Nə qədər qəribə və absurd görünsə də, Peyğəmbərimizin vəfatından sonra bir neçə nəfərdən başqa bütün səhabələrin dindən döndüyünü düşünənlər, az da olsa, var. Onlar iddialarını isbatlamaq üçün aşağıdakı və digər oxşar hədislərə istinad edirlər:
Əbu Hüreyrə Peyğəmbərin bu məzmunda buyurduğunu söyləyir: “(Qiyamət günü) mənim tanıdığım bir qrup adamı gətirəcəklər. Aramızdan bir mələk deyəcək ki, gəlin. Mən deyəcəyəm ki, onları haraya aparırsan? Deyəcək ki, cəhənnəmə aparıram, çünki onlar səndən sonra pis keçmişlərinə döndülər. Sonra başqa bir qrup da gələcək və onları da eyni səbəbdən cəhənnəmə aparacaqlar. Onların (səhabələrimin) çox cüzi bir qismi xilas olacaq”. (Səhih-Buxari, h: 6587. Həmçinin bax: 6576, 6582, 6584, 6585, 6586, 6593)
Sədir Seyrəfi İmam Baqirin belə buyurduğunu söyləyir: “Peyğəmbərdən sonra üç nəfərdən – Miqdad, Əbuzər və Salmandan başqa hamı döndü”. (Əl-Kafi, 8/245)
Misallardan da göründüyü kimi, bu kimi hədislərin böyük əksəriyyətində “irtəddə” (döndü) feilindən istifadə olunmuşdur ki, heç də həmişə İslamdan dönmək və küfrə qayıtmaq mənasını ifadə etmir. Burada əsl imanın bəzi şərtlərindən dönmək, İslamdan öncəki irqi təəssübkeşlikləri qabartmaq, Peyğəmbərin həzrət Əli haqda tapşırıqlarına əməl etməmək, yaxud qızı Fatiməyə qarşı bəzi haqsızlıqlar nəzərdə tutula bilərdi, amma bu da doğru deyil, çünki bu növ yanlışa yol verməyənlər də 3, 4, 5 və ya 7 nəfər yox, olduqca çox olmuşdur. Peyğəmbərin vəfatından sonra onlarla səhabə ilk xəlifəyə beyətdən imtina edərək İmam Əlinin evinə toplaşmışdılar.
Peyğəmbərin vəfatından sonra bir neçə nəfərdən başqa bütün səhabələrin dindən çıxdığını düşünmək Qurani-kərimin səhabələrə dair ayələrinə də ziddir, Əhli-beyt imamlarının davranışlarına və sözlərinə də. Nümunə üçün, Fəth surəsinin 29-cu ayəsində oxuyuruq: “Məhəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur”.
Biz bu ayənin bütün səhabələrə aid olmadığını yaxşı bilirik. Bəzi səhabələrin Peyğəmbərdən sonrakı haqsızlıqlarından da xəbərimiz var. Amma buna da əminik ki, sonradan 3-5 nəfərdən başqa hamısı dindən dönəcək insanlar nə Quranda belə vəsf olunardı, nə də Tövrat və İncildə.
Əhli-beyt imamlarının davranışı da sözügedən iddianı rədd edir. Tarixdən bəllidir ki, imamlar, xüsusən də İmam Əli ilk xəlifələr daxil Peyğəmbər səhabələrilə müsəlman kimi rəftar etmiş, onları hətta Əməvi şahları ilə müqayisəyə gəlməyəcək dərəcədə üstün tutmuşlar. Məsələn, İmam Əli buyurur:
“Mən Məhəmmədin səhabələrini görmüşəm və sizlərdən heç birinin onlar kimi olduğunu görmürəm. Onların səhərlər saçları dağınıq və tozlu olar, gecələri səcdə və qiyam halında oyaq keçirərdilər… Qayıdışı (qiyaməti) xatırlayaraq köz kimi yanardılar. Alınları səcdənin uzunluğundan keçilərin dizləri kimi idi. Pak Allah zikr ediləndə əzab və cəzanın qorxusundan, savab və mükafata ümiddən gözlərindən axan yaşlardan yaxaları islanar və güclü küləkli günlərdə ağacın titrədiyi kimi əsərdilər”. (Nəhcül-bəlağə, xütbə 96)
İndiyə qədər bu növ hədislərin mətninə dair bəzi iradları qeyd etdik, amma onların böyük əksəriyyəti rəvayət sənədi baxımından da qüsurludur. Həm də qeyd etmək yerinə düşər ki, bu hədislər əsasən, Əhli-sünnə məzhəbinə xas hədis kitablarında gəlmişdir. Əhli-beyt məzhəbinin ən əsas hədis kitabı olan əl-Kafidə bu məzmunda 1-2 zəif hədis varsa, onun yarısı qədər olmayan və bəzilərinin bütünlüklə mötəbər saydığı Səhih-Buxaridə isə belə hədislərin sayı daha artıqdır.
Deyilənlərə əsasən, Peyğəmbər səhabələrinin əksərinin mürtəd olması Şiə görüşü deyil. Əhli-beyt alimlərinin yüzdən artıq səhabəni etimadlı rəvayətçi bilib, onlardan hədis nəql etmələri buna aydın dəlildir. Əslində, müsəlmanlar arasında fitnə salmaq üçün dəridən-qabıqdan çıxan vəhhabi sələfilərinin özləri bunu cavablandırmalı və ən əsas qaynaqlarında yer almış onlarla belə hədisdən ötrü məntiqi açıqlama verməlidirlər.
Yazını Əhli-beyt məzhəbinin ən görkəmli alimərindən olmuş Şəhid Sədrin Peyğəmbər səhabələri haqda sözü ilə bitiririk: “Səhabələr iman və aydınlıq öncülləri olaraq əsl İslam ümmətinin formalaşması üçün ən dəyərli və uyğun toxumlar idilər. Belə ki bəşər tarixi Peyğəmbərin yetişdirdiyi nəsildən daha üstün və pak inanclı nəsil görməmişdir”. (“Bəhs həul əl-vilayə”, 74-75)
Dr. Vüsal Hüseynzadə