“Həqiqət sorağında” | hissə

Dinin rəhbər və təfsirçiyə olan ehtiyacı

İnsan yarandığı ilk gündən onunla birgə sual və maraq hissi də baş qaldırmış, hətta mələklər aləminə belə öz yaşıl budaqlarında yer vermiş, şeytanı isə xəzan yapraqları ilə birgə qovuraraq bəşər deyilən varlığın əsl mahiyyəti və məqamını üzə çıxartmışdır. Söz diyarının sultanı İmam Əli (ə) nə gözəl buyurur:

Hüsni-sual şüari-dərrakədəndi.
Hüsni-sual edən də öyrənəndi

Müasir dövrdə ağılagəlməz dərəcədə artıb yayılan şübhə və irad axını ilə üzləşərkən elmi-mədəni ocaqların üzərinə düşən vəzifənin nə qədər artdığını tamamilə hiss edirik. Bu səbəbə görə müasir dünyada dinə aid olan bir sıra şübhə və iradları nəzərə alaraq burada silsiləvari olarq bir sıra fundamental dini paradiqmada qeyd olunan şübhə və iradları qeyd edib, onlara sağlam məntiqi aspektdə cavab verməyə çalışacağıq. Bununla da həqiqətin işıq üzü görməsinə yardımcı olmağa çalışacağıq.

Sual: Nə üçün dində rəhbər və təfsirçiyə ehtiyac vardır?

Cavab: Dini maarifi təfsir edən xüsusi nümayəndəyə ehtiyacın olmadığını vurğulayan bir sıra şəxslərin görüş və iradlarını belə cavablandırmaq olar:

1. Din və dini maarifin hər hansı sahəsi üzrə onları açıqlayan və mütəxəssis alim və təfsirçiyə ehtiyacın olmaması iddiası dini maarif və hökmlərdə nisbilik təsəvvürünü yaradır. Belə olduqda, hər kəs dində istədiyi fikri yürüdüb, öz qənaətlərində haqlı olduğunu irəli sürə bilər. Demək, din və dinin ayinlərində sabitlik olmayacaq və hər kəsin dindən qavradığı fikir dini təlim hesab ediləcəkdir. Əlbəttə, belə bir fikri yürüdən nisbiliyin din və dini təlimlərdə mənası yoxdur və bu özü tam ziddiyyətə məhkumdur. Çünki hər kəsin din və dini təlimlərdən əldə etdiklərinə bəraət qazandırılarsa, o zaman bir fərdin kəsb etdiyi fərziyyələri ikinci bir fərdin əsaslandırdıqlarına qarşı duracaq, təfsir və baxışlar arasında müxtəliflik yaranacaqdır və nəticədə ayinlərdə bir-birini inkar edən və eyni zamanda məqbul sayılan görüş və cərəyanlar müşahidə ediləcəkdir.

2. İnsanın əqli tibb, fizika, tarix, və digər humanitar elmlərdə mütəxəssis alimə ehtiyacı tələb etdiyi kimi, ilahi hökmlərdə, qanunlar və təlimlər toplusundan ibarət dinin də mütəxəssis alim əv təfsirçiyə ehtiyacı labüddür.

3. Dini maarif üç səthdən ibarətdir:
a) sadəsəthli dini maarif,
b) ortasərhli dini maarif,
c) alisəthli dini maarif. Ümumi insanların sadəsəthli dini maarifi dərk etməyə qadir olduğunu fərz etdiyimiz təqdirdə, onlar orta və alisəthli dini maarifi qavrayıb başa düşməkdə acizdirlər. Odur ki, dini təfsir etmək üçün dini alim və mütəxəssisə ehtiyac danılmazdır. Bizim buna dəlil-sübutumuz Qurani-Kərim və dini maarifin təfsiri ilə bağlı məsum imamlardan (ə) nəql olunmuş minlərlə hədis və rəvayətlərdir.

4. Müxtəlif ayələrdə dini maarifin xalqa çatdırılmasında xüsusi təfsir alimlərinə ehtiyac olduğu bildirilir.

Birinci ayə

“(Ey Peyğəmbər) Biz sənə Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlarda düşünüb dərk edərlər”

Bu müqəddəs ayədə Peyğəmbərin (s) özünə xitab olunur və Quran maarifinin təfsir və izahı o həzrətin vəzifələrindən biri sayılır. Amma “İslam Peyğəmbəri (s) məsum olduğu üçün təfsirçi məqamına layiqdir. O Həzrətdən və imamlardan başqaları ismət məqamına malik olmadıqlarından dini təfsirçi adını daşıya bilməz!” – şübhəsinin cavabında belə demək olar: “Quran ayəsinə əsasən, dini maarifin məsum və günahsız təfsirçiyə (imamlara) ehtiyac duyduğu sabit olundu. Amma imamın qeybə çəkildiyi dövrdə dini maarifin təfsir və bəyanı fəqih və din alimlərinin öhdəsinə qoyulduğunu sübut etmək üçün yeni bir dəlil lazımdır. Məsum imamlardan (ə) nəql olunan müxtəlif rəvayətlərə görə, imamın qeybə çəkildiyi dövrdə dinin təfsiri və ilahi hökmlərin icrası fəqih və din alimlərinə tapşırılmışdır. Buna aşağıdakı rəvayəti misal göstərmək olar:

“Hədislərimi nəql edən, halal və harama diqqət yetirən və hökmlərimizi bilənlərinizi dinə hakim seçirəm.”

Dinin hakimi adını daşıyan şəxs, sözsüz ki, din elmləri və maarifi üzrə mütəxəssis və alim olmalıdır.

İkinci ayə

“Əgər bilmirsinizsə, zikr əhlindən soruşun”

Ayədə qeyd olunan “zikr əhli”nin kimlərə aid olduğu haqda müxtəlif təfsirlər irəli sürülsə də, bütünlükdə, belə bir qənaətə gəlirik: Məsum imamlar(ə)ın hüzur dövründə “zikr əhli”nin bariz nümunəsi və kamil nümunəsi elə onların özləri idi. Qeyb dövründə isə bu vəzifə fəqihlər və alimlərin öhdəsinə düşür. Necə ki, bir rəvayətdə İshaq ibn Yaqub imam Zamandan (ə) “insanlar qeyb dövründə yeni məsələlərin hökmlərini öyrənmək üçün kimə müraciət etməlidirlər?” deyə soruşduqda Həzrət buyurur: “İmamın qeybə çəkildiyi dövrdə yeni məsələlərin hökmləri ilə bağlı bizim hədislərimi bilən alim və ravilərə müraciət etsinlər. Çünki onlar mənim sizə “höccət”im (dəlilim) mən də Allahın onlara “höccət”iyəm.

Şübhəsiz, ərəb dili və ədəbiyyatını, üsul elmini və təfsir qaydalarını bilməyən adi insanlar “zikr əhli”nin üzvlərinə aid ola bilməzlər. Aydındır ki, belə şəxslər dini mətnləri və maarifi olduğu kimi təfsir və şərh etməkdən acizdirlər.

ŞÜBHƏ

Burada belə bir şübhə də irəli sürülə bilər ki, imamın qeybə çəkildiyi dövrdə din təfsirçisi adını daşıyan alimlərin camaata dini maarifi çatdırmasında səhv və xətaya uğraması və nəticədə, camaatın həqiqətdən uzaqlaşması mümkün haldır. Bu da dinin təfsirçiyə və mütəxəssis alimə ehtiyacsızlığın bir dəlilidir!

CAVAB

1. Adi insanların dini maarifdə səhvə yol verməsi sözsüz ki, dini elmləri üzrə mütəxəssis alimlərlə müqayisədə olduqca çoxdur. Belə isə din alimlərinin səhv etməsini bəhanə gətirərək din və dini maarifin şərhini adi insanlara tapşırmaq ağılsızlıqdır.

2. Hər bir elmi sahədə səhv və xəta ehtimalı mümkün bir haldır. Görən, mütəxəssis təbiblər tibb və səhiyyə sahəsində səhv etmirlərmi? Görən tibb və səhiyyə sahəsində səhv ehtimalını insanların təbiblərə müraciət etməməsinə tutarlı dəlil hesab etmək olarmı? Şübhəsiz, heç bir ağıllı adam belə fikirləşmir!.

3. Bir çox şiə və sünni alimlərinin təkidlərinə əsasən, dini hökmlərin təfsiri və istixracında kifayət qədər elmi savad və təcrübəsi olan hər bir fəqihin – səy və təlaşından sonra – qənaətlərindəki hər hansı səhvi güzəştə gediləcək. Necə ki, Əllamə Seyyid Şərəfüddin “Əl-füsulul-muhimmə” kitabında bəzi İslam alimlərindən nəql edərək yazır: “dini hökmlərdə ictihad dərəcəsinə çatan və onu həqiqət bilən hər bir müctəhid, ümumiyyətlə, icra sahibidir; belə ki, ictihadı düzgün olsa, iki savab, səhv olsa, bir savab yazılacaqdır”.

SON HƏDİS
İmam Əmirəlmöminin Əli (ə) buyurur: “Bəla və müsibətlər yetişdirdə, mallarınızı canlarınıza qalxan edin, acı hadisə ilə üzləşdikdə, canlarınızı dininizə fəda edin. Bilin ki, əsl həlak olan dinini itirən və əsl talanan kəs isə vicadını qarət olunandır.

Mənbələr

Qurani-Kərim
Mohsin Qərəviyan, “Cavanların dini-etiqadi sualları”
Vəsailuş-şiə, 27-ci cild, səh. 136.
Şeyx Səduq, “Kəmaludddin və təmamun-nemət”, 2-ci cild, səh. 484.
Mizanul-Hikmə, Muhamməd Reyşəhri
Əl-fususul-muhimmə fi təlifi-üümə, səh 155. Beyrut 7-ci çapı, 1977.ci il.
Nəhl surəsi, ayə 44.
Nəhl surəsi, ayə 43.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir