İslam dini kamil bir din olduğu üçün bu dinin bütün göstərişləri məhz insan həyatının bütün sahələrini əhatə edir. Eyni zamanda kamil din olan İslam dini insanların həyatını rahat və çətinliksiz yaşaması üçün bir çox dəyərli təlimləri də özündə ehtiva etmişdir. Bu səbəbə görə, İslam dinində həll olunması müşkül olan bir çox məsələyə də öz dəyərli tövsiyələrini verərək bütün müsəlman cəmiyyətinin rahat yaşamasını təmin etmişdir.
Müşkül olan mövzulardan biri, və demək olar müasir dünyanın qlobal problemlərindən hesab olunan hadisələrindən biri də abort məsələsidir. Son dövrün statiskaları abortun necə yayıldığını göstərir. Xüsusilə müasir gənc nəsil arasında yayılan bu mənfi hadisənin hökmü barədə İslam dini öz dəyərli tövsiyələrini də vermişdir. Beləliklə kamil din olan İslam dini bu məsələnin mənfi yönünü izah etməklə bərabər, bəzi hallarda – necə ki, bundan fərqli olaraq bəzi məsələlərə də çıxış yolunu təqdim etmişdir – abortun mümkün olmasını da qeyd etmiş, bu məsələnin hansı hallarda baş verə bilməsini də bildirmişdir.
Ümumiyyətlə abort məsələsinə üç əsas yöndə, yəni; abortun caiz olan yönü, günah yönü və cinayət yönündə baxmaq olar. Abortun icazəli olan tərəfi ordadır ki, ümumiyyətlə İslam dini insana zərəri olan hər bir şeyi – halal olduğu təqdirdə belə, məsələ müəyyən bir xəstəliyi olan şəxsin halal qidanı yeməsi ilə xəstəliyinin artması surətində həmin halal qidanın haram olması – haram buyurmuş, və həmin əməldən çəkinməyi vacib etmişdir. Eyni ilə bu məsələdə İslam dini hamiləliyin qadının cisminə mənfi təsiri olduğu təqdirdə, başqa ifadə ilə desək, hamilə qalmağın qadının sağlamlığına zərər vuracağı təqdirdə aborta icazə vermişdir. Xüsusilə abort burada qadının həyatına və səhhətinə ciddi – mənfi – təsir göstərərsə o zaman abort icazəlidir. Təbii ki, burada diqqət yetirməliyik ki, qadına uşağın dünyaya gətirməsi onun həyatına, səhhətinə və sağlamlığına ciddi zərəri olacağı təqdirdə abortun icazəli olması qadının hamiləliyin 5-ci ayına qədərdir.
Ancaq məsələnin günah olan yönü barədə deyə bilərik ki, əgər dünyəvi məsələlərdən o cümlədən; uşağın çoxluğu, baxmaq qorxusu, maddi problemlərdən dolayı abort edilərsə – və ya uşağın qız və ya oğlan olması ilə abortun edilməsi – bu zaman həmin şəxs böyük bir cinayətə yol vermiş və böyük günah iş görmüşdür. Necə ki, müqəddəs Qurani-Kərim bu məsələni gözəl tərzdə bəyan edir: Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu kimi) övladlarınızı (xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!
Abortun cinayət yönü isə, əgər qadının hamiləliyi 5-ci aya daxil olmuşsa və qadının həyatına hər hansısa bir təhlükəsi və sağlamlığına ciddi zərərir yoxdursa, abortun edilməsi cinayət hesab edilir. Çünki ana bətnində olan uşaqa 5-ci ayında olan zaman ruh üfrülür. Əks halda abort böyük günah və cinayətdir.
İsra surəsi, 31. Ayə,