Böyük Allahın sifətlərindən biri də Onun Rəhman və Rəhim sifətləridir. Adətən Qurani-Kərimdə “Rəhman” və “Rəhim” sözləri oxşar və bəzən də eyni şəkildə təfsir olunsa da, əslində bunların arasında bəzi mühüm fərqlər də mövcuddur. Bu fərqlər əsasən Quran-Kərimə yazılan təfsirlərdə ətraflı şəkildə izah olunmuşdur. İslam alimlərinin fikirinə əsasən, Allah-Taala “Rəhman” sifəti Onun mərhəmətinin çoxluğunu, “Rəhim” sifəti isə, mərhəmətinin davamlılığını göstərir. Həmçinin Rəhman – bu dünyada bütün varlığ aləmində mövcud olan bütün yaradılmışlara qarşı mərhəməti olan, Öz nemət və mərhəmətini hamıya əta edən sifəti ifadə edir. Ancaq, bundan fərqli olaraq Allahın Rəhim sifəti isə Axirət aləmində möminlərə münasibətdə təzahür edəcək sifət olaraq anlaşılır. Dünya həyatında mömin ya kafir olmasından aslı olmayaraq hər kəs Allahın nemətlərindən istifadə edir. Allahın burada mərhəməti və nemətləri bütün varlıqları əhatə edir. Buradan anlaşılır ki, əgər Allahın Rəhman sifəti olmasa, bütün varlığ aləmi məhvə məhkum olar. Axirət dünyasında isə yanlız möminlər Allahın Rəhim sifətlərindən faydalanacaq, kafirlər isə, bu rəhmət və nemətdən məhrum qalacaqlar. Təbii ki, Allahın bu iki sifətləri barəsinə müasir kəlam və fəlsəfə elmlərində, eyni zamanda Qurani-Kərim barəsində qələmə alınmış bir sıra təfsir kitablarında bir sıra digər fərqli cəhətlərə də işarə edilmişdir.
İmam Sadiq (ə) buyurur: “Allah hər bir şeyin Allahıdır. Rəhman sifəti bütün məxluqlar üçündür. Rəhim sifəti isə ancaq möminlərə məxsusdur”.