Şəbaniyyə xütbəsi

MƏHƏMMƏD PEYĞƏMBƏRİN (S) RAMAZAN AYININ GƏLİŞİ MÜNASİBƏTİLƏ
BUYURDUĞU “ŞƏBANİYYƏ” XÜTBƏSİ

Mütərcim: PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru

Həzrət Əli (ə) buyurur: Məhəmməd peyğəmbər(s) şəban ayının son günlərinin birində Ramazan ayının gəlişi münasibətilə bu xütbəni buyurdu:
“Ey camaat! Allahın ayı (Ramazan) bərəkət, rəhmət və əfvlə birgə sizə doğru üz gətirmişdir. Bu ay, Allah yanında ayların ən yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və ləhzələri ən üstün saatlar və anlardır.

Bu ayda, siz, Allahın qonaqlığına dəvət olunaraq, Allahın lütf və mərhəmətinə layiq görülmüşsünüz. Bu ayda, sizin nəfəsləriniz zikr, yatmağınız isə ibadətdir. Pak əməlləriniz və dualarınız Allah dərgahında qəbul olacaqdır. Belə olan halda xalis niyyət və təmiz qəlblə Allahdan sizə bu ayda oruc tutmağın və Quran oxumağın müyəssər olması üçün kömək etməsini diləyin. Çünki, doğrudan da, bu əzəmətli ayda İlahi rəhmətindən məhrum olan şəxs bədbəxtdir. Ramazan ayında ac-susuz qalaraq, Qiyamət gününün aclıq və susuzluğunu yada salın.

Aranızdakı ehtiyaclı və yoxsul insanlara əl tutun! Böyüklərinizlə hörmətlə davranın. Uşaqlarınıza nəvaziş göstərin. Yaxınlarınıza baş çəkin və onlara yardım edin. Dilinizi pisliklərdən qoruyun. Gözlərinizi haram baxışlardan saxlayın. Qulaqlarınıza haram eşitdirməyin. Camaatın yetim uşaqlarına mehribanlıq edin ki, sizin yetimlərinizlə də mehriban olsunlar. Günahlarınızın bağışlanması üçün Tanrı dərgahına üz gətirib, tövbə edin. Hər namaz vaxtı, əllərinizi Onun qarşısında aciz qul kimi açaraq, dua edin. Çünki, (namaz vaxtı duaların qəbul olunması üçün) vaxtların ən yaxşısıdır. Allah-təala, bu vaxt, öz bəndələrinə rəhmət və mərhəmətlə baxar. Bəndəsinin istək və xahişlərini eşidər. Çağırışlarına cavab verər. Dualarını qəbul edər.

Ey camaat! Nəfsləriniz əməllərinizin girdabındadır. Allahdan bağışlanmanızı istəməklə onları azad edin. Belləriniz günahlarınızın ağırlığı ilə əyilmişdir. Uzun səcdələrlə onların ağırlığını azaldın. Bilin ki, Uca Yaradan namaz qılanları, səcdə edənləri əzaba düçar etməyəcəyinə və onları (həqiqi namaz əhlini) Qiyamət günü əməlləri hesab-kitab verdiyi zaman Cəhənnəm əzabı ilə qorxutmayacağına söz vermişdir. Ey camaat! Hər kəs bu ayda oruc tutan bir möminə iftar süfrəsi açarsa, Allah dərgahında bir qulu azad etmək qədər dəyəri, savabı vardır. Və bu iş onun keçmiş günahlarının bağışlanmasına səbəb olar.

(Bir nəfər soruşdu: ”Ey Allahın Rəsulu (s)! Bizim hamımızın madi imkanı yoxdur ki, kimisə qonaq edə bilsin, nə edək?”) Peyğəmbər (s) buyurdu: ”Yarı xurma dənəsini sədəqə verməklə də olsa, Cəhənnəm atəşindən qorunun. Bir qurtum su ehsan etməklə də olsa,Cəhənnəm odundan qurtulun. Ey camaat! Hər kəs, bu ayda öz əxlaqını, rəftarını gözəlləşdirsə, ayaqların Sirat körpüsündə vəhşətdən titrədiyi an, ona bu körpüdən qorxusuz olaraq keçməyə icazə verilər. Hər kim, bu ayda öz qullarının (həmçinin işçilərinin) zəhmətini azalda, Allah-taala Qiyamətdə onun işini asanlaşdırar. Hər kim, bu ayda insanlara zəhmət, əziyyət verməyi azalda, Uca Allah o biri dünyada ona qarşı qəzəbini azaldar. Hər kəs, bu ayda bir yetimi əzizləyə, Allah Axirətdə onu əzizləyəcəkdir. Hər kim, bu ayda öz yaxınlarını yoluxmağa gedə, Böyük Allah Qiyamətdə ona rəhm edəcəkdir. Kim bu ayda qohumları ilə əlaqəni kəsərsə, Qadir Allah o biri dünyada ona rəhm etməyəcəkdir. Kim bu ayda müstəhəb namaz qılarsa, Tanrı ona cəhənnəm odundan bəraət  verər. Kim bu ayda vacib namaz qılarsa, başqa aylarda qılınan yetmiş namaza bərabərdir. Kim bu ayda mənə çox
salavat göndərərsə, Allah Qiyamət günü əməl tərəzisi yüngül gələndə, onu ağırlaşdırar. Hər kəs bu ayda Qurani Kərimdən bir ayə oxuyarsa, o biri aylada bütünlüklə oxunmuş Qurana bərabərdir.
Ey camaat! Bu ayda Behiştin qapıları açıqdır. Allahdan istəyin ki, bu qapıları sizin üzünüzə bağlamasın! Və həmçinin Cəhənnəmin qapıları da, bu ayda bağlıdır. Allaha yalvarın ki, onun qapılarını sizin üzünüzə
açmasın. Bu ayda şeytan zəncirlənmişdir. Allaha iltimas edin ki, onu sizə hakim etməsin. Mən soruşdum: “Ey Allahın Rəsulu (s)! Bu ayda ən üstün əməllər hansılardır?” Peyğəmbər buyurdu: “Ey Əbülhəsən! Bu ayda ən üstün əməl, Allahın haram buyurduğu işlərdən çəkinməkdir.”

Elə bu vaxt, Peyğəmbər (s) ağladı. Mən soruşdum: “Ey Allahın Rəsulu (s)! Nə üçün ağlayırsan?” Buyurdu: “Ya Əli (ə)! Mən ona görə ağlayıram ki, bu ayda sənə qarşı
hörmətsizlik edəcəklər. Sanki səni namaz qılan halda görürəm, amma indiyədək gəlib-getmiş olan ən bədbəxt, ən namərd şəxs sənə elə bir qılınc zərbəsi vuracaq ki, saqqalın al-qana boyanacaqdır. Soruşdum: “Ey Allahın Rəsulu(s)! Bu hadisə mənim dinə sadiq qaldığım haldamı baş verəcəkdir?” Buyurdu(s): “Bəli, elədir.” Sonra isə əlavə etdi: “Ya Əli (ə)! Sənin canına qəsd edən kəs, mənim canıma qəsd etmişdir. Səni qəzəbləndirən şəxs, məni qəzəbləndirmişdir. Səni təhqir edən şəxs, məni təhqir etmişdir. Çünki sən mənə özümsən. Sənin ruhun, mənim ruhum deməkdir. Uca Allah məni və səni yaratdı və seçdi. Məni peyğəmbər, səni də imam olaraq seçdi. Deməli, sənə qarşı düşmənçilik edən  şəxs, mənim peyğəmbərliyimlə mübarizə aparmışdır. Ya Əli (ə), sən mənim vəsim, övladlarımın (məndən sonrakı nəslimin) atası, qızımın sevimli həyat yoldaşı və  istər mən həyatda ikən, istərsə də vəfat etdikdən sonra canişinimsən. Sənin əmrin, mənim əmrim və qadağan etdiyin hər şey də, mənim nəhyim sayılır. Məni peyğəmbərliyə seçən və ən yaxşı yaradılmış qərar verən Allaha and
olsun ki, sən Tanrının bəndələrinə höccəti, imamı və Onun yer üzündəki xəlifəsisən!” 

(“Biharül-ənvar”, Əllamə Məclisi, c. 96, səh. 356;”Əl-əmali”, Məhəmməd ibn Əli Səduq, c. 1, səh. 295; “Üyunu əxbarir-Rza, c.1, səh. 295)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir