməlidir. Geniş dünya görüşə malik, yüksək savadlı və kifayət qədər əxlaqi üstünlüyə malik olan şəxslər icra etməlidir.

3- Müzakirənin əxlaqi normalara tam uyğun olmasının zəruriliyi

Müzakirə əxlaqi normalara tam şəkildə cavab verməlidir. Əsəblərini cilovlamağı bacarmayan və emosiyalarına məğlub olan şəxslər, hər nə qədər elmi səlahiyyəti yüksək həddə olsa da, müzakirələrdən uzaq durmalıdır. Çünki belə müzakirələrin hörmətsizlik, təhdid, təzyiq və sair kimi xoşagəlməz rəftarlarla dolu olması qaçılmazdır. Dinimizin buyruğuna əsasən, qarşı tərəfdə kimin və hansı əqidəyə qulluq etməsindən asılı olmayaraq, elmi-dini müzakirələr zamanı, yüksək dözüm, əxlaqi gözəlliklər nümayiş etdirməliyik. Münazirə zamanı məhəbbət, hörmət, insaf, ədalət və sair ali əxlaqi keyfiyyətlərə riayət edilməlidir. Həmçinin, elmi-dini müzakirə zamanı müxalif tərəfin azad şəkildə öz sözünün bəyan etməsinə tam şərait yaradılmalıdır. Belə ki, Qurani-kərimdə buyurulur:

أُدْعُ إِلى‏ سَبيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ
 “(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et.

Ümumiyyətlə Peyğəmbərimizin (s) və Əhli-beytin (ə) də elmi-dini müzakirələrdə rəftarı belə olmuşdur. Burada maraqlı bir rəvayəti qeyd etmək istərdik: Bir gün axşamçağı Müfəzzəl, Peyğəmbərin məscidində (s) oturmuşdu. Bu zaman Zənadiqə firqəsinə mənsub olan ibn Əbülövca məscidə daxil oldu. O, məsciddəki şəxslərə Allahın var olmaması və Peyğəmbərin (s) dininin uydurma olması haqda söhbət etdi. Bunu eşidən Müfəzzəl ayağa qalxaraq qışqıra-qışqıra dedi: Ey Allahın düşməni! Kafir olmusan? Səni ən gözəl şəkildə yaradan Allahı inkarmı edirsən?
İbn Əbülövca isə ona belə cavab verdi: Ay qardaş, əgər sən kəlam alimlərindənsənsə, səninlə onlar kimi danışım, bizə qalib gəlsən, sənə tabe olarıq. Amma, onlardan deyilsənsə, səninlə müzakirə etmək faydasızdır. Cəfər ibn Məhəmməd Sadiqin (ə) səhabələrindənsənsə, heç onun özü bizimlə bu tərzdə söhbət etmir. O, bizim belə sözlərimizi səndən də çox eşidib. Lakin bizi acılamayıb. Bizimlə danışarkən ədəb-ərkanlı olub. O, səbirli, təmkinli və ağıllı insandır. Heç bir zaman qəzəb ona güc gələ bilmir. Bizim sözlərimizi dinləyir, ürəyimizdə hər nə varsa deyirik. Elə düşünürük ki, onu məğlub etmişik. O isə qısa və dərin mənalı sözlərlə bizə qane edir. Bir halda ki, daha ona cavab vermək qüdrətinə malik olmuruq. Sən onun səhabələrindənsənsə, ona layiq şəkildə bizimlə davran. Müfəzzəl bu əhvalatı İmam Sadiqə (ə) danışır. İmam Sadiq (ə) ona buyurur: “Sənin üçün Allahın, dünyanın, heyvanların, yırtıcıların, həşəratların, quşların, ümumiyyətlə, hər hansı bir canlının, meyvəli-meyvəsiz ağacların, yeyilməli-yeyilməyən bitkilərin hikmətini açıqlayacağam. Qoy ibrət götürənlər ondan ibrət götürsün və möminlər onunla öz mərifətlərini artırsın, kafir və inadkarlar isə ona heyran qalsınlar.” Beləliklə də, İmam Sadiq (ə) dörd gün ərzində insanın yaranışı, yaranışın əvvəli, zahiri və batini qüvvələr, insanın fitri sifətləri, insanın bədən üzvləri, müxtəlif növ heyvanların yaranışı və eləcə də, yer-göyün yaranması, bəla və təbii fəlakətlərin fəlsəfəsi və bir çox başqa məsələlər barədə söhbət etdi və Müfəzzəl də onları qeydə aldı. Sonda bir məsələni də, qeyd etməyi lazım bilirik. İslam dini ilk növbədə, mübahisə və qarşıdurma ilə dolu söhbətlərdən uzaq durmağa çağırır. Çünki mübahisə dolu bəhsləri ortaya atdığımız zaman, qarşı tərəfi məğlub edərək, etiqadımızı ona qalib olmaqla qəbul etdirmək istəyirik. Bu zaman, mübahisəli şəkildə elmi bəhs edən iki şəxsi izləyənlər varsa, qürur, haqdan çəkinmək, qalib olmaq, təkəbbür, rişxənd, “dinin abrını qorumaq” və sair kimi pis niyyət və xislətlər daha çox ortaya çıxır. Əgər belə müzakirələr zəruridirsə, bir neçə alimin şəxsi dialoqunda baş tutması məsləhətdir. Xalq və izdiham qarşısında olması düzgün nəzərə gəlmir. Bu ixtilafların qızışdırılması, münaqişələrin yaranmasına təkan verir. Haqq sözü kiminləsə mübahisə etmədən, başqalarına bəyan etmək də mümkündür. Müasir zamanda başqa yollarla, kütləvi informasiya vasitələri, televiziya, radio, internet, kitab, məqalə və onlarla müxtəlif vasitələrlə məntiqli sözümüzü bəyan edə bilərik.

 6. Dünya və axirətə çağırışda tarazlıq

Dünyapərəstlikdən uzaq durmaq haqqında olan bölümümüzdə ruhaninin dünyaya bağlı olmaması, ancaq dünyadan da bəhrələnməsi haqda kifayət qədər məlumat verilmişdir. Burada da, ruhaninin dünya və axirət çağırışında mötədil olmasından və tarazlığı riayət etməsindən söhbət gedir. Belə ki, ruhani xalqı dünyadan axirətə çağırarkən elə həddə təbliğ etməməlidir ki, insanlar zahidliyə və rahibliyə üz gətirsinlər. Ruhani onlara dünyaya vurğun olmamağı tövsiyə etməlidir. Dünya bər-bəzəklərinə aldanmamağı söyləməlidir. Amma eyni zamanda dünya nemətlərindən ən gözəl şəkildə bəhrələnməyin də halal olmasını başa salmalıdır. İsraf olmadan, dünyaya bağlı olmamdan onun gözəlliklərindən faydalanmağın dinin göstərişlərinə uyğun olmasını anlatmalıdır. Necə ki, Qurani-kərimdə buyurulur:

وَ هُوَ الَّذي أَنْشَأَ جَنَّاتٍ مَعْرُوشاتٍ وَ غَيْرَ مَعْرُوشاتٍ وَ النَّخْلَ وَ الزَّرْعَ مُخْتَلِفاً أُكُلُهُ وَ الزَّيْتُونَ وَ الرُّمَّانَ مُتَشابِهاً وَ غَيْرَ مُتَشابِهٍ كُلُوا مِنْ ثَمَرِهِ إِذا أَثْمَرَ وَ آتُوا حَقَّهُ يَوْمَ حَصادِهِ وَ لا تُسْرِفُوا إِنَّهُ لا يُحِبُّ الْمُسْرِفينَ  وَ مِنَ الْأَنْعامِ حَمُولَةً وَ فَرْشاً كُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ وَ لا تَتَّبِعُوا خُطُواتِ الشَّيْطانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبين
“Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz! Yük daşıyan və (yunlarından) döşək düzəldilən heyvanları da (yaradan Odur). Allahın sizə verdiyi ruzilərdən yeyin və Şeytana uymayın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir.”

7. Davamlı və təkrar öyüdlər

Ruhani yoramamaq şərtilə, davamlı şəkildə bəzi məsələlərə toxunmalı, onlar haqqında xalqa öyüd-nəsihət verməlidir. O, xüsusilə də, əxlaqi məsələləri təkrar-təkrar insanlara xatırlatmalı, bir-birilərinin hüququnu unutmamağı tapşırmalı və Allahın eşqini və xofunu yaddan çıxarmamalarını söyləməlidir. Bunu bizə ilahi vəhyi öyrədir. Allah-təala müqəddəs kitabımızdakı öyüd-nəsihətləri ardıcıl olaraq, təkrar şəkildə nazil edir ki, insanlar daha yaxşı mənimsəsin, ilahi tövsiyələri unutmasınlar. Belə ki Quranı-kərimdə buyurulur:

وَ لَقَدْ وَصَّلْنا لَهُمُ الْقَوْلَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
“Həqiqətən, Biz sözü (Quranı, keçmişlərə aid xəbərləri) onlar  üçün bir-birinin ardınca (davamlı şəkildə) izah etdik ki, öyüd-nəsihət qəbul etsinlər.

Yaxud başqa bir ayədə bu barədə buyurulur:

اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَديثِ كِتاباً مُتَشابِهاً مَثانِيَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ الَّذينَ يَخْشَوْنَ رَبَّهُمْ
“Allah sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, vədləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi.

Allah-təala bəşəriyyətə bir-birinin ardınca peyğəmbərlər göndərmiş, ilahi elçilər də davamlı olaraq onları doğru yola dəvət etmişdir.

ثُمَّ أَرْسَلْنا رُسُلَنا تَتْرا
“Sonra bir-birinin ardınca (ümmətlərə) peyğəmbərlər göndərdik.”

Hətta bəzi vaxtlar bir qövmə çoxsaylı peyğəmbərlər göndərmişdir ki, onların iman gətirməsini asanlaşdırsın.

إِذْ أَرْسَلْنا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُما فَعَزَّزْنا بِثالِثٍ فَقالُوا إِنَّا إِلَيْكُمْ مُرْسَلُون
“O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. Biz də (o iki elçini) üçüncüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər: Həqiqətən, biz sizə göndərilmiş elçilərik!”

Əlbəttə, diqqət etmək lazımdır ki, ehtiyac olduğu zaman bəzi məsələlər haqqında təkrar-təkrar danışmaq, o demək deyildir ki, eyni cümlələr və mətləblərdən istifadə olunmaqla baş verməlidir. Bu olduqca yorucu və bezdirici ola bilər. Təkrar və davamlı olaraq hansısa mövzu haqqında danışıldığı zaman, xüsusi incəlik və zərifliklə söhbət edilməlidir. Allah-təala Qurani-kərimdə yüzə yaxın ayədə “bəndələrinin əməllərini gördüyünü və bildiyini” söyləyir.[9] Ər-rəhman surəsində otuz bir dəfə ” Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?” -deyə soruşur, Mursəlat surəsində on bir dəfə “O gün vay halına (qiyaməti) yalan sayanların!” -söyləyir… Lakin bu təkrar kəlamların hər birini xüsusi misal, nümunə və mətləbdən sonra buyurur. Peyğəmbərlərin (ə) hekayələrini təkrara-təkrar söylədiyində, hər dəfə bir neçə yeni nöqtəyə işarə edir. Yeni mətləblərlə zənginləşdirir. Necə ki, Musa peyğəmbər (ə) və onun ümməti haqda doqquz yüz ayədə təkrar hadisələri nəql etdiyi zaman, hər dəfə xüsusi lətafətlə yeni-yeni izahlar, mətləblər və tövsiyələrlə qarşılaşırıq. 

1- Əhzab\70
2- Nəhcül-bəlağə, xütbə192; Qürərul-hikəm, hədis 3738
3- Nəhl\125
4- Ənam\141-142
5- Qəsəs\51
6- Zumər\23
7- Muminun\44
8- Yasin\14
9- Bəqərə\74; Mücadilə\11; Taha\110; Hədid\4; Fəcr\14; Təğabun\4 və başqa ayələr.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir