Din və həyatın mənası
İnsan gözünü açıb varlığ aləminin əsrarəngiz gözəlliklərini, heyrətamiz və bir-birindən fərqli gerçəklikləri müşahidə etdikdə, insanı düşündürən ən əhəmiyyətli sual, bütün bu fenomenlərin və gerçəkliklərin həqiqətinin nədən ibarət olması və varlığ aləminin sahib olduğu strukturun həqiqəti və mənasından ibarətdir. İnsan psixologiyasının ən mühüm xüsusiyyətindən biridə məna axtarışı və əşyaların gerçək üzünü tanımasından ibarətdir. İnsan özünü dərk edib, varlığ aləminin həqiqəti barədə düşüncəyə vararkən ilk olaraq, özünü kim olduğu, hardan gəlib, hara gedəcəyi kimi fundamental suallara cavab tapmağın arxasında olmuşdur. Buna görə də, bu həyatda mütəfəkkir bir insan üçün hər şeydən önəmli olan məsələ özünün və obyektiv, gerçəklik aləminin sirlərinin mənasına bələd olmaqdır.
Həyatın mənasını dərk etmək, insan üçün ən dəyərli məsələlərdən olub, burada tarix boyu mütəfəkkirlər və filosoflar insanın məna axtarışına uyğun yollar təqdim etmişlər. Eyni zamanda məna axtarışı insanın xarakter, davranış və onun xüsusiyyətini müəyyənləşdirən əsas hərəkətverici qüvvələrdən biridir. “Həqiqət axtarışı” adlanan bu məna axtarışı ilk olaraq insanın dərindən öz varlığına nüfuz edib, öz həyatında məna və məqsədinin, yaradılış sirlərini və həyatına düzgün istiqamət verməsinə qarşı yönəlmiş, eyni zamanda varlığ aləmini mənalandırma cəhdindən ibarətdir. İnsan kimdir? Həyat nədir? Ölümün həqiqəti nədir? ətrafımızda müşahidə etdiyimiz fenomenlər də bizim kimi canlıdır? Kimi fundamental suallar məna axtarışına istiqamət verən suallardır.
Bu mövzunun əsas qayəsi həyat olduğu kimi, eyni ilə bütün varlığ aləminin nöqsan və gözəl surəti ilə tanımaq və dərk etməkdən ibarətdir. İnsan varlığ aləmin dərk etdikdə artıq burada yaşam fəlsəfəsi və həyatın bütün çətinlikləri də insan üçün artıq həll olmuş hesab edilir. Varlığ aləminin sirlərinə bələd olan şəxs, istər-istəməz bütün bu aləmin Yaradıcısının mükəmməl qüdrət və elminə qarşı da inam yaranacaqdır. Buradan anlaşılır ki, din insan həyatına məna bəxş edən ən mükəmməl və ən mühüm vasitələrdən biridir. Təsadüfi deyil ki, Viktor Frankl müasir insanın ən böyük probleminin məna ehtiyacı və arzusunun aradan qaldırılmasında görür.
Deməli çağdaş və müasir insanın ən böyük mənəvi ehtiyacı sahib olduğu dəyərlərə məna verə bilməmək, yaşadığı həyatın həqiqətinin nədən ibarət olmasına qarşı biganəlikdədir. Müasir insanın ən böyük boşluğu özünə və yaşadığı aləmin həqiqətinə qarşı biganə rəftar etməsi və bütün bu əsrarəngiz aləmin sirlərinə bələd olmamasında görmək olar. Buradan anlaşılır ki, insanın və varlığ aləminin sahibi olan böyük və uca Allah yaşadığımız aləmin sirlərini insanlara anlatmaq üçün bir sıra dəyərlər və ideoloji sistem nazil etmişdir ki, insanlar məhz bu vasitə ilə yaşadığı və sahib olduğu dəyərləri dərindən dərk etsin və aləmin sirlərinə bələd olsun. Din məhz bu səbəbə nazil olaraq, insanların həqiqətini onlara bildirmiş və insanın ətraf aləmə qarşı da biganə olmamağa səsləmişdir.
Çağdaş dünyanın ən qlobal problemi məhz insanların həyatının nə məna kəsb etməsidir. Din mənalı həyatın formalaşmasına yardım edib, həm də, müasir insanı dövrün xəstəliyi olan mənasızlıqdan xilas etməkdir. Məna axtarışının insan həyatında malik olduğu təsir gücünü və dəyərini müəyyənləşdirmək məqsədi ilə müxtəlif məkan və zamanlarda bir çox araşdırmalar aparılmışdır. Bu araşdırmaların nəticəsinə əsasən insanların 80-90 % i üçün həyatda bir məna tapmaq onların ən əsas ehtiyacları olması müəyyən edilmişdir. Məna axtarışında olan insan ən münasiob həll yolunu tapmaq və və beləcə, ona hakim olan gərginlik və təzadlardan xilas olmaq məqsədilə həll yolu axtarır. Bu məqsədlə bəzən elmə, bəzən ideologiyalara, bəzən də dinə müraciət edir. Ancaq burada müşahidə edilirki, müasir elmi və ideoloji cərəyanların əksəriyyəti insanın qarşılaşdığı bu kimi fundamental suallara qane edici cavablar təqdim etməkdə acizliyini biruzə verir. Din məhz vəhyə söykəndiyi üçün (aydındır ki, burada dində məqsəd kamil din olan İslam dinidir) insanların qarşısında olduqca mühüm və lazımlı biliklər və cavablar təqdim edir. Beləliklə buradan anlaşılır ki, mənasızlıqdan xilas olmaq və həyata məna vermək üçün dini dəyərlərin lüzumu burada açıq-aşkar özünü biruzə verir, və burada dini dəyərlər ilə həyatın mənalı olması arasında olan dərin bağlılığı bir daha özünü göstərir.
Din bütün varlığ aləmini şərh edən, qeyri-məlum olan bir çox həqiqətləri insanlara açıb, izah etdiyi üçün mükəmməl bir sistemdən ibarətdir. Bu səbəbə görə də, bir çox din psixoloqlarının əldə etdikləri nəticələrə əsaslanaraq dini, böyükmiqyaslı məna sistemi olaraq adlandırmışlardır. Qordon Alport da dinin intellektual və mənəvi baxımdan ən mükəmməl məna mənbəyi olduğunu vurğulayaraq deyir: “Din hər bir şeyin dərinliyindəki mənanı kəşf etmək üçün ən böyük amildir. Çünki din bütün dünyagörüşlər arasında ən məntiqli və ən müfəssəl olanıdır”.
Nəticə olaraq demək olar ki, din özünün əsas funkisyalarından biri kimi, mədəniyyət və yaxud ideologiyaların izah etməkdə aciz qaldığı intellektual və buna bənzər bir çox mövzuda mənəvi bilik mənbələri təqdim edir. Din insan həyatına məna bəxş edən ən fundamental funkisyalara və qaynağlara malikdir. İnsan psixologiyasının əsas ehtiyacları ilə bağlı olan dini inanc başqa cür cavab verilməsi imkansız kimi görünən insanın varlıq səbəbi və həyat haqqındakı bir çox sualları cavablandıraraq insanlara zehni, ruhi və psixoloji aramlıq və sakitlik bəxş edir. Eyni zamanda, din intellektin öhdəsindən gəlməkdə çətinlik çəkdiyi, məntiqin fövqündəki suallara hazır cavablar verərək, onu lazımsız təfsilatlardan və çıxılmaz vəziyyətlərdə qoruyur.
Aqil İslam