“Bəsirət gözü” nə deməkdir ?

“Bəsirət gözü” dini mətnlərdə istifadə olunan anlayışlardan biridir. Ərəb dilindən tərcümədə “bəsirət”, “bəsər” sözünü mə`şəli olub “görmək”, “müşahidə etmək” mənasını daşıyır. “Bəsər” yəni “görmək” daha çox hiss üzvləri vasitəsi ilə müşahidə olunan obyekti çatdırır. Ancaq “Bəsirət” dini ədəbiyyatda daha çox hadisələrin və əşyaların mahiyyətini və həqiqətinə nüfuz edib, onları olduğu kimi dərk etmək mənasında istifadə olunur. Bu o deməkdir ki, bəsirət, hiss üzvlərinin müşahidə etmədiyi haqqı və həqiqəti, pərdə arxası gerçəklikləri dərk etmək və onları  “görmək” mənasındadır. Bəsirətli insan hiss üzvlərinin dərk etməkdə qüdrəti çatmadığı bir çox həqiqətləri, yəni, qeyri-hissi həqiqətləri dərk edən şəxsə deyilir. Bəsirətli insan adi gözlə görünməyən həqiqətləri duyar, hadisələrdən ibrət almağı bacarar. Qafil, cahil və daha çox hiss üzvlərinin məhkumu olmuş şəxs, bəsirətli şəxsin, yəni Kainatın pərdə arxasını dərk edən şəxsin dərk etdiyi kimi varlığ aləmini olduğu kimi qavramağa və dərk etməyə qürəti çatmayan şəxsdir. Qurani-Kərimdə bu nöqtəyə vurğulayaraq, buyurur: “Allah onların ürəyinə və qulağına möhür vurmuşdu. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir”

Buradan anlaşılır ki, Bəsirət gözü fiziki orqan deyil, və daha çox insanın ruh və daxili aləminə aid olan bir həqiqətdir. Təsadüfi deyil ki, bəsirət daha çox “qəlbin gözü” olaraq adlandırılmışdır. Quran buyurur: “Həqiqətən, gözlər kor olmaz, lakin sinələrdəki ürəklər kor olar”. Qurani-Kərimdə kafir və haqqı danan şəxslərin gözdən məhrum və kor olmaqları deyilərkən, fiziki mənada korluq deyil, haqq və həqiqət qarşısında inadkarlıq və imansızlıq mənasında qeyd olunur. Əziz İslam Peyğəmbəri (s) insan üçün bəsirət gözünün əhəmiyyətini belə açıqlayır: “Əsl kor o deyil ki, gözü görmür. Əsl kor odur ki, bəsirəti yoxdur” İmam Əli (ə) da özünü mübarək və dərin mənalı ifadəsində “Mən görmədiyim Rəbbə ibadət etmərəm” buyurarkən məhz bəsirət və qəlb gözü ilə Allahı tanımağ və müşahidə etməyi nəzərdə tutmuşdur.

Bəs buradan anlaşılır ki, insanın zahiri cism və üzvlərindən əlavə, onun daxili aləmində qərar tapan bir sıra ruhi və əqli qüvvələri də vardır. Məhz bu qüvvələrdən biri də bəsirət olub, insanın hiss üzvləri və cismi ilə müşahidə etməyə qüdrəti çatmadığı bir çox həqiqətləri dərk etməkdə insana yardımcı olur. Beləliklə, bəsirət gözü insanın daxili aləmində qərar tapan ruhi qüvvə olub, zahiri üzvlərdən əlavə batini aləmin həqiqətlərini dərk edən bir vasitədir.

Bəqərə. Ayə-7.
Həcc surəsi, ayə-46.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir